Bal - min bir dərdin dərmanı...

 

Paytaxtdakı növbəti bal yarmarkasında Azərbaycanla yanaşı Qırğızıstan balının da dadına baxmaq olar

Məlum olduğu kimi, ərzaq təhlükəsizliyi məsələlərinin qlobal əhəmiyyət daşıdığı müasir dövrümüzdə arıçılığın inkişafına xüsusi diqqət yetirilir. Bu baxımdan, “Arıçılıq haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən keçirilən bal yarmarkaları artıq mütəmadi xarakter alıb. Növbəti belə yarmarkalardan biri bu il oktyabrın 1-dən 30-dək Bakı şəhərində keçirilir. Bu günlərdə yarmarkanın keçirildiyi ərazidə olaraq prosesin gedişi ilə maraqlandıq.

Reportaja keçməmişdən öncə onu qeyd etmək yerinə düşər ki, ölkəmizdə arıçılıq qədim tarixə malikdir. Daha dəqiq desək, IV əsrdə Azərbaycan ərazisində meşə arıçılığı - ağac koğuşundan bal toplanması, yaxud “bal ovu”, XVIII əsrdən isə şəxsi arıçılıq təsərrüfatları geniş yayılmışdı. Arıçılığın qədim ocaqları Quba-Xaçmaz, Şəki-Zaqatala, Şamaxı, Lənkəran-Astara, Kəlbəcər-Qubadlı, Dağlıq Qarabağ, Naxçıvan regionları sayılır. Həmin bölgələrin balverən bitkilərlə zəngin yerləri və əlverişli iqlimi var.

Yeri gəlmişkən, Azərbaycan arıçılığı pətəklərin müxtəlifliyi ilə - ağac, budaq, gil və samandan hazırlanan ğüd, səbət və təknə - maraq doğurur. Arıçılığın intensiv inkişaf edərək, getdikcə daha böyük gəlir gətirməyə başlaması isə XIX əsrə təsadüf edir.

Müasir dövrümüzə gəlincə, hesablamalar göstərir ki, Azərbaycanda arı ailəsinin sayı 3-4 dəfə, onun məhsuldarlığını 2 dəfə artırmaq mümkündür. Son 5 ildə arı ailələrin sayı 74 min 367 ədəd artıb. Xüsusilə, Zaqatala, Şəmkir, Lerik, Astara, Quba, Qusar, Şamaxı, Şəki, İsmayıllı rayonlarında arıçılıq intensiv inkişaf edib.

Son illərdə arıçılıqda müasir texnologiyaların tətbiqi ilə arıçılığın əsas istiqamətləri, yəni arı ailələrinin sayının artırılması, arıçılıqda maddi texniki bazanın təkmilləşdirilməsi, damazlıq və arı yetişdirilməsinin təşkili, köçəri arıçılığın inkişafı, xəstəliklərlə mübarizə, arıçılıq məhsullarının istehsalı, tədarükü, emalı, qablaşdırılması, marketinqi üzrə ciddi uğurlar qazanılıb və nəticədə arıçılıq kənd təsərrüfatının ən gəlirli və daha perspektivli bir sahəsinə çevrilib. Mütəxəssislər bildirirlər ki, hazırda respublika üzrə 240 minə yaxın arı ailəsi var. Rayonlarda mövcud olan arıxanalar müvafiq qanunvericiliyə uyğun qaydada qeydiyyata götürülərək onlara baytarlıq-sanitariya pasportu (şəhadətnaməsi) verilir. Arıçılıqla məşğul olan sahibkarların istehsal etdikləri bal və digər məhsullarının keyfiyyəti rayonun əhatə olunduğu zona baytarlıq laboratoriyası tərəfindən yoxlanılaraq müvafiq ekspertiza rəyi verilir.

Arılara xidmət göstərməkdən zövq alıram...

Beləliklə, yarmarkada ilk həmsöhbət olduğumuz Ehtiram Məmmədov Saatlı rayonundandır. Ali təhsilli kənd təsərrüfatı mütəxəssisidir. Deyir ki, arıçılığa 13 il əvvəl Qubadlının Başarat kəndindən olan dostu Əlövsətin təşviqi ilə başlayıb. Arıları Arazqırağı bölgədə saxlayır. Məhsulu əsasən biyandan çəkilmiş baldır. Əsasən uzunxortumlu, soyuğa davamlı boz Qafqaz cinsindən olan arılara üstünlük verdiyini deyən Ehtiram Məmmədov bildirdi ki, yarmarkaya balla bərabər, vərəmum və mum da gətirib: “Məhsulumun təmizliyinə tam zəmanət verirəm. Balın saflığını sübut etmək, müəyyənləşdirmək üçün əsrlərin sınağından çıxmış üsullar var: qaşıqdakı bal süzülən zaman sona yaxın rezin kimi dartılırsa, bal təmizdir. Digər bir üsul isə balı distillə olunmuş suda qarışdırmaqdır. Əgər su bulanırsa, bal təmizdir. Su duru qalırsa, məhsula haram qatılıb. Bunları mənim ballarımda yoxlaya bilərsiniz”.

Hazırda təsərrüfatında 120 arı ailəsinin olduğunu deyən Ehtiram Məmmədov tez-tez xarici ölkələrdə olur, onlarda olan yenilikləri öz təsərrüfatına tətbiq etməyə çalışır: “Arılara xidmət göstərməkdən zövq alıram. Eyni zamanda, çalışıram ki, ən mütərəqqi nailiyyətləri görüm, götürüm. Bu yaxınlarda Ukraynada bal sərgisində olmuşam. Yaxınlarda Türkiyə Respublikasının Muğla şəhərində keçiriləcək daha bir bal sərgisinə dəvət almışam”.

Bulaq suyuna bal qatmaqla keyfiyyətini yoxlamaq...

Müsahibimiz olan digər bir arıçı, Astara rayonunun Miki kənd sakini Hacı Əlikram Salayev də özünün dediyi kimi, böyük zəhməti, alın təri ilə becərdiyi arıçılıq təsərrüfatının təmiz məhsullarını satışa gətirib: “Artıq ömrümün ahıl yaşındayam, ağlım kəsəndən arıçılıqla məşğul oluram. Dədə-baba təcrübəsindən əlavə arıçılığa aid müasir yenilikləri də öyrənib tətbiq edirik. 2009-cu ildə tanınmış professor Xudaverdi Qənbərovla birlikdə yazdığımız “Arı məhsulları və onların təbii müalicədə tətbiqi” kitabını nəşr etdirmişik. Artıq həmin kitabı xalqımızı maarifləndirmək üçün maraqlananlara təqdim edirik”.

Hazırda təsərrüfatında 210 arı ailəsi saxladığını deyən Hacı Əlikram Salayev yarmarkaya may balı, cökə balı və dağ gül-çiçəyi balı gətirdiyini əlavə etdi.

Satışdan qətiyyən narazılığım yoxdur...

Bal kimi şirin sözləri ilə alıcıları öz piştaxtasına cəlb edən İsmayıllı rayonunun İvanovka kəndindən gələn arıçı Orxan Rzayev isə öncə onu dedi ki, bu yarmarkada bütün bölgələrdə arıçılıq sahəsində əldə olunan müsbət təcrübəni öyrənirik: “Yarmarkada Naxçıvan Muxtar Respublikasından, cənub bölgəsindən gələn arıçılarla fikir mübadiləsi aparmışıq. Satışdan qətiyyən narazılığım yoxdur. Çünki mənə yaxınlaşan adamların böyük əksəriyyəti müştərilərimdir. Gəlirlər və alıb gedirlər. Bu yarmarkanı keçirənlərə öz təşəkkürümüzü bildiririk”.

Sağlam qalmaq üçün bal yemək lazımdır

Digər bir həmsöhbətimiz, Qusarın Yuxarı Ləgər kəndindən gələn Yeganə Musayeva isə dağ balının insan orqanizminə xeyrindən danışdı: “Əsl müalicəvi əhəmiyyətli bal dağ çiçəkləri ilə qidalanan arıların balı olur. Onların ətirləri də fərqli olur. Onların içində ən gözəli isə qaratikan balıdır. Təbii bal ayrı-ayrı bitkilərin çiçəklərindən arılar vasitəsi ilə çəkildiyinə görə onda orqanizmdən ötrü ən lazımlı qida maddələri var. Odur ki, bal yeməklə bədəni enerji ilə təmin etmək mümkündür. Ən yaxşı bal saf və nisbətən qatı halda olan baldır. Təbii balın müalicəvi xüsusiyyətləri onun infeksiyalara, mikroblara qarşı təsirli olmasında və yaraların müalicəsində sağalmanın sürətləndirməsində özünü büruzə verir”.

Onun sözlərinə görə, balın köməyi ilə zəif, arıqlamış xəstələrin ümumi vəziyyəti düzəlir, çəkisi normallaşır: “Dədə - babadan bilirik ki, baldan mədə-bağırsaq, ürək-damar, vərəm və hətta soyuqdəymə xəstəliklərinin müalicəsində geniş istifadə olunur. Bal bədənə istilik verməklə bağırsaqların və böyrəklərin daha yaxşı işləməsini təmin edir, əsəb sistemini oyadır, zehni əməklə məşğul olan adamların canına təpər verir”.

Söhbət zamanı dadlı - duzlu zarafatından da qalmayan Yeganə xanım bildirdi ki, sağlam qalmaq üçün bal yemək lazımdır: “Azərbaycan xalis bal baxımından dünyanın öndə gələn ölkələrindən biridir. Ancaq ölkəmizdə bal yeyənlər çox azdır. Avropada isə adambaşına ayda 1-1,5 kiloqram bal yeyilir. Biz, ümumiyyətlə ya xəstə olanda, ya da biri tövsiyə edəndə bal yeyirik. Halbuki, bir nəfər ayda ən azı bir kilo bal yeməlidir. Gəlsinlər, narazı qalmazlar”.

Qırğızıstandan gətirilən bal...

Yeri gəlmişkən, bu ilki yarmarkada arıçılıq sahəsində beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi istiqamətində müəyyən addımlar atılıb. Belə ki, yarmarkada Qırğızıstanda istehsal edilmiş arıçılıq məhsullarının da satışına şərait yaradılıb. Yəni, yarmarkada alıcılar “ bal” deyilən yeni bir bal növünə də rast gəlirlər ki, bu da məhz Qırğızıstandan gətirilib. “Ağ bal” Tyan-Şan dağlarında Adbaşı adlanan bir rayonda bitən Cidda çiçəyindən istehsal olunur. Bu balın kilosu 35 manata satılır. Satıcı Vüsal İsgəndərov bildirdi ki, bu ballar olduqca keyfiyyətlidir: “Dəfələrlə dünya bal sərgilərində mükafatlara layiq görülən bu balları Azərbaycan istehlakçısına təqdim etmək bizim üçün böyük şərəfdir”.

Bütün ballar laborator müayinədən keçirilib...

Onu da vurğulamaq yerinə düşər ki, yarmarkada olarkən Kənd Təssərrüfatı Nazirliyinin Heyvandarlıq məhsullarının istehsalı və emalı sektorunun müdiri Şaiq Əzimovla rastlaşdıq. Nazirlik rəsmisi söhbər zamanı bildirdi ki, yarmarkada 438 arıçılıq təsərrüfatı iştirak edir: “Əsas iştirakçılar Naxçıvan, Daşkəsən, İsmayıllı, Qax, Balakən, Zaqatala, Masallı, Astara, Lerik və Şəki rayonlarından olan arıçılardır ki, öz bal və bal məhsullarını satışa çıxarıblar. Əvvəlki illərdən fərqli olaraq, builki yarmarkada balın və digər arıçılıq məhsullarının satış qiyməti fermerlərin özləri tərəfindən sərbəst şəkildə müəyyən edilir. Bütün bal və arıçılıq məhsulları xüsusi anbarlara yığılaraq laboratoriyada müayinədən keçirilir və sonra satışa buraxılır. Yarmarkada iştirak edən arıçıların hamısının rayon Baytarlıq İdarəsindən baytarlıq-sanitariya pasportu var. Yəni, balın keyfiyyəti həm rayon Baytarlıq İdarəsində yoxlanılır, həm də təkrarən Respublika Baytarlıq Laboratoriyasında yoxlanışdan keçir. Müayinə nəticəsində keyfiyyətsiz, normalara cavab verməyən məhsullar yarmarkadan uzaqlaşdırılır. Bir sözlə, standartlara cavab verməyən, müayinələrdən keçməyən məhsullar satışa buraxılmır”.

 

Oktay

Yeni  Azərbaycan.-2014.- 25 oktyabr.- S. 6.