Azərbaycan-Rusiya əməkdaşlığı
regional təhlükəsizlik və əməkdaşlıq
baxımından mühüm əhəmiyyət
kəsb edir
Tərəflər arasındakı münasibətlər mütəmadi inkişaf tempinə malikdir
Müstəqil xarici siyasət kursuna malik olan, Cənubi Qafqaz regionunun lider dövləti qismində çıxış edən Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı strateji tərəfdaş kimi tanınır. Ölkəmiz Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən çoxvektorlu və balanslaşdırılmış xarici siyasət strategiyası nəticəsində həm ikitərəfli münasibətlər kontekstində, həm də çoxşaxəli əlaqələr fonunda yerləşdiyi regionun geostrateji təhlükəsizliyinə fundamental töhfələr verir, eləcə də, regional miqyaslı, qlobal xarakterli əməkdaşlıqlar platformasının mərkəzi oyunçusu rolunu oynayır. Heç bir beynəlxalq qurumdan və milli dövlətdən asılı olmayan Azərbaycan Respublikası artıq regional aktordan beynəlxalq strateji tərəfdaşa çevrilməkdədir.
Azərbaycan-Rusiya münasibətləri çoxşaxəlidir
Bu kontekstdə ölkəmiz həm region dövlətləri, həm də regiondankənar ölkələrlə səmərəli və qarşılıqlı-faydalı əməkdaşlıq əlaqələrini uğurla davam və inkişaf etdirir. Qeyd edək ki, Azərbaycan Respublikasının sıx əməkdaşlıq əlaqələrinə malik olduğu ölkələrdən biri də Rusiya Federasiyasıdır.
Zəngin tarixi keçmişə söykənən Azərbaycan-Rusiya münasibətləri müasir dövrdə regional əhəmiyyət daşıyır. Azərbaycan-Rusiya münasibətlərində yeni mərhələnin başlanğıcı məhz 1991-ci ildə SSRİ-nin süqutundan sonra ittifaq ölkələrinin müstəqil dövlətlərə çevrilməsi ilə qoyulub. Lakin Azərbaycanın müstəqilliyinin ilk illərində şimal qonşumuzla münasibətlər heç də birxətli olmayıb. Yalnız 1993-cü ildə Ümummilli lider Heydər Əliyev hakimiyyətə gələndən sonra Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında getdikcə möhkəmlənən, bərabərhüquqlu tərəfdaşlıq, qarşılıqlı hörmət prinsiplərinə əsaslanan münasibətlərin əsası qoyuldu. Dünyada və regionda gedən proseslərin konyukturasını, Azərbaycanın dövlət maraqlarını düzgün dəyərləndirən Ulu öndər şimal qonşumuzla siyasi, iqtisadi, humanitar sahədə əməkdaşlığın gücləndirilməsi istiqamətində addımlar atdı. Ümummilli liderin Rusiyaya 1997-ci ildə ilk rəsmi səfərindən sonra iki ölkə rəhbərlərinin qarşılıqlı səfərləri ənənə halını alıb. Öz növbəsində Ulu öndərin əsasını qoyduğu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyev də Rusiya Federasiyası ilə əlaqələrə böyük önəm verir.
Hazırda ölkələr arasında bir çox sahələri ehtiva edən çoxşaxəli münasibətlər mövcuddur. Bundan başqa, hər iki dövlət beynəlxalq müstəvidə bir-birinə dəstək verməkdədir.
Ümumiyyətlə, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasındakı çoxşaxəli münasibətlər və sıx təmaslar müasir beynəlxalq münasibətlər sisteminin mühüm komponentlərindən birini təşkil edir. Dərin təməllərə və tarixi köklərə söykənən, ikitərəfli və çoxşaxəli qarşılıqlı-faydalı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətləri dinamik xarakter daşıyır.
Qarşılıqlı-faydalı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətləri mütəmadi surətdə inkişaf etməkdə və yeni keyfiyyət çalarları ilə zənginləşməkdədir. Hər iki ölkəni bir-birinə bağlayan strateji əsaslar xalqlararası dərin inteqrasiya, eyni zamanda, milli maraqların qarşılıqlı-faydalı əməkdaşlıq əsasında uzlaşdırılmasıdır.
Regional miqyaslı, qlobal xarakterli münasibətlərin inkişafı hər iki tərəfin marağındadır
Rusiya-Azərbaycan münasibətləri ehtiva etdiyi sahələrə və məsələlərə görə çoxşaxəli olmaqla yanaşı, regional miqyaslı, qlobal xarakterli əlaqələr sistemi kimi səciyyələndirilir. Təhsil, humanitar, nəqliyyat, kommunikasiya və digər sahələrdə formalaşdırılmış əməkdaşlıq münasibətləri davamlı və nizamlı surətdə inkişaf etməkdə və yeni keyfiyyət çalarları əldə etməkdədir. Bu isə ümumi münasibətlər sisteminin inkişafını təmin edən strateji faktor kimi çıxış edir.
Qarşılıqlı-faydalı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətlərinin inkişafına təkan verən fundamental faktorlar sırasında elmi-texniki, humanitar və iqtisadi sahədə təmasların sıxlaşdırılması, bu istiqamətdə qarşılıqlı səfərlərin həyata keçirilməsi xüsusi əhəmiyyət kəsb edir. Eyni zamanda, müdafiə məsələləri istiqamətində əməkdaşlıq da tərəflər üçün aktual məsələdir. Məhz rəsmi səfər və təmaslar zamanı da bəhs olunan istiqamətdə müvafiq strukturların əməkdaşlığı xüsusi müzakirə predmetinə çevrilir. Yeri gəlmişkən, oktyabrın 13-də Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Rusiya Federasiyasının müdafiə naziri, ordu generalı Sergey Şoyqu ilə görüşüb. Geniş tərkibdə keçirilən görüşdə general-polkovnik Z.Həsənov iki ölkə arasında əməkdaşlığın dostluq münasibətləri və qarşılıqlı inam üzərində qurulduğunu və bu əlaqələrin daim inkişaf etdiyini vurğulayıb. Nazir Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində ərazilərimizin işğal olunması, bunun nəticəsində doğma ocaqlarından didərgin salınmış bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkünə çevrilməsi faktını qonaqların diqqətinə çatdırıb.
Ordu generalı S.Şoyqu dövlətlərimizin əlaqələrinin möhkəm dostluq münasibətlərinə əsaslandığını, Rusiyanın Azərbaycanın vacib tərəfdaşı olduğunu qeyd edib.
Sonra iki ölkə arasında beynəlxalq və regional təhlükəsizlik, Xəzərdə hərbi əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb, ikitərəfli hərbi texniki və hərbi təhsil sahələrində əlaqələrin əsas inkişaf istiqamətləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib. Görüşün sonunda müdafiə nazirləri iki ölkə arasında 2015-ci il üçün Əməkdaşlıq Planını imzalayıblar.
Siyasi münasibətlər iqtisadi əməkdaşlığın inkişafına təkan verir
Ümumilikdə, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında mövcud olan münasibətlərə strateji keyfiyyət çalarları bəxş edən mühüm faktorlardan biri ölkələr arasındakı iqtisadi əlaqələrdir. Daha da dəqiqləşdirsək, regional əməkdaşlıq münasibətləri ilə beynəlxalq münasibətlər sisteminin mühüm komponenti qismində çıxış edən Bakı-Moskva əlaqələrini gücləndirən keyfiyyət ünsürlərindən biri də tərəflər arasındakı iqtisadi münasibətlərdir. Müşahidələr onu deməyə imkan verir ki, konstruktiv siyasi münasibətlər ölkələr arasındakı iqtisadi əməkdaşlığa da mühüm töhfələr bəxş edir və onun dinamik səciyyə daşımasını şərtləndirir. İqtisadi münasibətlər sisteminin mütəmadi inkişafı bəhs olunan sahədə əməkdaşlığın əsaslarını möhkəmlətməklə yanaşı, onun coğrafi arealını da genişləndirməyə imkan yaradır.
Rusiya-Azərbaycan münasibətləri regional təhlükəsizliyin təmin olunmasında strateji amil kimi
O da qeyd edilməlidir ki, Rusiya-Azərbaycan münasibətləri özündə ehtiva etdiyi strateji çalarlar etibarilə regional təhlükəsizlik sisteminə mühüm töhfələr bəxş etməkdədir. Mövcud resurs və potensialları ilə həm Azərbaycan, həm də Rusiya regionda təhlükəsizlik sisteminin təminatı baxımından olduqca mühüm təsir imkanlarına malikdir.
Sadalananlara istinad edərək qeyd edə bilərik ki, Rusiya-Azərbaycan münasibətləri regionda strateji təhlükəsizlik balansını təmin etmək iqtidarında olmaqla yanaşı, əməkdaşlıq və tərəfdaşlıq münasibətləri üçün də əhəmiyyətli zəmin rolunu oynamaqdadır.
Onu da vurğulamaq lazımdır ki, Bakı-Moskva münasibətləri konstruktiv səciyyəli olmaqla qarşılıqlı maraqlar üzərində qurulub ki, bu da qarşılıqlı-faydalı əlaqələr sisteminin strateji əsası qismində çıxış etməkdədir. Eyni zamanda, simmetrik əsaslara söykənən mövcud münasibətlər sistemi regionda paritet təhlükəsizlik sisteminin formalaşmasına da xüsusi töhfələr bəxş edir.
Moskva Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində fəallıq nümayiş etdirir
Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasındakı münasibətləri xarakterizə edərkən, heç şübhəsiz, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə də toxunmaq gərəkdir. Sirr deyil ki, Azərbaycan Respublikasının xarici siyasət strategiyasında Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən, yəni, ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsi prioritet istiqamətdir. Məhz buna görə də, rəsmi Bakı diplomatik müstəvidə özünün bütün resurslarından maksimum surətdə istifadə etməklə münaqişənin həllinə nail olmağa çalışır. Buna baxmayaraq, Ermənistan davamlı surətdə etdiyi müxtəlif xarakterli manevrlərlə danışıqlar prosesini uzatmağa çalışır.
Bütün hallarda, müasir beynəlxalq münasibətlər sistemi və dünya siyasətində kifayət qədər diplomatik resurslara malik olan aparıcı beynəlxalq təşkilatlar, ATƏT-in Minsk qrupu, həmçinin, bu qurumlarda təmsil olunan güc mərkəzləri (aparıcı milli dövlətlər) münaqişənin həlli ilə bağlı imperativ və operativ səciyyəli tədbirlər görməlidirlər.
Məlum olduğu kimi, Rusiya Federasiyası da Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində vasitəçilik missiyası daşıyan ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biridir. Bu isə rəsmi Moskvaya problemin həlli prosesində daha fəal və intensiv olmağa xüsusi imkanlar yaradır.
Şübhəsiz, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində vasitəçilik missiyasını öz üzərinə götürmüş ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi olan Rusiya da xüsusi fəallıq nümayiş etdirməkdədir. Moskva münaqişənin beynəlxalq hüquq normalarına müvafiq surətdə həll edilməsi üçün öz səylərini göstərməkdədir. Amma mövcud reallıq və situasiya onu göstərir ki, Rusiya bəhs edilən istiqamətdə öz səylərini daha da artırmalıdır.
Nurlan QƏLƏNDƏRLİ
Yeni Azərbaycan.-2014.- 15 oktyabr.- S. 8.