Azərbaycanda dövlət-din
münasibətləri qanunla tənzimlənir
Mübariz Qurbanlı: İŞİD terror təşkilatı İslamı gözdənsalma
siyasətinin ən bariz nümunələrindən
biridir
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri
Mübariz Qurbanlı
lent.az saytına müsahibə
verib:
- Sədr təyin olunandan az sonra respublikanın müxtəlif bölgələrinə səfər etdiniz. Dindarlarla, dini icma rəhbərləri ilə görüşdünüz. Necədir Azərbaycanın dini xəritəsi? Tünd rənglər çoxdurmu?
- Bilirsiniz, istənilən cəmiyyətdə din-dövlət münasibətləri diqqət mərkəzindədir. Azərbaycan müsəlman ölkəsidir və ölkə əhalisinin 96 faizi İslam dininə sitayiş edir. Azərbaycanda İslami adət-ənənələr formalaşıb. Bu adət-ənənələr xalqımızın mentalına hopmuş qaydadadır. Respublikada dövlət-din münasibətləri qanunvericiliklə tənzimlənir. Azərbaycan unitar, hüquqi, demokratik və dünyəvi dövlətdir. Ölkədə dünyəvilik Konstitusiyada öz əksini tapıb və bununla yanaşı, “Dini etiqad azadlığı” haqqında qanun da qəbul edilib. Bu qanun da cəmiyyətimizdə fərdlərlə, dini icmalarla dövlət arasındakı münasibətləri nizamlayır. DQİDK-nin təsis olunmasının başlıca məqsədi dövlət-din münasibətləri, o cümlədən dini icmaların fəaliyyətini nizamlamaqdan ibarətdir. Burda bir incə məqam var. Dövlət dindən ayrı olsa da, dindar dövlətdən ayrı deyil. Hər bir dindar istər-istəməz dövlətlə təmasda olmaq məcburiyyətindədir. Hesab edirik ki, bu gün Azərbaycanda dövlət-din münasibətləri normal məcrada inkişaf edir.
Müstəqilliyini əldə etdikdən sonra Azərbaycanda bütün sahələrdə olduğu kimi dini sahədə də xeyli dəyişikliklər baş verib. Biz Sovet dövründə dinə qarşı böyük basqıları müşahidə edirdiksə, müstəqillikdən sonra bu basqılar aradan qaldırılıb, dövlət-din münasibətlərini tənzimləyən qanunlar qəbul edilib, həm də Konstitusiyamızda bu məsələlər öz əksini tapıb. Ölkəmizdə istənilən dini icmanın azad fəaliyyətinə tam şərait var. Azərbaycan tolerantlıq baxımından dünyanın ən qabaqcıl ölkələri sırasındadır. Tolerantlığın təminatı üçün hökumət tərəfindən müəyyən addımlar atılıb. İstər paytaxtda, istərsə də bölgələrdə dini münasibətlərlə bağlı təhlillər aparsaq, xristian, müsəlman, yəhudi dini icmalarının paralel şəkildə dinc yanaşı mövcud olduğunu görə bilərik. Bakıda dinlərarası məsələlər üzrə beynəlxalq tədbirlərdə Bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadəylə birlikdə həm xristian, həm də yəhudi dini icmasının rəhbərinin birgə iştirak etdiyini müşahidə edirik. Son illərdə, həm məscidlərin, həm də kilsə və sinaqoqların tikintisinə xüsusi diqqət verilir. Azərbaycan hökuməti hər il bütün dini icmalara yardımlar ayırır. Həmin dini icmalar bu yardımlar vasitəsi ilə müəyyən proqramlarını yerinə yetirə bilirlər. Ona görə də, hesab edirəm ki, dövlət-din münasibətləri normal şəkildədir. Doğrudur, xaricdən Azərbaycana müəyyən cərəyanları, xırda təriqətləri idxal etmək istəyənlər var. Lakin nə qədər cəhd etsələr də, həm radikal cərəyanların, həm də xristian dininin inkar etdiyi müxtəlif cərəyanların Azərbaycanda kök atmasına, burada inkişaf etməsinə şərait yoxdur. Çünki bunu xalq istəmir və bunu inkar edir.
Mübariz müəllim deyir ki, Komitə sədri təyin edildikdən sonra bir məqsəd kimi bütün bölgələrdə dini icmaların nümayəndələri və bütövlükdə vətəndaşlarla görüşlər keçirib və bu görüşlər davamlı olacaq. Deyir, nəinki bölgələrə, hətta ayrı-ayrı böyük kəndlərə belə gedərək, oradakı məscidlərdə icma nümayəndələri ilə görüşüb, fikir mübadiləsi aparıb. Və görəsən nəyin şahidi olub, nə nəticəyə gəlib?
- Azərbaycanda dini ayinləri icra edənlər və etməyənlər var. Həmçinin, dini ayinlərin icrasını həyata keçirən din xadimləri var. Din xadimləri başqa bir kateqoriya kimi nəzərdə tutulur. Həmin şəxslər dini fəaliyyəti həyata keçirən vəzifəli şəxs hesab edilməlidir. Azərbaycanda dini ayinlərin icrasında iştirakçılıq o qədər də yüksək deyil. Zahirən ölkədə dinə, dini ayinlərin icrasına meyillilik kütləvi şəkildə görünə bilər. Amma belə deyil. Respublikada 2050 məscid var. Bunların da 1500-ü daimi fəaliyyət göstərir. DQİDK tərəfindən müxtəlif dini bayramlarda (Ramazan, Qurban bayramları) monitorinqlər keçirilir. Monitorinqlər zamanı məscidlərə gələn və dini ayinlərdə iştirak edənlərin sayı ümumiləşdirilir. Bütövlükdə rəqəmləri ortaya qoyduqda məlum olur ki, Azərbaycanda dini ayinlərin icrasında iştirak edənlərin sayı o qədər də çox deyil.
Bəs radikal dini cərəyanların nümayəndələri? Sədr deyir ki, bu cərəyanların, müxtəlif təriqətlərin Azərbaycana ayaq açması 90-cı illərin əvvəllərinə təsadüf etdi. Həmin dövrdə, ölkədə insanların sosial durumu ürəkaçan deyildi. Radikal dini cərəyanlar da ilkin dövrlərdə iqtisadi amillərdən sui-istifadə edirdi.
- Amma onlar tam olaraq istəklərinə çatmadı, niyyətləri baş tutmadı. Baş tutmayacaq da. Baxın, həmin cərəyanların yarandığı ölkələrdə terror, çəkişmələr baş alıb gedir, elə bütün bunlar da insanları həmin dini cərəyanlardan çəkindirir.
Düzdür, radikal cərəyanların Azərbaycanda yayılmasına cəhdlər var. Bayaq da qeyd etdiyim kimi müstəqilliyin ilk illərində Azərbaycan müəyyən çətinliklərlə üzləşmişdi. Ermənistanın Azərbaycana təcavüzü, qaçın və məcburi köçkünlərin sayının çox olması, müxtəlif İslam ölkələrindən Azərbaycana gələn emissarların qaçqın və məcburi köçkünlərə yardım etmək istəyi, digər tərəfdən isə, bu istəyin arxasında özlərinin daşıyıcısı olduğu dini düşüncənin, cərəyanların yayılmasına cəhdlər olurdu. Amma həmin dini cərəyanların Azərbaycanda tam yerləşməsi, sosial baza yaratması mümkün olmadı. Çünki xalqımız ənənəvi İslami dəyərləri daha çox üstün hesab edir. İslamda sonradan yaranan radikal cərəyanları ona görə qəbul etmirik ki, bizim milli adət-ənənələrimiz İslami dəyərlərə bağlıdır. O radikal cərəyanlar milli adət-ənənələrimizlə ziddiyyət təşkil edir. Burada böyük ziddiyyət yarandığına görə, toplumun mütləq əksəriyyəti həmin xırda cərəyanların yayılmasında həvəslə iştirak etmirlər.
Sədr bu sahədə dini liderlərin fəaliyyətinin və dini maarifləndirmənin də böyük rol oynadığını deyir. Dediyinə görə, istər Komitə yaranandan sonra, istərsə də Qafqaz Müsəlmanları İdarəsi də bu sahədə kifayət qədər işlər görüb. Bəzi İslam ölkələrində yaranan radikal dini cərəyanların Azərbaycana gəlməsi, “məskunlaşmaq” istəməsi istər-istəməz islami dəyərlərin daşıyıcısı olan, bu dəyərləri müdafiə edən Qafqaz Müsəlmanları İdarəsi tərəfindən böyük təpki ilə qarşılanıb.
- Bilirsiniz, radikal dini cərəyanların nümayəndələrinin ilkin məqsədi məscidləri ələ keçirmək, məscidlərdə hegemonluğu ələ almaqdı. Bu cür iddialara qarşı, ilk növbədə, məscidlərə rəhbərlik edən şəxslər, axundlar çıxmalıdır. Birinci növbədə onların maraqları ilə toqquşur. İdeoloji baxımdan radikal dini cərəyanlar İslam dini, İslam mədəniyyəti üçün təhlükə törədir. Bu cür cərəyanların yaranmasında tarixən qeyri-islami ölkələr rol oynayıblar. Orta əsrlərdə Haşhaşilər hərəkatının yaranmasında səlibçilər necə rol oynayıbsa, sonrakı dövrlərdə İslamda yeni radikal cərəyanların yaranmasında Osmanlı İmperiyasını dağıtmaq istəyən qüvvələr, neft maraqları olan qruplar rol oynayıblar. “Parçala, hökm et” prinsipi bu günə qədər yaşamaqdadır. Bu prinsipi həyata keçirmək üçün müxtəlif variantlar işə salınır. Bunlardan biri milli-etnik zəmində, ikincisi dini zəmində, üçüncüsü isə sosial zəmində toqquşmalardır.
Azərbaycanda dini maarifləndirmə məsələsi bu günün məsələsi deyil, bu daima gündəmdə olan məsələdir. Burada təkcə Komitənin üzərinə iş düşmür. Bildiyiniz kimi, dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılıb. Bu Mərkəz Bilik Fondu ilə birgə çox böyük proqramların icrasını nəzərdə tutub.
Azərbaycana gəlib, xırda dini cərəyanları yaymaq istəyənlərə isə deyirəm ki, missionerlik etmək istəyirsinizsə, dünyada çox yer var. Azərbaycan oturuşmuş bir ölkədir və burada nəyisə təşviq və ya tətbiq etmək mümkün deyil.
Qeyd olunan məsələlərin böyüməsinə Azərbaycan xalqı imkan verməyəcək. Radikal dini cərəyanları Azərbaycana təşviq və tətbiq edənlər bütövlükdə cəmiyyətdə qəbul olunmayanlardır. O cür cərəyanların arxasınca gedənlərin bir çoxu iqtisadi maraqlar, macəra axtarmaq naminə gedirlər. Onların təşviqatı da nəticə vermir. İslamda radikalizmi yaradanlar, onların arxasında dayanan qüvvələr, dinimizi gözdən salmaq istəyirlər. İŞİD terror təşkilatı İslamı gözdənsalma siyasətinin ən bariz nümunələrindən biridir.
- Radikal dini cərəyanların nümayəndələri ilə də görüşdüyünüzü deyirsiz...
- Hansı bölgəyə səfər etmişəmsə, radikal dini cərəyanların nümayəndələri ilə görüşmüşəm, hətta ideoloji polemikalar belə aparmışam. Bu yaxınlarda xaricdə yüksək dini təhsil alan radikal cərəyanların rəhbərlərindən birini qəbul etmişdim. O, məndən yaşadığı kənddə ayrıca məscidin açılmasını istədiklərini bildirdi. Ona bildirdim ki, sizin təmsil olunduğunuz dini cərəyanlar kimi xeyli cərəyan var. Belə çıxır ki, əgər həmin o cərəyanlardan bir neçəsi sizin kənddə varsa, o zaman kəndinizdə 10 məscid tikməliyik. Bu mümkündürmü? Beləcə, bir neçə sual verdi və məntiqi cavabını aldı. Daha heç nə demədi. Razılaşdı. Mən tarixçiyəm, “Qurani-Kərim”i hələ Sovet dövründə oxumuşam. Sonradan yenə oxumuşam. Dini Komitəyə sədr təyin olunandan sonra bir daha oxudum. Eləcə də müxtəlif dinlərlə bağlı kitablar oxuyub, dini bilgimi artırmağa çalışıram. Çünki mən, eyni zamanda, radikal dini qruplarla üz-üzə gəlirəm. Onların sualları ilə qarşılaşıram.
Bu yerdə bir neçə il əvvəl qapadılan “Əbu Bəkir” məscidiylə də bağlı sədrə sual ünvanladıq. Mübariz müəllimin dediyinə görə, bəzi məscidlərin şəraiti onların ətrafında dini ayinlərin icrasına imkan vermir. Həmin məscidlərə dini ayinləri yerinə yetirənlər sığışmadıqda, ətraf üçün müəyyən problemlər yaranır. “Bu cür məscidlərlə bağlı verilmiş qərarlar, bu problemlərin yaranmaması naminə qəbul edilib”.
Sədr onu da deyir ki, Dini Komitə Bakı məscidlərində monitorinq aparıb. Məlum olub ki, əksər hallarda, bəzi insanlar öz yaşadığı ərazidəki məscidə deyil, uzaq bir məsafədə yerləşən məscidə gedərək, dini ayini yerinə yetirir. “Məscid Allahın evidir, Allahın evinə fərq qoyulmamalıdır”
Mübariz müəllim Komitəyə sədr təyin olunandan sonra dini dərslərin keçirilməsi təklifi ilə çıxış etmişdi. Görəsən bu təklifi reallaşdırmaq olacaqmı?
- “Dini dərslər” terminin altında iki düşüncə var. Məsələn, Türkiyədə keçirilən dini dərslər birbaşa dinin özünü, “Qurani-Kərim”i, hədisləri öyrədir. Mən dini öyrənməyin tərəfdarıyam, amma Türkiyədəki kimi yox. Azərbaycanda dinlərin tarixi həm tarix dərslikləri vasitəsi ilə, həm də “Həyat bilgisi” dərsliyi vasitəsi ilə öyrədilir. Fikrimcə, dini dərslər “Dinlər və mədəniyyət”, “Dünya dinləri” şəklində tədris olunsa yaxşı olar.
Yeni Azərbaycan.-2014.- 17 oktyabr.- S. 4.