Bakı-Tbilisi-Qars dəmir yolu Avropa ilə Asiya arasında yeni körpüdür
Prezident İlham
Əliyev: Həmin xətt öz növbəsində
multimodal nəqliyyat imkanlarını
genişləndirəcək, eləcə də sərnişin
və yük daşımalarının həcminin
artmasını təmin edəcəkdir
Xəbər verildiyi kimi, ötən həftə Bakıda “Bakı-Tbilisi-Qars dəmir yolu xətti - Tarixi İpək Yolunun inkişafında yeni imkanlar” mövzusunda beynəlxalq konfrans keçirilib. Konfransda Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin beynəlxalq və regional əhəmiyyəti, perspektivləri, Azərbaycanın nəqliyyat imkanları və tranzit potensialı barədə geniş müzakirələr aparılıb.
Bu məqamda qeyd etmək yerinə düşər ki, Azərbaycanın liderliyi və Prezident İlham Əliyevin çox böyük səyləri hesabına reallaşan Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinə beynəlxalq miqyasda maraq getdikcə artır. “Bakı-Tbilisi-Qars dəmir yolu xətti - Tarixi İpək Yolunun inkişafında yeni imkanlar” mövzusunda konfransa dünyanın 20-dən çox ölkəsindən yüzlərlə nümayəndənin, eləcə də nüfuzlu beynəlxalq maliyyə qurumlarının təmsilçilərinin qatılması bunu bir daha təsdiqləyir. Konfransda aparılan müzakirələrdə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin nəticə etibarilə Avropa-Qafqaz-Asiya (TRASECA) beynəlxalq nəqliyyat dəhlizinin rəqabətqabiliyyətliliyinin yüksəldilməsinə sanballı töhfələr verəcəyi bir daha vurğulanıb.
Azərbaycan öz nəqliyyat imkanlarını genişləndirir
Məlum olduğu kimi, Prezident İlham Əliyev müasir dünya çağırışlarını nəzərə alaraq Azərbaycanın bir sıra yeni inkişaf istiqamətlərini müəyyənləşdirib. Dövlət başçısının müəyyənləşdirdiyi yeni inkişaf paradiqmaları içərisində, həmçinin, ölkənin nəqliyyat təhlükəsizliyinin təmin edilməsi də mühüm yer tutur. Artıq bir neçə ildir ki, bu istiqamətdə fəal və məqsədyönlü iş aparılır. Prezident İlham Əliyev sözügedən beynəlxalq konfransın iştirakçılarına ünvanladığı təbrik məktubunda ölkəmizdə nəqliyyat imkanlarının genişləndirildiyini bir daha vurğulayıb: “Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən, əlverişli coğrafi mövqeyə malik Azərbaycan nəqliyyat xidmətlərini inkişaf etdirir, müasir infrastrukturlar qurur, daşımaların idarə olunması mexanizmini təkmilləşdirir və beynəlxalq nəqliyyat sisteminə inteqrasiyanı genişləndirir”.
Qeyd edək ki, ölkəmizdə nəqliyyat infrastrukturunun yenilənməsi bir sıra mühüm amillərlə şərtlənir. Bu istiqamətdə görülən işlər dövlətin məqsədyönlü şəkildə həyata keçirdiyi sosial siyasətin tərkib hissəsi olmaqla yanaşı, həm də Azərbaycanın sürətli iqtisadi inkişafı ilə bağlıdır. Respublikanın iqtisadi potensialının artmasına stimul verən vacib amillərdən biri, heç şübhəsiz ki, yol-nəqliyyat təsərrüfatıdır. Çünki rahat yollar olmadan Azərbaycanın dinamik iqtisadi inkişafını təsəvvür etmək belə mümkün deyil.
Respublikamızda yol-nəqliyyat infrastrukturunun yenilənməsini zəruri edən digər bir mühüm amil isə, Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycanın tranzit daşımaları üçün əlverişli coğrafi mövqedə yerləşməsi ilə bağlıdır. Qədim İpək Yolunun üstündə yerləşən Azərbaycan həm ölkədaxili ictimai-siyasi sabitlik baxımından, həm də quru və su sərhədlərinə malik olmasına, eləcə də iqtisadi resurslarına görə beynəlxalq tranzit daşımaları üçün kifayət qədər cəlbedici məkandır. Bu baxımdan, nəqliyyat-yol infrastrukturunun dünya standartlarına uyğun səviyyədə yenilənməsi Azərbaycanın istər Şimal-Cənub, istərsə də Şərq-Qərb dəhlizlərində tranzit ölkə kimi mövqeyini daha da gücləndirməyə xidmət edir.
Ümumiyyətlə, son illərdə Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycanın bütövlükdə regionun nəqliyyat, logistika mərkəzinə çevrilməsi istiqamətində böyük işlər görülüb. Ölkə ərazisində yeni avtomobil yolları salınıb. Bakı-Gürcüstan sərhədi avtomobil yolu istifadəyə verilib, Bakı-Rusiya sərhədi avtomobil yolunun böyük hissəsində tikinti işləri tamamlanıb, Bakı-İran sərhədi avtomobil yolunun tikintisi davam etdirilir. Respublikada qısa müddətdə beşi beynəlxalq əhəmiyyətli olmaqla yeddi aeroport istifadəyə verilib. Ölkə ərazisində dəmir yolları intensiv şəkildə reabilitasiya olunur. Prezident İlham Əliyevin Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin birinci mərhələsinin açılışındakı çıxışında vurğuladığı kimi: “Bütün bu işlər artıq deməyə əsas verir ki, biz öz nəqliyyat infrastrukturumuzu ən müasir səviyyədə yaratmışıq, işlərin böyük hissəsi artıq başa çatıb”.
Bakı-Tbilisi-Qars dəmiryolu xətti nəqliyyatın inkişafında yeni mərhələnin başlanğıcıdır
Yeri gəlmişkən, Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin obrazlı şəkildə dəmir ipək yolu adlandırılması heç də təsadüfi deyil. Belə ki, yeni dəmir yolu xəttinin, həmçinin, Bosfor boğazında dəmir yolu tunelinin inşası Trans-Avropa və Trans-Asiya dəmir yolu şəbəkələrinin birləşdirilməsini, yük və sərnişinlərin birbaşa olaraq Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçməklə Avropa və Asiyaya çıxarılmasını təmin edəcək. Yeni nəqliyyat dəhlizi region ölkələrinin tranzit potensialının artmasına, Avropaya inteqrasiya proseslərinin sürətlənməsinə, Avropa Qonşuluq siyasəti çərçivəsində əməkdaşlığın daha da inkişafına təkan verəcək. Yuxarıda bəhs olunan konfransda qeyd edildiyi kimi, BTQ dəmiryolu xəttinin istismara verilməsi ilə həm bərə, həm də konteyner-vaqon daşımaları daha da inkişaf edəcək. Bu isə beynəlxalq daşımalarda mühüm rol oynayır. Layihənin reallaşması nəticəsində Azərbaycan, Gürcüstan və Türkiyənin Orta Asiya, Çin və Avropa ilə etibarlı və sərfəli nəqliyyat əlaqəsi yaranacaq. Artıq bir sıra dövlətlər bu nəqliyyat dəhlizinə maraq göstərirlər.
BTQ dəmiryolu istismara verildikdən sonra Çindən Avropaya yüklər 12-15 günə, yəni dəniz nəqliyyatına nisbətən azı iki dəfə tez çatdırılacaq. Bu dəmir yolu ilə yük daşımalarının, həcminin, mərhələlərlə 10 milyon tondan çox olacağı proqnozlaşdırılır. Artıq Polşa, Macarıstan, Litva, Çin, Albaniya, Qazaxıstan, Əfqanıstan və digər ölkələr də bu dəmir yoluna maraq göstərirlər. Yeri gəlmişkən, dövlət başçısı sözügedən beynəlxalq konfransın iştirakçılarına ünvanladığı təbrik məktubunda Bakı-Tbilisi-Qars dəmiryolunu nəqliyyatın inkişafında yeni mərhələ kimi səciyyələndirib: “Yaxınlarda Bakı-Tbilisi-Qars dəmir yolu xətti istifadəyə veriləcəkdir. İqtisadi baxımdan səmərəli, dayanıqlı, təhlükəsiz və ekoloji normalara tam uyğun olan bu dəmir yolu bağlantısı nəqliyyatın inkişafında yeni mərhələnin başlanması deməkdir. Həmin xətt öz növbəsində multimodal nəqliyyat imkanlarını genişləndirəcək, eləcə də sərnişin və yük daşımalarının həcminin artmasını təmin edəcəkdir”.
Konfransda vurğulandığı kimi, indiyədək yeni nəqliyyat dəhlizi layihəsinin reallaşdırılması çərçivəsində respublikamızda böyük iş həcmi yerinə yetirilib. Belə ki, Azərbaycan dəmir yolunun Bakı-Gürcüstan sərhədi istiqamətində 347 kilometri yenidən qurulub, Kür çayı üzərində ikinci yeni Poylu körpüsü inşa edilib və ikiistiqamətli hərəkət təmin olunub. Əsaslı təmir edilən xətlərdə maksimal sürətin saatda 140 kilometrə çatdırılması nəzərdə tutulur. Dəyişən cərəyana keçidlə əlaqədar enerji və rabitə sisteminin tam yenilənməsi, yeni lokomotiv və vaqonların alınması, mərkəzi dispetçer idarəetmə sisteminin yaradılması istiqamətində işlər davam etdirilir.
Konfransda bildirilib ki, Bakı-Tbilisi-Qars dəmiryolu marşrutunu tamamlayan əsas layihələrdən biri də Ələtdə inşa olunan Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanıdır. Cari ilin sentyabrında limanın tikintisinin 1-ci mərhələsi çərçivəsində bərə terminalı istismara verilib. Körpüdə eyni vaxtda 2 bərənin yüklənib-boşaldılması mümkündür. İlk mərhələdə limanın daşıma imkanları 10 milyon ton yük və 50 min ədəd irihəcmli konteyner olacaq. Növbəti mərhələlərdə liman 25 milyon ton quru yük və 1 milyon ədəd konteynerin daşınmasını təmin edəcək.
Hazırda respublikamızda paralel surətdə beynəlxalq əhəmiyyətli magistral avtomobil yollarının birinci texniki dərəcə səviyyəsində tikintisi həyata keçirilir və bütün bu işlərin 2017-ci ildə başa çatdırılması nəzərdə tutulub.
Azərbaycan Prezidentinin 21 fevral 2007-ci il tarixli müvafiq Fərmanına uyğun olaraq, “Bakı-Tbilisi-Qars yeni dəmir yolu” layihəsinin maliyyələşdirilməsini Azərbaycan Respublikası Dövlət Neft Fondu həyata keçirir. Cari ilin birinci yarısı da daxil olmaqla layihənin maliyyələşdirilməsinə Dövlət Neft Fondu tərəfindən 489 milyon ABŞ dolları, o cümlədən, 2014-cü ilin ilk 6 ayı ərzində 24,9 milyon ABŞ dolları məbləğində vəsait ayrılıb. Bu vəsait Azərbaycan Beynəlxalq Bankı vasitəsilə Gürcüstan və Azərbaycan hökumətləri arasında imzalanmış ikitərəfli sazişə müvafiq olaraq, Marabda-Türkiyə Respublikası sərhədinə qədər dəmir yolu sahəsinin və müvafiq infrastruktur obyektlərinin layihələndirilməsi, inşası, reabilitasiya-rekonstruksiya və istismarı üçün yaradılmış “Marabda - Kartsaxi Dəmir Yolu” MMC-nin hesabına köçürülüb.
Layihə çərçivəsində, həmçinin, Türkiyə sərhədləri daxilində 700 milyon dollarlıq sərmayə ilə 79 kilometrlik yeni dəmir yolunun inşası nəzərdə tutulub. Hazırda Türkiyədə nəzərdə tutulan işlərin 83 faizi tamamlanıb.
Yeni nəqliyyat dəhlizi Xəzər regionunun nəqliyyat və tranzit potensialından səmərəli istifadə olunmasına yeni imkanlar açır
Xəzər dənizi beş sahilyanı ölkəni - Azərbaycanı, Rusiyanı, Qazaxıstanı, Türkmənistanı və İranı birləşdirən unikal su hövzəsidir. Sevindirici haldır ki, sahilyanı ölkələrin hamısı bu unikal su hövzəsində qarşılıqlı əməkdaşlığa səy göstərir. Bu yaxınlarda Rusiya Federasiyasının Həştərxan şəhərində keçirilən Xəzəryanı ölkələrin dövlət başçılarının IV Sammiti hövzə ölkələri arasında əməkdaşlığın dərinləşməsi istiqamətində atılan növbəti bir addım oldu. Sammitdə çıxış edən dövlət başçıları Xəzərdə qarşılıqlı əməkdaşlığı və etimad mühitini daha da dərinləşdirməklə bağlı konkret nəticələr əldə etmək niyyətlərini ifadə etdilər.
Xəzər dənizi region ölkələri üçün həm də böyük iqtisadi dividendlər mənbəyidir. Azərbaycan da öz növbəsində Xəzərdə əməkdaşlığı dərinləşdirmək və sahilyanı ölkələrin, xalqların mənafeyi naminə bu əməkdaşlığa sanballı töhfələr vermək əzmindədir. Prezident İlham Əliyev yuxarıda haqqında bəhs olunan Sammitdəki çıxışında bir daha vurğulayıb: “Xəzər dənizi regionunda ticari-iqtisadi əlaqələrin dərinləşdirilməsi, enerji ehtiyatlarının mənimsənilməsi və beynəlxalq bazarlara nəql edilməsi üzrə investisiya şəraitinin yaxşılaşdırılması, etibarlı və təhlükəsiz kommunikasiyalar yaradılması, yüksək rentabelli və ekoloji təmiz texnologiyaların cəlb edilməsi bizim üçün prioritet olaraq qalır. Xəzər dənizi nəqliyyat dəhlizlərinin inkişafı üzrə bir sıra beynəlxalq və regional layihələrdə əlaqələndirici elementdir”.
Şübhə yoxdur ki, Bakı-Tbilisi-Qars dəmiryolu xətti Xəzər hövzəsi ölkələrinin əməkdaşlığına yeni töhfələr verəcək. Prezident İlham Əliyev sözügedən beynəlxalq konfransın iştirakçılarına ünvanladığı təbrik məktubunda yeni nəqliyyat dəhlizinin Xəzəryanı ölklərin əməkdaşlığında oynayacağı rolu bir daha nəzərə çatdırıb: “Belə infrastrukturların qurulması Böyük İpək Yolu marşrutu üzrə Asiya ilə Avropa arasında ticarət və tranzit daşımalarının inkişafına, eləcə də Xəzər regionunun nəqliyyat və tranzit potensialının daha səmərəli istifadəsinə töhfədir”.
Mübariz ABDULLAYEV
Yeni Azərbaycan.-2014.- 25 oktyabr.- S. 2.