Böyük Britaniya Azərbaycanla əməkdaşlığa
böyük önəm verir
İki ölkə arasında müxtəlif sahələri əhatə edən əlaqələr yüksək səviyyədədir
Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 7-də Böyük Britaniya Baş nazirinin ticarət üzrə səfiri, Lordlar Palatasının üzvü Lord Risbinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə Azərbaycan ilə Böyük Britaniya arasında ikitərəfli əlaqələrin səviyyəsindən məmnunluq ifadə olunub, bu əlaqələrin genişləndiyi və yaxşı perspektivlərinin olduğu vurğulanıb.
Söhbət zamanı ölkələrimiz arasında münasibətlərin möhkəmləndirilməsində parlamentlərarası əməkdaşlığın önəmi qeyd olunub, qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Bu məqamda vurğulamaq yerinə düşər ki, Azərbaycan Respublikası ilə Böyük Britaniya arasında siyasi əlaqələrin əsası 1991-ci ilin dekabrında Böyük Britaniyanın Azərbaycan Respublikasının müstəqilliyini tanımasından sonra qoyulub. Böyük Britaniya, həmçinin, ölkəmizin müstəqilliyinin ilk dövrlərində ATƏM-də (1995-ci ildən ATƏT) iştirakına dəstək verən ilk dövlətlərdəndir. Azərbaycan Respublikası ilə Böyük Britaniya arasında diplomatik əlaqələr bu ölkə Xarici İşlər Nazirliyinin keçmiş dövlət katibi Hon Duqlas Hoqqun 1992-ci ilin mart ayında Bakıya səfəri ilə qurulub. Həmin səfər çərçivəsində qarşılıqlı diplomatik əlaqələrin qurulması barədə razılaşmanın imzalanması ilə hökumət başçıları, parlamentlərarası səviyyədə, habelə iqtisadi, humanitar, təhsil və digər sahələrdə münasibətlərin təməlinin qoyulmasına şərait yaranıb. Bundan qısa müddət sonra, yəni 1992-ci ilin sentyabrından Britaniyanın ölkəmizdəki səfirliyi fəaliyyətə başlayıb. Britaniyanın və dünyanın ən böyük neft şirkəti “bp” Azərbaycanın müstəqilliyinin ilk dövrlərindən ölkədə neft istismarı məqsədilə müəyyən addımlar atıb. 1992-ci ilin sentyabrında Birləşmiş Krallığın keçmiş baş naziri Marqaret Tetçer Azərbaycana qeyri-rəsmi səfərə gəlib. O, ingilis və Norveç şirkətlərinin Azərbaycan tərəfi ilə neft yataqlarının işlənməsi barədə hazırlıq sazişinin imzalanmasında iştirak edib.
Yeri gəlmişkən, iki ölkə arasında baş tutan çoxsaylı qarşılıqlı səfərlər müxtəlif sahələrdə əlaqələrin inkişafına öz töhfəsini verib. Azərbaycan Respublikası ilə Böyük Britaniya arasında əlaqələrin inkişafında Ümummilli lider Heydər Əliyevin bu ölkə rəsmiləri ilə keçirdiyi görüşlərin xüsusi rolu olub. Ulu öndər Heydər Əliyevin 1994-cü ildə bu ölkəyə səfəri də iki dövlətin münasibətləri baxımından səmərəli olub. Səfər zamanı Azərbaycan Respublikası və Böyük Britaniya arasında “Dostluq və əməkdaşlıq haqqında birgə bəyannamə” imzalanıb. Həmin bəyannamədən əlavə müxtəlif sahələrdə (vergi, energetika, aviasiya və s.) əməkdaşlıq üzrə daha səkkiz müqavilə bağlanıb. Ümummilli lider həmin səfəri zamanı Britaniyanın Kral Beynəlxalq Əlaqələr İnstitutunda Azərbaycanla bağlı geniş nitq söyləyib. O, ölkənin böyük şirkətlərinin nümayəndələri ilə də görüşlər keçirərək onları əməkdaşlıq üçün Azərbaycana dəvət edib. Londonda aparılan danışıqlar və bağlanılan sazişlərdən sonra 20 sentyabr 1994-cü ildə Bakıda Böyük Britaniyanın “bp” şirkətinin ən çox paya malik olduğu ARDNŞ ilə xarici neft şirkətləri konsorsiumu arasında “Əsrin müqaviləsi” adlanan neft sazişi bağlanıb. Həmin imzalanma mərasimində Britaniyadan energetika nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.
Qeyd edək ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi Azərbaycan və Böyük Britaniya rəsmilərinin görüşlərində hər zaman diqqət mərkəzində saxlanılıb. Hələ 1993-cü ildə Ulu öndər Heydər Əliyev Azərbaycanda xalqın tələbi ilə hakimiyyətə gəldikdən sonra Azərbaycan Prezidentinin səlahiyyətlərini həyata keçirərkən, Ali Sovetin Sədri kimi Böyük Britaniyanın ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri ilə görüşüb. Görüş Ermənistanın Azərbaycana qarşı təcavüzünün qızğın dövründə, erməni silahlı birləşmələrinin Azərbaycanın Ağdam rayonuna hücumları vaxtı keçirilib. Ulu öndər Heydər Əliyev Britaniyanın Azərbaycanda səfirinin fəaliyyətə başlamasının zəruriliyini bildirməkdən əlavə, Ermənistanın təcavüzü ilə də bağlı ingilis diplomatına məlumat verib. Səfir isə Britaniya hökumətinin Azərbaycanın sərhədlərinin toxunulmazlığını tanıdığını deyib və həmin dövrdə BMT Təhlükəsizlik Şurasının sədri kimi Birləşmiş Krallığın öz səlahiyyətlərindən məsələnin həllində kömək üçün istifadə edəcəyini bildirib. Bunun ardınca həmin il Britaniya hökuməti Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal olunmasına etirazını bildirib və BMT Təhlükəsizlik Şurasında müzakirələr nəticəsində sədrlik edən Britaniyanın da dəstəyi ilə Ağdamın və digər ərazilərin işğalını pisləyən 853 saylı qətnamə qəbul olunub.
Ümumilikdə, Böyük Britaniya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini dəstəkləyir.
İki ölkə arasında diplomatik münasibətlərin yaradılmasının göstəricilərindən biri də 1994-cü ilin yanvar ayında Britaniyada Azərbaycan səfirliyinin açılmasıdır. Bundan sonra qarşılıqlı səfərlər mütəmadi xarakter alıb. 3 yanvar 1996-cı ildə Böyük Britaniyadan Azərbaycana krallığın xarici və birlik işləri üzrə dövlət katibi Malkolm Rifkindin səfəri olub. Səfər zamanı o, Ulu öndər Heydər Əliyevlə görüşərək ikitərəfli münasibətlərin daha da genişləndirilməsi və qarşılıqlı əlaqələrdə müxtəlif məsələlər haqqında söhbət aparıb. Danışıqlardan sonra Heydər Əliyevin iştirakı ilə Malkolm Rifkind Azərbaycanın xarici işlər naziri ilə “İnvestisiyaların qorunması haqqında” saziş imzalayıb.
Ümummilli lider Heydər Əliyev Birləşmiş Krallıq və Azərbaycan arasında münasibətlərin daha da inkişaf etdirilməsi məqsədilə 1998-ci ilin iyulunda Britaniyaya ikinci rəsmi səfərini edib. Həmin səfər zamanı O, Böyük Britaniyanın keçmiş baş naziri Toni Bleyerlə qarşılıqlı münasibətlərin inkişafında əhəmiyyətli addım olan daha bir müqavilə - “Dostluq münasibətləri və tərəfdaşlıq haqqında bəyannamə” imzalayıb. Bu bəyannamədən başqa, Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) ilə “bp”, “RAMCO” və “Monument Oil” şirkətləri arasında üç mühüm saziş imzalanıb. Ulu öndər, həmçinin, kraliça II Yelizaveta ilə də görüşüb.
Ümumiyyətlə, Ulu öndərin 1998-ci ilin 19-24 iyul tarixində Britaniyaya baş tutan rəsmi səfəri iki ölkə münasibətlərində yeni səhifə açıb.
2000-2003-cü illərdə Böyük Britaniya-Azərbaycan münasibətlərində qarşılıqlı addımlar olaraq Azərbaycan tərəfdən xarici işlər naziri və onun müavinləri, müxtəlif digər nazirliklər, Birləşmiş Krallıqdan ölkə parlamentinin İcmalar və Lordlar Palatasının yüksək səviyyəli təmsilçiləri, energetika, nəqliyyat nazirləri səviyyəsində səfərlər həyata keçirilib.
Prezident İlham Əliyev də hər zaman Azərbaycan-Britaniya əlaqələrinin inkişaf tempini diqqət mərkəzində saxlayıb. Bunun təsdiqi olaraq, 2004, 2009 və 2012-ci illərdə dövlət başçısı Böyük Britaniyada rəsmi səfərdə olub. Bu ölkəyə sonuncu səfər isə Britaniyada keçirilən NATO sammitində iştirakla bağlı olub. Yeri gəlmişkən, 2004-cü ilin dekabrında Böyük Britaniyaya səfəri zamanı Prezident İlham Əliyevin ölkənin keçmiş baş naziri Toni Bleyerlə görüşündə 1998-ci ildə imzalanmış “Dostluq münasibətləri və tərəfdaşlıq haqqında bəyannamə” yenidən təsdiqlənib. Həmin səfər çərçivəsində Azərbaycan ilə Britaniya ikitərəfli münasibətlərin əsası kimi Birgə Kommunike də qəbul ediblər. Prezident İlham Əliyev həmin səfərində Britaniya Kral Beynəlxalq Münasibətlər İnstitutunda (Chatham House) “Yeni Azərbaycan - regional və qlobal münasibətlərdə” mövzusunda çıxış edib.
2007-ci il iyunun 7-də Azərbaycan Prezidenti İlham Əliyev Böyük Britaniya parlamenti İcmalar Palatasının Xarici Əlaqələr Komitəsinin sədri Mayk Qeypsin rəhbərlik etdiyi parlament nümayəndə heyətini qəbul edib. Mayk Qeyps Azərbaycanda gedən inkişaf proseslərinin onlarda böyük maraq doğurduğunu qeyd edib. O, Azərbaycanla Böyük Britaniya arasında münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayaraq iki ölkənin siyasi, iqtisadi, təhlükəsizlik və digər sahələrdə yaxından əməkdaşlıq etdiklərini bildirib. Mayk Qeyps Azərbaycanın təşəbbüsü ilə regionda həyata keçirilmiş qlobal enerji layihələrində Böyük Britaniyanın “bp” şirkətinin iştirakından məmnun olduğunu vurğulayıb.
Azərbaycan Prezidenti ölkəmizlə Böyük Britaniya arasında müxtəlif səviyyələrdə intensiv dialoqun aparıldığını və bunun ikitərəfli münasibətlərin inkişafına dəyərli töhfə verdiyini bildirib. Prezident Azərbaycanın neft strategiyasının həyata keçirilməyə başlandığı dövrdən Böyük Britaniyanın “bp” şirkətinin bu işdə çox fəal iştirak etdiyini vurğulayıb. Prezident İlham Əliyev, həmçinin, bu səfərin müxtəlif sahələrdə ikitərəfli əlaqələrin, o cümlədən, parlamentlərarası əməkdaşlığın daha da genişləndirilməsi üçün faydalı olacağına əminliyini söyləyib.
Azərbaycan - Böyük
Britaniya əlaqələrinin daha bir göstəricisi olaraq Böyük Britaniyanın
Xarici və Dövlət Məsələləri
üzrə Nazirliyinin Avropa
məsələləri üzrə dövlət naziri Cim Mörfi
2008-ci il mayın 7-də Azərbaycana səfər
edib. Bakıda keçirdiyi görüşlərdə
dövlət naziri Azərbaycanın və
Ermənistanın Dağlıq Qarabağ
münaqişəsini sülh yolu ilə həll etməli olduğunu
və bunun da bölgənin
inkişafına təkan verəcəyini qeyd
edib, həmçinin, Azərbaycanın ərazi
bütövlüyünün
mübahisə mövzusu
olmadığını, Dağlıq Qarabağın Azərbaycan
ərazisi olduğunu və bunun Böyük Britaniyada da, dünya ictimaiyyətində də qəbul edildiyini nəzərə çatdırıb.
ardı var
Yeni Azərbaycan.-2014.- 10 oktyabr.- S. 8.