Azərbaycanın İrəvan və ətrafındakı torpaqlara tarixi varislik hüququ bərpa oluna bilər

 

Professor Yaqub Mahmudov: Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının İrəvan və ətrafındakı Azərbaycan torpaqlarının ermənilərə verilməsi haqqındakı qərarına yenidən baxılmalı, həmin qərar qüvvədən salınmalı və Azərbaycan xalqının İrəvan və ətrafındakı torpaqlara tarixi varislik hüququ bərpa olunmalıdır

 

Sirr deyil ki, Ermənistan tarixi Azərbaycan torpaqlarında yaranıb. Bununla yanaşı, ermənilərin Azərbaycana qarşı ərazi iddiaları və təcavüzkar siyasəti davam edib, əzəli Azərbaycan torpaqları işğal edilib - ölkəmizin ərazi bütövlüyü pozulub.

Tarixi mənbələrdən də göründüyü kimi, əslində, ermənilərin başlıca məqsədi tarixi Azərbaycan torpaqlarının zəbt edilməsi hesabına “Böyük Ermənistan” xülyasının gerçəkləşdirilməsi olub. Ən müxtəlif zaman kəsiklərində ermənilər tarixi torpaqlarımıza qarşı təcavüz aktları ilə çıxış edib və azərbaycanlıları etnik soyqırımına məruz qoyublar. Əlbəttə ki, bu cür sistemli, davamlı və nizamlı terror, soyqırım aktları məqsədyönlü olub və xarici güclərin bilavasitə dəstəyi əsasında həyata keçirilib.

Ermənistanın Azərbaycana qarşı işğalçı siyasəti ciddi tarixi köklərə malikdir

Xüsusi olaraq bir məqamı qeyd etmək lazımdır ki, Ermənistanın Azərbaycana qarşı işğalçı siyasəti 1990-cı illərdən başlamayıb və ciddi tarixi köklərə malikdir. Belə ki, XIX əsrin ortalarından etibarən böyük güclər tərəfindən ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi onlara işğalçılıq və təcavüz üçün əlverişli şərait yaradıb və ermənilər zaman keçdikcə özlərinin işğalçılıq siyasətlərini sistematik surətdə davam etdirib. Ümumiyyətlə, ermənilərin Azərbaycana qarşı ərazi iddiaları və torpaqlarımızda məskunlaşması XIX əsrdən sistemli xarakter alıb. Ermənilərin İrandan Şimali Azərbaycana köçürülməsi Gülüstan və Türkmənçay sülh müqavilələri ilə təsdiq olunurdu. 1829-cu il Ədirnə müqaviləsi ilə Osmanlı imperiyasından da ermənilərin yenicə işğal olunmuş Şimali Azərbaycan torpaqlarına köçürülməsi həyata keçirilməyə başlayır. Ermənilərin köçürülməsinin əsas istiqamətlərindən biri də məhz Qarabağ ərazisi idi. Rəsmi məlumatlara əsasən, 1828-1830-cu illər arasında, yəni cəmi 2 il ərzində Şimali Azərbaycana, o cümlədən, Qarabağa İrandan 40 min, Osmanlı imperiyasından 90 min erməni köçürülmüşdü. Qeyri-rəsmi erməni köçkünləri ilə birlikdə onların sayı 200 mini ötmüşdü. Köçürülmədən sonra Qarabağın etnik tərkibində ermənilərin sayı artmağa başlayıb.

XIX yüzilin 30-cu illərindən sonra da ermənilərin kütləvi surətdə Şimali Azərbaycan torpaqlarına, o cümlədən, Qarabağa köçürülməsi davam etdirilirdi. Beləliklə, ermənilər 1905-ci ildən başlayaraq Azərbaycan xalqına qarşı kütləvi soyqırımı aktları həyata keçirməyə başladılar. Bununla yanaşı, 1918-ci ilin martında Bakıda başlanan və bütün Azərbaycanı əhatə edən yeni kütləvi soyqırımları Azərbaycan xalqına çox ağır zərbə vurdu.

Bunlarla yanaşı, Azərbaycan Xalq Cümhuriyyəti dövründə erməni separatizmi və Azərbaycan torpaqlarına qarşı iddialar daha da kəskinləşib, Cümhuriyyətin süqutundan sonra bu ambisiyalar davam edib. Daha sonra SSRİ-nin şovinist siyasətindən stimul alan erməni separatizmi güslənib, Dağlıq Qarabağ problemi kəskinləşib, SSRİ-nin dağılması ərəfəsində isə faktiki olaraq Azərbaycan ərazilərinin işğalı prosesinə başlanıb.

Ermənilər Azərbaycan torpaqlarının onlara verilməsi müqabilində üzərinə götürdüyü öhdəlikləri pozaraq təcavüzkar siyasətlərini davam etdiriblər

Sadalananlardan əlavə ən mühüm məqam budur ki, ermənilər Batum danışıqları və müqavilələrinə (11 may - 4 iyun 1918-ci il) əsasən İrəvan və ətraflarındakı Azərbaycan torpaqlarının onlara verilməsi müqabilində üzərinə götürdüyü öhdəlikləri pozaraq təcavüzkar siyasətlərini sürdürüblər. Bəlli olduğu kimi, Azərbaycan Xalq Cümhuriyyəti hökuməti İrəvan və ətrafındakı Azərbaycan torpaqlarını ermənilərə 1918-ci il Batum danışıqları (11 may - 4 iyun) və Batum müqavilələrinin (4 iyun 1918-ci il) şərtlərinə əsasən vermişdi. Lakin bəhs olunan qərarlar, əslində, öz hüquqi qüvvəsini itirib. Yeri gəlmişkən, AMEA-nın Tarix İnstitutunun direktoru, professor Yaqub Mahmudov Türkiyə Cümhuriyyəti Başbakanlıq Osmanlı Arxivi və Azərbaycan Dövlət Arxivindəki qiymətli tarixi mənbələrə istinad edərək İrəvan və onun ətrafındakı Azərbaycan torpaqlarının ermənilərə verilməsi ilə bağlı bir sıra yeni sənədlər və faktlar aşkarlayıb. Bu kontekstdə bəhs edilən məsələyə də aydınlıq gətirilib. Tarixçi-alimin sözlərinə görə, həmin sənədlər sübut edir ki, erməni tərəfi həmin müqavilə və danışıqlardan sonra məqsədlərinə nail olduqdan sonra üzərlərinə götürdükləri bütün öhdəlikləri birtərəfli qaydada pozub, işğalçılıq siyasətini davam etdiriblər. Beləliklə, İrəvan və ətrafındakı Azərbaycan torpaqlarının ermənilərə verilməsi barədə həm Batum müqavilələrinin müvafiq maddələri, həm də Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının 29 may 1918-ci il tarixli qərarı öz hüquqi qüvvəsini itirib. Buna görə də, Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının İrəvan və ətrafındakı Azərbaycan torpaqlarının ermənilərə verilməsi haqqındakı qərarına yenidən baxılmalı, həmin qərar qüvvədən salınmalı və Azərbaycan xalqının İrəvan və ətrafındakı torpaqlara tarixi varislik hüququ bərpa olunmalıdır.

O zamankı tarixi situasiya kontekstində Türkiyənin hakim siyasi dairələrində Cənubi Qafqazda erməni dövləti yaradılması məsələsində fikir ayrılığı var idi

Ümumiyyətlə, İrəvan məsələsi kontekstində ermənilərin mövqeyi, daha sonra isə işğalçılıq siyasətinə zəmin yaradan tarixi situasiyaya nəzər yetirmək məqbuldur. Həmin tarixi şəraitə nəzər salan Y.Mahmudov bildirib ki, Türkiyənin hakim siyasi dairələrində Cənubi Qafqazda erməni dövləti yaradılması məsələsində fikir ayrılığı vardı: “Sədrəzəm Tələt paşa və hərbi nazir Ənvər paşa Cənubi Qafqazda erməni dövləti yaradılmasının əleyhinə idilər və bu məsələdə “çibanı kökündən təmizləmək” tərəfdarı idilər. Bu, mümkün olmadıqda “Ermənistanın çox zəif və yaşaya bilməyəcək bir dövlət şəklində təşəkkül etməsini” təklif edirdilər. Lakin Tələt paşa və Ənvər paşadan fərqli olaraq, Batum danışıqlarında Türkiyə nümayəndə heyətinə başçılıq edən Dövlət Şurasının sədri və ədliyyə naziri Xəlil bəy Menteşə və Osmanlı Orduları Qafqaz Cəbhəsinin komandanı Ferik Mehmed Vehib paşa Cənubi Qafqazda Azərbaycan torpaqları hesabına ermənilərə dövlət yaratmaq tərəfdarı idilər. Onlar güman edirdilər ki, bununla ermənilər həm Anadoludan uzaqlaşdırılacaq, həm Türkiyə-erməni münasibətləri biryolluq nizama salınacaq, həm də “erməni məsələsi” ilə bağlı Türkiyəyə qarşı beynəlxalq qınağa son qoyulacaqdır”.

Tarixçi-alim qeyd edib ki, Azərbaycan tərəfi də Tələt paşa və Ənvər paşanın “çibanı kökündən təmizləmək” siyasətinin əleyhinə idi və “kiçik bir erməni kantonunun” yaradılmasını təklif edirdi: “Belə bir təkliflə Batumda danışıqlar aparan Azərbaycan nümayəndələri M.H.Hacınski və M.Ə.Rəsulzadə hələ 1918-ci il mayın 23-də Ənvər Paşaya xüsusi müraciətnamə göndərmişdilər. Həmin müraciətnaməni onlardan başqa Əhməd bəy (Can Baba), A.B.Səfikürdski, Ə.C.Pepinov, M.Y.Cəfərov, F.X.Xoyski, N.B.Usubbəyov və X.B.Xasməmmədov da imzalamışdılar”.

Ermənilər separatist və ekspansionalist hərəkətlərini daha geniş coğrafi areala yaydılar

Bəhs olunan araşdırma materiallarından da göründüyü kimi, ermənilər öz üzərinə götürdükləri öhdəlikləri pozaraq separatist və ekspansionalist hərəkətlərini daha geniş coğrafi areala yaydılar. Belə ki, yeni yaradılmış erməni hökuməti nəinki Bakıda hakimiyyəti ələ keçirərək Azərbaycan xalqına qarşı soyqırımı cinayəti həyata keçirən Stepan Şaumyanla əlaqə yaradıb qırğınları dayandırmadı, əksinə, Şaumyanın göstərişi ilə daşnak-bolşevik qüvvələri ermənilərə dövlət yaratmaq üçün torpaq vermiş Azərbaycan Xalq Cümhuriyyəti hökumətini aradan qaldırmaq naminə Gəncə istiqamətində hücuma başladı və Azərbaycan xalqına qarşı yeni soyqırımları həyata keçirdi. Həmçinin, Azərbaycan qəzalarında nəinki soyqırımlarını dayandırmadılar, əksinə, yeni yaradılmış Ermənistan respublikasının silahlı müdaxiləsi və yardımı ilə Azərbaycan xalqına qarşı soyqırımları daha dəhşətli xarakter aldı. Eyni zamanda, erməni tərəfi nəinki yeni yaradılmış Ermənistan respublikasının ərazisindəki türk-müsəlman əhalinin dini ibadət, mədəni, siyasi və ana dilində təhsil almaq hüquqlarını təmin etmədi, əksinə, Azərbaycan ərazisində dövlət yaratmaq məqsədlərinə nail olan kimi yerli azərbaycanlılara qarşı dövlət səviyyəsində kütləvi soyqırımlarına başladı. Bununla kifayətlənməyən Ermənistan respublikası Azərbaycan Xalq Cümhuriyyətinin sərhədlərini pozaraq Azərbaycan xalqına qarşı soyqırımlarının coğrafiyasını daha da genişləndirdi. Yeni-yeni Azərbaycan torpaqları işğal olundu. İşğal olunmuş Azərbaycan torpaqlarında türk-müsəlman əhaliyə qarşı etnik təmizləmə və soyqırımlar həyata keçirildi: “Ermənistan Respublikasının siyasi varisi olan müasir Ermənistan Respublikası hazırda ancaq ermənilərdən ibarət olan monoetnik və təcavüzkar dövlətə çevrilmişdir. Beləliklə, vaxtilə əhalisinin böyük əksəriyyəti türk-müsəlman əhali olan müasir Ermənistan ərazisində 1 nəfər də olsun azərbaycanlı qalmamışdır.

Yeni yaradılmış erməni dövləti - Ermənistan Respublikası götürdüyü öhdəliyin əksinə olaraq, nəinki Qarabağın dağlıq hissəsinə olan iddialarından əl çəkmədi, əksinə, Batum müqaviləsinin imzalanmasından dərhal sonra ermənilərə dövlət yaratmaq üçün ərazi vermiş Azərbaycan Xalq Cümhuriyyətinin sərhədlərini pozaraq yeni-yeni Azərbaycan torpaqlarının işğalına başladı. Məhz buna görə də Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin başçısı F.X.Xoyski 1918-ci il iyulun 31-də o zaman İstanbulda danışıqlar aparan Azərbaycan nümayəndə heyətinin başçısı M.Ə.Rəsulzadəyə belə bir göstəriş vermişdi: “Əgər ermənilər əldə olunmuş razılığı pozaraq Qarabağla bağlı iddia qaldırsalar, İrəvanın onlara güzəştə gedilməsindən (yəni Milli Şuranın 29 may 1918-ci il tarixli qərarının icrasından ) imtina et”.

Batum müqaviləsinin şərtlərinə və Azərbaycan Milli Şurasının qərarına əsasən ermənilərə dövlət yaratmaq üçün İrəvan və ətrafında 9 min km2 sahəsi olan Azərbaycan torpaqları verilmişdi. Yəni erməni dövləti həmin ərazi çərçivəsində mövcud olmalı idi. Lakin yuxarıda qeyd olunduğu kimi, ermənilər çox keçmədən, Batum müqaviləsinin şərtlərini pozaraq Azərbaycan torpaqları hesabına öz ərazilərini genişləndirməkdə davam etdilər. Belə ki, 1918-ci ilin 29 mayında 9 min km2-lik Azərbaycan torpağında yaradılmış Ermənistan dövləti müxtəlif dövrlərdə Moskvanın birbaşa köməyi ilə daha 20,8 min km2 Azərbaycan torpağını ələ keçirərək ərazisini 29,743 min km2-ə çatdırdı”.

1918-ci il mayın 29-da 9 min kvadratkilometrlik Azərbaycan torpağında yaradılmış Ermənistan dövləti sonrakı dövrlərdə də işğalçılıq siyasətini sürdürdü

Beləliklə, 1918-ci il mayın 29-da 9 min km2-lik Azərbaycan torpağında yaradılmış Ermənistan dövləti sonrakı dövrlərdə aşağıdakı Azərbaycan torpaqlarını işğal etdi. Tarixçi-alim qeyd edir ki, 1920-ci ilin dekabrından başlayaraq 10 il ərzində Moskvanın birbaşa köməyi ilə Zəngəzur qəzasından 405.000 desyatin (4414,5 km2), Qazax qəzasından 535096 desyatin (5832,82 km2) , Naxçıvan MSSR-dən 657 km2, Cəbrayıl qəzasından Nüvədi, Eynəzir və Tuğut kəndlərini əhatə edən Azərbaycan torpaqları Ermənistan ərazisinə qatıldı. Sovet rejiminin sonrakı illərində də Ermənistan ərazisi Azərbaycan torpaqları hesabına daha da genişləndirildi və 29,743 km2-ə çatdırıldı: “Yuxarıda göstərilən işğallar nəticəsində Azərbaycan özünün ayrılmaz tərkib hissəsi olan Naxçıvandan ayrı salındı və Türkiyə ilə birbaşa əlaqə saxlamaq imkanından məhrum edildi. Ermənilərin həyata keçirdiyi yuxarıda qeyd olunan işğallar nəticəsində, ümumiyyətlə, türk dünyası ölkələrinin bir-biri ilə birbaşa əlaqə saxlamaq imkanları da aradan qaldırıldı. Bütün bunlarla kifayətlənməyən təcavüzkar Ermənistan 1988-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ və ətrafındakı rayonlarından ibarət daha 17 min km2-lik ərazisini işğal etdi, insanlığa qarşı misilsiz vəhşilik aktı olan Xocalı soyqırımını törətdi”.

İrəvanın Azərbaycan tərəfindən Ermənistana müqavilə ilə verilməsi müddəti başa çatmaq üzrədir

Araşdırma materialında qeyd edildiyi kimi, Ermənistan Azərbaycanla konfederativ dövlət yaratmaq şərtini də yerinə yetirmədi. Daha doğrusu, Azərbaycan Milli Şurasının 1918-ci il mayın 29-da ermənilərlə konfederativ dövlət yaradılması barədə yekdilliklə qəbul etdiyi qərar da ermənilər tərəfindən yerinə yetirilmədi.

Onu da qeyd etmək lazımdır ki, hazırda Ermənistan rəhbərliyi və erməni ekspertlərini təşvişə salan məsələ İrəvanın Azərbaycan tərəfindən Ermənistana müqavilə ilə verilməsi müddətinin başa çatmaq üzrə olmasıdır. Artıq bu hadisədən 96 il ötür. Nəzərə almaq lazımdır ki, istənilən beynəlxalq müqavilənin müddəti 99 ildir.

 

Nurlan QƏLƏNDƏRLİ

Yeni  Azərbaycan.-2014.- 17 oktyabr.- S. 5.