Azərbaycanda azad
sahibkarlığın və liberal
iqtisadiyyatın inkişafı üçün
münbit şərait var
İqtisadiyyatın liberallaşdırılması ölkəmizin milli maraqlarına uyğun surətdə həyata keçirilməkdədir
Məlum olduğu kimi, iqtisadiyyatın liberallaşdırılması siyasəti çərçivəsində Azərbaycanda bazar iqtisadiyyatı qurulub. Bu, o deməkdir ki, əmək bazarı sərbəst fəaliyyət göstərir, təklif tələb əsasında formalaşır, qiymətlər əsasən bazarın tələblərinə uyğun proseslərin nəticəsində müəyyənləşir, sahibkarlıq fəaliyyətinin, özəl sektorun iqtisadiyyatda çəkisi artır, ölkə iqtisadiyyatı xarici investisiyalara açıqdır və digər bu kimi amillərin fonunda dövlət, əsasən, nəzarət funksiyasını yerinə yetirir. Əlbəttə ki, iqtisadiyyatın liberallaşdırılması kortəbii proses olmayıb, ölkənin milli maraqlarına uyğun surətdə həyata keçirilməkdədir. İqtisadiyyatın liberallaşdırılması, ilk növbədə, iqtisadiyyatın özünütənzimləmə imkanlarının genişlənməsinə, onun inkişaf potensialının hərtərəfli reallaşmasına şərait yaradır. Yeri gəlmişkən, 2014-cü ilin 9 ayı ərzində Azərbaycan iqtisadiyyatına qoyulan 19 milyard dollar həcmində sərmayənin təqribən 8 milyard dollar hissəsi xarici sərmayələrdir. İqtisadiyyata yatırılan daxili sərmayədə isə özəl sektorun payı ildən-ilə artmaqdadır. Açıq iqtisadiyyata müxtəlif mənbələrdən böyük həcmdə maliyyənin cəlb olunması, bununla da iqtisadiyyatın müxtəlif sahələrinin sürətli inkişafı təmin edilir.
Azərbaycan iqtisadiyyatının liberallaşdırılması məqsədyönlü siyasət əsasında aparılır
Azərbaycanda həyata keçirilən iqtisadiyyatın liberallaşdırılması siyasətinin məqsədyönlülüyü özünü həm də onda göstərir ki, xarici sərmayələrin və məhsulların ölkəyə sərbəst daxil olması ilə yanaşı, yerli sahibkarlığın və istehsalın inkişafına xidmət edən tədbirlər də uğurla da həyata keçirilir. Bununla da, Azərbaycan bəzi inkişaf etməkdə olan ölkələrin uğursuz təcrübəsindən özünü sığortalaya bilib. Belə ki, tarixi təcrübəyə əsasən, yerli istehsalı tam formalaşmamış olan bir sıra ölkələrdə daxili bazarın xarici əmtəələrə tam açılması nəticəsində zəif olan yerli istehsal və sahibkarlıq müəssisələri inkişaf etmiş ölkələrdən daxil olan məhsullarla rəqabət apara bilməyərək daha da tənəzzülə uğrayıb. Bu isə həmin ölkələrdə iqtisadiyyatın idxaldan asılılığının artmasına səbəb olur. Azərbaycana gəlincə, ərzaq, tikinti məhsulları, məişət avadanlıqları və digər sahələrdə yerli istehsalın fasiləsiz olaraq artmasının, idxal olunan məhsullarla uğurlu rəqabətinin şahidi olmaq mümkündür.
Məlumdur ki, yerli istehsalın və sahibkarlığın dəstəklənməsinin iki əsas üsulu mövcuddur: 1) xarici məhsulların və maliyyənin ölkəyə daxil olmasının məhdudlaşdırılması; 2) daxili istehsalın və sahibkarlığın dəstəklənməsi, biznes mühitinin yaxşılaşdırılması.
Azərbaycan bu üsullardan məhz ikinciyə üstünlük verir. Yəni, bir tərəfdən, ölkə iqtisadiyyatı xarici investisiyalara və məhsullara açıqdır, digər tərəfdən yerli istehsalın təşviq olunması üçün dövlət tərəfindən düşünülmüş addımlar atılmaqdadır.
Yerli sahibkarlara dövlət dəstəyi göstərilir
Sahibkarlıq fəaliyyətinə yaradılan azad şəraitin göstəricisi olaraq bu gün respublika iqtisadiyyatının 80 faizdən çoxu özəl sektorun payına düşür. Dövlətin bu sahəyə göstərdiyi diqqətin nəticəsi olaraq regionların sosial-iqtisadi inkişaf proqramları çərçivəsində paytaxtda və regionlarda orta və kiçik sahibkarlığın inkişafı üçün stimullaşdırıcı tədbirlər görülür. Bu məqsədlə fəaliyyət göstərən Sahibkarlığa Kömək Milli Fondu sahibkarlıq subyektlərinin fəaliyyətinin maliyyə cəhətdən dəstəklənməsində aparıcı rola malikdir. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində gerçəkləşdirilən tədbirlərin əsas məqsədlərindən biri ölkənin uzunmüddətli iqtisadi və sosial inkişafını təmin etmək üçün iqtisadiyyatın bütün sahələrinə investisiya qoyuluşu imkanlarının genişləndirilməsi, daha əlverişli investisiya mühitinin yaradılması məqsədilə bütün investorlar üçün azad rəqabətin təmin edilməsidir. Bundan əlavə, sosial-iqtisadi inkişaf proqramlarında sahibkarlığın inkişafı ölkə iqtisadiyyatının şaxələndirilməsi yönündə həyata keçirilən dövlət siyasətinin aparıcı istiqamətlərindən biri kimi göstərilir. Özəl sektorun inkişafı məqsədilə dövlətin müəyyənləşdirdiyi prioritetlər içərisində sahibkarlar üçün məsləhət xidməti, informasiya təminatı, marketinq xidməti və digər strukturların yaradılmasının davam etdirilməsi, sahibkarlıq fəaliyyətinə müdaxilələrin qarşısının alınması mühüm əhəmiyyət daşıyır.
Göründüyü kimi, hökumət təkcə rəqabətli iqtisadi mühitin yaradılması ilə kifayətlənmir. Özəl sektorun genişlənməsinə dəstək olaraq hər il yüzlərlə sahibkara Sahibkarlığa Kömək Milli Fondu tərəfindən güzəştli kreditlər verilir. Fondun xətti ilə indiyədək 24 min nəfərə yaxın sahibkara təqribən 1 milyard 475 milyon manat həcmində güzəştli kreditlər verilib, onların böyük hissəsi regionların payına düşür. Gələcəkdə isə özəl sahibkarlıq subyektlərinə ayrılan kreditlərin həcminin daha da artırılması nəzərdə tutulub.
Sahibkarlığın inkişafı sahəsində görülən işlər, ayrılan vəsaitlər ölkənin gələcəyinə edilən yatırımdır. Çünki sahibkarlıq fəaliyyəti hər zaman öz çevikliyi, yeniliyə, istehsalatda və müəssisələrin idarə edilməsində yeni üsulların, müasir texnologiyaların istifadəsinə meyil etməsi, yüksək rəqabətliliyi və istehlakçı tələbatına tez uyğunlaşması ilə səciyyələnir. Sahibkarlıq fəaliyyətinin genişlənməsi ilə əlaqədar olaraq yeni müəssisələrin yaradılması, yerli istehsalın artması respublika iqtisadiyyatının əsaslarını möhkəmləndirir. Özəl sektorun inkişafı milli iqtisadiyyatın dinamikliyini artırmaqla bərabər, beynəlxalq bazarlara çıxışı asanlaşdırır, qlobal iqtisadi proseslərlə ayaqlaşmağa imkan verir.
Qeyd etməliyik ki, sahibkarlığın inkişafı təkcə iqtisadiyyata deyil, sosial rifaha da çox böyük təsir göstərir. Belə ki, hər yaradılan müəssisə, fabrik, emal zavodu onlarla, yüzlərlə yeni iş yerinin açılması deməkdir. Ölkədə işsizliyin səviyyəsinin 5 faiz həddinə enməsində, heç şübhəsiz, çoxsaylı sahibkarlıq müəssisələrinin yaradılmasının, son on ildə açılan 1,3 milyon yeni iş yerinin bir hissəsinin özəl sektorda cəmləşməsinin böyük rolu var. Bundan əlavə, yerli istehsalın artması xarici ölkələrlə ticarətdə müsbət saldoya təsir etməklə yanaşı, ölkədə məhsul bolluğu yaradır ki, bu da əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi deməkdir.
Ölkədəki biznes mühiti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir
Qeyd olunduğu kimi, hər il Azərbaycan iqtisadiyyatına böyük həcmdə daxili və xarici investisiyalar yatırılmaqdadır. Əlbəttə ki, bu prosesin davamlı olması, ilk növbədə, ölkədə əlverişli biznes mühitinin mövcudluğunun nəticəsidir. Azərbaycan iqtisadiyyatının bu sahədə yüksələn göstəriciləri nüfuzlu beynəlxalq qurumların hər il hazırladıqları hesabatlarda da əksini tapır.
Xatırladaq ki, Dünya Bankının (DB) və Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) illik “Doing Business-2015” reytinqində Azərbaycan biznesin açılmasının sadəliyi üzrə ilk 20-liyə daxil olub. Bu göstərici üzrə Azərbaycan reytinqin əhatə etdiyi 189 ölkə arasında 12-ci yeri tutaraq Çin (128-ci yer), Avstriya (101-ci yer), Belçika (14-cü yer), Braziliya (167-ci yer), Xorvatiya (88-ci yer), Çexiya (110-cu yer) kimi ölkələri qabaqlayıb. Hesabata əsasən, Azərbaycan vergi uçotunun onlayn qeydiyyatına elektron imzaların alınması üçün vaxta qənaət edilməsi ilə biznesin açılması prosesini asanlaşdırıb. Qeyd edilir ki, Azərbaycan biznesin açılması, mülkiyyətin qeydiyyatı və vergilərin ödənişi sahəsində dəyişikliklər həyata keçirərək islahatçı ölkələrin ilk onluğuna daxil olub.
Biznesin qurulması üzrə bir çox prosedurların sadələşdiyi Azərbaycan ötənilki nəticələrlə müqayisədə vergilərin ödənişində 77-ci yerdən 33-cü yerə, tikintiyə icazənin alınması üzrə 180-ci yerdən 150-ci yerə və elektrik enerjisi təchizatı sisteminə qoşulmaq üçün icazənin alınmasında 181-ci yerdən 159-cu yerə yüksəlib. Hesabata əsasən, Azərbaycan yüklülük haqqında arayışın alınması üçün elektron sistemin tətbiqi vasitəsilə daşınmaz əmlakın mülkiyyətə verilməsini sadələşdirib. Bundan başqa, ölkədə qeydiyyatın və sosial sığorta haqlarının ödənişinin elektron sisteminin tətbiqi yolu ilə şirkətlər üçün vergilərin ödənişi də sadələşdirilib.
Ümumilikdə, Azərbaycan hesabatın reytinq cədvəlində 80-ci yeri tutur. Buradan da görünür ki, ölkəmiz sahibkarlıq fəaliyyəti üçün prinsipial önəm kəsb edən bir çox məsələlərdə dünyanın əksər dövlətlərini qabaqlayır.
Xatırladaq ki, illik “Doing Business” məruzəsi artıq 12-ci dəfədir tərtib olunur və 189 ölkəni əhatə edir. Məruzədə biznes fəaliyyətinin bütün dövrü ərzində müəssisənin yaradılması, biznesin idarə edilməsi, xarici ticarət fəaliyyətinin həyata keçirilməsi, vergilərin ödənişi, həmçinin investorların hüquqlarının müdafiəsi səviyyəsi daxil olmaqla, biznesin inkişafına imkan yaradan və ya mane olan nizamlama normaları araşdırılır.
Qeyd edək ki, əvvəlki illərin müvafiq hesabatlarında da Azərbaycan əksər ölkələri qabaqlayan yüksək pillələrdə yer tutub. Bu isə təsadüfi deyil, çünki Azərbaycanda yaradılan azad biznes mühiti, özəl sektorun inkişafına dövlət dəstəyi iqtisadiyyatın çox vacib hissəsini təşkil edən sahibkarlığın çəkisinin artmasına əlverişli şərait yaradır.
Beləliklə, Azərbaycanda həyata keçirilən çoxşaxəli iqtisadi islahatlar ölkənin inkişafına, əhalinin rifahının yüksəldilməsinə imkan verir. Bu baxımdan, sahibkarlığın inkişafı da ölkəmizin hərtərəfli tərəqqisinin, müasirləşməsinin çoxsaylı göstəricilərindən biri kimi çıxış edir.
Polad İBRAHİMOV
Yeni Azərbaycan.-2014.- 28 noyabr.- S. 6.