“Bakı Ağ şəhər”: şəhər içində şəhər

 

Prezident İlham Əliyev: “Ağ şəhər” nəinki Cənubi Qafqazda, yaxud da, bu böyük regionda, dünya miqyasında ən gözəl şəhərsalma layihələrinin birinə çevriləcəkdir

 

Paytaxt Bakıda “Qara şəhər” deyilən ərazidə reallaşdırılan “Ağ şəhər” layihəsi Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində neft gəlirlərinin ölkənin sosial-iqtisadi inkişafına, quruculuq-abadlıq işlərinə, insan kapitalına, ekoloji problemlərin həllinə yönəldilməsinə gözəl nümunədir. Vaxtilə xalqımızın Ümummilli lideri Heydər Əliyev “Qara şəhər”lə bağlı arzularını belə ifadə etmişdi: “Azərbaycanda yüz illərdən bəri “Qara şəhər” adlanan şəhər ağaracaq, təmizlənəcək, burada gül-çiçək əkiləcək və Azərbaycanın gözəl bir guşəsinə çevriləcəkdir”.

Hazırda Ulu öndərin bu arzusu həyata keçirilir. Bir vaxtlar neft tullantıları ilə çirklənmiş ərazi abadlaşdırılır və burada müasir şəhərin yeni konturları formalaşır.

“Bakı Ağ şəhər”in adı da gözəldir, memarlığı da

Bakının şərq hissəsində yerləşən “Qara şəhər” Bakıda XIX əsrin sonlarında başlayan ilk neft bumunun mirası hesab olunur. Ərazi təxminən 100 il ərzində “qara qızılın” emal olunması, saxlanılması və nəql edilməsi üzrə müxtəlif infrastrukturun cəmləşdiyi mərkəz rolunu oynayıb. Azərbaycan müstəqilliyə qovuşduqdan sonra ölkəmizdə Ümummilli lider Heydər Əliyevin işləyib hazırladığı yeni neft strategiyasının uğurla reallaşdırılması nəticəsində 221 hektar ərazini əhatə edən “Qara şəhər”in yeni təyinatlı müasir şəhər kimi canlanmasına və investisiyalar üçün cəlbedici məkana çevrilməsinə əlverişli imkan yaranıb. Hazırda sözügedən ərazidə uğurla “Bakı Ağ şəhər” layihəsi reallaşdırılır.

“Bakı Ağ şəhər” layihəsi, ilk növbədə, Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata vəsiqə alıb. Dövlət başçısı 2011-ci il dekabrın 24-də “Bakı Ağ şəhər”in təməl daşının qoyulması mərasimindəki çıxışında layihənin uğurla icra ediləcəyinə böyük əminliyini ifadə edərək deyib: “Bakı şəhərində çox gözəl layihə başlayır. Şəhər içində şəhər yaradacağıq. “Ağ şəhər” layihəsi artıq bundan sonra icra edilməyə başlayır. Bu, ölkəmiz, şəhərimiz üçün çox əlamətdar hadisədir. Bu şəhərin adı da gözəldir, memarlığı, quruluşu da”.

Dövlət başçısının nümayiş etdirdiyi güclü siyasi iradə və böyük inam “Bakı Ağ şəhər” layihəsinin icrasına cəlb olunan investorlara, sifarişçi və podrat təşkilatların təmsilçilərinə əlavə stimul verib. Prezident İlham Əliyevin “2006-2010-cu illərdə Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılması üzrə kompleks tədbirlər planı”nın təsdiq edilməsi haqqında müvafiq Fərmanının icrası çərçivəsində Bakı şəhər İcra Hakimiyyəti başçısının 11 iyun 2007-ci il tarixli sərəncamı ilə təsdiqlənən bundan sonra “Bakı Ağ şəhər” adlanacaq “Qara şəhər”in bərpa və inkişafı haqqında qərara əsasən ərazidə genişmiqyaslı tikinti-quraşdırma və bərpa işlərinə başlanıb. Təməlqoyma mərasimindən az vaxt ötməsinə baxmayaraq, yeni şəhərin konturları artıq görünür. Ərazidə çoxlu sayda qaldırıcı kranlar ucaldılıb, ağır texnika fasiləsiz olaraq torpaqqazma, hamarlama, müxtəlif infrastruktur obyektlərinin inşası əməliyyatlarını yerinə yetirir. Əlamətdar haldır ki, Prezident İlham Əliyev layihənin icrasını şəxsi nəzarəti altında saxlayır. Dövlət başçısı indiyədək bir neçə dəfə əraziyə gələrək tikinti işlərinin gedişi ilə şəxsən tanış olub və inşaatçılara Öz dəyərli tövsiyələrini verib.

“Bakı Ağ şəhər” layihəsinin Baş planında gələcək sakinlərinə yaşayış, iş, istirahət və əyləncələr üçün ən yaxşı şərait təqdim edəcək 10 şəhər tipli universal məhəllənin yaradılması nəzərdə tutulub. Layihə çərçivəsində paytaxtımız üçün mühüm əhəmiyyət daşıyan “Neftçilər” prospekti yeni bulvar boyu uzadılacaq. Paytaxtımızın müasir mərkəzi kimi formalaşacaq “Bakı Ağ şəhər”də həm də şəhər nəqliyyatının yeni şəbəkəsi yaradılacaq. Belə ki, burada “Bakı Ağ şəhər”in mərkəzi meydanına çıxışı olan metro stansiyasının inşa olunması, habelə avtobus nəqliyyatı şəbəkəsinin inkişaf etdirilməsi nəzərdə tutulub. Bütün sahil boyu tramvay xəttinin çəkilməsi planlaşdırılır. Layihəyə, həmçinin, su nəqliyyatından istifadə edilməsi məqsədilə Bulvar boyunca dəniz yolunun salınması da daxildir. “Bakı Ağ şəhər”in infrastruktur təminatı da yüksək səviyyədə olacaq. Ərazidə quraşdırılacaq infrastruktur-kommunikasiya xətlərinin işçi layihələri “Azəryolservis”, “Bakelektrikşəbəkə”, “Azəriqaz”, “Aztelekom” və digər müvafiq dövlət qurumları ilə razılaşdırılıb. Hazırda ayrı-ayrı infrastruktur layihələri müvafiq təşkilatlar tərəfindən paralel surətdə icra olunur.

“Bakı Ağ şəhər” layihəsinin baş məsləhətçisi qismində mühəndis və memarlıq layihələndirməsi üzrə bütün dünyada tanınan “ATKİNS” (Böyük Britaniya) çıxış edir. Layihə üzərində işə azərbaycanlı mütəxəssislərlə yanaşı, məşhur “Fosters + Partners” memarlıq şirkəti və kommersiya məkanlarının təşkilində böyük təcrübəyə malik olan “F+A Architects” bürosu (ABŞ) cəlb edilib.

Layihənin konsepsiyasının formalaşdırılmasında bir sıra amillər əsas götürülüb. Məsələn, layihənin müəllifləri memarlıq rəngarəngliyi, ekoloji uyğunluq və yeni ərazinin artıq mövcud olan şəhər ansamblına düşünülmüş inteqrasiyası kimi cəhətlərə ciddi önəm veriblər. Nəticədə, müasirliklə ənənəvi Bakı memarlığının əla harmoniyasını yaradan, böyük investisiya perspektivinə malik, burada yaşamaq və işləmək arzusunda olanların məmnunluğunu təmin edəcək bir unikal layihə meydana çıxıb. Təsadüfi deyil ki, şəhər içində bir şəhər olan “Bakı Ağ şəhər” layihəsi paytaxtımızın müasir şəhərsalmanın ən son tendensiyalarına inteqrasiyasının təmin edilməsi yolunda çox mühüm bir addım kimi dəyərləndirilir. Prezident İlham Əliyevin vurğuladığı kimi: “Ağ şəhər” nəinki Cənubi Qafqazda, yaxud da, bu böyük regionda, dünya miqyasında ən gözəl şəhərsalma layihələrinin birinə çevriləcəkdir”.

“Bakı Ağ şəhər” layihəsi rəmzi məna daşıyır və paytaxtımızda ekoloji vəziyyətin yaxşılaşmasında mühüm əhəmiyyətə malikdir

Məlum olduğu kimi, son illərdə ölkəmizdə Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində ekoloji problemlərin həllinə böyük diqqət yetirilir. Dövlət başçısı Nazirlər Kabinetinin 2014-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqində ekoloji problemlərin həllinin vacibliyini bir daha vurğulayaraq deyib: “Ekologiya məsələlərinin həllinə daim diqqət göstərilməlidir. Çünki bu, həyatdır, bizim həyatımızdır, uşaqlarımızın həyatıdır, xalqımızın gələcəyidir. Biz təbiəti qorumalıyıq və çalışmalıyıq ki, vaxtilə çirklənmiş ərazilərin hamısını təmizləyək”.

“Bakı Ağ şəhər” layihəsi də paytaxtımızda ekoloji vəziyyətin yaxşılaşdırılması baxımından böyük əhəmiyyətə malikdir. Təsadüfi deyil ki, layihə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün kompleks tədbirlər planı” çərçivəsində hazırlanıb.

Yuxarıda vurğuladığımız kimi, “Bakı Ağ şəhər” üçün müəyyənləşdirilən ərazidə uzun illər ərzində neftin emalı və nəqli həyata keçirilsə də, burada ekologiya ilə bağlı hər hansı bir tədbir görülməyib. Torpaq neft tullantıları ilə çirklənib, onun təmizlənməsi qayğısına isə qalınmayıb. Prezident İlham Əliyev Nazirlər Kabinetinin yuxarıda haqqında bəhs olunan iclasında vurğuladığı kimi, vaxtilə xaricdən gəlmiş iş adamları Azərbaycanda neft sənayesində işləyərək böyük qazanc, milyardlarla vəsait əldə etsələr də, bizim üçün ekoloji fəlakəti qoyub getmişlər: “O xarici neft baronlarının qazandıqları pulların hansı hissəsi ekoloji məsələlərə xərclənib? Oraya heç bir vəsait qoyulmamışdır. Sadəcə olaraq qazanc dalınca Azərbaycana gəlmişlər, böyük pullar əldə etmişlər. Ancaq bizə nə qoyub getmişlər? Qara şəhəri”.

İndi neftlə çirklənmiş həmin ərazilər təmizlənir, bərpa edilərək istifadəyə qaytarılır. Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasındakı çıxışında Azərbaycanda ekoloji fəlakətin aradan qaldırıldığını bildirərək vurğulayıb: “İndi biz - müstəqil Azərbaycan bu ekoloji fəlakəti aradan götürürük. Bu da rəmzi xarakter daşıyır ki, “Qara şəhər” əvəzinə “Ağ şəhər” olacaq”.

“Bakı Ağ şəhər” layihəsinin ekoloji əhəmiyyətindən danışarkən layihə çərçivəsində Bakı bulvarının sərhədlərinin daha da genişləndirilməsini də ayrıca qeyd etmək lazımdır. Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında bakılıların sevimli istirahət yeri olan bulvarın genişlənməsindən məmnunluğunu ifadə edib: “İndi “Ağ şəhər” bulvarı tikilir. Yəqin ki, bir neçə aydan sonra artıq ictimaiyyət üçün açıq olacaq. Beləliklə, Bibiheybət istiqamətindən, - Bayraq Meydanından o tərəfə də işlər davam etdirilir, - idman şəhərciyindən ta “Ağ şəhər”ə, neftayırma zavoduna qədər təqribən 16 kilometr uzunluğunda gözəl bir gəzinti zolağı - bulvar olacaqdır”.

Azərbaycanda ən böyük hotel də “Bakı Ağ şəhər”də yaradılacaq

Azərbaycan zəngin təbiəti, əlverişli coğrafi-iqlim xüsusiyyətləri sayəsində həm də böyük turizm potensialına malikdir. Son illərdə ölkəmizin turizm potensialından səmərəli istifadə edilməsi məqsədilə genişmiqyaslı tədbirlər həyata keçirilir. Bunun nəticəsində də ölkəmizə yaxın və uzaq xarici ölkələrdən turist axını getdikcə artır. Prezident İlham Əliyevin Naftalan şəhərinə səfəri çərçivəsində “Qarabağ SPA and Resort” hotel kompleksinin açılışında söylədiyi nitqində vurğuladığı kimi: “Bütövlükdə Azərbaycanda turizmin inkişafı sürətlə gedir. Bakıda dünyanın ən aparıcı hotellər şəbəkələri fəaliyyət göstərir. Son iki-üç il ərzində Bakıda altıdan çox beşulduzlu hotel tikilmişdir”.

Son illərdə Bakıda “Four Seasons”, “Fairmont”, “Hilton”, “Mariott” “Kempinski” “Jumeirah”, “Sheraton”, “Radisson” kimi məşhur hotel şəbəkələri istifadəyə verilib ki, bu da Azərbaycanın dinamik inkişafının, investorların ölkəmizə marağının və inamının ifadəsidir. Diqqətəlayiq haldır ki, “Bakı Ağ şəhər” layihəsi də Azərbaycanın turizm infrastrukturunun genişlənməsinə öz töhfəsini verəcək. Prezident İlham Əliyev Naftalan şəhərində “Qarabağ SPA and Resort” hotel kompleksinin açılışında bunu ayrıca vurğulayaraq deyib: “Hazırda “Ağ şəhər” bulvarında otaqlarının sayına görə bəlkə də Azərbaycanda ən böyük hotel tikilir. İndi ictimaiyyət üçün o yerlər bağlıdır, çünki işlər gedir. Ancaq təqribən bir neçə aydan sonra “Ağ şəhər” bulvarı açılacaq, yeni hotellər fəaliyyətə başlayacaq. Bir daha demək istəyirəm ki, bu, ölkəmizin ümumi inkişafının göstəricisidir və nəinki Bakıda, Naftalanda, başqa şəhərlərdə belə gözəl əsərlər yaradılır”.

 

Mübariz ABDULLAYEV

Yeni  Azərbaycan.-2014.- 24 oktyabr.- S. 2.