Azərbaycan-İran əməkdaşlığı
regional təhlükəsizliyə strateji töhfədir
Bu iki dövlət arasında münasibətlər perspektiv üçün optimist proqnozlar ifadə etməyə imkan verir
Müasir dövrdə dünya siyasəti və beynəlxalq münasibətlərə təsir edən əhəmiyyətli amillərdən biri də regional əməkdaşlıqdır. Siyasi, iqtisadi, mədəni, humanitar və digər sahələri əhatə edən tərəfdaşlıq münasibətləri həm regional təhlükəsizlik, həm də beynəlxalq əməkdaşlıq baxımından müstəsna önəm kəsb edir. Əlbəttə, bu cür əməkdaşlıq əlaqələrinin səmərəli olması və perspektiv üçün önəmli nəticələr vəd etməsi qarşılıqlı etimad mühitinin formalaşdırılmasından asılıdır.
Qeyd etmək lazımdır ki, Avrasiyanın mühüm geostrateji məntəqələrindən biri olan Cənubi Qafqazın lider dövləti kimi çıxış edən Azərbaycan da öz çoxşaxəli və balanslaşdırılmış xarici siyasət kursu ilə regional əməkdaşlıq məsələlərinə xüsusi diqqət yetirir. Bu sırada İran İslam Respublikası ilə qarşılıqlı-faydalı və bərabərhüquqlu münasibətlər böyük əhəmiyyət daşıyır. Öz növbəsində, İran da Azərbaycanla çoxşaxəli əməkdaşlığı öz milli maraqlarına müvafiq hesab edir və tərəfdaşlığın genişləndirilməsi niyyətində olduğunu bildirir. Bütövlükdə, İran-Azərbaycan münasibətləri qarşılıqlı məmnunluq doğurur.
Tərəflər sıx əməkdaşlıq əlaqələrinə malikdir
Azərbaycanla İran arasındakı çoxşaxəli əməkdaşlıq əlaqələrindən bəhs edərkən hər iki ölkənin bir-birini beynəlxalq aləmdə daim dəstəklədiyini qeyd etmək lazımdır. Bu, həm ikitərəfli, həm də beynəlxalq təşkilatlardakı çoxtərəfli münasibətlər zəminində özünü göstərir. Ümumiyyətlə, ölkələrimiz regional və beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıq əlaqələrinə malikdirlər. Hər iki ölkə BMT, İƏT, EKO, Qoşulmama Hərəkatı və digər təşkilatlar çərçivəsində səmərəli əlaqələrinin inkişafında maraqlı olduqlarını nümayiş etdirirlər.
Şübhəsiz, hər iki ölkənin qarşılıqlı-faydalı əməkdaşlığı regional və beynəlxalq təhlükəsizlik baxımından da mühüm əhəmiyyət kəsb edir. Sıx əməkdaşlıqdan doğan qarşılıqlı-faydalı münasibətlər gələcəkdə regionda hər iki ölkənin iştirakı ilə yeni əməkdaşlıq platformalarının yaradılmasını mümkün edir.
O da qeyd edilməlidir ki, qarşılıqlı səfər və görüşlər iki ölkə arasındakı münasibətlərin inkişafına əhəmiyyətli töhfələr verən amil kimi qiymətləndirilməlidir. Xüsusilə də dövlət başçılarının görüşləri ikitərəfli münasibətlərin müzakirəsi və əməkdaşlığın dərinləşdirilməsi baxımından müstəsna əhəmiyyət kəsb edir. Bu kontekstdə son olaraq sentyabrın 29-da Həştərxanda işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin görüşünü xüsusi vurğulamaq gərəkdir.
Görüşdə Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb. Yüksək səviyyəli görüşlərin əlaqələrimizin daha da möhkəmləndirilməsi baxımından önəmi qeyd edilib. Siyasi, iqtisadi, energetika, nəqliyyat və digər sahələrdə əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Bundan başqa, ayrı-ayrı qurumlar arasındakı sıx təmaslar da ölkələr arasındakı əməkdaşlıq əlaqələrinin dinamikasına fundamental töhfələr verir. Bu baxımdan, oktyabrın 1-də iqtisadiyyat və sənaye naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayevin ölkəmizdə səfərdə olan İran İslam Respublikasının Gömrük İdarəsinin rəhbəri Məsud Kərbasiyanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşünü də qeyd etmək lazımdır.
Görüşdə Ş.Mustafayev qonşu ölkələr olan Azərbaycan və İran arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini, əməkdaşlığın genişlənməsində dövlət başçılarının səfərlərinin və keçirilən görüşlərin xüsusi əhəmiyyətini vurğulayıb. Nazir qeyd edib ki, 2014-cü ildə Azərbaycan və İran prezidentlərinin Davos, Tehran və bu günlərdə Həştərxanda keçirilmiş görüşləri ölkələrimiz arasında əlaqələrin inkişafına böyük töhfədir. Bu gün siyasi əlaqələrin yüksək səviyyədə olması iqtisadi əməkdaşlığın genişləndirilməsinə də əlverişli zəmin yaradır.
Ş.Mustafayev Azərbaycan və İran arasında gömrük sahəsində də əməkdaşlığın genişləndirilməsinin ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin inkişafında müsbət rol oynadığını vurğulayıb. Nazir Biləsuvar-Culfa (İran) dövlət sərhədində buraxılış məntəqəsinin 24 saatlıq iş rejiminə keçməsi və cümə günləri də işləməsinə dair qərarı təqdir edib. Bildirilib ki, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının bu ilin avqustunda Bakıda keçirilmiş iclasında əldə olunmuş razılaşmaya əsasən, gömrük sahəsində əməkdaşlığın genişləndirilməsi üçün işlər bundan sonra da davam etdiriləcək.
M.Kərbasiyan Azərbaycanda aparılan quruculuq-abadlıq işlərini yüksək qiymətləndirib. İran gömrük idarəsinin rəhbəri son illər digər sahələrdə olduğu kimi, gömrük sahəsində də əlaqələrin genişlənməsindən məmnunluğunu ifadə edib. Həmçinin, İran və Naxçıvan arasında viza prosedurlarının sadələşdirilməsinin və müvafiq rüsumun azaldılmasının əlaqələrin inkişafına təkan verəcəyini bildirib.
Azərbaycan-İran münasibətləri regional təhlükəsizlik kontekstində...
O da qeyd edilməlidir ki, Azərbaycan-İran münasibətləri özündə ehtiva etdiyi strateji çalarlar etibarilə regional təhlükəsizlik sisteminə mühüm töhfələr bəxş etməkdədir. Mövcud resurs və potensialları ilə həm Azərbaycan, həm də İran regionda təhlükəsizlik sisteminin təminatı baxımından olduqca mühüm təsir imkanlarına malikdir.
Məlum olduğu kimi, regional təhlükəsizliyin təminatı bir neçə amildən asılıdır:
- ilk növbədə, regional aktor qismində çıxış edən milli dövlətlərarası strateji əməkdaşlıq münasibətləri uzlaşmaya əsaslanmalı (konstruktiv səciyyəli olmalı) və ya qarşılıqlı maraqlar əsasında formalaşdırılmalıdır;
- siyasi, iqtisadi, hərbi, humanitar və digər sahələrdəki əməkdaşlıq və tərəfdaşlıq münasibətləri simmetrik və inteqrativ meyillər üzərində qurulmalıdır;
- regional miqyasda qarşıdurma və gərginlik mənbəyi qismində çıxış edən destruktiv faktorlar (antaqonist ziddiyyətlər, siyasi münaqişələr və s.) aradan qaldırılmalıdır və s.
Sadalananlara istinad edərək qeyd edə bilərik ki, Azərbaycan-İran münasibətləri regionda strateji təhlükəsizlik balansını təmin etmək iqtidarında olmaqla yanaşı, əməkdaşlıq və tərəfdaşlıq münasibətləri üçün də əhəmiyyətli zəmin rolunu oynamaqdadır.
Onu da vurğulamaq lazımdır ki, Bakı-Tehran münasibətləri konstruktiv səciyyəli olmaqla qarşılıqlı maraqlar üzərində qurulub ki, bu da qarşılıqlı-faydalı əlaqələr sisteminin strateji əsası qismində çıxış etməkdədir. Eyni zamanda, simmetrik əsaslara söykənən mövcud münasibətlər sistemi regionda paritet təhlükəsizlik sisteminin formalaşmasına da xüsusi töhfələr bəxş edir.
Beləliklə, regional əməkdaşlığa və beynəlxalq təhlükəsizliyə fundamental töhfələr verən Azərbaycan-İran münasibətləri perspektiv üçün optimist proqnozlar ifadə etməyə imkan verir.
İran Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən - Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasının tərəfdarıdır
Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasındakı münasibətləri xarakterizə edərkən, heç şübhəsiz, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə də toxunmaq gərəkdir. Sirr deyil ki, Azərbaycan Respublikasının xarici siyasət strategiyasında Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən, yəni ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsi prioritet istiqamətdir. Məhz buna görə də, rəsmi Bakı diplomatik müstəvidə özünün bütün resurslarından maksimum surətdə istifadə etməklə münaqişənin həllinə nail olmağa çalışır. Buna baxmayaraq, Ermənistan davamlı surətdə etdiyi müxtəlif xarakterli manevrlərlə danışıqlar prosesini uzatmağa çalışır. Doğrudur, Ermənistanın hazırkı mövqeyi bu ölkənin özü üçün neqativ nəticələr vəd edir. Çünki münaqişənin həllinin uzanması işğalçı ölkənin regional miqyasda təcridini daha da gücləndirir. Digər tərəfdən, hazırda Azərbaycan dövlətinin güclənən mövqeyinin fonunda Ermənistan sürətlə tənəzzül edir. Azərbaycan davamlı surətdə özünün sosial-iqtisadi və hərbi qüdrətini artıraraq düşmən üzərində hərtərəfli üstünlüyünü möhkəmləndirib. Bu gün Azərbaycan büdcəsi Ermənistan büdcəsindən dəfələrlə böyükdür, hərbi xərclər 10 dəfə çoxdur, əhali isə altı dəfə artıqdır. Görünən odur ki, Ermənistan hakimiyyəti gerçəkliyi dərk edərək işğal etdiyi Azərbaycan torpaqlarını boşaltmalıdır.
Bununla yanaşı, Azərbaycanın praqmatik çoxşaxəli münasibətləri, səmərəli diplomatiyası bu məsələdə dünya ictimaiyyətinin ölkəmizin beynəlxalq hüquq normalarına əsaslanan mövqeyini dəstəkləməsini şərtləndirib. Məhz İran İslam Respublikası da Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən - Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasının tərəfdarı olduğunu bəyan edir. İran beynəlxalq təşkilatların - dünya ictimaiyyətinin problemin həlli prosesində daha fəal və intensiv olmağını zəruri amil hesab edir. Bu ölkənin də mövqeyi ondan ibarətdir ki, münaqişənin beynəlxalq hüquq normalarına əsasən həll olunmaması, status-kvonun saxlanması, ilk növbədə, regional və beynəlxalq təhlükəsizlik üçün potensial təhdid rolunu oynayır.
Nurlan QƏLƏNDƏRLİ
Yeni Azərbaycan.-2014.- 3 oktyabr.- S. 12.