Azərbaycan-Türkmənistan əlaqələri yüksələn xətlə inkişaf edir

 

İki ölkə arasında ikitərəfli münasibətlərin genişləndirilməsi istiqamətində bir sıra mühüm addımlar atılır

Xəbər verildiyi kimi, bu günlərdə Türkmənistanın Türkmənabat şəhərində Ağsaqqallar Şurasının növbəti iclası keçirilib. Ölkə Prezidentinin, hökumət üzvlərinin və digər rəsmilərin, diplomatik korpusun nümayəndələrinin də iştirak etdikləri Ağsaqqallar Şurasının iclası oktyabrın 27-də qeyd olunacaq Türkmənistanın müstəqilliyinin növbəti ildönümü ərəfəsində keçirilir. Şura dövlət miqyaslı məsələlərin müzakirəsi üçün hər il toplanır və məşvərətçi orqan funksiyasını yerinə yetirir.

Qeyd edək ki, türkmən xalqını bayram münasibətilə təbrik edən, sülh, firavanlıq və tərəqqi arzularını çatdıran Azərbaycanın Türkmənistandakı səfiri Vəhdət Sultanzadə ölkələrimiz və xalqlarımız arasında mənəvi dəyərlərin qorunmasından, dostluq, qardaşlıq əlaqələrinin möhkəmlənməsindən danışıb, münasibətlərimizin gələcəkdə daha da inkişaf edəcəyinə əminliyini bildirib. Səfir Azərbaycan ilə Türkmənistan arasında ikitərəfli münasibətlərin genişləndirilməsi, o cümlədən iqtisadi və mədəni əlaqələrin inkişafı istiqamətində bir sıra mühüm addımların atıldığını diqqətə çatdırıb.

Bu məqamda vurğulamaq yerinə düşər ki, Azərbaycan Respublikası ilə Türkmənistan arasında diplomatik əlaqələr 1992-ci il iyunun 9-da yaradılıb. 1999-cu il iyunun 8-də Türkmənistanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb. 2001-ci il iyunun 4-də Türkmənistan tərəfi maliyyə problemlərini əsas gətirərək Azərbaycandakı səfirliyinin fəaliyyətinə müvəqqəti xitam verib. 2008-ci ildə səfirlik yenidən öz fəaliyyətini bərpa edib. 2002-ci ilin avqustunda isə Azərbaycanın Aşqabadda səfirliyi fəaliyyətə başlayıb.

İki ölkə arasında əlaqələrin dərinləşməsində, eləcə də, narahatlıq doğuran müəyyən problemlərin aradan qaldırılmasında dövlət başçılarının qarşılıqlı səfərləri, müxtəlif beynəlxalq tədbirlər çərçivəsində fikir mübadiləsi aparmaları mühüm rol oynayır. 1993-cü il dekabrın 23-24-də Aşqabadda keçirilən MDB-yə üzv ölkələrin başçılarının Zirvə toplantısında iştirak edən Ulu öndər Heydər Əliyevlə Türkmənistanın keçmiş prezidenti Saparmurad Niyazov arasında keçirilmiş görüşdə iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi, maraq doğuran regional və beynəlxalq məsələlər barəsində fikir mübadiləsi aparılıb. 1994-cü il oktyabrın 26-27-də Türkmənistanın müstəqillik günü münasibəti ilə keçirilən tədbirlərdə Ümummilli lider Heydər Əliyev də iştirak edib.

1996-cı il martın 18-19-da Türkmənistanın keçmiş prezidenti Saparmurad Niyazov Azərbaycana rəsmi səfərə gəlib. Səfər çərçivəsində iki ölkə arasında bir sıra sənədlər imzalanıb. 1997-ci il dekabrın 13-də Tehranda keçirilmiş İslam Konfransı Təşkilatının Zirvə toplantısında Ulu öndər Heydər Əliyevlə Saparmurad Niyazov arasında keçirilən görüşdə Xəzər dənizinin orta xəttinin müəyyən edilməsi və Xəzər dənizində bir sıra neft yataqlarının mənsubluğu məsələlərinin həll edilməsi üçün iki ölkə arasında ekspertlər qrupunun yaradılması haqqında razılıq əldə olunub.

17-19 noyabr 2007-ci ildə Bakıda Türkdilli Dövlət və cəmiyyətlərinin dostluq, qardaşlıq və əməkdaşlığının XI Qurultayı keçirilib. Qurultayda Türkmənistanın Nazirlər Kabinetinin sədr müavini X.Saparlıyevin rəhbərliyi ilə nümayəndə heyəti iştirak edib.

2008-ci il mayın 19-da Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycana rəsmi səfərə gəlib. Onun Azərbaycan Prezidenti İlham Əliyevlə təkbətək görüşü olub. Görüşdə Azərbaycan - Türkmənistan münasibətlərinin inkişaf perspektivləri və bu prosesin fəallaşmasında dövlət başçılarının görüşlərinin rolu vurğulanıb. Türkmənistanın dövlət başçısının Azərbaycana bu rəsmi səfərinin ikitərəfli əlaqələrin möhkəmləndirilməsinə xidmət edəcəyinə əminlik bildirilib. Danışıqlardan sonra iki ölkənin Maliyyə, Xarici İşlər və Nəqliyyat nazirlikləri arasında əməkdaşlıq haqqında sazişlər imzalanıb. Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana rəsmi səfərinə dair dövlət başçıları bəyanatla çıxış ediblər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2008-ci il noyabrın 28-də Türkmənistana rəsmi səfərə gedib. Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovla təkbətək görüşdə iki ölkə arasında münasibətlərin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olunub. Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistana rəsmi səfəri ikitərəfli münasibətlərin daha da möhkəmlənməsinə xidmət edəcək. Geniş tərkibdə keçirilən görüşdə isə Prezident Qurbanqulu Berdiməhəmmədov ölkəsinin Azərbaycanla münasibətlərinə böyük önəm verdiyini vurğulayıb. Prezident Qurbanqulu Berdiməhəmmədov tranzit boru kəmərlərinin təhlükəsizliyinin təmin olunması barədə Türkmənistanın beynəlxalq təşkilatlarda irəli sürdüyü təşəbbüsün Azərbaycan Prezidenti tərəfindən dəstəklənməsini yüksək qiymətləndirib. O, zəngin neftqaz yataqları olan Azərbaycanın və Türkmənistanın regionda enerji siyasəti məsələlərinə eyni mövqedən yanaşdığını xüsusi vurğulayıb.

Prezident İlham Əliyev isə Azərbaycan və Türkmənistan arasındakı münasibətlərin təkcə bu ölkələr üçün deyil, həm də bütün Mərkəzi Asiya, eləcə də, Xəzər, Qafqaz regionu üçün böyük əhəmiyyəti olduğunu bildirib. Geniş tərkibdə görüşdən sonra dövlət başçılarının iştirakı ilə Bakı və Türkmənbaşı limanları vasitəsilə beynəlxalq dəmir yolu - bərə xəttində yüklərin daşınmasının, yük vaqonlarının və konteynerlərinin istismarının, nömrələr üzrə qeydiyyatının və onlardan istifadəyə görə hesablaşmanın təşkili haqqında təhsil, əməkdaşlıq haqqında saziş, hökumətlər arasında iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Türkmənistan hökumətlərarası komissiyası haqqında saziş və digər sənədlər imzalanıb. Ümumiyyətlə, qarşılıqlı səfərlər mütəmadi olaraq davam etdirilir. Belə ki, bu ilin aprel ayında Türkmənistanın Baş nazirinin müavini, xarici işlər naziri Rəşid Meredov ölkəmizdə rəsmi səfərdə olub. Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizdə səfərdə olan Türkmənistanın Baş nazirinin müavini, xarici işlər naziri Rəşid Meredovu qəbul edib. Prezident Qurbanqulu Berdiməhəmmədovun ən xoş arzularının və Prezident İlham Əliyevi Türkmənistana səfərə dəvətinin ifadə olunduğu məktubunu dövlətimizin başçısına təqdim edən Rəşid Meredov dövlət başçıları arasında dostluq əlaqələrinin ikitərəfli münasibətlərin genişləndirilməsindəki rolunu xüsusi vurğulayıb. Prezident İlham Əliyev ölkələrimiz arasında ikitərəfli münasibətlərin dinamik şəkildə inkişaf etdiyini nəzərə çatdırıb. Xalqlarımızın qədim tarixə və etnik köklərə malik olduğunu qeyd edən dövlətimizin başçısı ölkələrimizin müxtəlif sahələrdə fəal əməkdaşlıq etdiyini bildirib. Prezident İlham Əliyev ikitərəfli münasibətlərimizin genişləndirilməsində dövlət başçıları arasında əlaqələrin və yüksək səviyyəli görüşlərin önəmini qeyd edib. Dövlətimizin başçısı Türkmənistanın Baş nazirinin müavini, xarici işlər naziri Rəşid Meredovun Azərbaycana səfərinin ikitərəfli münasibətlərimizin daha da möhkəmləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirib. Türkmənistan Respublikası Baş nazirinin müavini, xarici işlər naziri Rəşid Meredov, həmçinin, Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə ilə də görüşüb. Görüşdə Azərbaycan ilə Türkmənistan arasında münasibətlərin yüksələn xətlə inkişaf etdiyi vurğulanıb, qarşılıqlı-faydalı əməkdaşlığın bundan sonra daha da dərinləşdirilməsinin zəruriliyi diqqətə çatdırılıb. Görüşdə iqtisadiyyatın bir çox sahələrində birgə layihələrin işlənməsi üçün böyük perspektivlərin mövcudluğu ifadə olunub, energetika, nəqliyyat, sərnişin və yük daşımaları, kənd təsərrüfatı, mədəniyyət və digər humanitar sahələrdə geniş imkanların olduğu vurğulanıb.

İki ölkə arasındakı iqtisadi əlaqələrdən söz düşmüşkən, oktyabrın 2-də Nazirlər Kabinetində iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Türkmənistan hökumətlərarası komissiyanın dördüncü iclası keçirilib. İclasda çıxış edən komissiyanın həmsədri, Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov iki ölkə arasında əlaqələrin son illərdəki inkişafından danışıb. Vurğulanıb ki, dövlət başçılarının səyləri nəticəsində əməkdaşlıq əlaqələri getdikcə möhkəmlənir. Komissiyanın əvvəlki iclasından ötən müddət ərzində tərəflər arasında ticari-iqtisadi sahədə konkret layihələr həyata keçirilib, iqtisadi əlaqələrin inkişafına xidmət edən çoxsaylı görüşlər və tədbirlər təşkil olunub. Həmçinin, iki ölkənin işgüzar dairələri və təsərrüfat subyektləri arasında əlaqələr də genişlənib. Bildirilib ki, 2013-cü ildə Azərbaycan və Türkmənistan arasında ticarət dövriyyəsi 88,2 milyon ABŞ dolları təşkil edib. Bu baxımdan tərəflər idxal-ixrac əməliyyatlarının və qarşılıqlı xidmətlərin həcminin artırılması istiqamətində zəruri addımlar atmalıdırlar.

Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Sapardurdı Toylıyev ölkə Prezidenti Qurbanqulu Berdiməhəmmədovun salamlarını iclas iştirakçılarına çatdırıb. O, qeyd edib ki, son illər neftqaz, mədəniyyət və elm sahələrində dəfələrlə ortaq tədbirlər keçirilibbu ənənə davam etdiriləcək. Humanitar sahədə, xüsusilə elmi tədqiqatlar, habelə dənizçilik işi sahələrində əməkdaşlığı genişləndirmək vacibdir. S.Toylıyev vurğulayıb ki, özəl sektorların da əməkdaşlığa cəlb olunması məqsədəuyğundur.

Türkmənistanın Azərbaycandakı səfiri Toylı Komekov iki ölkə arasında idxal-ixrac münasibətlərinin böyük perspektivə malik olduğunu diqqətə çatdırıb. Bildirilib ki, ölkələr arasında ticarət dövriyyəsinin həcmi ildən-ilə artır və bu, sıx iqtisadi əməkdaşlığın göstəricisi sayıla bilər.

İclasda o da qeyd olunub ki, əlaqədar nazirlikqurumlar Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə Türkmənbaşı Beynəlxalq Dəniz Limanı arasında daşınan yüklərin həcminin artırılması ilə bağlı işləri davam etdirirlər. Humanitar və təhsil sahələrində də ikitərəfli əlaqələr uğurla inkişaf edir. Hazırda Azərbaycanda 266 Türkmənistan vətəndaşı təhsil alır. Gələcəkdə onların sayının artacağı gözlənilir. Hökumətlərarası komissiyanın iclasında iki ölkənin təsərrüfat subyektlərinin sənaye və energetika layihələrinə cəlb olunması, neft-qaz sahəsində birgə elmi tədqiqatlar aparılması, treninq, konfrans və simpoziumların keçirilməsi imkanlarının öyrənilməsinə dair əlaqədar nazirlik və dövlət strukturlarına tapşırıqlar verilib. Həmçinin, kənd təsərrüfatı, nəqliyyat, rabitə, ətraf mühitin mühafizəsi və digər sahələrdə də əməkdaşlığın genişləndirilməsi üçün konkret vəzifələr və tapşırıqlar da müəyyənləşdirilib. Tərəflər iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Türkmənistan hökumətlərarası komissiyanın beşinci iclasının 2015-ci ildə Aşqabadda keçirilməsi ilə bağlı razılığa gəliblər. Sonda iclasın yekunlarına dair protokol imzalanıb.

Beləliklə, istər yuxarıda sadalanan məqamlar, istərsə də oktyabrın 2-də iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Türkmənistan hökumətlərarası komissiyanın dördüncü iclasında səsləndirilən fikirlər iki ölkə arasındakı əlaqələrin yüksələn xətlə inkişaf etdiyindən xəbər verir.

 

Nardar BAYRAMLI

 Yeni  Azərbaycan.-2014.- 24 oktyabr.- S. 8.