Azərbaycan MDB çərçivəsində
əməkdaşlığa böyük
önəm verir
Respublikamızın qurumdakı fəallığı təşkilatın ümumi işinə müsbət təsir göstərir
Məlum olduğu kimi, Azərbaycan Müstəqil Dövlətlər Birliyinin (MDB) üzvü kimi, qurumun tədbirlərində yüksək səviyyədə təmsil olunur. Oktyabrın 10-da Minsk şəhərində keçirilən Dövlət Başçıları Şurasının növbəti iclası da bu baxımdan yaddaqalan olub. Məlumat üçün bildirək ki, iclasda Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edib.
Azərbaycan Prezidentinin MDB dövlət başçılarının məhdud tərkibdəki iclasındakı nitqi isə ölkəmizin MDB ilə və bu qurum çərçivəsində ayrı-ayrı dövlətlərlə ikitərəfli əlaqələrə böyük önəm verdiyini bir daha təsdiqləyib. Prezident İlham Əliyev həmin çıxışında bildirib ki, Azərbaycan özünün MDB-də iştirakına böyük əhəmiyyət verir: “Hesab edirik ki, bizim təşkilat çərçivəsində qarşılıqlı fəaliyyət, əlaqələndirmə, bir-birimizin problemlərimizi daha yaxşı anlamaq, habelə digər mühüm məsələləri həll etmək işində çox uğurlar qazanılıb. Biz həm də MDB-nin üzvü olan ölkələrin əksəriyyəti ilə ikitərəfli formatda çox fəal qarşılıqlı əlaqə saxlayırıq. Hesab edirəm ki, ikitərəfli əlaqələr bizim təşkilat çərçivəsində münasibətləri daha da möhkəmləndirir və biz bundan sonra da ikitərəfli əməkdaşlıq potensialını artırmağa çalışacağıq”.
Dövlət başçısının sözlərinə əsasən, ölkəmizin yürütdüyü siyasət risklərin azaldılmasına, vəziyyətin sabitləşdirilməsinə yönəlib və bu amil MDB məkanında da özünü doğruldur: “Azərbaycanın MDB məkanında, habelə regional və ikitərəfli əlaqələr çərçivəsində irəli sürdüyü təşəbbüslər təhlükəsizliyin, sabitliyin, əməkdaşlığın möhkəmlənməsinə xidmət edir”.
Qeyd edək ki, Azərbaycan-MDB münasibətləri regional əhəmiyyəti və mütərəqqi maraqlara xidmət etməsi ilə səciyyələnir. İlk növbədə, təşkilatın əsasının qoyulması 1991-ci il dekabrın 8-də Rusiya, Ukrayna və Belarus respublikalarının Minsk görüşündə SSRİ-nin buraxılması və müstəqil dövlətlər birliyinin yaradılması haqqında əldə etdikləri razılaşma ilə bağlıdır. Daha sonra, yəni həmin il dekabrın 21-də MDB-nin yaradılması haqqında razılaşmaya əsasən quruma Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan, Tacikistan, Moldova və Ermənistan daxil olmaqla daha 8 ölkə qatılıb.
Təşkilatın yaradılması Sovetlər Birliyinin dağılmasından sonra ittifaq respublikalarının bir-biri ilə bağlı olan iqtisadiyyatının bərpası yönündə atılmış bir addım idi. Məlum olduğu kimi, Sovet imperiyasının parçalanması ərəfəsində ittifaq respublikaları arasında uzun illər boyu mövcud olan mədəni, mənəvi, iqtisadi əlaqələr xeyli zəifləmişdi. 1991-ci ilədək mövcud olan çoxşaxəli əlaqələrin birdən-birə kəsilməsi isə həmin ölkələrdəki sosial-iqtisadi vəziyyətə mənfi təsir göstərmişdi. Bu səbəbdən, belə bir qurumun yaradılması keçmiş ittifaq respublikalarının qarşılıqlı münasibətlərinin bir-birinə hörmət və milli dövlət maraqları çərçivəsində davam etdirilməsinə şərait yaratdı. MDB-nin strukturuna Dövlət Başçıları Şurası, Hökumət Başçıları Şurası, Parlamentlərarası Assambleya, 1993-cü ildən Minskdə fəaliyyət göstərən İcraedici Katiblik daxildir. Təşkilatın digər orqanları içərisində Xarici İşlər Nazirləri Şurasını, MDB ölkələrinin Müdafiə Nazirləri Şurasını, Sahəvi Əməkdaşlıq Orqanını, Xarici İqtisadiyyat Təsisatlarının Rəhbərlərinin Şurasını, Neft və qaz üzrə hökumətlərarası Şuranı göstərmək olar.
MDB daxilindəki fəal əməkdaşlıq nəqliyyat sahəsində də müşahidə edilir. Sentyabr ayında Xəzəryanı ölkələrin dövlət başçılarının Sammiti çərçivəsində MDB-yə üzv olan beş ölkə Xəzəryanı dövlətlər arasında nəqliyyat sahəsində qarşılıqlı fəaliyyət məsələlərini müzakirə edib. MDB Dövlət Başçıları Şurasının iclasındakı nitqində bu məqama da toxunan dövlət başçısı MDB məkanında çox yaxşı imkanların olduğunu deyib. Prezident İlham Əliyevin sözlərinə əsasən, nəqliyyat infrastrukturuna yatırılan investisiyalar ölkələri uzunmüddətli perspektivlə bir-birinə bağlayır və əməkdaşlıq, habelə əlavə mənfəət əldə edilməsi üçün yeni imkanlar yaradır. Azərbaycan isə enerji ehtiyatları istehsal edən ölkə kimi öz tərəfdaşları ilə bu sahədə əməkdaşlıqda maraqlıdır.
Qeyd etdiyimiz kimi, Azərbaycan fəal aktor kimi MDB çərçivəsində əlaqələrdə aktiv iştirak edir. Məlum olduğu kimi, Azərbaycan bir çox postsovet ölkələri ilə səmimi dostluq, qarşılıqlı maraqlara əsaslanan ikitərəfli siyasi, iqtisadi, mədəni, humanitar əlaqələr qurub. Bu əlaqələrin təşkilat çərçivəsində də davam etdirilməsi qarşılıqlı etimadın artmasına müsbət təsir göstərir. Ölkəmiz müntəzəm surətdə təşkilatın dövlət və hökumət başçıları, xarici işlər nazirlikləri və digər səviyyələrdə keçirilən iclaslarında iştirak edir. Belə toplantılar çərçivəsində müzakirə olunan məsələlər, ikitərəfli görüşlər münasibətləri daim yüksək səviyyədə saxlamağa kömək edir. Təşkilatın Azərbaycanda görülən işlərə, ölkədə gedən proseslərə obyektiv münasibət sərgiləməsi Azərbaycan-MDB əlaqələrinə müsbət təsir göstərir. Azərbaycanda keçirilən seçkilərdə müşahidəçi qismində Müstəqil Dövlətlər Birliyindən olan nümayəndə heyətinin də iştirak etməsi qurumun respublikada gedən proseslərə maraq göstərdiyini təsdiqləyir. Təşkilatın işlərində yaxından iştirak edən bir ölkə olaraq Azərbaycan, heç şübhəsiz, ölkəmiz üçün prinsipial əhəmiyyət kəsb edən məsələlərdə qurumdan daha adekvat reaksiya gözləyir.
Ərazisinin 20 faizi işğal altında olan bir dövlət kimi təhlükəsizlik və müdafiə məsələləri Azərbaycan Respublikası üçün həyati əhəmiyyət kəsb edir. Eyni zamanda, istənilən hökumətlərarası beynəlxalq təşkilatın fəaliyyəti quruma üzv olan dövlətlər arasında stabil qarşılıqlı əməkdaşlıq və mehriban münasibətlər olduqda daha səmərəli və uzunömürlü ola bilər. Bu nöqteyi-nəzərdən, MDB-nin də fəaliyyətinin effektliliyi qurum daxilində mövcud olan siyasi, iqtisadi münasibətlərin inkişaf səviyyəsindən, qarşılıqlı etimad mühitindən xeyli dərəcədə asılıdır. Heç kəsə sirr deyil ki, keçmiş SSRİ-nin dağılması ərəfəsində bir sıra regionlarda alovlanan münaqişə ocaqları bu gün hələ də qalmaqdadır. Xüsusən də, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi regional təhlükə daşıması baxımından tezliklə ədalətlə həll edilməsi vacib olan məsələdir. Bildiyimiz kimi, 1980-ci illərin sonu - 1990-cı illərin əvvəllərində Ermənistanın hərbi təcavüzü nəticəsində meydana çıxan bu münaqişə nəticəsində Azərbaycanın Dağlıq Qarabağ və yeddi ətraf rayonu işğal olunub, bir milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb, ölkəmizə milyardlarla dollar məbləğində maddi zərər dəyib. Hazırda Ermənistanın işğal altındakı ərazilərdə yeritdiyi talan siyasəti dəyən zərərin miqdarını və miqyasını genişləndirir.
Nəticədə, Ermənistanın aqressiv siyasəti bu gün bütün Avrasiyada olduğu kimi, MDB məkanında da ən önəmli regionlardan olan Cənubi Qafqazda təhlükəsizlik və əməkdaşlıq mühitinə zərbə vurub. Müstəqil Dövlətlər Birliyinin üzvü kimi Ermənistanla Azərbaycan arasında belə bir konfliktin mövcudluğu təşkilat daxilindəki birlik, əməkdaşlıq mühitinə, eləcə də qurum daxilində inteqrasiya proseslərinə mənfi təsir göstərir. Təşkilata üzv ölkələrin Dağlıq Qarabağ münaqişəsinə münasibətinə gəlincə, Ermənistan istisna olmaqla, digər ölkələr Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü tanıyır. Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin ayrı-ayrılıqda konfliktlə bağlı mövqeyi münaqişənin sülh yolu ilə ərazi bütövlüyü çərçivəsində tezliklə həllinin vacibliyindən ibarətdir. Təşkilata üzv ölkələrin bir çoxu BMT-nin Təhlükəsizlik Şurasının, ATƏT-in, Avropa Şurasının, İslam Konfransı Təşkilatının Ermənistanın Azərbaycana hərbi təcavüzünün nəticələrinin aradan qaldırılmasını tələb edən qərar və qətnamələrinin qəbulunda iştirak edib. Bu fakt da üzv ölkələrin Ermənistanın işğalçı siyasətinə mövqeyini ifadə edir. Təşkilatın fəaliyyətində ən aparıcı rol oynayan ölkə olan Rusiya, eyni zamanda, münaqişənin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biridir. Münaqişənin tezliklə ədalətli həlli beynəlxalq hüququn tələblərinin, habelə insan haqlarının müdafiəsinin reallıqda əksini tapması baxımından əhəmiyyətlidir. Bu həm də regiondakı digər münaqişələrin də həllində stimulverici amil kimi çıxış edə bilər.
İqtisadi, siyasi məsələlərlə yanaşı, Azərbaycan MDB daxilində humanitar əməkdaşlığa da böyük əhəmiyyət verir. Xatırladaq ki, bu yaxınlarda Bakıda ənənəvi IV Beynəlxalq Humanitar Forumda da 60-dan çox ölkənin təmsilçiləri ilə yanaşı, MDB ölkələrinin nümayəndələri də iştirak edirdilər. Dövlət başçısı MDB Dövlət Başçıları Şurasındakı çıxışında dinlərarası dialoq, sivilizasiyaların dialoqu, multikulturalizm ilə bağlı humanitar əməkdaşlıq məsələlərinin də çox aktual olduğunu vurğulayıb: “Digər tərəfdən, MDB-nin bir təşkilat kimi topladığı müsbət təcrübə bütövlükdə mədəniyyətlərarası, sivilizasiyalararası dialoqla bağlı problemlərin həlli üçün də faydalı ola bilər. Başqa sözlə, demək istərdim ki, biz bundan sonra da MDB-nin işində fəal iştirakımızı davam etdirəcəyik”.
Minskdə MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclasında bildirilib ki, dövlət başçıları 1941-1945-ci illərdə Böyük Vətən müharibəsində qələbənin 70 illiyi ilə əlaqədar Birlik ölkələrinin xalqlarına və dünya ictimaiyyətinə müraciət qəbul ediblər. Diqqətə çatdırılıb ki, iclas iştirakçıları MDB ölkələrinin elmi təşkilatları arasında əməkdaşlığın daha da genişləndirilməsi, 2016-cı ilin Birlik çərçivəsində “Təhsil ili” elan olunması, qanunsuz miqrasiya, insan alveri ilə mübarizə sahələrində əməkdaşlıq məsələlərinə dair razılığa gəliblər.
Göründüyü kimi, Müstəqil Dövlətlər Birliyi daxilində çoxşaxəli əməkdaşlıq mövcuddur və Azərbaycanın qurumdakı fəallığı təşkilatın ümumi işinə müsbət təsir göstərir.
Hülya MƏMMƏDLİ
Yeni Azərbaycan.-2014.- 14 oktyabr.- S. 8.