Azərbaycan-Tacikistan münasibətləri dinamik inkişaf edir

 

Prezident İlham Əliyevin bu ölkəyə səfəri iki ölkə əlaqələrinin inkişafına yeni təkan verib

Məlum olduğu kimi, Prezident İlham Əliyev oktyabrın 16-da Tacikistan Respublikasında rəsmi səfərdə olub. Olduqca məhsuldar keçən səfər çərçivəsində dövlətimizin başçısı Tacikistan Prezidenti Emoməli Rəhmon ilə təkbətək və geniş tərkibdə görüşlər keçirib, həmçinin, Tacikistan parlamentinin aşağı palatasının sədri Şükürcon Zuxurov və ölkənin Baş naziri Koxir Rasulzoda ilə görüşüb, iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığa dair sənədlərin imzalanmasında iştirak edib. Bütövlükdə bu səfər Azərbaycan-Tacikistan əlaqələrinin geniş potensiala malik olduğunu və hər iki ölkənin əməkdaşlığın genişlənməsinə maraq göstərdiyini nümayiş etdirib.

Səfər zamanı Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyevə Tacikistan Milli Universitetinin Fəxri Doktoru diplomunun təntənəli təqdim edilməsi mərasimi keçirilib. Mərasimdə nitq söyləyən Prezident İlham Əliyev Azərbaycan və Tacikistanı qədim tarixi əlaqələrin bağladığını, iki ölkə xalqlarının həmişə dost olduğunu, bir-birini dəstəklədiyini deyib: “Bizi mədəniyyətimizin ümumiliyi, müştərək sivilizasiya, ortaq tarix birləşdirir. Sevindirici haldır ki, müstəqillik dövründə biz əməkdaşlığımızın bütün bu müsbət elementlərini nəinki qoruyub saxlamış, həm də əməkdaşlıq potensialını artırmışıq”.

Dövlət başçısı gələn il Azərbaycanı, Gürcüstanı və Türkiyəni birləşdirəcək, beləliklə, Asiya ilə Avropanı əlaqələndirəcək dəmir yolunun tikintisinin başa çatacağını qeyd edərək Tacikistan Prezidenti ilə bu ölkənin Bakı-Tbilisi-Qars dəmir yoluna qoşulması məsələsini müzakirə etdiyini bildirib: “Bir sözlə, yeni İpək Yolu əslində gerçəkləşir, biz bütün qonşularımızı - həm yaxın, həm də uzaq qonşularımızı, dostlarımızı, Tacikistan tərəfini də bu layihələrdə fəal iştirak etməyə çağırırıq”.

Tacikistan Prezidenti tərəfindən Azərbaycan Prezidenti İlham Əliyevin şərəfinə verilən rəsmi ziyafətdə çıxış edən Prezident Emoməli Rəhmon bildirib ki, Azərbaycan Respublikası Tacikistanın beynəlxalq əlaqələrinin strukturunda mühüm yer tutur: “Ölkələrimizin beynəlxalq və regional xarakterli bir sıra məsələlərə dair mövqelərinin üst-üstə düşməsi, beynəlxalq və regional təşkilatlarda həm Azərbaycanın, həm də Tacikistanın konseptual yanaşmaları Tacikistan-Azərbaycan münasibətlərinin daha dinamik və ardıcıl inkişafına şərait yaradır”.

Ümumiyyətlə, 2014-cü il Azərbaycan-Tacikistan əlaqələrinin inkişafında dinamik dövr kimi səciyyələndirilə bilər. Xatırladaq ki, bu ilin aprelində Prezident İlham Əliyev Tacikistanın xarici işlər naziri Sirociddin Aslovu qəbul edib. Görüşdə dövlət başçısı Azərbaycan ilə Tacikistan arasında ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb. Həmçinin, görüşdə Azərbaycan ilə Tacikistan arasında əməkdaşlıq üçün yaxşı hüquqi bazanın mövcudluğu vurğulanaraq, iki ölkənin müxtəlif sahələrdə, o cümlədən, iqtisadi, ticarət, sənaye, sərmayə qoyuluşu və digər sahələrdə əlaqələrinin genişləndirilməsi üçün böyük imkanlarının olduğu bildirilib.

Ölkəmizə səfəri çərçivəsində Sirociddin Aslov və onun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla da görüşüb. Görüşün sonunda hər iki nazir tərəfindən “Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Tacikistan Respublikasının Xarici İşlər Nazirliyi arasında 2014-2015-ci illər üzrə əməkdaşlıq proqramı” imzalanıb.

Sözügedən proqramın imzalanması həm Azərbaycanın, həm də Tacikistanın iki ölkə arasındakı əməkdaşlığı genişləndirmək marağında olduğunu göstərir. Bu, o deməkdir ki, yaxın iki il ərzində Azərbaycan-Tacikistan diplomatik münasibətlərinin daha da dərinləşməsinin şahidi ola bilərik. Diplomatik münasibətlərin sıxlaşması isə digər sahələrin də inkişafına yeni imkanlar yaradacaq.

Ümumiyyətlə, iki ölkə əlaqələrinin tarixinə nəzər salsaq, görərik ki, müstəqilliyin əldə edilməsi ilə Azərbaycanla Tacikistan arasında münasibətlərin yeni mərhələsinin başlanğıcı qoyulub. İki dövlət arasında diplomatik əlaqələrin əsası 29 may 1992-ci il tarixində qoyulub. 2007-ci il tarixindən Azərbaycan Respublikasının Tacikistan Respublikasında səfiri fəaliyyətə başlayıb.

İki ölkənin dövlət başçılarının və digər yüksək səviyyəli rəsmi şəxslərinin qarşılıqlı səfərləri müqavilə-hüquq bazasının formalaşmasına, münasibətlərin müxtəlif sahələr üzrə inkişafına şərait yaradıb. Bu baxımdan, Prezident İlham Əliyevin Tacikistana 15-16 mart 2007-ci il tarixli səfəri xeyli səmərəli olub. Səfər zamanı iki ölkə arasında bir sıra sahələr üzrə 11 hökumətlərarası saziş imzalanıb.

Öz növbəsində, Tacikistan Prezidenti İ.Rahmonun 2007-ci ilin avqustunda Azərbaycana rəsmi səfəri zamanı iki ölkə arasında müxtəlif sahələr üzrə 9 sənəd imzalanıb.

Azərbaycanla Tacikistan arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsi imkanları genişdir. Asiyanı Avropa ilə siyasi, iqtisadi, coğrafi, mədəni baxımdan birləşdirən körpü rolunu oynayan Azərbaycanla əlaqələr Tacikistan üçün Qərbə çıxış imkanıdır. Xüsusən də TRACECA layihəsi çərçivəsində bərpa edilən İpək Yolu belə bir imkanı yaratmağa xidmət edir. Azərbaycan Prezidentinin 7 fevral 2008-ci il tarixli Sərəncamına əsasən, Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə Birgə Hökumətlərarası Komissiya yaradılıb.

2012-ci ilin iyul ayında ölkəmizə rəsmi səfər edən Tacikistan Prezidenti Emoməli Rəhmon ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında növbəti mühüm görüş baş tutub. Görüşdə iki ölkə arasındakı münasibətlərin müxtəlif sahələrdə inkişafından məmnunluq bildirilib, əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğu qeyd edilib. Dövlət başçısı Tacikistan Prezidentinin Azərbaycana rəsmi səfərinin ölkələrimiz arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi baxımından önəmini vurğulayıb. Görüşdə ikitərəfli, regional və beynəlxalq məsələlər barədə fikir mübadiləsi aparılıb.

Tacikistan dövlətinin başçısı ölkəmizdə olarkən qazanılan böyük uğurlara görə Azərbaycan xalqını təbrik edib. İkitərəfli əməkdaşlığın inkişafı üçün mövcud imkanlardan danışan Prezident deyib: “Tacikistanın Azərbaycanın təcrübəsini öyrənməsinə böyük ehtiyac var. Əminəm ki, bu səfər əməkdaşlığımızı daha da inkişaf etdirəcək. Təqdirəlayiq haldır ki, Bakı ilə Düşənbə arasında birbaşa aviareys açılıb. İnanırıq ki, yeni aviareys ölkələrimiz arasında iqtisadi, ticarət, turizm və digər sahələrdə əməkdaşlığın inkişafına, yeni layihələrin reallaşdırılmasına geniş imkanlar açacaq”.

Tacikistan Prezidenti iqtisadi əlaqələrin inkişafına, qarşılıqlı sərmayə qoyuluşuna, ticarət dövriyyəsinin artmasına şərait yaradan 500-dən çox investisiya layihəsinin mövcudluğunu bildirib. Hər iki ölkənin iş adamları üçün biznes-forumların, “dəyirmi masa”ların keçirilməsinin əhəmiyyətini qeyd edib.

Sözsüz ki, keçirilən görüşlər, imzalanan müqavilələr iki ölkə arasında iqtisadi əlaqələrin, həmçinin, qarşılıqlı ticarətin həcminə öz təsirini göstərməkdədir. 2013-cü ildə Azərbaycan ilə Tacikistan arasında ticarət dövriyyəsinin həcmi 13,80 milyon ABŞ dolları, o cümlədən, ixracın həcmi 13,76 milyon dollar, idxalın həcmi isə 0,04 milyon dollar təşkil edib. Bu dövr ərzində Tacikistan ilə xarici ticarət saldosu müsbət 13,72 milyon dollar olub. 2013-cü ildə Tacikistanın ölkəmizin xarici ticarət dövriyyəsindəki payı 0,04 faiz, o cümlədən, ixracda 0,06 faiz təşkil edib.

Bundan başqa, hər iki ölkə müdafiə və təhlükəsizlik sahələrində də əməkdaşlığa böyük maraq göstərir. 30 sentyabr 1999-cu il tarixində MDB iştirakçı dövlətlərinin milli təhlükəsizlik nazirlərinin görüşü zamanı Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyi ilə Tacikistanın Milli Təhlükəsizlik Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş imzalanıb. Saziş iki ölkə arasında imzalanmış ilk sənəddir. 1-2 iyun 2006-cı il tarixlərində isə Azərbaycanda rəsmi səfərdə olan Tacikistanın müdafiə naziri Ş.Xayrulloyev Prezident İlham Əliyevin qəbulunda olub, xarici işlər naziri E.Məmmədyarov və Milli Məclisin vitse-spikeri Z.Əsgərovla görüşüb. Səfərin ən mühüm nəticələrindən biri “Azərbaycan Respublikası Hökuməti və Tacikistan Respublikası Hökuməti arasında hərbi sahədə əməkdaşlıq haqqında Saziş”in imzalanması olub. Bundan başqa, Azərbaycanla Tacikistan Mərkəzi Asiyada narkotiklərə nəzarət sahəsində əməkdaşlığa dair qarşılıqlı anlaşma Memorandumuna üzvlük çərçivəsində beynəlxalq cinayətkarlığa qarşı mübarizədə əməkdaşlıq edir.

Prezident İlham Əliyevin Tacikistana bir neçə gün öncəki səfəri çərçivəsində də iki ölkə arasında bir sıra yeni sənədlər imzalanıb. “Azərbaycan Respublikası Prezidentinin və Tacikistan Respublikası Prezidentinin Birgə Bəyannaməsi”ni Prezident İlham Əliyev və Prezident Emoməli Rəhmon imzalayıblar. “Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında mülki müdafiə, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov və Tacikistanın xarici işlər naziri Sirociddin Aslov imzalayıblar. Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov və Tacikistanın xarici işlər naziri Sirociddin Aslov “Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında bitki karantini sahəsində əməkdaşlıq haqqında Saziş”i, Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev və Tacikistanın səhiyyə və sosial müdafiə naziri Salimzoda Nusratullo “Azərbaycan Respublikası Hökuməti və Tacikistan Respublikası Hökuməti arasında səhiyyə sahəsində əməkdaşlıq haqqında Saziş”i, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə və Tacikistan Elmlər Akademiyasının prezidenti Farxod Rahimi isə “Azərbaycan Milli Elmlər Akademiyası və Tacikistan Respublikası Elmlər Akademiyası arasında elmi əməkdaşlıq haqqında Saziş”i imzalayıblar.

Azərbaycan-Tacikistan münasibətləri beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq şəklində də inkişaf etməkdədir. İki ölkə rəsmiləri dəfələrlə Müstəqil Dövlətlər Birliyi, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT kimi təşkilatların müxtəlif səviyyəli toplantılarında iştirak çərçivəsində görüşlər keçiriblər. Bu həm də dövlətlərin beynəlxalq arenada bir-birinə dəstək olması baxımından da vacibdir. Təsadüfi deyil ki, cari beynəlxalq məsələlərdə Azərbaycanla Tacikistanın mövqeləri bir-birilə uzlaşır. Bütün bu amillər iki ölkə münasibətlərinin sürətli inkişafına geniş imkan yaradıb.

 

Hülya MƏMMƏDLİ

Yeni  Azərbaycan.-2014.- 21 oktyabr.- S. 8.