Bakı mədəniyyətlərarası dialoqun paytaxtına çevrilib

 

IV Bakı Beynəlxalq Humanitar Forumunun nəticələri ölkəmizin qlobal məsələlərin müzakirə məkanına çevrildiyini göstərən növbəti əlamətdar hadisə oldu

Məlum olduğu kimi, ölkəmizin əldə etdiyi uğurlar, həyata keçirilən inkişaf siyasəti, öz növbəsində, Azərbaycanın beynəlxalq nüfuzunun artmasına, qlobal əhəmiyyətli tədbirlərin keçirildiyi məkana çevrilməsinə səbəb olub. Bu baxımdan bir neçə gün öncə keçirilən IV Bakı Beynəlxalq Humanitar Forumu Azərbaycanın qlobal məsələlərin müzakirə məkanına çevrildiyini göstərən növbəti əlamətdar hadisə oldu. Ümumiyyətlə, Forumda altmışdan çox ölkədən minə yaxın qonağın, o cümlədən, nüfuzlu alimlərin, Nobel mükafatçılarının, çoxsaylı yüksək rəsmi şəxslərin iştirak etməsi tədbirin əhəmiyyətindən və miqyasından xəbər verir. Bu həm də onu göstərir ki, Azərbaycan mədəniyyətlərarası dialoqun mərkəzi, həmçinin, humanitar məsələlərin müzakirə olunduğu məkan kimi öz rolunu və əhəmiyyətini təsdiqləməkdədir. Bildiyimiz kimi, Azərbaycan xalqının milli-mənəvi dəyərlərindən irəli gələn tolerantlıq əsrlər keçsə də, dəyişməyərək, müasir cəmiyyətimizin xarakterik xüsusiyyətinə çevrilib. Bu səbəbdən də mədəniyyətlər, sivilizasiyalar və konfessiyalar arasında zəngin əməkdaşlıq ənənələri olan Azərbaycan belə formatda tədbirlərin keçirilməsi üçün ideal məkandır.

Bu mötəbər tədbirdə müzakirə olunan məsələlər, ifadə edilən nəticə və qənaətlər göstərdi ki, Humanitar Forum XXI əsrdə bəşəriyyətin qarşısında duran qlobal çağırışlara cavab axtarmaq, humanitar əməkdaşlıqla bağlı ən mühüm məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr aparmaq üçün beynəlxalq miqyasda nüfuzlu elmi-siyasi platformadır. Eyni zamanda, bu Forum aktual humanitar əməkdaşlıq məsələlərinin müzakirə edildiyi nüfuzlu bir məkandır.

Qeyd edək ki, dünyanı maraqlandıran humanitar məsələlərin müzakirə olunduğu budəfəki Forumda “Rəqəmsal dövrdə medianın transformasiyası: inkişafın yeni meyilləri”, “Multikulturalizmin müqayisəli tədqiqləri: nəzəriyyədən humanist təcrübəyə doğru”, “İnnovativ inkişafda fənlərarası inteqrasiyanın rolu”, “Davamlı inkişaf və ekoloji sivilizasiya”, “Qloballaşmanın çağırışları: ənənə və transformasiya arasında”, “Molekulyar biologiya və biotexnologiya XXI əsrdə: nəzəriyyə, təcrübə, perspektivlər”, “Texnologiyaların konvergensiyası və gələcəyin konturları: XXI əsrin əsas çağırışları”, “Humanizm postmodern dövrün başlıca dəyəri kimi” mövzularında “dəyirmi masa”lar keçirilib.

Sivilizasiyalararası dialoq XXI əsrin strateji prioriteti kimi...

Forum çərçivəsində səsləndirilən fikirlər, ifadə edilən qənaətlər bəşəriyyət üçün aktual olan bir məqamı növbəti dəfə gündəmə gətirdi: sivilizasiyalararası dialoq, müxtəlif mədəniyyətlər və dəyərlərə malik olan xalqların əməkdaşlığı XXI əsrin strateji prioriteti kimi müəyyənləşdirilməlidir. Lakin hazırda dünya miqyasında, eləcə də beynəlxalq münasibətlər sistemində aktiv dialoq məkanı olan Avrasiyada sivilizasiyalararası toqquşma, konfrantasiya və ziddiyyət meyilləri müşahidə edilir. Şübhəsiz, bu cür neqativ tendensiyaların əsasında beynəlxalq münasibətlər və dünya siyasətindəki etimad böhranı və ya səmimiyyətsizlik mühiti dayanır.

Sirr deyil ki, II Dünya müharibəsindən sonra bəşəriyyətin təhlükəsizliyini və sabit inkişafını təmin etmək məqsədilə ümumbəşəri dəyərlər əsasında yeni beynəlxalq münasibətlər sistemi formalaşdırıldı. Yaradılan yeni sistemin əsasında bərabərlik, beynəlxalq münaqişələrin sülh yolu ilə həll edilməsi, bir ölkənin digər ölkəyə güc tətbiq etməsindən imtina etməsi, dövlətlərin daxili işlərinə qarışmamaq, insanların əsas hüquq və azadlıqlarına hörmət etmək, eləcə də, bərabərhüquqlu əməkdaşlıq kimi prinsiplər dayanırdı. Lakin təxminən, son on ildə bu prinsiplərin kobud şəkildə pozulması nəticəsində, beynəlxalq münasibətlərdə qarşılıqlı etimadın azalması və beynəlxalq əməkdaşlıqda, eləcə də, xalqlararası dialoq və inteqrasiya proseslərində arzuolunmayan - neqativ hadisələrin baş verməsi müşahidə olunur.

Beynəlxalq hüququn çox zaman elə onu formalaşdıran əsas güclər tərəfindən pozulması, müəyyən siyasi mərkəzlərin öz maraqlarını qlobal və bəşəri mənafelərə qurban verməklə təmin etmək cəhdlərinin qarşısını almalı olan mexanizmlərin səmərəsizliyi beynəlxalq münasibətlərdə etimad böhranının bariz əlamətləridir. Xüsusilə də transmilli xarakterli iqtisadi maraqların təmin olunması prinsipinin əsas strateji hədəf kimi müəyyənləşdirilməsi sivilizasiyalararası mədəniyyət və inteqrasiya məsələsini müəyyən qədər ikinci plana keçirib. Belə olan halda, xalqlar və milli dövlətlər arasındakı əməkdaşlıq münasibətləri də regional və beynəlxalq təhlükəsizlik nöqteyi-nəzərindən kifayət qədər səmərəli olmur.

Bu kontekstdə yekun qənaət budur ki, beynəlxalq münasibətlərdə səmimiyyətdən uzaq yürüdülən siyasət aktorlar arasında etimadın zəifləməsinə və itirilməsinə gətirib çıxarır. Bu cür siyasət uzunmüddətli perspektivdə tərəflərə nəinki uğur gətirmir, hətta bütün bəşəriyyət üçün xoşagəlməz nəticələrə səbəb olur.

Bu gün dünyanın müxtəlif yerlərində siyasi, dini, etnik zəmində müharibələrin çoxalması, beynəlxalq ictimaiyyətin bu və ya digər şəkildə müdaxilə etdiyi münaqişələrin daha da kəskinləşməsi müşahidə olunur. Beynəlxalq ədaləti bərpa etmək missiyasını üzərinə götürən qurumların, dövlətlərin faktiki davranışlarının elan etdikləri məqsədlərlə uzlaşmaması məhz siyasi səmimiyyət çatışmazlığından xəbər verir.

Deməli, beynəlxalq hüququn işləkliyinin bərpa olunması, beynəlxalq və lokal konfliktlərin həllinə yönələn səylərin nəticə verməsi üçün beynəlxalq siyasətdə etimad və səmimiyyət mühiti olmalı, xalqlararası əməkdaşlıq, sivilizasiyalararası dialoq birinci dərəcəli komponent kimi götürülməlidir. Yalnız bu yolla beynəlxalq tərəfdaşlıqda etimad mühitinin yaradılması mümkündür.

Azərbaycan sivilizasiyalararası dialoq və xalqların inteqrasiyasında strateji rol oynayır

Belə olan təqdirdə, regional və beynəlxalq təhlükəsizliyə fundamental töhfələr verən milli dövlətlərin fəaliyyəti sivilizasiyalararası dialoq və qlobal inteqrasiya baxımından xüsusi əhəmiyyət kəsb edir. Bu kontekstdə Azərbaycanın yeri və roluna xüsusi diqqət yetirmək lazımdır. Ümumiyyətlə, IV Bakı Beynəlxalq Humanitar Forumunun nəticələri bir daha göstərdi ki, Azərbaycan beynəlxalq dialoq və əməkdaşlıq məkanı kimi çıxış edir.

Yuxarıda da qeyd etdiymiz kimi, Azərbaycanın inkişafı onu siyasi, iqtisadi və mədəni cəhətdən nəinki regional, hətta qlobal mərkəzə çevirməkdədir. İlk növbədə, siyasi sahədə qazanılan nailiyyətlər Azərbaycanı beynəlxalq ictimaiyyətə daha yaxşı tanıtdırmaqla bərabər, dünyanın diqqətini respublikamıza yönəldə bilib. Bunun ən böyük təsdiqi 2011-ci ildə Azərbaycanın 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi olub. Bu, onun göstəricisidir ki, Azərbaycan dünya miqyasında böyük hörmətə malik olan bir dövlətdir. Ölkəmiz beynəlxalq birliyin müstəqil və tamhüquqlu subyekti kimi öz milli mənafelərini qarşılıqlı hörmət və ortaq faydalanma prinsipləri çərçivəsində həyata keçirir. Bu isə Azərbaycanın müstəqil inkişafını təmin etməklə yanaşı, öz gücünə inamını, eləcə də, ölkəmizə olan etimadı artırır.

Azərbaycanın qlobal mərkəzə çevrilməsini göstərən ən bariz cəhətlərdən biri isə ölkədə çoxsaylı nüfuzlu beynəlxalq tədbirlərin keçirilməsidir. Bu cür beynəlxalq tədbirlərdə dünyanın müxtəlif ölkələrindən olan yüzlərlə nüfuzlu siyasi xadim, ayrı-ayrı sahələr üzrə ekspertlər, həmçinin, mətbuat nümayəndələri bir araya gələrək müxtəlif məsələlər üzrə dialoq, fikir mübadiləsi aparır, qərarlar qəbul edirlər.

Onu da qeyd etmək lazımdır ki, ölkəmizin qlobal mədəniyyətlərarası dialoq mərkəzinə çevrilməsi təsadüfi xarakter daşımır. Çünki Avropa və Asiya qitələrini enerji layihələri və TRACECA çərçivəsində iqtisadi cəhətdən birləşdirmək imkanlarına sahib olan, beynəlxalq siyasi görüşlərin aparıldığı Azərbaycan tolerantlıq və multikulturalizm diyarı olaraq humanitar və mədəniyyət sahələrində də qlobal əməkdaşlıq üçün əlverişli məkandır.

Nəticə etibarilə, həyata keçirilən səmərəli daxili və xarici siyasət Azərbaycanı Cənubi Qafqazın təhlükəsizlik qarantına çevirməklə yanaşı, Avrasiyada inteqrasiya və dialoq prosesinə fundamental strateji töhfələr verir. Təsadüfi deyil ki, Avrasiyanın geostrateji baxımdan 3 əsas - əhəmiyyətli bölgəsi (Yaxın Şərq, Balkanlar və Qafqaz) sırasında Qafqaz öz təhlükəsizlik, sabitlik və əlverişli dialoq mühiti baxımından bu prosesə daha çox təkan verir. Şübhəsiz, Qafqazdakı bu pozitiv situasiyanın formalaşmasında Azərbaycanın rolu xüsusi əhəmiyyət kəsb edir. Bir sözlə, Azərbaycan sivilizasiyalararası dialoq və xalqların inteqrasiyasında strateji rol oynayır.

Beləliklə, nəzər yetirilən kontekstdə Azərbaycanın xarici siyasəti, mövqeyi müsbət model və ya nümunə kimi dəyərləndirilir. Ölkəmizin rasional xarici siyasəti, digər xalqların və dövlətlərin maraqlarına hörmətlə yanaşması beynəlxalq miqyasda təqdir olunur. Prezident İlham Əliyevin məlum Forumdakı çıxışı zamanı qeyd etdiyi kimi, əgər hər bir ölkə müstəqil xarici siyasət aparsa, onda dünyada müharibələr də az olar, anlaşılmazlıq da azalar. Hər bir ölkə digər ölkəyə hörmətlə yanaşmalıdır: “Hər bir ölkə digər ölkənin seçiminə də hörmətlə yanaşmalıdır - həm beynəlxalq müstəvidə, həm dinlərarası dialoq, humanitar sahədə. Bütün bunlar bir-biri ilə bağlıdır. Burada əyləşən nümayəndələr, 60-dan çox ölkədən gələn qonaqlar müxtəlif ölkələri təmsil edirlər, amma biz bir yerdə yığışırıq, müzakirə aparırıq. Çalışırıq necə yol tapaq ki, dünyada gedən prosesləri daha çox müsbət tərəfə istiqamətləndirək. Çünki bu gün gedən proseslər çox narahatedici proseslərdir. Həm müsəlman aləmində, həm Avropada radikalizm, ayrı-seçkilik, irqçilik artır. Bu meyilləri biz görürük və bunu narahatlıqla izləyirik”.

Multikulturalizm Azərbaycanda həyat tərzidir

Forum çərçivəsində aktiv müzakirə mövzusuna çevrilən mühüm məsələlərdən biri də multikulturalizm olub. Ümumiyyətlə, Azərbaycanda multikulturalizm məsələsi xüsusi aktuallıq kəsb edir, çünki ölkəmizin təcrübəsi multikulturalizmin təbliği üçün müsbət nümunə qismində çıxış edir. Xüsusi olaraq qeyd etmək lazımdır ki, Azərbaycan müxtəlif xalqların nümayəndələrinin yanaşı, sülh və təhlükəsizlik şəraitində yaşadığı ideal və arzuolunan məmləkət kimi dəyərləndirilməkdədir. Şübhəsiz, bunun fonunda ölkəmizin timsalında, sözün əsl mənasında, multikulturalizmin təntənəsi və nümunəsi müşahidə edilməkdədir. IV Bakı Beynəlxalq Humanitar Forumunda çıxış edən Prezident İlham Əliyev bu məsələyə toxunaraq qeyd edib ki, multikulturalizm Azərbaycanda həyat tərzidir: “Düzdür, bu termin nisbətən yenidir. Ancaq əsrlər boyu Azərbaycanda multimədəniyyətli cəmiyyətlər mövcud olub. Xalqlar arasındakı dostluq və həmrəylik bunun bariz nümunəsidir. Biz bu gün də çalışırıq ki, öz təşəbbüsümüzlə regionda və dünyada gedən proseslərə müsbət təsirimizi göstərək. Təsadüfi deyil ki, Azərbaycan tərəfindən irəli sürülmüş bir neçə təşəbbüs artıq həyatda öz yerini tapıbdır və bu təşəbbüslər ətrafında yeni imkanlar yaranır. Misal üçün qeyd etməliyəm ki, 2008-ci ildə Avropa Şurasına üzv ölkələrin mədəniyyət nazirlərinin Bakıda keçirilən toplantısına biz İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərini dəvət etdik və birgə toplantı keçirdik. Bu, tarixdə ilk dəfə baş vermişdir və Azərbaycan həm Avropa Şurasına, həm İslam Əməkdaşlıq Təşkilatına üzv olduğu üçün bu təşəbbüsü öz üzərinə götürmüşdür. 2009-cu ildə artıq Bakıda İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərinin toplantısına biz Avropa Şurasından mədəniyyət nazirlərini dəvət etmişdik. Yəni, bu təşəbbüsə “Bakı prosesi” adı verilmişdir. Bu gün “Bakı prosesi” yaşayır və inkişaf edir. Bakıda sivilizasiyalararası dialoq forumları keçirilmişdir. Bizim təşəbbüsümüzlə bir neçə il bundan əvvəl dünya dini liderlərinin Zirvə görüşü keçirilmişdir və Bakı Beynəlxalq Humanitar Forumunun mahiyyəti də məhz bundadır”.

Ümumiyyətlə, müasir beynəlxalq münasibətlər sisteminin əsas tendensiyaları, hazırkı beynəlxalq durum deməyə əsas verir ki, multikulturalizmin alternativi yoxdur və bu, mədəniyyətlər, sivilizasiyalararası dialoqun inkişafına özünəməxsus töhfələr bəxş edir. Eyni zamanda, bununla xalqlar öz mədəniyyətləri və mənəvi dəyərlərini inteqrasiya etdirir, mövcud mədəni sərvətlər sintez olunmuş formada dünya xalqlarına yeni dəyərlər kimi təqdim olunur. Müasir dövrdə multikulturalizmin əksinə olaraq özünütəcrid mövqeyi seçən xalqlar və dövlətlər nəinki inteqrasiya prosesindən kənarda qalırlar, eyni zamanda, bəşəri dəyər və normalardan təcrid olunurlar.

Prezident İlham Əliyev çıxışında bu məsələyə xüsusi diqqət yetirib: “Multikulturalizmin müasir dünyada alternativi yoxdur. Çünki dünya ölkələrinin mütləq əksəriyyəti çoxmillətli ölkələrdir. Əgər multikulturalizm iflasa uğrayıbsa, onda bunun alternativi nə ola bilər? Bu da çox aydındır. Bu, ayrı-seçkilikdir, irqçilikdir, ksenofobiyadır, islamofobiyadır, antisemitizmdir. Biz bu təhlükəli meyillərə qarşı öz səsimizi ucaltmalıyıq. Əlbəttə ki, bunu, ilk növbədə, dövlətlər etməlidirlər. Amma, eyni zamanda, dövlətlərin bu siyasətini böyük dərəcədə hər bir cəmiyyətin siyasi və ictimai-elmi elitası, ictimai rəy müəyyən edir. Heç bir dövlət və hökumət başçısı ictimai rəyi nəzərə almaya, ona məhəl qoymaya bilməz. Ona görə hesab edirəm ki, biz birgə səylərimizlə bu məsələləri açmalıyıq, danışmalıyıq. Narahatedici məsələlər ətrafında fikirlərimizi bildirməliyik, lazım gəldikdə irad tutmalıyıq. Biz tərəfdaş kimi, dost kimi bu məsələlərə öz fikrimizi bildirməliyik. Biz Azərbaycanda çalışırıq ki, yaşadığımız bölgədə regional əməkdaşlıq inkişaf etsin, millətlərarası münasibətlər daha da yaxşılaşsın, dinlərarası dialoq güclənsin. Bizim imkanımız var. Çünki bizim keçmişimiz, dediyim kimi imkan verir ki, bu məsələlərə böyük diqqətlə yanaşaq. Biz bu məsələləri bilirik. Çünki həm Azərbaycan özü çoxmillətli, çoxkonfessiyalı ölkədir, həm də keçmişdə müxtəlif dinlərin nümayəndələri Azərbaycanda birgə yaşamışdır. Qeyd etdiyim kimi, biz bu gün həm Avropa Şurasının, eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatının üzvü kimi bu missiyanı öz üzərimizə götürmüşük. Biz istəyirik ki, daha da çox əməkdaşlıq, qarşılıqlı anlaşma olsun. Biz bundan sonra da öz rolumuzu bunda görürük”.

 

Ardı var

 

Yeni  Azərbaycan.-2014.- 10 oktyabr.- S. 6.