Regionda səhiyyənin maliyyələşdirilməsi sisteminin islahatı və Azərbaycan üçün seçimlər”

 

Əli Əhmədov: Azərbaycan dövlətinin həyata keçirdiyi sosial siyasətin böyük hissəsi insan sağlamlığının qorunması ilə əlaqədardır

 

DünənRegionda səhiyyənin maliyyələşdirilməsi sisteminin islahatı Azərbaycan üçün seçimlərmövzusunda yüksək səviyyəli siyasət seminarı keçirilib. Tədbirdə çıxış edən Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi Əli Əhmədov Azərbaycanda səhiyyə sahəsində ciddi nailiyyətlərin əldə olunduğunu bildirib. Əli Əhmədov qeyd edib ki, son 10 il ərzində səhiyyə sahəsində böyük islahatlar aparılıb, irəliləyiş əldə olunub. Onun sözlərinə görə, Azərbaycan dövlətinin həyata keçirdiyi sosial siyasətin böyük hissəsi insan sağlamlığının qorunması ilə əlaqədardır. Azərbaycanda ən müasir xəstəxanaların, müalicə müəssisələrinin yaradıldığını, bu tibb müəssisələrinin müasir avadanlıqlarla təchiz edildiyini deyən Əli Əhmədovun sözlərinə görə, bütün bunlar dövlətimizin vətəndaşların sağlamlığına göstərdiyi diqqətin nəticəsidir: “Həkimlərin, tibbi personalın peşəkarlığının artırılması sahəsində də ciddi işlər görülür. Bütün bu işlər Azərbaycanda səhiyyə sahəsində aparılan islahatlarda yeni bir mərhələyə keçmək üçün etibarlı baza və əsas yaradıb. Səhiyyə müəssisələrinin və həkimlərin fəaliyyətinin gücləndirilməsi üçün stimullaşdırma mexanizmi təkmilləşdirilməlidir. Məqsəd ondan ibarətdir ki, tibb sahəsində çalışanların tələbatları daha yaxşı ödənilsin. İcbari tibbi sığorta sisteminə keçilməsi həm də bu vəzifənin öhdəsindən gəlmək üçün əlverişli imkanlar yarada bilər”.

Baş nazirin müavini bildirib ki, bütün bunlar səhiyyənin maliyyələşdirilməsi sisteminin təkmilləşdirilməsi, yeni metodlardan istifadə edilməsi ilə əlaqədardır. Ölkədə icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar müəyyən qanunvericilik bazasının olduğunu deyən Əli Əhmədov qeyd edib ki, yeni normativ hüquqi sənədlərin hazırlanması istiqamətində işlər görülürbu sahədə beynəlxalq təcrübə öyrənilir.

“Ölkəmizdə icbari tibbi sığortanın tətbiq edilməsi məqsəd olaraq qiymətləndirilmir. Bu, vasitədir və onun tətbiq edilməsi vasitəsilə qarşımıza 3 vəzifə qoymuşuq. Bunlardan birincisi dövlətin ayırdığı vəsaitlərdən daha səmərəli istifadə olunmasıdır. Buna nail ola bilsək, səhiyyə sahəsində daha yüksək keyfiyyətin əldə edilməsi üçün əlavə imkan yaranar. İkinci məqsəd səhiyyə xidmətinin keyfiyyətinin artırılması üçün əlavə maliyyə mənbələrinin axtarılmasıdır. Azərbaycan dövləti səhiyyənin maliyyələşməsi üçün öz imkanları daxilində vəsait ayırır, ölkənin artan imkanları bu vəsaitlərin artmasında əks olunur. Amma müasir şəraitdə bütün səhiyyə xərclərinin hamısının yalnız dövlət vəsaitləri hesabına maliyyələşməsinin tam təmin edilməsi düzgün olmazdı. Dövlətin insanların sağlamlığına qayğı göstərməsi, bunun fonunda hər bir insanın öz sağlamlığı üçün vəsait xərcləməsi düzgün və ədalətli olardı. İnsanın öz sağlamlığının qorunması üçün yüksək sosial proqram çərçivəsində öz üzərinə müəyyən öhdəliklər götürməsi, müəyyən vəsait xərcləməsi rasionallıq və ədalət baxımından düzgün olardı”, - deyə Baş nazirin müavini vurğulayıb. O əlavə edib ki, icbari tibbi sığortaya keçidlə əlaqədar üçüncü addım səhiyyənin maliyyələşməsi üçün yeni qaynaqların tapılmasıdır.

Dünya Bankının Azərbaycan üzrə meneceri Larisa Leşçenko isə dünyada pulsuz səhiyyə xidmətinin olmadığını bildirib. Onun sözlərinə görə, Azərbaycanda həyata keçirilən tədbirlər nəticəsində yoxsulluğun səviyyəsi təqribən 50 faizdən 6 faizə enib. O, eyni zamanda, əhalinin bir çox hissəsinin potensial xərclər, xüsusən də səhiyyə xərcləri qarşısında çətinliklər çəkdiyini diqqətə çatdırıb. Bildirib ki, bu cür hallarda insanların sığortalanmasına ehtiyac var. Türkiyənin sabiq səhiyyə naziri, Türkiyə Böyük Millət Məclisinin üzvü Rəcəb Akdağ “Türkiyənin universal səhiyyə xidmətləri” mövzusunda məruzə ilə çıxış edib. Azərbaycanın bu yöndəki hədəflərini müsbət qiymətləndirən R.Akdağ ölkəmizdə tibbi sığorta sisteminin uğurla tətbiq olunacağına əminliyini ifadə edib. Daha sonra o, 2002-2012-ci illərdə Türkiyədə tibbi sığorta sisteminin tətbiqi ilə bağlı görülən işlər haqqında geniş məlumat verib. R. Akdağ bildirib ki, Türkiyədə bərabər əhatəli səhiyyə (BƏS) ehtiyac yarandıqda müvafiq, dəstəkləyici, profilatika, müalicəvi və bərpa səhiyyə xidmətlərinə çıxış kimi müəyyən olunur: Son 30 il ərzində ləng irəliləyişlərdən sonra ölkədə səhiyyənin maliyyələşdirilməsi, səhiyyə xidmətlərinə çıxış və nəticələr sahəsində bərabərsizlik əhəmiyyətli dərəcədə azalıb. Ölkədə müavinət paketinə əsasən xəstəliyə, hamiləliyə və doğuşa, bədbəxt hadisələrə və peşə xəstəliklərinə görə müalicə, görmə və eşitmə, stomatologiya, xaricdə müalicə və digər xidmətlər daxildir”.

Tədbirdə, həmçinin, beynəlxalq təcrübələr haqda təqdimatlar olubMircea Buga Moldovada, Tihomir Strizrep Xorvatiyada icbari tibbi sığorta sistemi ilə bağlı geniş məlumatlar veriblər. Corc Gotsadze isə Azərbaycanda və region ölkələrində səhiyyənin maliyyələşdirilməsi sistemi haqqında təqdimatla çıxış edib. Azərbaycan Səhiyyə Nazirliyinin Aparat rəhbəri Zəkiyyə Mustafayeva isə “Azərbaycanda səhiyyə sektorunda islahatlarmövzusunda çıxış edib. Z.Mustafayeva qeyd edib ki, ötən 10 il ərzində ölkədə 500-dən artıq yeni tibb müəssisəsi tikilib istifadəyə verilibya əsaslı təmir olunub, ən müasir avadanlıqlarla təchiz olunub. Bu müəssisələrin 32 faizi Bakının, 68 faizi isə ölkənin digər regionlarının payına düşür: “Azərbaycanda səhiyyəyə ayrılan maliyyə vəsaitinin səmərəli istifadə edilməsi məqsədilə tam gücü ilə işləməyən və özünü doğrultmayan tibb müəssisələrinin ixtisar edilməsi, çarpayı fondunun azaldılması strukturunun optimallaşdırılması sahəsində islahatlar aparılıb, “Milli Səmərələşdirmə Planı”nın tətbiqi başa çatdırılıb. Nəticədə respublika üzrə çarpayı fondu orta hesabla 50 faiz ixtisar edilibiqtisadi baxımdan səmərəli hesab edilməyən 40 faizə yaxın stasionar müəssisə bağlanıb, əvəzində isə yeni ilkin səhiyyə müəssisələri yaradılıb”.

Aparat rəhbəri qeyd edib ki, ilkin səhiyyə xidməti müəssisələrində ailə həkimi praktikasının tətbiqinə başlanıb. Nazirlik təmsilçisi bu gün minə qədər ailə həkiminin Azərbaycanın regionlarında, kənd xəstəxanalarında və digər ilkin səhiyyə müəssisələrində çalışdığını açıqlayıb: Son 10 il ərzində Azərbaycanda ölüm göstəricisi dinamik olaraq azalıb, doğumbununla bərabər təbii artım göstəricisi yüksəlib. Ölkədə orta ömür uzunluğu bu illər ərzində artaraq 2000-ci ildə 71,8 yaşdan 2013-cü ildə 74,2 yaşadək yüksəlib. Son illər anauşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər bu sahədə göstəricilərin yaxşılaşmasına gətirib çıxarıb. Ana ölümü 61 faiz, körpə ölümü 34 faiz azalıb”.

Daha sonra seminar işini müzakirələr şəraitində davam etdirib.

 

Nardar BAYRAMLI

 Yeni  Azərbaycan.-2014.- 24 oktyabr.- S. 3.