Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlığa böyük önəm verir

 

Qeyd olunmalıdır ki, gərgin əməyin nəticəsi kimi, siyasi qətnamənin adının dəyişdirilərək daha da gücləndirilməsi Ermənistanın Azərbaycana qarşı təcavüzü haqqındabaşlığı ilə ilk dəfə olaraq 1996-cı ilin dekabrında Cakartada keçirilmiş İƏT xarici işlər nazirlərinin 24-cü Konfransı 1997-ci ilin dekabrında Tehranda keçirilmiş İƏT dövlət hökumət başçılarının VIII Zirvə görüşündə qəbul edilməsi bu məsələyə dair Azərbaycanın haqlı mövqeyinin dünya ictimaiyyətinə çatdırılmasında önəmli rol oynayıb.

Xatırladaq ki, siyasi qətnamədə üzv dövlətlərin erməni təcavüzünü qətiyyətlə pisləməsi, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal, qeyd-şərtsiz çıxmasının tələb edilməsi, bu problemə dair baş katibin ənənəvi illik hesabatları, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində keçirilən görüşlərdə qəbul edilən yekun bəyannamələrin müvafiq bəndlərində səsləndirilən müddəalar, habelə qondarma “Dağlıq Qarabağ Respublikası”nda keçirilmiş müxtəlif qeyri-qanuni seçkilərin beynəlxalq hüquq normalarına zidd və İƏT-ə üzv ölkələr tərəfindən tanınmayan amil kimi qiymətləndirilməsi erməni tərəfinin İƏT dövlətlərinə narazılığını bildirməsi ilə müşayiət olunsa da, əks-rezonans doğurub. Eyni zamanda, qeyd olunan qərar və qətnamələr əsasında həm İƏT qurumları, həm də üzv dövlətlər tərəfindən Azərbaycana o zaman çox vacib olan geniş humanitar yardım fəaliyyəti həyata keçirilib.

Azərbaycan da öz növbəsində İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində İslam dünyasının problemlərinə dair aparılan müzakirələrdə, qərar və qətnamələrin qəbul edilməsində, həmçinin, Fələstin probleminə münasibətdə daim konstruktiv mövqe sərgiləyib, özünün birmənalı və dəyişməz mövqeyini nümayiş etdirib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2005-ci ilin dekabrında İƏT-nin Məkkədə keçirilmiş III fövqəladə Zirvə görüşündə iştirakı, Onun təşəbbüsü ilə 2006-cı ilin 19-21 iyun tarixlərində Bakıda İƏT xarici işlər nazirlərinin növbəti 33-cü Konfransının, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə 2008-ci il 10-11 iyun tarixlərində Bakıda “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” mövzusunda Beynəlxalq Forumun keçirilməsi, həmçinin, digər konfrans və tədbirlərə Azərbaycanın ev sahibliyi etməsi yuxarıda qeyd olunan siyasətin tərkib hissəsi kimi dəyərləndirilə bilər.

Azərbaycan, həmçinin, İƏT-in müxtəlif təşkilatları ilə də sıx əməkdaşlıq edir. Bu baxımdan, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın fəaliyyəti xüsusilə təqdirəlayiqdir. Həmin fəaliyyətin nəticəsidir ki, 2006-cı ildə İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri sivilizasiyaların yaxınlaşmasındakı fəaliyyətinə görə Mehriban xanım Əliyevaya İSESCO-nun xoşməramlı səfiri adının verilməsi haqqında diplom təqdim edib. Həmçinin, 2008-ci ilin iyununda Bakıda keçirilən “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” mövzusunda Beynəlxalq Forumda iştirak edən qurumun baş katibi E.İhsanoğlu humanitar sahədəki fəaliyyətinə görə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya “İƏT-in humanitar məsələlər üzrə xüsusi elçisistatusuna dair diplom təqdim edib. Əlamətdar haldır ki, İslam ölkələrinin daxil olduğu təşkilatın bu yüksək adlarına layiq görülən ilk qadın məhz Azərbaycanın birinci xanımıdır.

Qurumun XI Zirvə Konfransında İƏT-in yeni Nizamnaməsi qəbul edilib ki, bu beynəlxalq təşkilatın əsas sənədinin məqsəd və məramları bölməsində Azərbaycan nümayəndə heyətinin məqsədyönlü işi və israrlı mövqeyi nəticəsində işğal altında olan dövlətlərin öz ərazi bütövlüyünü bərpa etməsi hüququnun üzv dövlətlər tərəfindən birmənalı dəstəklənməsi barədə müddəanın təsbit edilməsi ölkəmiz üçün müstəsna əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, 2008-ci ildə BMT Baş Assambleyasının 62-ci sessiyasında Azərbaycan nümayəndə heyətinin təqdim etdiyi “Azərbaycanın işğal altında olan ərazilərindəki vəziyyət” adlı qətnamənin qəbul edilməsində İƏT-ə üzv olan dövlətlərin mövqeyi həlledici rol oynayıb. Təşkilatın 2011-ci ilin fevralında keçirilən İƏT xarici işlər nazirlərinin 36-cı iclasında da analoji mövqe bir daha vurğulanıb. İclasda bir daha qeyd olunub ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edib və BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsini yerinə yetirməyib. Quruma üzv olan ölkələrin xarici işlər nazirləri Ermənistanı işğaldan əl çəkməyə çağırıb.

Təşkilatın Azərbaycanın bir nömrəli probleminin həllində ölkəmizə verdiyi dəstək bununla da yekunlaşmır. Məlum olduğu kimi, 2009-cu ildən Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun (DƏ-İKGF) mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” kampaniyası keçirilir. Kampaniya çərçivəsində Xocalı qətliamının adı İsveçdə yaradılmış və virtual aləmdə geniş vüsət almış “Beynəlxalq Müharibə Qurbanları Memorialı” arxiv layihəsinə daxil edilib. Layihədə kampaniyanın rəsmi saytına istinad edilərək Dağlıq Qarabağ müharibəsi zamanı erməni silahlı qüvvələri tərəfindən Xocalı şəhərində xüsusi amansızlıqla öldürülən qurbanların siyahısı yerləşdirilib, faciə saytın istifadəçilərinə XX əsrin ən dəhşətli qətliamı kimi təqdim edilib. Xocalı qətliamının adı Əlcəzair, Srebrenitsa, Darfur, Madaqaskar, Nigeriya, Ruanda, Vyetnambaşqa yerlərdə törədilmiş soyqırımları və qətliamlarla bir sırada çəkilib. Bununla yanaşı, 2010-cu il yanvarın 31-də İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqının Uqandanın Kambala şəhərində keçirilən və 51 ölkənin parlament nümayəndələrinin iştirak etdiyi VI konfransında “Xocalıya ədalət!” beynəlxalq kampaniyasına dəstək çərçivəsində xüsusi qətnamə qəbul edilib. Qətnamədə bildirilib ki, İslam Konfransı Təşkilatı Parlament İttifaqı “Xocalıya ədalət!” beynəlxalq kampaniyasını dəstəkləyir: “Üzv dövlətlərin parlamentlərini insanlığa qarşı bu cinayəti düzgünmüvafiq şəkildə tanımağa, sözügedən kampaniyaya milli və beynəlxalq səviyyədə tam dəstək verməyə çağırırıq”.

Qeyd etmək lazımdır ki, bu sənəd beynəlxalq təşkilatlar tərəfindən Xocalı faciəsini insanlığa qarşı cinayət kimi tanıyan ilk qətnamədir. Yeri gəlmişkən, qətnamənin qəbulu prosesində Ermənistanın da təmsil olunduğu Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Birliyinə üzv olan dövlətlərin nümayəndələri də iştirak ediblər. “Xocalıya ədalət!” kampaniyası çərçivəsində əldə olunan ilk uğur İƏT xarici işlər nazirləri tərəfindən Xocalı faciəsini kütləvi qırğın kimi qiymətləndirmək barədə qətnamənin qəbul edilməsi sayıla bilər. 2009-cu ilin iyul ayında isə DƏ-İKGF ilə İSESCO arasında imzalanmış anlaşma nəticəsində Xocalı faciəsi haqqında məlumatın İƏT ölkələrinin tarix dərsliklərinə daxil edilməsi barədə razılıq əldə olunub. 2013-cü il dekabrın 9-11-də Qvineyanın paytaxtı Konakridə 57 ölkənin üzv olduğu İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının (İƏT XİNŞ) 40-cı sessiyası keçirilib. İslam Əməkdaşlıq Təşkilatı ilə sıx əməkdaşlıq edən Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumu da sessiyada təmsil olunub. DƏ-İKGF tərəfindən sessiyaya Xocalı faciəsini soyqırımı aktı kimi tanımaq barədə qətnamə layihəsi təqdim edilib.

İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurası həmin qətnaməni qəbul etməklə Xocalı faciəsini soyqırımı aktı kimi tanıdığını bir daha bəyan edib. DƏ-İKGF nümayəndə heyətinin rəhbəri kimi sessiyada iştirak edən Elməddin Mehdiyev bildirib ki, Forum tərəfindən təqdim edilən qətnamə layihəsində DƏ-İKGF-nin mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyasına dair xüsusi bənd yer alıb. Həmin bənddə deyilir: “İƏT XİNŞ “Xocalıya ədalət!” beynəlxalq məlumat kampaniyasını alqışlayır və üzv dövlətləri bu soyqırımı aktının milli və beynəlxalq səviyyədə insanlığa qarşı cinayət kimi tanınması üçün kampaniyanın işində fəal iştirak etməyə və lazımi səylər göstərməyə çağırır”.

Sözügedən qətnamədə, həmçinin, DƏ-İKGF tərəfindən həyata keçirilən “Dünyanı dəyişə biləcək 10 gənc müsəlman” beynəlxalq mükafat layihəsi alqışlanıb və üzv dövlətlər bu sahədə DƏ-İKGF ilə əməkdaşlıq etməyə çağırılıb. Həmin mükafat layihəsinə 2011-ci ilin noyabrında Bakıda DƏ-İKGF-nin və Azərbaycan hökumətinin birgə təşkil etdiyi İslam Əməkdaşlıq Təşkilatı Gənc Sahibkarlar Şəbəkəsinin (ICYEN) təsis konfransı zamanı start verilibilk mükafatlandırma mərasiminin beynəlxalq səviyyədə təşkil edilməsi qərara alınıb. İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının 40-cı sessiyasında DƏ-İKGF-yə 2014-cü ildə İƏT ölkələri gənclər və idman nazirlərinin konfransını təşkil etmək həvalə olunub. Qeyd edək ki, tədbirdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da iştirak edib.

Yuxarıda da qeyd etdiyimiz kimi, hazırda beynəlxalq təşkilatlarla əməkdaşlığa böyük önəm verən Azərbaycan, eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatı və quruma daxil olan ölkələrlə də yüksək əlaqələrə malikdir. İslam Əməkdaşlıq Təşkilatı ilə sıx münasibətlər xarici siyasət kursumuzun prioritet istiqamətlərindən sayılır. Daha dəqiq desək, ölkəmizlə bu beynəlxalq qurum arasındakı əlaqələr çoxşaxəli və davamlı xarakterə malikdir. Azərbaycanın təşkilatın tədbirlərində yaxından iştirakı, həmçinin, Bakının bu təşkilat çərçivəsində keçirilən tədbirlərə ev sahibliyi etməsi də deyilənləri təsdiqləyir. Bir sözlə, Bakıda keçirilən “İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin inkişafında qadınların rolumövzusunda V Beynəlxalq konfransın iştirakçısı, Mərakeşin Qadın və Ailə Məsələləri üzrə Nazirliyinin şöbə müdiri xanım Əminə Süleymani Əl-Huvarinin də qeyd etdiyi kimi, Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının fəal üzvlərindəndir və təşkilata daxil olan ölkələr arasında əlaqələrin möhkəmlənməsində böyük rol oynayır.

 

əvvəli var

 

Mübariz ABDULLAYEV

Yeni  Azərbaycan.-2014.- 23 oktyabr.- S. 8.