Dağlıq Qarabağa dair mühüm mənbələrə əsaslanan fundamental elmi əsər

 

Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən müxtəlif vaxtlarda məqsədyönlü şəkildə həyata keçirilən terror, etnik təmizləmə, soyqırımı siyasəti Azərbaycan tarixinin faciələrlə müşayiət olunan çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi siyasətin əsas məqsədi azərbaycanlıları tarixi torpaqlarından çıxarmaqla əzəli Azərbaycan ərazilərində ermənilərin uydurduqları “böyük Ermənistan” dövləti yaratmaq olub. XIX əsrin əvvəllərindən başlayaraq Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsinə İrandan və Türkiyədən çoxlu sayda erməni əhalisinin köçürülməsi nəticəsində onların bu bölgədə süni surətdə çoxaldılması sonradan Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının baş qaldırması ilə nəticələnib.

Akademik Ramiz Mehdiyevin Moskvada nəşr olunan “Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix” kitabında tarixi sənədlər əsasında münaqişənin yaranma səbəbləri, habelə Dağlıq Qarabağın həmin ərazidəki Azərbaycan dövlətlərinə mənsub olmasını dəqiq faktlarla açıb göstərən müxtəlif tarixi mənbələr özünün tam əksini tapıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının beynəlxalq münasibətlər və xarici siyasət kafedrasının dosenti, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin Qarabağ Araşdırmalar Mərkəzinin müdiri Elçin Əhmədovun AzərTAc-a təqdim etdiyi yazıda akademik Ramiz Mehdiyevin “Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix” əsərinin əhəmiyyətindən və məziyyətlərindən bəhs olunur.

Akademik Ramiz Mehdiyevin Moskvada nəşr olunan “Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix” monoqrafiyasının ilk fəsillərində erməni (hay) etnosunun Kiçik Asiya ərazisinə, sonralar isə Cənubi Qafqaza gəlmə olması elmi cəhətdən əsaslandırılır. Əsərdə qədim və orta əsrlər dövrünə aid çoxsaylı mənbələr, habelə yenimüasir dövrün sənədləri əsasında Cənubi Qafqazın həqiqi tarixi, erməni etnosunun indiki vəziyyətdə bu əraziyə yalnız XIX əsrin əvvəlində gəlməsi göstərilir. Akademik faktlarla sübut edir ki, əsrlər boyu Alban kilsəsi ilə mübarizə aparan erməni kilsəsi onu planlı şəkildə özünə tabe etməyə, sonra isə tamamilə öz içində əritməyə çalışıb.

Antik mənbələrə, “tarixin atası” Herodota, onlarla qədim Roma, yunan, erməni, Suriya, rus, ingilis dillərindəki və digər dillərdəki ilk məxəzlərə, elmi ədəbiyyata istinad edən müəllif ermənilərin Asiya qitəsinin də yerli əhalisi olmadığını, onların Kiçik Asiyaya kimmerlərin təzyiqi ilə Balkan yarımadasından köçüb gəldiklərini təkzibolunmaz dəlillərlə sübuta yetirir.

Akademik Ramiz Mehdiyev müxtəlif dillərdə olan ilk mənbələrə, o cümlədən erməni mənbələrinə və erməni tarixçilərinin əsərlərindəki çoxsaylı faktlara əsaslanaraq bədnam qonşularımızın guya Cənubi Qafqazın “aborigen əhalisi” olması barədəki saxta uydurmalarını elmi dəlillərlə ifşa edir. Çox düzgün olaraq belə bir əsaslı nəticəyə gəlir ki, ermənilər böyük dövlətlərin Cənubi Qafqazda möhkəmlənmək uğrunda apardıqları mübarizənin gedişində çar Rusiyası tərəfindən bir alət olaraq Cənubi Qafqaza, o cümlədən Şimali Azərbaycan torpaqlarına köçürülüblər.

Əsərdə qeyd edilir ki, ermənilərin köçürülməsinin əsas istiqamətlərindən biri məhz mühüm strateji əhəmiyyət kəsb edən Qarabağ ərazisi olub. Çarizm tərəfindən xüsusi diqqət yetirilən, strateji baxımdan mühüm əhəmiyyətə malik olan Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsinə İrandan və Türkiyədən çoxlu sayda erməni əhalisinin köçürülməsinə XIX əsrin əvvəllərində başlanılıb. Bu dövrdə regionun zəngin təbii sərvətləri üzərində nəzarəti ələ keçirmək istəyən çar Rusiyası XVIII əsrin sonu - XIX əsrin əvvəllərində Türkiyə və İrana qarşı müharibə apararkən “erməni amili”ndən siyasi alət kimi istifadə etməklə, əhalinin erməniləşdirilməsi siyasətini də həyata keçirib.

Müəllif göstərir ki, Qarabağın dağlıq hissəsində erməni əhalisinin xeyli dərəcədə çoxaldılması XIX əsrin 20-ci illərində, xüsusilə Cənubi Qafqazın çar Rusiyası tərəfindən işğal edilməsindən sonra baş verib. 1804-1813-cü, 1826-1828-ci illər Rusiya-İran və 1828-1829-cu illər Rusiya-Türkiyə müharibələrinin gedişində, həmçinin sonralar ermənilərin İran və Türkiyədən kütləvi surətdə Cənubi Qafqaza, o cümlədən Qarabağa köçürülməsi nəticəsində burada onların sayı ilbəil artmağa başlayıb.

Monoqrafiyada Qarabağ əhalisinin sayı və etnik tərkibi haqqında ətraflı məlumat verən mühüm sənəd - çar məmurları tərəfindən tərtib edilən “Qarabağ əyalətinin təsviri”nə istinadla bildirilir ki, 1823-cü ildə Qarabağ əyalətində 20 min 95 ailə, o cümlədən 15 min 729 azərbaycanlı və 4 min 366 erməni ailəsi olub. Yəni, hələ 1823-cü ilə qədər Qarabağa köçürülən ermənilərin hesabına əyalətdə onların sayı artıb 4 min 366-ya çatmışdı.

Eyni zamanda, müəllif əsərdə Qarabağın dağlıq hissəsində erməni əhalisinin xeyli dərəcədə çoxaldılmasının XIX əsrin 20-ci illərində, xüsusilə Cənubi Qafqazın çar Rusiyası tərəfindən işğal edilməsindən sonra baş verdiyini mühüm tarixi mənbələrə əsaslanaraq diqqətə çatdırır.

Müəllif rus tarixçisi və etnoqrafı N.N.Şavrova istinad edərək göstərir ki, Qarabağın dağlıq hissəsinə əvvəlcə rəsmən 124 min, daha sonra isə qeyri-rəsmi olaraq xeyli erməni köçürülüb. Ümumiyyətlə, 1828-1830-cu illər ərzində Qarabağın dağlıq hissəsində 200 min erməni yerləşdirilib. N.N.Şavrovun bu fikirləri rusdilli oxuculara bir daha xatırladılır: “1828-1830-cu illər müharibəsi qurtardıqdan sonra biz 40 mindən çox İran və 84 min Türkiyə ermənisi köçürüb, onları demək olar ki, ermənilər yaşamayan Yelizavetpol və İrəvan quberniyalarında, Tiflisbaşqa qəzaların ən yaxşı dövlət torpaqlarında yerləşdirdik. Onların məskunlaşması üçün 200.000 desyatindən çox xəzinə torpağı ayrılmış və onlar üçün müsəlmanlardan 2 milyon manatlıqdan çox xüsusi sahibkar torpağı satın alınmışdı. Həmin ermənilər Yelizavetpol quberniyasının dağlıq hissəsi (Qarabağın dağlıq hissəsi nəzərdə tutulur - R.M.) və Göyçə (Sevan - R.M.) gölünün sahillərində məskunlaşdırıldılar”.

Bu fakt köçürülən ermənilərin əsasən ermənilər yaşamayanya az erməni yaşayan ərazilərdə yerləşdirildiyini bir daha sübut edir. Həmçinin məlum olur ki, XIX əsrin əvvəllərinə, xüsusilə Türkmənçay müqaviləsinə qədər Azərbaycanın Yelizavetpol və İrəvan quberniyalarında ermənilərin sayı həddindən artıq az olub.

Müəllif yazır ki, 1828-1829-cu illərdə Osmanlı imperiyasından da ermənilərin yenicə işğal olunmuş Azərbaycan torpaqlarına köçürülməsinə başlanıldı. Yəni, bu köçürülmə prosesinin davamı olaraq Rusiya-Türkiyə müharibəsi illərində də Türkiyədən Cənubi Qafqaza daha 90 min erməni köçürülmüşdü. 1908-ci ildə Qafqazda ermənilərin sayı 1 milyon 300 min nəfərə çatsa da, onların 1 milyon nəfəri diyarın köklü sakinləri deyildi, çar Rusiyası tərəfindən köçürülənlər idi.

Akademik diqqəti belə bir mühüm məqama cəlb edir ki, XIX əsrin birinci yarısından başlayaraq ermənilərin köçürüldükləri Azərbaycan ərazilərində demoqrafik vəziyyətdə dəyişikliklər baş verir, nəticədə Dağlıq Qarabağda və Azərbaycanın bəzi mahallarında, eləcə də tarixi Azərbaycan ərazisi olan indiki Ermənistan Respublikasında ermənilər sayca üstünlük təşkil etməyə başlayırdılar.

Müəllif əsərində erməni millətçilərinin XIX əsrin sonunda - 1885-ci ildə Marseldə “Armenakan”, 1887-ci ildə Cenevrədə “Qınçaq”, 1890-cı ildə isə Tiflisdə “Daşnaksütyun” partiyalarını yaratdıqlarını və bundan sonraböyük Ermənistan” yaratmaq iddialarının yeni mərhələyə qədəm qoyduğunu vurğulayır. Qeyd edilir ki, XX əsrin əvvəllərində erməni millətçiləri “Daşnaksütyun” partiyasının proqramında qarşıya qoyulanböyük Ermənistan” ideyasını reallaşdırmaq istiqamətində öz fəaliyyətlərini genişləndirərək azərbaycanlıları planlı surətdə doğma yurdlarından qovmaqla etnik təmizləmə və soyqırımı siyasətini həyata keçirməyə başladılar.

Akademik Ramiz Mehdiyev monoqrafiyanın “Yeni Cənubi Qafqaz” adlı fəslində XX əsrin əvvəllərində ermənilərin azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətindən bəhs edərək göstərir ki, 1917-ci ildə Rusiyada baş verən fevraloktyabr hadisələrindən sonraDaşnaksütyun” partiyası daha geniş fəaliyyətə keçdi. Leninin himayəsi altında Şaumyan Bakı Kommunasının rəhbəri olduonun başçılığı ilə 1918-ci ilin martında ermənilər tərəfindən dinc azərbaycanlılara qarşı geniş miqyaslı soyqırımı törədildi. Təkcə Bakıda 12 min dinc azərbaycanlı xüsusi amansızlıqla qətlə yetirildi.

Əsərin növbəti fəslində müəllif Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsinə XIX əsrdə köçürülən ermənilərə 1923-cü il iyulun 7-də muxtar vilayət statusu verilməsinin hüquq baxımından qeyri-qanuni addım olduğunu əsaslandırır. Belə bir nəticəyə gəlir ki, bu hadisə təkcə Azərbaycanın inzibati-ərazi bölgüsünün pozulması deyil, həm də ermənilərin ölkəmizə qarşı gələcək ərazi iddiaları üçün bir vasitə oldu.

Monoqrafiyada qeyd edilir ki, sovet dövründə Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsində yaşayan erməni icması bütün siyasi, iqtisadi, sosial və mədəni məsələləri əhatə edən muxtariyyətə malik olsa da, Ermənistan öz ərazi iddialarını bir neçə dəfə ortaya atmış, ancaq istəyinə nail ola bilməmişdi. Bununla belə, SSRİ Nazirlər Sovetinin “Ermənistan SSR-dən kolxozçu və digər azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” qərarına əsasən, 1948-1953-cü illərdə azərbaycanlıların tarixi torpaqlarından, xüsusilə də İrəvan və onun ətraf rayonlarından kütləvi şəkildə deportasiya olunması nəticəsində 150 minə yaxın soydaşımız zorakılıqla Azərbaycanın aran rayonlarına köçürüldübununla da Ermənistanın monoetnik respublikaya çevrilməsi istiqamətində daha bir addım atıldı.

Əsərdə tarixi sənədlər əsasında təkzibedilməz faktlar ortaya qoyulur, Dağlıq Qarabağ probleminin meydana gəldiyi tarixi şəraitin elmi izahı verilir. Akademik Dağlıq Qarabağ münaqişəsinin artıq müharibəyə çevrildiyi bir məqamda beynəlxalq erməni terror təşkilatlarının bu işdə iştirakına da diqqəti cəlb edib.

Müəllif baş verən sonrakı hadisələri təhlil edərək DQMV-nin sosial-iqtisadi geriliyi barədə erməni siyasətçiləri və onların mərkəzdəki himayədarlarının irəli sürdükləri saxta tezisin yalnız bəhanə, əsas məqsədin isə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası olduğunu əsərdə faktlarla sübuta yetirib. Bununla yanaşı, 20 Yanvar faciəsinə, ermənilər tərəfindən azərbaycanlılara qarşı həyata keçirilən Sumqayıt hadisələrinə də diqqəti cəlb edərək, sovet rəhbərliyinin çox ciddi və bağışlanılmaz səhvlərini, ermənipərəst siyasətini açıb göstərib. Əsərdə 1990-cı ilin sonu-1991-ci ilin əvvəllərində vəziyyətin getdikcə kəskinləşməsinin, DQMV və Azərbaycanın Ermənistan ilə həmsərhəd bölgələrində erməni təcavüzünün daha geniş miqyas almasının səbəbləri geniş təhlil edilib.

Əsərin “Qarakənddən Xocalıya” adlı fəslində 1991-ci ilin sonu - 1992-ci ilin əvvəllərindən başlayaraq Ermənistan ordusu tərəfindən bir-birinin ardınca Yuxarı Qarabağda azərbaycanlılar yaşayan sonuncu yaşayış məntəqələrinin də işğalı əksini tapıb. Bu hadisələrdə əsas diqqət erməni terror təşkilatlarının, eləcə də Xankəndidə yerləşən keçmiş SSRİ-nin 366-cı motoatıcı alayı hərbçilərinin və ağır texnikasının iştirakı ilə Xocavənd rayonunun Qaradağlı kəndində və Xocalı şəhərində törətdikləri soyqırımına yönəldilib. Bununla yanaşı, əsərdə Ermənistanın diasporun iştirakı ilə Dağlıq Qarabağ ətrafında münaqişəni necə qızışdırması, “böyük Ermənistan” ideyasını ön plana çəkməsi və siyasi iflasa uğraması da müfəssəl araşdırılır.

Kitabın ayrı-ayrı fəsilləri münaqişənin hüquqi bazasına həsr edilib. Bu fəsillərdə Dağlıq Qarabağ ərazilərinin ayrılmasının əsassız və qeyri-qanuni olması sübut edilir. Həmçinin ATƏT-in Minsk qrupunun himayəsi altında danışıqlar prosesi də nəzərdən keçirilir. Müəllif bildirir ki, torpaqlarına təcavüz olandan sonra da Azərbaycan bütün vasitəçilik missiyalarından imtina etməyərək, problemin ATƏT prinsipləri çərçivəsində həllinə razılıq verib. Eyni zamanda, münaqişənin dinc vasitələrlə nizama salınması üçün yaradılmış Minsk qrupu çərçivəsində aparılan danışıqlarda Ermənistanın qeyri-konstruktiv mövqe tutması ilə yanaşı, qrupun üzvü olan böyük dövlətlərin mövqeyində də yekdil fikrin olmamasının sülh prosesinin nəticəsiz qalmasına səbəb olduğu göstərilir.

Əsərdə Ermənistanın düşdüyü bugünkü acınacaqlı vəziyyətin ilkin səbəbləri də açılıb göstərilir.

Monoqrafiyanın rus dilində çap olunması oxucu auditoriyasının genişlənməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Belə ki, rusdilli oxucuya təqdim edilən bu kitab Dağlıq Qarabağ münaqişəsinin həllində mühüm rol oynayan, eləcə də ATƏT-n Minsk qrupunun həmsədri olan bir ölkənin paytaxtında işıq üzü görüb. Bu da, heç şübhəsiz, rusdilli oxucularda Qarabağ həqiqətləri haqqında obyektiv rəyin yaranmasında müəyyən rol oynaya bilər.

Ümumilikdə, əsərdə Dağlıq Qarabağın tarixi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi kontekstində kompleks şəkildə, zəngin mənbələr əsasında müfəssəl araşdırılıb. Monoqrafiya elmi-nəzəri və fəlsəfi ümumiləşdirmələr baxımından da Azərbaycan elminin böyük nailiyyətidir.

Eyni zamanda, akademik Ramiz Mehdiyevin “Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix” kitabı tarixşünaslığımıza mühüm töhfə olmaqla yanaşı, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması nöqteyi-nəzərindən də mühüm əhəmiyyət kəsb edən əsərdir. Bu baxımdan, monoqrafiyanın müxtəlif dillərə tərcümə edilməsi çox zəruridir.

 

Yeni Azərbaycan.- 2014.- 16 oktyabr.- S. 3.