Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi:
tarixi faktlar və müasir reallıqlar kontekstində
Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, AMEA-nın həqiqi üzvü Ramiz Mehdiyevin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi köklərinə həsr edilmiş “Dağlıq Qarabağ: Məxəzlərdən oxunmuş tarix” kitabı mötəbər mənbə kimi problemin tarixi köklərinin öyrənilməsi və müasir reallıqların dərk olunması baxımından xüsusi əhəmiyyət kəsb edir
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi regional miqyaslı, qlobal xarakterli destruktiv problemdir. Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi nəticəsində yaranmış münaqişə ölkəmizin ərazi bütövlüyünə qarşı törədilmiş qəsdin və təcavüzkar siyasətin əyani nümunəsi olmaqla yanaşı, həm də regional və qlobal təhlükəsizlik sistemi üçün ciddi təhdiddir. Ümumilikdə, münaqişə bölgənin inkişafına, uzunmüddətli sabitliyə mane olan dağıdıcı faktorlardan biri kimi çıxış edir. Ona görə də bu problemin həlli beynəlxalq təhlükəsizliyin diktə etdiyi zəruri amildir.
Ümumiyyətlə, Dağlıq Qarabağ münaqişəsinin xarakteristikası onu göstərir ki, bu problem ciddi tarixi köklərə malikdir. Daha da dəqiqləşdirsək, problemin tarixi kökləri XX əsrin 80-90-cı illərindən yox, məhz ermənilərin tarixin ayrı-ayrı dövrlərində xalqımıza qarşı silsilə şəkildə törətdiyi terror aktları, soyqırımı siyasətinə gedib çıxan dövrdən qoyulub. Məhz bu məqamı nəzərə alaraq qeyd edə bilərik ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, onun yaranma səbəbləri və həll yolları ilə bağlı əsaslı araşdırmaların aparılmasına xüsusi ehtiyac var. Qeyd edək ki, bu baxımdan, Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, AMEA-nın həqiqi üzvü Ramiz Mehdiyevin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi köklərinə həsr edilən “Dağlıq Qarabağ: Məxəzlərdən oxunmuş tarix” kitabı mötəbər mənbə kimi problemin tarixi köklərinin öyrənilməsi, müasir reallıqların dərk olunması baxımından xüsusi əhəmiyyət kəsb edir.
Kitabda münaqişənin antik dövrdən zəmanəmizə qədər yaranma səbəblərini əks etdirən, habelə Dağlıq Qarabağın həmin ərazidəki Azərbaycan dövlətlərinə mənsub olmasını dəqiq göstərən müxtəlif tarixi mənbələr əksini tapıb. Əsərdə erməni məxəzlərindən və xarici məxəzlərdən geniş istifadə edilməsi ermənilərin əzəli Azərbaycan torpaqlarına əsaslandırılmış iddialarının olmamasını göstərir. Bildirilir ki, başabəla erməni tarixçilərinin bütün “sübut bazası” “böyük Ermənistan” haqqında mif və naqis ideologiyadan irəli gələn xam xəyaldır.
Bəli, tarixi faktlar və proseslər göstərir ki, ermənilərin Azərbaycana qarşı ərazi iddialarının və təcavüzünün başlıca məqsədi tarixi Azərbaycan torpaqlarının zəbt edilməsi hesabına “Böyük Ermənistan” xülyasının gerçəkləşdirilməsi olmuşdur. Ən müxtəlif zaman kəsiklərində ermənilər tarixi torpaqlarımıza qarşı təcavüz aktları ilə çıxış etmiş və azərbaycanlıları etnik soyqırımına məruz qoymuşlar. Əlbəttə ki, bu cür sistemli, davamlı və nizamlı terror, soyqırım aktları məqsədyönlü olmuş və xarici güclərin bilavasitə dəstəyi əsasında həyata keçirilmişdir.
Qeyd etdiyimiz kimi, Ermənistanın Azərbaycana qarşı işğalçı siyasəti 1990-cı illərdən başlamayıb və ciddi tarixi köklərə malikdir. Belə ki, XIX əsrin ortalarından etibarən böyük güclər tərəfindən ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi onlara işğalçılıq və təcavüz üçün əlverişli şərait yaratmış və zaman keçdikcə özlərinin işğalçılıq siyasətlərini sistematik surətdə davam etdirmişlər. Ümumiyyətlə, ermənilərin Azərbaycana qarşı ərazi iddiaları və torpaqlarımızda məskunlaşması XIX əsrdən sistemli xarakter almışdır. Ermənilərin İrandan Şimali Azərbaycana köçürülməsi Gülüstan və Türkmənçay sülh müqavilələri ilə təsdiq olunurdu. 1829-cu il Ədirnə müqaviləsi ilə Osmanlı imperiyasından da ermənilərin yenicə işğal olunmuş Şimali Azərbaycan torpaqlarına köçürülməsi həyata keçirilməyə başlayır. Ermənilərin köçürülməsinin əsas istiqamətlərindən biri də məhz Qarabağ ərazisi idi. Rəsmi məlumatlara əsasən, 1828-1830-cu illər arasında, yəni cəmi 2 il ərzində Şimali Azərbaycana, o cümlədən, Qarabağa İrandan 40 min, Osmanlı imperiyasından 90 min erməni köçürülmüşdü. Qeyri-rəsmi erməni köçkünləri ilə birlikdə onların sayı 200 mini ötmüşdü. Köçürülmədən sonra Qarabağın etnik tərkibində ermənilərin sayı artmağa başladı.
XIX yüzilin 30-cu illərindən sonra da ermənilərin kütləvi surətdə Şimali Azərbaycan torpaqlarına, o cümlədən, Qarabağa köçürülməsi davam etdirilirdi. Beləliklə, ermənilər 1905-ci ildən başlayaraq Azərbaycan xalqına qarşı kütləvi soyqırımı aktları həyata keçirməyə başladılar. Bununla yanaşı, 1918-ci ilin martında Bakıda başlanan və bütün Azərbaycanı əhatə edən yeni kütləvi soyqırımları Azərbaycan xalqına çox ağır zərbə vurdu.
Yeri gəlmişkən, sözügedən əsərdə antik və orta əsrlər dövrünə aid çoxsaylı məxəzlər, habelə yeni və müasir dövrün sənədləri əsasında Cənubi Qafqazın həqiqi tarixi, erməni etnosunun indiki vəziyyətdə bu əraziyə yalnız XIX əsrin əvvəlində gəlməsi göstərilir. Müəllif sistemli şəkildə bir epoxadan digərinə keçərək Dağlıq Qarabağ ərazisində vəziyyəti və bu diyarın bütün tarixi boyunca ermənilərin orada olmamasını vurğulayır: Yalnız XIX əsrin birinci yarısından demoqrafik vəziyyətdə dəyişikliklər baş verir. Nəticədə Qərbi Azərbaycanın bəzi mahallarında - indiki Ermənistan Respublikasında ermənilər sayca üstünlük təşkil etməyə başlayırlar. Göstərilir ki, tarixi konyunktur ermənilərə azərbaycanlıların əzəli torpaqlarında öz dövlətçiliyini qurmağa imkan yaradıb: “Ermənilər iki əsr ərzində avtoxton azərbaycanlı əhalini sıxışdıraraq bu ərazidən çıxarıb və monomilli ölkə yaratmaq üçün əllərindən gələni ediblər”.
Bunlarla yanaşı, Azərbaycan Xalq Cümhuriyyəti dövründə erməni separatizmi və Azərbaycan torpaqlarına qarşı iddialar daha da kəskinləşmiş, Cümhuriyyətin süqutundan sonra bu ambisiyalar davam etmişdir. Daha sonra SSRİ-nin şovinist siyasətindən stimul alan erməni separatizmi Dağlıq Qarabağ problemini kəskinləşdirmiş, SSRİ-nin dağılması ərəfəsində isə faktiki olaraq Azərbaycan ərazilərinin işğalı prosesinə başlanmışdır.
Hazırda Azərbaycan ərazisinin 20 faizi Ermənistanın işğalı altındadır. Rəsmi Bakı diplomatik müstəvidə özünün bütün resurslarından maksimum surətdə istifadə etməklə münaqişənin həllinə nail olmağa çalışır. Buna baxmayaraq, Ermənistan davamlı surətdə etdiyi müxtəlif xarakterli manevrlərlə danışıqlar prosesini uzatmağa və ya pozmağa cəhd göstərir. Ümumilikdə, Ermənistan qeyri-konstruktiv mövqe nəticəsində bütün regional layihələrdən təcrid olunub, ciddi siyasi-iqtisadi kataklizmlərin məngənəsindədir. Azərbaycan isə artan iqtisadi inkişaf göstəriciləri və yüksək beynəlxalq nüfuzunun fonunda Cənubi Qafqaz geosiyasi məkanının lider dövləti kimi çıxış edir və ölkəmizin iştirakı olmadan regionda heç bir layihə gerçəkləşdirilə bilməz.
Akademik Ramiz Mehdiyev bəhs edilən kitabında Azərbaycanın Dağlıq Qarabağ ərazisinin işğal edilməsi həm iki dövlətin - müxtəlif sosial-iqtisadi şəraitdə yaşayan Ermənistanın və Azərbaycanın yanaşı mövcudluğu problemini, həm də onların gələcəyə perspektivlərinin müxtəlif olduğunu açıqlayır. Qeyd edilir ki, Azərbaycan Prezidenti İlham Əliyev çoxsaylı çıxışlarında Ermənistanın regional layihələrdən təcrid olunması nəticəsində Azərbaycan ilə Ermənistan arasında dərin sosial-iqtisadi uçurum yaranmasını dəfələrlə vurğulayıb. Azərbaycan bir neçə onillik üçün strateji inkişafını planlaşdırdığı halda, Ermənistanın salamat qalmaq problemini həll etməyə cəhd göstərməsi faktı bu siyasətin nəticəsidir.
Bəli, həqiqətən də, dünya siyasətində forpost kimi tanınan, işğalçı siyasət həyata keçirən Ermənistanda hökm sürən sosial-iqtisadi və siyasi kataklizmlər bu ölkənin sonunun başlanğıcı olan situasiya formalaşdırıb. Dərin iqtisadi böhranın, siyasi-hüquqi ziddiyyət və qarşıdurmaların səbəbi qismində, qeyd etdiyimiz kimi, bu ölkənin həyata keçirdiyi təcavüzkar, işğalçı və irrasional xarici siyasət kursu səciyyələndirilir. Başqa sözlə, Ermənistan daxili və xarici siyasət nöqteyi-nəzərindən, sözün əsl mənasında, fiaskoya uğrayıb. Akademik Ramiz Mehdiyev sözügedən kitabda Ermənistanın düşdüyü acınacaqlı vəziyyətin ilkin səbəblərini göstərərək qeyd edir ki, burada hakimiyyət subyekti qismində nəinki xalq, hətta hansısa sosial qruplar da deyil, həmfikirlər kastası və ya ordeni, “böyük Ermənistan” yaratmaq məqsədinə çatmaq üçün utopiya formalaşdıran praktiki ideoloqlar qrupu çıxış edir: “Yerevanın seçdiyi model müasir dövrün tələblərinə və bütövlükdə Ermənistan əhalisinin istəyinə uyğun gəlmir, özü də təkcə ona görə yox ki, o, öz mahiyyətinə və mənasına görə aktual deyildir. Bu model cari ictimai reallıqlardan uzaq olmaqdan əlavə, həm də hakimiyyət ilə xalqın həmrəyliyini təmin etmir. Məntiqi nəticə ölkənin demoqrafik cılızlaşması oldu. BMT-nin və Ermənistan Səhiyyə Nazirliyinin statistikasına görə, 2013-cü ildə bu respublikada uşaq doğumunu səciyyələndirən kəmiyyət göstəriciləri 1988-ci ilin müvafiq göstəricisi ilə müqayisədə iki dəfədən çox azalıb. Belə ki, 1988-ci ildə əhalisinin sayı 3,4 milyon olan Ermənistanda 87 min uşaq doğulduğu halda, 2013-cü ildə cəmi 41.906 uşaq doğulub. Bu göstəriciyə əsasən Ermənistanda əhalinin azalma miqyası haqqında da nəticə çıxarmaq olar”.
Bundan başqa, elmi əsərdə hazırda aktual olan digər bir məsələ xüsusilə diqqətə çatdırılır. Bildirilir ki, silahlı münaqişənin fəal fazasının başa çatmasından 20 il keçəndən sonra Ermənistan, eləcə də işğal edilmiş Dağlıq Qarabağ dərin sosial-iqtisadi böhranla üzləşib: “Nəticədə biri tanınmış, digəri tanınmamış iki qurum ümidsiz staqnasiya vəziyyətində yarıac yaşamağa məcburdur. Onlar əvvəlki kimi yenə də diasporun köməyinə, erməni qastarbayterlərin çoxmilyardlıq transferlərinə, beynəlxalq maliyyə təsisatlarının və sponsor dövlətlərin köməyinə bel bağlayırlar”.
Müəllif göstərir ki, Ermənistan can üstədir, Qarabağın hərbi rejimi insanları müharibə dövrünün şəraitində saxlamaqda davam edir, diaspor isə bu cırtdan qurumun oyuncaq hökumətini dəstəkləmək üçün əl açıb vəsait toplayır: “Dağlıq Qarabağ dünya ermənilərinin nəzərində sakral dözümlülük, sədaqət və fədakarlıq rəmzinə çevrilib. Əslində isə, tam absurd alınır. Azərbaycanı münaqişəyə təhrik etmiş ölkə potensial milli suverenliyini itirir, özünü güclə dolandırır. Həyata keçirilən ideya sərt reallığa çevrilib”.
Bildirilir ki, elə bu səbəbdən Qarabağ münaqişəsinin dinc yolla həlli konturları getdikcə daha çox silinib gedir. Bu fonda Azərbaycanın gücü durmadan artır, Ermənistan isə göz qabağında psixoloji məğlubiyyətə uğrayır. Hərbi-texniki qarşıdurma balansı da Azərbaycanın xeyrinədir. Onun iqtisadi tərkib hissəsi davam etməkdə olan münaqişədə həlledici amilə çevrilib.
Beləliklə, sadalananlar onu deməyə əsas verir ki, Azərbaycan ərazisinin 20 faizini işğal etmiş, hətta digər bir sıra ölkələrə qarşı da ərazi iddiaları ilə çıxış edən Ermənistan olduqca mürəkkəb durumdadır. Onun tək çıxış yolu işğal edilmiş Azərbaycan torpaqlarının boşaldılması, təcavüzkar iddialardan vaz keçilməsidir. Bu məqama xüsusi diqqət yetirən akademik Ramiz Mehdiyev əsərin sonunda ümidvar olduğunu bildirir ki, erməni milli elitası bu millətin ən savadlı hissəsi kimi perspektivdə barbar vəzifələr deyil, səmərə, xeyir gətirən, öz xalqının daha yaxşı gələcəyinə ümid doğuran məqsədlər qoymaq üçün özündə qüvvə tapacaq. Çünki 1994-cü ildə Ermənistan ilə Azərbaycan arasında atəşkəs haqqında saziş imzalanandan sonra yaranmış ayırıcı xətt heç vaxt Azərbaycan tərəfindən yeni dövlətlərarası sərhəd kimi tanınmayacaq. Buna görə Ermənistan elə özünün mənafeyi üçün ilkin mövqelərə qayıtmalı, kompromis yanaşmalara razılıq verməlidir. Əks halda, vəziyyət daha da radikallaşacaq və regionda sabitliyi pozan tərəf sülhə məcbur ediləcək.
Nurlan QƏLƏNDƏRLİ
Yeni Azərbaycan.-2014.- 1 oktyabr.- S. 3.