Azərbaycan-Almaniya münasibətləri qarşılıqlı maraq kəsb edir

 

Almaniyanın xarici işlər üzrə federal naziri Frank-Valter Ştaynmayerin ölkəmizə səfəri iki dövlət arasındakı əməkdaşlığın sürətli inkişafının göstəricisidir

Xəbər verildiyi kimi, Almaniya Federativ Respublikasının xarici işlər üzrə federal naziri Frank-Valter Ştaynmayer bu günlərdə ölkəmizə səfərdə olub. Səfər çərçivəsində Prezident İlham Əliyev tərəfindən qəbul edilən qonaq, eyni zamanda, xarici işlər naziri Elmar Məmmədyarovla görüşüb. Nazirlikdən yayılan məlumata görə, görüşdə nazir Elmar Məmmədyarov iki ölkə arasında siyasi, iqtisadi, humanitar, elm-təhsil və ticarət sahələrində əməkdaşlığın məmnunluq doğurduğunu qeyd edərək, qeyri-neft sektoru sahəsində əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyini diqqətə çatdırıb. Frank-Valter Staynmayer isə ölkəsinin Azərbaycan ilə əməkdaşlığa mühüm əhəmiyyət verdiyini deyərək, mövcud əlaqələrin daha da gücləndirilməsi üçün əlverişli potensialın olduğunu vurğulayıb.

Yeri gəlmişkən, həmin görüşdən sonra hər iki nazirin keçirdiyi birgə mətbuat konfransında səsləndirilən fikirlər də bir sıra mühüm məsələlərdə Azərbaycan ilə Almaniyanın mövqelərinin uzlaşdığını göstərir. Məsələn, almaniyalı nazirin sözlərinə görə, ölkəsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin davamlı həllinin tapılmasını arzu edir: “ATƏT-in Minsk qrupu ilə yanaşı, həm də Avropa İttifaqının bu məsələdə fəal iştirakı üçün çalışırıq. Münaqişənin həllində bizimrolumuzun olmasını istəyirik. Nəzərinizə çatdırım ki, Avropa İttifaqının Cənubi Qafqaz üzrə yeni xüsusi nümayəndəsi Herber Salber təcrübəli alman diplomatıdır”.

İnteqrasiya məsələlərinə də toxunan Frank-Valter Ştaynmayer bildirib ki, Almaniya Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramında iştirak edən bütün ölkələr, o cümlədən Azərbaycan ilə əməkdaşlığı dərinləşdirmək istəyir: “Azərbaycan strateji baxımdan Şərq və Qərb arasında vacib bir ölkədir, körpü rolunu oynayır. Azərbaycan, həmçinin, enerji baxımından vacib ölkədir, Avropanın enerji təhlükəsizliyinin təminində böyük rol oynayır. Azərbaycan regionda yeganə ölkədir ki, Rusiya ilə yanaşı, Almaniyanın da bu ölkədə Xarici Ticarət Palatası fəaliyyət göstərir və 140 üzvü özündə birləşdirir. Bu da bizim iqtisadi əlaqələrimizin geniş olmasının göstəricisidir. Bundan başqa, “Cənub” qaz dəhlizi ikitərəfli əməkdaşlığımızın daha da inkişafı üçün böyük perspektivlər açır”.

Həmçinin, ölkəmizə son səfərini xatırladan almaniyalı nazir dinamik inkişafın, modernləşmənin simvolu olan Bakının daha da gözəlləşdiyini vurğulayıb.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov isə almaniyalı həmkarı ilə keçirdiyi təkbətək və geniş tərkibli görüşdə hər iki ölkə üçün maraq doğuran məsələlərin müzakirə olunduğunu bildirib. Nazirin sözlərinə görə, ötən il iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 3 milyard dollara yaxın olubbu rəqəmin daha da artırılması istiqamətdə əməkdaşlıq davam etdirilməlidir.

Bu məqamda vurğulamaq yerinə düşər ki, əslində, Azərbaycan ilə Almaniya əlaqələri kifayət qədər dərin tarixi köklərə və ənənələrə əsaslanır. Xatırladaq ki, iki ölkə arasında qarşılıqlı münasibətlərin başlanğıcı XIX əsrin ikinci yarısına təsadüf edir. Həmin dövrdə, yəni, 1863-cü ildə Almaniyanın “Simens qardaşları” firması tərəfindən Gədəbəy ərazisində yerləşən mis yataqları bazasında iri misəritmə zavodları tikilib. XX əsrin əvvəllərinədək bu zavodlarda istehsal edilən mis Cənubi Qafqazda əridilən misin üçdə iki hissəsini təşkil edib. Bundan əlavə, “Simens qardaşları” firması Daşkəsən ərazisində kobalt yataqları bazasında kobalt zavodu inşa edib. Bu zavodların inşası nəticəsində xeyli sayda insan işlə təmin edilib, əhalinin maddi rifahı yüksəlib. Alman sənayeçilərinin bu ərazidə fəallığının artması nəticəsində ətraf ərazilərdə, xüsusilə Azərbaycanın indiki Göygöl və Şəmkir rayonlarında alman koloniyaları yaranıb.

Keçmiş Sovetlər Birliyi dövründə məlum səbəblərdən əlaqələrin inkişafı dayansa da, ölkəmizin müstəqillik qazanması ilə münasibətlərdə yeni mərhələnin başlanğıcı qoyulub. Belə ki, Almaniya Azərbaycanın müstəqilliyini 1992-ci ilin 12 yanvarında tanıyıb, diplomatik münasibətlər isə 1992-ci ilin 20 fevralında qurulub. 2 sentyabr 1992-ci ildə Azərbaycanın Almaniyada səfirliyi, 22 sentyabr 1992-ci ildə Almaniyanın Azərbaycandakı səfirliyi açılıb. Diplomatik münasibətlərin yaranmasından sonra Azərbaycan və Almaniya arasında əlaqələr mütəmadi olaraq inkişaf edib.

22 dekabr 1995-ci ildə Almaniyanın keçmiş xarici işlər naziri Klaus Kinkel ölkəmizdə rəsmi səfərdə olub. Klaus Kinkellə görüşən Ümummilli lider Heydər Əliyev Almaniyanın Avropa İttifaqı daxilində Azərbaycana köməyini yüksək qiymətləndirib. Ulu öndər görüşdə xarici işlər nazirindən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Almaniyanın dəstəyinin artırılmasını gözlədiyini də deyib.

Ümummilli lider o zamankı Almaniya prezidenti Roman Hersoqun dəvəti ilə 1996-cı ilin 1-4 iyul tarixində Almaniyada rəsmi səfərdə olub. Səfər zamanı Ulu öndər Heydər Əliyev Almaniyanın prezidenti, kansleri, vitse-kansleri və digər hakimiyyət nümayəndələri ilə görüşlər keçirib. Bu görüşlər zamanı ölkələr arasındakı əməkdaşlığın xüsusiyyətləri geniş şəkildə müzakirə edilib. Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalı və münaqişənin sülh yolu ilə həlli məsələləri Ulu öndərin keçirdiyi görüşlərin əsas müzakirə mövzusu olub. Səfər çərçivəsində, siyasi, iqtisadielmi texniki əməkdaşlıq sahəsində beş müqavilə imzalanıb.

Sonrakı illər ərzində Almaniya ilə Azərbaycan arasında müdafiə, siyasi təhlükəsizlik, terrorizmə qarşı mübarizə sahəsində uğurlu əməkdaşlıq aparılıb. 2001-ci ilin mayında Almaniyanın o zamankı xarici işlər naziri Yoşka Fişer, Bundestaqın sədr müavini ilə birgə Azərbaycana səfər edib. Ümummilli lider Heydər Əliyev Almaniya nümayəndə heyəti ilə görüşündə iki ölkənin əməkdaşlığına böyük əhəmiyyət verdiyini, alman şirkətlərinin Azərbaycanda uğurlu fəaliyyətindən razı qaldığını, bunun davamlı olmasını istədiyini bildirib. Ulu öndər, həmçinin, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Almaniyanın konstruktiv fəaliyyətinə ümidini ifadə edib.

2004-cü ilin 21-22 aprelində növbəti dəfə Azərbaycanda səfərdə olan Yoşka Fişer Prezident İlham Əliyevlə görüşüb. Görüşdə iqtisadiyyat, siyasət, təhlükəsizlik məsələləri müzakirə olunub.

Həmin ilin 24-26 avqust tarixində isə Prezident İlham Əliyev Almaniya prezidentinin dəvəti ilə bu ölkəyə rəsmi səfər edib. Almaniyanın o zamankı prezidenti Horst KölerFederal kansleri Gerhard Şröderlə keçirilən görüşlərdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafı, qarşılıqlı siyasi əlaqələrin vəziyyəti, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Prezident İlham Əliyev Almaniyaya 2007-ci ilin fevralında gerçəkləşən ikinci səfəri zamanı bu ölkənin kansleri Angela Merkellə görüşüb, iki ölkə, eləcə də Azərbaycanla Avropa İttifaqı arasında mövcud olan əlaqələrin inkişaf perspektivləri, ölkəmizdə iqtisadi islahatların uğurla həyata keçirilməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə müzakirələr aparılıb.

Beləliklə, dövlət başçısının son illərdə bu ölkəyə səfərləri iki ölkənin qarşılıqlı münasibətlərin inkişafına maraq göstərdiyini, xüsusən də enerji təhlükəsizliyi, müasir texnologiyalar, ticarət əlaqələri, humanitar sahələrin diqqət mərkəzində olduğunu bir daha göstərir.

İqtisadi münasibətlərə gəlincə, Ulu öndər Heydər Əliyevin 1996-cı ildə Almaniya səfəri Azərbaycanla Almaniya arasında iqtisadi münasibətlərin inkişafında mühüm rol oynayıb. Ulu öndər Almaniyanın iri iqtisadi mərkəzi olan Köln şəhərində bu ölkənin işgüzar dairələrinin nümayəndələri, iri şirkət rəhbərləri, maliyyə-bank sektorunda çalışan adamları ilə görüşüb, Azərbaycan iqtisadiyyatının potensial imkanları və beynəlxalq biznes üçün yaradılan şəraitdən bəhs edərək alman adamlarını ölkəmizə sərmayə qoymağa çağırıb. Bu səfər Azərbaycana xarici investisiya qoyuluşlarının və beynəlxalq kreditlərin cəlb edilməsində mühüm rol oynayıb.

Hazırda Azərbaycanda 100-ə yaxın alman müəssisəsi fəaliyyət göstərir. BunlardanSimens”, “Ferrosstal”, “İnterselekt”, “Mersedes Benskimi iri şirkətlər Azərbaycanda uğurlu biznes fəaliyyəti göstərirlər. Almaniyadan Azərbaycana əsasən avtomobillər, dəmir və polad məmulatları, istehsal avadanlıqları gətirilir. Almaniya isə qaz idxalı mənbələrinin şaxələndirilməsində maraqlı olan bir ölkə kimi, Azərbaycanın enerji layihələrinə böyük maraq göstərir.

Azərbaycan və Almaniya arasında iqtisadi münasibətlərin möhkəmləndirilməsinə xidmət edən hüquqi sənədlər içərisində gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması haqqında 25 avqust 2004-cü il tarixli Sazişi, Azərbaycan Respublikası Hökuməti və Almaniya Federativ Respublikası Hökuməti arasında Maliyyə Əməkdaşlığı haqqında Müqaviləni, İqtisadi İnkişaf NazirliyiAlmaniya İnkişaf Bankı arasında “Kreditlərin Zəmanəti Fondunun yaradılması üçün maliyyə yardımı ayrılması haqqında Maliyyələşdirmə Müqaviləsini, həmin Müqaviləyə dair Xüsusi Razılaşma, Həvalə Müqaviləsi və Mübahisələrin Münsiflər Məhkəməsində araşdırılması haqqında 14 avqust 2006-cı il tarixli müqavilələri göstərmək olar. Ümumiyyətlə, Azərbaycan və Almaniya hökumətləri arasında imzalanmış hüquqi sənədlərin sayı 60-dan çoxdur.

Mədəni münasibətlərə gəlincə, bu sahədə də Azərbaycan və Almaniya əlaqələri intensiv şəkildə inkişaf edir. İki ölkə arasındakı mədəni əlaqələrin inkişafı 22 dekabr 1995-ci il tarixli mədəni əməkdaşlıq haqqında Sazişlə bağlıdır. Bu sazişlə yaradılan Azərbaycan-Alman Qarışıq komissiyasının sonrakı illərdə iclasları keçirilib.

Almaniyada 2008-ci il Azərbaycan ili elan edilib. Bu məqsədlə Azərbaycan mədəniyyət turizm nazirinin rəhbərliyi ilə 120 nəfərlik nümayəndə heyəti Almaniyaya səfər edib. Mədəniyyət tədbirləri Berlində bir həftə davam edib. İl boyu isə Almaniyanın Münhen, Hamburq, Mayns, Ştutqart digər iri şəhərlərində Azərbaycan mədəniyyəti təbliğ olunub. Almaniyada Azərbaycan ili çərçivəsində 12 iyun-15 iyul 2008-ci il tarixlərində Drezden QalereyasındaAzərbaycan müasir incəsənət sərgisikeçirilib. Sərgidə tanınmış Azərbaycan rəssamlarının əsərləri nümayiş etdirilib. Qeyd edək ki, Heydər Əliyev Fondu da Almaniyanın müxtəlif şəhərlərində Azərbaycan mədəniyyətini, musiqisini tanıdan çoxsaylı tədbirlər təşkil edir. Fondun bu yaxınlarda paytaxt Berlində “Bakı-2015” Avropa Oyunlarının tanıtımını keçirməsi isə Almaniyada ölkəmizə marağın artmasına daha bir töhfə verib.

Bir sözlə, göründüyü kimi, Azərbaycan-Almaniya əlaqələri kifayət qədər zəngin çoxşaxəlidir bu münasibətlərin bundan sonra da inkişafı hər iki ölkənin maraqlarına cavab verir.

 

Hülya MƏMMƏDLİ

Yeni  Azərbaycan.-2014.- 25 oktyabr.- S. 8.