İşıqlı ömür...

 

Elm aləmində nadir istedada malik elə şəxsiyyətlər var ki, onların elmə gətirdiyi yenilik və çəkdikləri zəhmətin tam həcmi zamanelmi təfəkkür inkişaf edib zənginləşdikcə daha aydın dərk edilir. İstedadlı alim, ictimai xadim, gözəl qadın və ana olan Aida İmanquliyeva belə alimlərdən, belə şəxsiyyətlərdəndir.

Aida Nəsir qızı İmanquliyeva 1939-cu il oktyabrın 10-da Bakı şəhərində anadan olmuşdur. Atası görkəmli jurnalist, pedaqoq, Əməkdar elm xadimi Nəsir İmanquliyev Azərbaycan mətbuatının inkişafında böyük xidmətlər göstərmiş tanınmış qələm sahiblərindən biri olmuşdur. O, uzun müddət “Bakı” və “Baku” qazetlərinin baş redaktoru işləmişdir. Anası Gövhər İmanquliyeva (Sultanzadə) Şamaxıda əsilzadə ailəsində anadan olmuşdur.

Aida xanımda Azərbaycan qadınlarına xas olan ən nəcib keyfiyyətlər təcəssüm edirdi. Onun ömür yolu həyatın, varlığın əsasında duran mənəvi bağları qurmağa, tamlığa, vəhdətə can atan bir insan idrakının, bir ana, bir qadın ruhunun təcəssümü olmuşdur. Onun bütün elmi-bədii yaradıcılığı, ictimai fəaliyyəti də bütövlüyə, vəhdətə can atan xarakterin ifadəsi olmuşdur. Bəlkə elə bu xarakterin ifadəsidir ki, xalqımızın tarixində ilk azərbaycanlı qadın-ərəbşünas - elmlər doktoru olan bu böyük alim öz həyatını xalqının tarixinin, ənənələrinin minillik dərin köklərlə bağlı olduğu Şərq mədəniyyətini və ədəbiyyatını öyrənməyə sərf etmişözünün şəxsiyyəti və yaradıcılığı timsalında dünənimizlə bu günümüz arasındakı əlaqə bağlarını bərpa etməyə çalışmışdır.

Aida xanım İmanquliyeva görkəmli ərəbşünas-alim, elmi ictimaiyyətin hörmətini qazanmış nüfuzlu elm xadimi idi. Keçmiş SSRİ-də Ümumittifaq Şərqşünaslar Cəmiyyəti Rəyasət Heyətinin, Şərq ədəbiyyatlarının tədqiqi üzrə Ümumittifaq Koordinasiya Şurasının üzvü olmuşdur. O, Azərbaycan şərqşünaslar məktəbinin nümayəndəsi kimi, Moskvada, Kiyevdə, Sankt-Peterburqda, Poltavada, Düşənbədə, Tbilisidə və başqa şəhərlərdə keçirilən elmi konqreslərdə, simpoziumlarda, sessiyalarda məruzələr etmişdir.

Aida İmanquliyevanın qələmi ilə düşüncələrdə çəkdiyi “İpək yolu” - dünyanın Qərbi ilə Şərqini birləşdirən ədəbi-fəlsəfi fikir sistemi özlüyündə dünya mədəniyyətinin, ümumbəşəri mənəvi dəyərlərin öyrənilməsi və ən başlıcası isə milli özünüdərkin ifadəsi olmuşdur.

Aida xanımın elmi yaradıcılığı çox zəngindir. Onun nəzəri tədqiqat dairəsini ümumiləşdirən “Ərəb filologiyası məsələləri”, “Şərq filologiyası məsələləri”, “Şərqin problemləri: tarixmüasirlik” və onlarca digər məqalə və elmi əsərləri alimin elmi maraq və tədqiqat əhatəsinin çox geniş və müxtəlif sahələrə, yalnız filologiya elminin deyil, digər ictimai-humanitar elmlərin sərhədlərinə də nüfuz etdiyinin göstəricisidir. Aida xanım İmanquliyevanın elmi fəaliyyətinin maraq dairəsi geniş və çoxşaxəlidir. Onun çoxsaylı elmi əsərlərində (3 monoqrafiya (“Mixail Nuayme və “Qələmlər birliyi”, “Cübran Xəlil Cübran”, “Yeni ərəb ədəbiyyatının korifeyləri”) və 70-dən artıq elmi məqalə) Qərb və Şərq mədəni ənənələrinin sintezi, yaradıcı üslubun inkişafı və yeni bədii cərəyanların təşəkkül tapması tədqiq olunur ki, bu da nəinki ərəb ədəbiyyatının, həmçinin, bütün yeni Şərq ədəbiyyatlarının gələcəkdə tədqiqi üçün çox mühüm zəmin yaradır.

Aida xanım yalnız yaradıcılığı ilə deyil, həm də təşkilatçılıq bacarığı, rəhbərlik fəaliyyəti ilə öz həyatının missiyasına - yaşadığı mühitrejim çərçivəsində Azərbaycan milli özünüdərkinin qorunub saxlanılması, inkişafı idealına sadiq qalmışdır. İstedadlı alim Aida İmanquliyeva 1967-ci ilin martında Moskvada namizədlik dissertasiyasını uğurla müdafiə edib filologiya elmləri namizədi alimlik dərəcəsini aldıqdan sonra elmi fəaliyyətini Azərbaycan EA-nın Yaxın və Orta Şərq Xalqları İnstitutunda davam etdirmişdir. O, əvvəlcə “Ərəb ədəbiyyatı” qrupunda kiçik elmi işçi vəzifəsində çalışmış və 1972-ci ildən etibarən qrupun rəhbəri, 1976-cı ildən isə institutda yenicə yaradılmış “Ərəb filologiyası” şöbəsinin müdiri vəzifələrində işləmişdir. Aida xanım həmin şöbəyə rəhbərlik etdiyi müddətdə 10 nəfər ərəbşünas namizədlik dissertasiyalarını müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsinə yiyələnib.

Şərqşünaslıq İnstitutunun elmi, ictimai-siyasi həyatında yaxından iştirak edən Aida İmanquliyeva işgüzar fəaliyyətinə görə 1988-ci ildə institutun elmi işlər üzrə direktor müavini vəzifəsinə təyin olunmuş, bir il sonra isə uzun illər üzərində işlədiyi doktorluq dissertasiyasını müdafiə edərək filologiya elmləri doktoru adına layiq görülmüşdür.

Beləliklə, Azərbaycanda ərəb ədəbiyyatı üzrə ilk elmlər doktoru, ilk professor-qadın olan Aida İmanquliyeva vəzifə pillələrində irəliləməkdə davam edir. O, 1991-ci ilin avqustundan Şərqşünaslıq İnstitutunda direktor vəzifəsini icra etməyə başlamış və həmin ilin dekabrında isə direktor vəzifəsinə təyin olunmuşdur.

Aida xanım İmanquliyeva elmi işlərlə yanaşı, pedaqoji fəaliyyətlə də məşğul idi. O, Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsində ərəb ədəbiyyatından dərs deyirdi. Elə məhz buna görə də SSRİ Nazirlər Soveti yanında fəaliyyət göstərən Ali Attestasiya Komissiyasının qərarı ilə onaXarici AsiyaAfrika xalqları ədəbiyyatı” ixtisası üzrə, 1991-ci ilin mart ayında professor elmi rütbəsi verilmişdir.

Aida İmanquliyevanın elmi, ictimai - siyasi fəaliyyətindən danışarkən onun tərcüməçilik fəaliyyətini də unutmaq olmaz. Məsələn, o, 70-ci illərdə universitetin şərqşünaslıq fakültəsinin ərəb dili müəllimi, filologiya elmləri namizədi M. Qarayevlə birlikdə “İnsanquş” adlı hekayələr məcmuəsini çap etdirir. Bundan əlavə, “Ərəb filologiyası” şöbəsinin əməkdaşlarının tərcüməsində İraq yazıçılarının əsərlərindən ibarət bir kiçik antalogiyanın tərcüməsində və çapında da Aida xanımın gərgin əməyini xüsusi qeyd etmək lazımdır. günlərin sorağında” adlanan həmin məcmuədə Aida xanımın tərcüməsində İraq yazıçısı Mahmud əz-Zahirin “Boğulmuş hıçqırıqlar” adlı hekayəsi də öz əksini tapıb.

Bunlardan əlavə, Aida xanım müxtəlif illərdə respublikanın nəşriyyat orqanları tərəfindən ərəb ədəbiyyatı ilə bağlı çap olunmuş neçə-neçə kitaba ön söz yazmış, neçə-neçə kitabın elmi redaktoru olmuşdur.

Aida xanım İmanquliyeva çox zərif, kövrək, həddindən artıq nəvazişkar və diqqətli bir insan idi. O, yaxınlarından tez-tez xəbər tutan, onların işi ilə maraqlanan, müşküllərini həll etməyə çalışan dost idi.

O, hər şeydən əvvəl öz ailəsini, həyat yoldaşını çox sevən gözəl qadın, qayğıkeş bir ANA idi. Aida xanım sevimli övladlarının təlim-tərbiyəsi ilə çox ciddi məşğul olardı. Aida xanım elmi-inzibati işlərlə həddindən çox yüklənməsinə baxmayaraq, sevimli nəvələrini bir an unutmaz, onların qayğısını və nazını çəkərdi.

Aida İmanquliyeva 1992-ci ilin 19 sentyabrında vəfat etmişdir.

İnsan bu dünyada müvəqqəti bir varlıqdır. Ancaq bu müvəqqəti həyatda insanın qəribə bir qabiliyyəti var ki, onun köməyi ilə özünə ölməzlik qazana bilir. Bu, gözəl əməl, xeyir , başqalarına fayda verən yaradıcılıqdır. Aida İmanquliyeva öz qısa ömründə bu şərtlərin hamısını yerinə yetimiş, ürəklərdə özünə abidə qoymuşdur. Demək, sağlığında ölməzlik qazanmışdır.

 

Yeni  Azərbaycan.-2014.- 15 oktyabr.- S. 4.