Azərbaycan İslam
Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlığa
böyük önəm verir
Ölkəmizlə bu beynəlxalq qurum arasındakı əlaqələr çoxşaxəli və davamlı xarakterə malikdir
Xəbər verildiyi kimi, oktyabrın 20-21-də Bakıda “İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin inkişafında qadınların rolu” mövzusunda V Beynəlxalq konfrans keçirilib. 60-dək ölkədən ümumilikdə 220-dən artıq nümayəndənin iştirak etdiyi tədbirin ilk günü Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə Prezident İlham Əliyevin konfrans iştirakçılarına təbrik məktubunu oxuyub.
Sonra IV konfransın sədri, İndoneziyanın Azərbaycandakı səfiri Raden Prayono Atiyanto çıxış edib. Səfir konfransın yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə təşəkkürünü bildirib. Qadınların cəmiyyətdə rolunun gücləndirilməsinin vacibliyinə toxunan Raden Prayono Atiyanto deyib ki, bundan əvvəlki konfrans Cakartada keçirilib və çox önəmli qərarlar qəbul edilib. Bakı konfransı da qadınların hüquqlarının qorunması, onların cəmiyyətdə iştirakının genişləndirilməsi sahəsində görüləcək işlərə öz töhfəsini verəcək.
Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova çıxış edərək konfransın gündəliyi haqqında məlumat verib. Bildirilib ki, komitə tərəfindən təşkil edilən konfransda qadınların səlahiyyətlərinin, qərar qəbuletmə prosesində onların iştirakının artırılması, qadınlar üçün bərabər imkanların yaradılması, qadınlara qarşı zorakılığın, bütün növ ayrı-seçkiliyin qarşısının alınması, keyfiyyətli təhsil, sağlamlıq və digər mövzular müzakirə ediləcək.
Çıxışında Azərbaycanda həyata keçirilən qadın siyasəti barədə geniş məlumat verən və “Azərbaycan əhalisinin 50,3 faizini təşkil edən qadınların ictimai-siyasi, elmi, mədəni, sosial-iqtisadi və digər sahələrdə əldə etdikləri uğurlar bütövlükdə dövlətimizin nailiyyətidir”, - deyən komitə sədri əlavə edib ki, bu gün əmək qabiliyyətli qadınların 69,2 faizi özəl sektorda, 30,8 faizi isə dövlət sektorunda çalışır. Qadınlar arasında işsizliyin səviyyəsi ildən-ilə azalaraq 5,9 faizə düşüb, qadın sahibkarlığı 17,9 faizədək artıb. Komitə sədri bildirib ki, hazırda parlament və bələdiyyə səviyyəsində də qadınların təmsilçiliyi artıb. Hicran Hüseynova Azərbaycanda gender bərabərliyinin təmin edilməsi və qadınların səlahiyyətlərinin genişləndirilməsinin ölkə siyasətinin mühüm prioritetlərindən birini təşkil etdiyini vurğulayıb.
Komitə sədri, eyni zamanda, bildirib ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində qaçqın və məcburi köçkün vəziyyətinə düşən 1 milyondan çox azərbaycanlının 400 mindən çoxunu qadınlar, 300 mindən çoxunu isə uşaqlar təşkil edir. Bu rəqəmlərin hər birinin arxasında neçə-neçə ailənin faciəsi dayanır.
İslam Əməkdaşlıq Təşkilatının baş katibinin müavini Muhammad Naim Xan konfransın təşkilinə göstərdiyi dəstəyə görə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya minnətdarlığını bildirib. Muhammad Naim Xan vurğulayıb ki, belə tədbirlərin keçirilməsi qadınların inkişaf prosesində daha geniş iştirakına təkan verir.
İslam dininin qadınların hüquqlarını hər zaman müdafiə etdiyini deyən Muhammad Naim Xan cəmiyyətdə qadınların bütün sahələrdə iştirakının təmin edilməsi üçün birgə işlərin görülməsinin zəruriliyini qeyd edib. O deyib ki, bir çox ölkələrdə dövlət işlərində qadınların fəal iştirak etmələrinə baxmayaraq, bəzi dövlətlərdə bu sahədə problemlər qalmaqdadır: “Qadınların üzləşdikləri çətinliklər müəyyən sosial problemləri də özü ilə gətirir. Biz bu çətinliklərin aradan qaldırılması üçün səylərimizi gücləndirməliyik. Proqramlar qəbul edərkən bütün inkişaf mərhələlərində qadınların rolu nəzərə alınmalıdır. Qadınların cəmiyyətdə rolunun düzgün müəyyənləşdirilməsi ailə dəyərlərinin inkişafında da katalizator rolunu oynaya bilər”.
BMT baş katibinin köməkçisi və BMT-nin Qadınlar Təşkilatının icraçı direktorunun müavini xanım Lakşmi Puri qadınların və kişilərin bərabər fəaliyyəti və qadınların hüquqlarının qorunmasının vacibliyindən danışıb. O bildirib ki, 2030-cu ilə qədər qadınların hüquqlarının qorunması, onların cəmiyyətdə iştirakının artırılması və digər sahələrdə müvafiq qərarlar qəbul olunmalıdır: “Təəssüf ki, qadınlara və uşaqlara qarşı zorakılıq halları və onların hüquqlarının pozulması hələ də davam edir. Biz qadınların cəmiyyətdə zorakılığa məruz qalmaları, onların hüquqlarının tapdalanması hallarının qarşısını ala bilərik. Misal üçün, deyə bilərəm ki, Azərbaycanda bununla bağlı qətiyyətli addımlar atılıb”.
BMT-nin Əhali Fondunun (UNFPA) Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Heimo Lakkonen tədbirin keçirilməsində Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın dəstəyini yüksək qiymətləndirib. Heimo Lakkonen son 10 ildə UNFPA ilə İƏT-in birgə əməkdaşlığından danışaraq deyib ki, bu müddətdə doğum zamanı ana ölümü hallarının qarşısının alınması, qadınların şərəf və ləyaqətinin qorunması, onların maarifləndirilməsi sahəsində böyük nailiyyətlər əldə olunub. Bu işlər davam etdiriləcək.
Tədbirdə Azərbaycan qadınlarının cəmiyyətin ictimai-siyasi həyatında iştirakından bəhs edən videoçarx nümayiş etdirilib.
Sonra konfransın sədri və büro üzvlərinin seçkisi olub.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova konfransın sədri seçilib. Fasilədən sonra konfrans işini sessiyalarda davam etdirib. Oktyabrın 21-də başa çatan konfransda Bakı Bəyannaməsi qəbul olunub.
Bu məqamda xüsusi olaraq vurğulamaq lazımdır ki, Ümummilli liderimiz Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycan Respublikasının beynəlxalq əlaqələrinin genişlənməsində, xarici ölkələrlə, o cümlədən beynəlxalq təşkilatlarla münasibətlərin inkişaf etdirilməsində həlledici rol oynadı. Əsası Ulu öndərimiz tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyevin uğurla davam etdirdiyi xarici siyasət kursu Azərbaycanın beynəlxalq aləmlə həm ikitərəfli, həm də çoxtərəfli əlaqələrinin inkişaf etdirilməsinə zəmin yaratdı. Bu gün Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı və quruma daxil olan ölkələrlə də yüksək əlaqələrə malikdir. Ümumiyyətlə, Azərbaycanla İslam Əməkdaşlıq Təşkilatı arasındakı münasibətlər xarici siyasət kursumuzun prioritet istiqamətlərindən sayılır.
Bu barədə bir
qədər sonra. Hələlik
isə onu qeyd edək ki, İslam Əməkdaşlıq Təşkilatı
(əvvəlki adı
İslam Konfransı Təşkilatı)1969-cu ildə Rabatda (Mərakeş) müsəlman
ölkələrinin dövlət
və hökumət başçılarının konfransında
yaradılıb, 60-a yaxın
dövləti özündə
birləşdirir. Bəzi ölkələrin
müsəlman icmalarının,
habelə bir sıra beynəlxalq təşkilatların nümayəndələri
İƏT yanında müşahidəçi
statusuna malikdirlər.
İslam
Əməkdaşlıq Təşkilatı
Birləşmiş Millətlər
Təşkilatı ilə
sıx əməkdaşlıq
edir. Təşkilat 1975-ci ildən bəri
BMT yanında müşahidəçi
statusu alıb.
1972-ci ildə qəbul
edilmiş nizamnaməyə
görə, İslam Əməkdaşlıq Təşkilatının
ali orqanı
dövlət və hökumət başçılarının
konfransıdır. Baş katibliyin
tərkibində bir sıra şöbələr,
o cümlədən, sosial-iqtisadi,
elm və texnika, Asiya məsələləri,
Afrika məsələləri,
beynəlxalq məsələlər,
informasiya, insan hüquqları və azsaylı dini icma məsələləri,
müsəlmanların qeyri-hökumət
təşkilatları məsələləri
şöbələri və
başqa şöbələr
fəaliyyət göstərir.
Eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatı
ilə Azərbaycan arasındakı əlaqələr
çoxşaxəli və
davamlı xarakterə
malikdir. Qeyd olunduğu
kimi, Azərbaycan Respublikasının İslam
Əməkdaşlıq Təşkilatı
ilə münasibətlərinin
inkişafı ölkəmizin
xarici siyasət kursunda prioritet istiqamətlərdəndir və
strateji əhəmiyyət
kəsb edir. Dövlət
müstəqilliyini bərpa
etdikdən sonra keçmiş Sovet respublikaları arasında
ilk olaraq məhz Azərbaycan İslam Əməkdaşlıq Təşkilatına
üzv olmaq barədə müraciət
edib.
Yuxarıda da vurğuladığımız
kimi, qurumla ölkəmiz arasındakı
münasibətlər Ulu
öndər Heydər
Əliyevin 1993-cü ildə
xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından
sonra möhkəm xarakter alıb. 1994-cü ilin
may ayından etibarən
Ümummilli lider Heydər Əliyevin müvafiq Sərəncamına
əsasən, Azərbaycanın
Səudiyyə Ərəbistanı
Krallığındakı səfirinə
İKT Baş Katibliyi
yanında daimi nümayəndə səlahiyyətləri
verildikdən sonra Ər-Riyaddakı səfirliyimiz
vasitəsilə mənzil-qərargahı
Səudiyyə Ərəbistanının
Ciddə şəhərində
yerləşən İƏT Baş Katibliyi və onun müxtəlif
qurumları, o cümlədən,
İslam İnkişaf
Bankı ilə səmərəli iş aparılmağa başlanılıb.
Ümummilli lider Heydər Əliyevin 1994-cü ilin iyul ayında Səudiyyə Ərəbistanına
səfəri Azərbaycan-İƏT
əməkdaşlığının gələcək inkişafı
üçün zəmin
yaratmaqla yanaşı,
səfər əsnasında
Onun müqəddəs
Kəbədə ümrə
ziyarəti, keçirdiyi
məhsuldar görüşlər
bütün İslam dövlətlərinin ölkəmizə
maraq və diqqətini artırıb.
Ümummilli liderin
İƏT baş katibi
ilə 1994-cü ilin noyabrında Bakıda keçirdiyi görüşlər,
həmin ilin dekabrında İƏT dövlət
və hökumət başçılarının Kasablankada
keçirilmiş VII Zirvə
Konfransında iştirakı
və İƏT baş
katibi, həmçinin,
bir sıra üzv dövlətlərin
xahişi ilə Asiya ölkələri qrupu adından çıxışı Azərbaycanın
mövqeyini təşkilat
daxilində daha da möhkəmlətdi və üzv dövlətlər tərəfindən
dəstəklənməsi imkanlarını
artırdı. Bunun nəticəsində İƏT Zirvə görüşləri
tarixində ilk dəfə
olaraq, Kasablankada “Ermənistan-Azərbaycan münaqişəsi
haqqında” siyasi qətnamə qəbul edildi, həmin ildən etibarən
İƏT-in BMT ilə əməkdaşlığı
üzrə müzakirə
edilən problemlər
siyahısına “Ermənistan-Azərbaycan
münaqişəsi” mövzusunun
mütəmadi salınmasına
nail olunub.
Qeyd olunmalıdır ki, gərgin əməyin
nəticəsi kimi, siyasi
qətnamənin adının dəyişdirilərək daha da gücləndirilməsi
və “Ermənistanın Azərbaycana qarşı təcavüzü
haqqında” başlığı ilə ilk
dəfə olaraq 1996-cı ilin dekabrında Cakartada keçirilmiş İƏT xarici
işlər nazirlərinin 24-cü
Konfransı və 1997-ci ilin dekabrında Tehranda keçirilmiş
İƏT dövlət və hökumət
başçılarının VIII Zirvə
görüşündə qəbul edilməsi bu
məsələyə dair Azərbaycanın
haqlı mövqeyinin dünya
ictimaiyyətinə çatdırılmasında önəmli
rol oynayıb.
ardı var
Mübariz ABDULLAYEV
Yeni Azərbaycan.-2014.- 22 oktyabr.- S. 8.