Hər bir xalqı dünyada tanıdan onun

mədəniyyəti və milli-mənəvi dəyərləridir

 

Məlum olduğu kimi, dövlət quruculuğu olduqca mürəkkəb proses olub siyasi, iqtisadi, hüquqi və sosial sferalar başda olmaqla, cəmiyyət həyatının bütün sahələrini özündə ehtiva edir. Lakin dövlət quruculuğunun ayrı-ayrı sahələrini bir araya gətirən, dövlətin siyasi, iqtisadi və digər sistemlərini tamamlayan, onların bir bütöv halında fəaliyyətini təmin edən mənəvi sferanın əhəmiyyəti danılmazdır. Bildiyimiz kimi, hər bir xalqın, millətin mövcudluğu onun ana dilinə, adət-ənənələrinə, öz mədəniyyətinə, ədəbiyyatına, tarixinə bağlılığından asılıdır. Azərbaycan xalqı da bu günədək, məhz milli-mənəvi dəyərlərinə bağlılığı sayəsində özünün mövcudluğunu, milli identikliyini, özünəməxsusluğunu qoruyub saxlaya bilib. Azərbaycan xalqının ən böyük sərvətlərindən biri onun zəngin milli, mədəni, maddi, ədəbi, dövlətçilik irsinə sahib olmasıdır. Xalqımız tərəfindən əsrlər boyunca yaradılan bu zəngin mənəvi irsin böyük bir hissəsi bu günədək qorunub saxlanıb. Bu baxımdan, milli dövlətin formalaşması və əbədiyaşar olması onun mənəvi əsaslarının milli dəyərlərlə nə dərəcədə səsləşməsindən asılıdır. Milli dəyərlərə söykənən dövlət quruculuğu xalqın milli şüuruna, identikliyinə, mənəvi dəyərlərinə istinad edir. Müstəqilliyini qazandıqdan sonra Azərbaycan Respublikasının qarşısında bir neçə inkişaf yolu mövcud idi. Müxtəlif kənar təsirlər həmin dövrdə Azərbaycanı fərqli istiqamətlərə sapdırmağa çalışırdı. Lakin Ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi quruculuq siyasəti Azərbaycan xalqının milli mənəviyyatına əsaslanan milli dövlətin əsaslarını formalaşdırmağa yönəldi. Belə ki, Ulu öndərin əsasını qoyduğu dövlət quruculuğu siyasətinin mühüm xüsusiyyətlərindən biri, dövlətin əbədi mövcudluğunu təmin edəcək zəruri mənəvi dayaqların formalaşdırılması idi. Bununla da, Azərbaycan dövlətinin əsaslarının yaradılmasında, məhz Azərbaycan xalqının milli-mənəvi dəyərləri əsas dayağa çevrildi. Ümumiyyətlə, dünyada da hər zaman etiraf olunub ki, Azərbaycan ən qədim və zəngin mədəniyyətə malik ölkələrdən biridir. Ola bilər ki, hansısa dövrdə xüsusilə də, orta əsrlərdə müxtəlif imperiyaların tərkibində yaşamışıq, ancaq bu halda da bizim milli məzmunlu, eyni zamanda, bəşəri, dünya səviyyəli mədəniyyətimiz inkişaf edib. Bu məqamda bir neçə əsərin adını çəkmək kifayətdir. Məsələn, Azərbaycan xalqı “Kitabi-Dədə Qorqud”, “Koroğlu” eposlarını yaradıb, Nizami, Nəsimi, Füzuli kimi, sonrakı dövrlərdə M.P.Vaqif, M.F.Axundzadə, XX əsrdə isə C.Məmmədquluzadə, M.Ə.Sabir, H.Cavid, S.Vurğun kimi dahilər yetişdirib. Müasir Azərbaycan ədəbiyyatı, məhz belə nəhəng ədəbiyyatın varisidir. Bizim bütün bunlarla yanaşı, çoxlu tarixi abidələrimiz var. Qız Qalası, Şirvanşahlar Sarayı, Möminə Xatun Türbəsi, Şəki Xan Sarayı və digər abidələrimiz bunlara misaldır. Azərbaycan xalqı zəngin musiqi xəzinəsinə də malikdir. Həmçinin, kifayət qədər rəngarəng təsviri sənətimiz, rəssamlığımız, dünyada nadir sayılan xalçaçılığımız var. Bu mənada bizim xalqımız həqiqətən dünyanın ən zəngin mədəniyyətə malik xalqlarından biridir. Bizim mədəniyyətimizə, həm də mükəmməl, çevik, canlı bir xalq ruhu hakimdir. Azərbaycan xalqı Sovet hakimiyyəti illərində də böyük mədəniyyət məhsuldarlığı nümayiş etdirib, dünyanın mədəniyyət xəzinəsini bir sıra yüksək səviyyəli sənət əsərləri, görkəmli yaradıcı simalarla zənginləşdirib.

Azərbaycan xalqına məxsus dəyərlər ölkə qanunvericiliyində, hüquqi sferada, ilk növbədə, Konstitusiyamızda əksini tapıb. Ana dilinə hörmət, tolerantlıq, mədəniyyətin qorunması kimi məsələlər Ali Qanun başda olmaqla, müvafiq hüquqi sənədlərdə öz əksini tapıb. Azərbaycan xalqının mənəvi dəyərlərini özündə cəmləşdirən azərbaycançılıq ideologiyasının təbliği də bu baxımdan böyük önəm kəsb edir. Məlumdur ki, milli dəyərlərin ən mühüm daşıyıcısı milli mədəniyyətdir. Mədəniyyətin nəsildən-nəslə ötürülməsi milli dəyərlərin də qorunması, yaşadılması deməkdir. Ulu öndərin rəhbərliyi dövründə Azərbaycan mədəniyyətinin, ədəbiyyatının, incəsənətinin görkəmli xadimlərinin ölməz əsərlərinə, xalqımızın qədimliyinin və zəngin keçmişinin simvolu olan “Dədə Qorqud” dastanına, milli musiqimizə istər ölkə miqyasında, istərsə də beynəlxalq səviyyədə yüksək qiymət verilib. Milli dəyərlərin təbliği təhsildə də geniş əksini tapıb və yeni nəslə uğurla ötürülən dəyərlər mədəniyyətimizin varisliyini təmin edib. Sevindirici haldır ki, Azərbaycan bu gün də bu yolda irəliləyir. Milli-mənəvi dəyərlərə bağlılığın qorunub saxlanması dövlət başçısının daima diqqət mərkəzində olan məsələdir. Prezident İlham Əliyev Azərbaycan xalqının hər zaman milli-mənəvi dəyərlərə sadiq olduğunu söyləyib. Dövlət başçısının sözlərinə əsasən, milli-mənəvi dəyərlər bizi bir xalq kimi qoruyub saxlayıb və bu gün, müstəqillik dövründə Azərbaycanda dövlət quruculuğu prosesi də, məhz bu dəyərlər üzərində həyata keçirilir. Onu da qeyd etmək lazımdır ki, Azərbaycandakı dövlət quruculuğu milli dəyərlərə söykənsə də, bu, heç də bəşəri dəyərlərin inkar olunması anlamına gəlmir. Çünki ilk növbədə, öz milli çalarları ilə digər xalqların mədəniyyətlərindən seçilən müasir Azərbaycan mədəniyyəti bəşəri dəyərlərlə də uzlaşır, yeni keyfiyyətlər qazanır. Bildiyimiz kimi, Azərbaycan dünya mədəniyyətinə açıq olmaqla, Qərbə inteqrasiya edən bir dövlətdir. Müasir qloballaşma prosesinin təsirləri burada da özünü göstərir. Lakin qloballaşmanın bir parçasına çevrilmək, ümumdünya mədəniyyətinin tərkib hissəsi olmaq milli özünəməxsusluğun, milli mədəniyyətin və dəyərlərin itirilməsi ilə müşayiət olunmamalıdır. Milli şüura və milli mədəniyyətə sahib olan cəmiyyətin yetişməsi qloballaşma mühitində milli-mənəvi dəyərlərin, dövlətçiliyin əhəmiyyətini inkar edən düşüncə tərzinin yayılmasının qarşısını alır. Bu gün Azərbaycan dövlətinin bu məsələdə mövqeyi də dünya ilə harmonik inkişaf fonunda milli dəyərlərin qorunmasından ibarətdir. Prezident İlham Əliyevin fikirlərindən də görünür ki, ölkəmizdə milli mənəvi dəyərlər hər şeydən üstün tutulur: “Biz, əlbəttə ki, ümumbəşəri dəyərləri bölüşür, Avropa dəyərlərinə böyük hörmətlə yanaşırıq. Ancaq bizim üçün milli dəyərlər, Azərbaycan dəyərləri hər şeydən üstündür. Müasir müstəqil Azərbaycan dövləti bu möhkəm zəmin üzərində qurulmuşdur”.

Mədəniyyətlərin bir-birinə nüfuz etdiyi və hətta bəzi hallarda assimilyasiyaya uğradığı indiki qloballaşan dünyada Azərbaycan xalqının milli-mənəvi keyfiyyətlərini mühafizə edərək, gələcək nəslə ötürməsi irsimizin öyrənilib, qorunub saxlanma səviyyəsindən asılı olacaq. Milli irsimizin mühafizəsi məsələsi Azərbaycan Respublikası Konstitusiyasının 40-cı maddəsində öz əksini tapıb: “Hər kəs, tarixi, mədəni və mənəvi irsə hörmətlə yanaşmalı, ona qayğı göstərməli, tarix və mədəniyyət abidələrini qorumalıdır”.

Bu nöqteyi-nəzərdən təsadüfi deyil ki, respublikamızda maddi-mənəvi irsin qorunması dövlət tərəfindən həm qanunvericilik, həm də praktik tədbirlər səviyyəsində təmin olunur. 1994-cü ildə yaradılan UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, Heydər Əliyev Fondu, Azərbaycan Mədəniyyətinin Dostları Fondu, Mədəniyyət və Turizm Nazirliyi milli irsimizin qorunmasında və təbliğində böyük işlər görür. Azərbaycanın mədəniyyət inciləri olan muğamın, aşıq musiqisinin, tar ifaçılıq sənətinin, Azərbaycan xalçasının UNESCO-nun mədəni irs siyahısına daxil edilməsi əlamətdar hadisələrdir. Bundan əlavə, milli musiqimizin beynəlxalq səviyyədə təbliği, nadir maddi mədəniyyət nümunələrinin dövlət tərəfindən mühafizə edilməsi, muzeylərin yaradılması və Azərbaycan milli-mədəni irsinin qorunmasında görülən digər işlər müasir dövlət quruculuğunda milli dəyərlərə verilən önəmin bariz sübutudur. Xüsusilə qeyd etmək lazımdır ki, bu gün Heydər Əliyev Fondu Azərbaycan milli mədəniyyətinin və adət-ənənələrinin qorunmasında və təbliğində fəal iştirak edir. Fəaliyyət göstərdiyi 10 il ərzində Heydər Əliyev Fondu bu istiqamətdə genişmiqyaslı işlər görüb. Fond bu günə qədər göstərdiyi fəaliyyəti ilə, sözün əsl mənasında Azərbaycan mədəniyyətinin inkişafı üçün tarixi bir missiya yerinə yetirib. Fond tərəfindən mədəniyyətimizin, incəsənətimizin dünyada təbliğində, respublika daxilində inkişafında, dünya mədəniyyətinin Azərbaycanda təbliğində o qədər nəhəng işlər görülüb ki, onların reallaşdırılması üçün, bəlkə də çox böyük zaman tələb olunardı. Ancaq 10 il ərzində bizim mədəniyyətimiz dünyaya tanıdıldı, mədəniyyətimizə təcavüz hallarının qarşısı alındı. Eyni zamanda, Heydər Əliyev Fondu tərəfindən mədəniyyətimizin hər bir hadisəsi çeşidləndi, özünəməxsusluğu müəyyənləşdirildi və xüsusi təqdim olundu. Məsələn, Muğam festivalı mədəni həyatımızda xüsusi hadisəyə çevrildi. Novruz bayramı, muğam Heydər Əliyev Fondunun təqdimatında UNESCO-nun qeyri-maddi-mədəni irs siyahısına daxil edildi. Bu da vurğulanmalıdır ki, Fondun dəstəyi ilə Azərbaycanda mədəniyyətlərarası dialoqun keçirilməsi çox mühüm hadisədir. Bakı Heydər Əliyev Fondunun fəal iştirakı ilə keçirilən və dünyanın məşhur simalarının qatıldığı beynəlxalq mədəniyyət tədbirlərinə, forumlarına müvəffəqiyyətlə ev sahibliyi edir. Heydər Əliyev Fondu paytaxtımızda keçirilən “Eurovision” kimi möhtəşəm musiqi yarışmasına hər cür dəstək verdi. Beynəlxalq səviyyəli belə bir musiqi yarışmasının respublikamızda keçirilməsi, əslində Azərbaycanın qələbəsi idi. Son vaxtlar dünya miqyasında elə bir ciddi mədəniyyət hadisəsi yoxdur ki, Azərbaycan orada böyük müvəffəqiyyətlə iştirak etməsin. Fondun məqsədyönlü fəaliyyəti sayəsində öz peşəkarlığı, yüksək səviyyəsi ilə seçilən Azərbaycan mədəniyyəti, incəsənəti dəfələrlə dünya mədəniyyətinin paytaxtı sayılan Parisi, Avropanın digər şəhərlərini fəth edib.

Bu mənada Fondun rəhbəri, millət vəkili, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın mədəniyyətimizin, incəsənətimizin inkişafı naminə göstərdiyi xidmətlər Vətən, xalq qarşısında böyük tarixi xidmətlər kimi dəyərləndirilməlidir.

 

Nardar BAYRAMLI,

“Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi

İnformasiya Vasitələrinin

İnkişafına Dövlət Dəstəyi

Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün”

 

Yeni Azərbaycan.- 2014.- 29 noyabr.- S.7.