Azərbaycan-Albaniya
əlaqələri inkişaf edir
Son illər ölkələr arasında bir sıra sahələrdə əməkdaşlıq münasibətləri güclənməkdədir
Məlum olduğu kimi, Azərbaycan xarici siyasətində ölkələrlə bərabərhüquqlu əməkdaşlığa böyük önəm verir. Yəni, ölkəmizin həyata keçirdiyi balanslaşdırılmış xarici siyasət bütün dövlətlərlə (işğalçı Ermənistan istisna olmaqla) əməkdaşlığı əhatə edir. Son vaxtlar Azərbaycanın Albaniya ilə də əlaqələri genişlənməkdədir. Bu yaxınlarda Albaniya parlamentinin sədri İlir Metanın başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri zamanı səslənən fikirlər də deyilənləri təsdiqləyir.
Məlumat üçün bildirək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 20-də ölkəmizdə səfərdə olan Albaniya parlamentinin sədri İlir Metanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Albaniya Parlamentinin sədri İlir Meta Azərbaycan Respublikası ilə əlaqələrin, o cümlədən TAP layihəsinin həyata keçirilməsinin Albaniya üçün çox əhəmiyyətli olduğunu bildirib, bu layihənin reallaşması nəticəsində ölkəsinin rolunun artacağını və inkişafı üçün geniş imkanlar yaranacağını vurğulayıb. İlir Meta Azərbaycanın Albaniyaya investisiya qoymasının iqtisadi əlaqələrimizin genişlənməsi işinə öz töhfəsini verdiyini qeyd edib, Albaniyanın Azərbaycan ilə siyasi, iqtisadi əlaqələri daha da genişləndirmək əzmində olduğunu bildirib. Albaniya parlamentinin sədri Azərbaycan Respublikasını ölkəsi üçün çox önəmli və etibarlı tərəfdaş kimi dəyərləndirərək ikitərəfli münasibətlərimizin bundan sonra da genişlənəcəyinə əmin olduğunu qeyd edib.
Azərbaycanın Albaniya ilə ikitərəfli münasibətlərə önəm verdiyini vurğulayan Prezident İlham Əliyev əməkdaşlığın səviyyəsindən məmnunluğunu ifadə edib. Prezident İlham Əliyev Azərbaycanın Avropada, Asiyada, həmçinin, Balkan regionunda fəal şəkildə investisiyalar qoyduğunu qeyd edərək, ölkəmizin Albaniya iqtisadiyyatının müxtəlif sektorlarına, o cümlədən enerji, inşaat sektorlarına sərmayə yatırması üçün əlavə imkanların nəzərdən keçirilməsinin mümkün olduğunu bildirib. Dövlət başçısı, həmçinin, ölkələrimiz və xalqlarımız arasında yaxın əlaqələri nəzərə alaraq əməkdaşlığımızın daha da genişləndirilməsi üçün yaxşı potensialın mövcud olduğunu deyib. TAP layihəsinin əhəmiyyətindən danışan Prezident İlham Əliyev bu layihənin bütün iştirakçı ölkələr üçün faydalı olacağını qeyd edərək, layihənin həm tranzit, həm də istehlakçı ölkələrin iqtisadi inkişafı işinə öz töhfəsini verəcəyinə ümidvar olduğunu söyləyib.
Məlumat üçün bildirək ki, həmin gün Milli Məclisin sədri Oqtay Əsədov da Albaniya Respublikası parlamentinin sədri İlir Metanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Milli Məclisin sədri albaniyalı qonağı səmimi salamlayaraq bildirib ki, Azərbaycan və Albaniya dost, tərəfdaş ölkələrdir. Albaniya yerləşdiyi bölgədə böyük siyasi və iqtisadi əhəmiyyətə malikdir. Müstəqil Azərbaycan bu ölkə ilə hərtərəfli əlaqələrin inkişafına böyük önəm verir. Spiker qeyd edib ki, hələ XV əsrin ikinci yarısında Azərbaycanla Albaniya arasında diplomatik əlaqələr mövcud olub: “Bu gün ikitərəfli münasibətlərimizin daha da dərinləşməsində yüksək səviyyəli görüşlərin və səfərlərin rolu böyükdür. Heç şübhə etmirik ki, hər iki ölkənin parlamentləri arasında əməkdaşlığın daha da dərinləşməsinə Albaniya nümayəndə heyətinin budəfəki səfəri də öz dəyərli töhfəsini verəcəkdir”.
Spiker Oqtay Əsədov hər iki ölkənin qanunverici orqanında dostluq qrupunun fəaliyyət göstərməsini, nüfuzlu beynəlxalq qurumlarda deputatlarımızın birgə səmərəli fəaliyyətini yüksək dəyərləndirib. Bildirilib ki, yüksək səviyyədə aparılan siyasi dialoq iqtisadi münasibətlərimizə də öz təsirini göstərməkdədir.
Albaniyanın Avropanın qaz və enerji təchizatında əhəmiyyətli rol oynayacaq TAP layihəsinə marağını yaxşı başa düşürük. Azərbaycan şirkətləri Albaniyanın qazlaşdırılması prosesində iştirak etmək niyyətindədirlər.
Qeyd olunub ki, bu gün müstəqil Azərbaycan dinamik inkişaf edən bir ölkə kimi Avropanın enerji təhlükəsizliyi arxitekturasına öz töhfəsini verməkdədir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi neft və qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin çəkilişi gənc Azərbaycan dövlətinin Avropa ilə Asiya arasında necə bir rol oynadığının əyani göstəricisidir. Bütün bunlarla yanaşı, ölkənin Dağlıq Qarabağ münaqişəsi kimi ağrılı bir problemi vardır. Bu münaqişə nəticəsində baş vermiş Xocalı faciəsi geniş dünya ictimaiyyətinin də diqqətini cəlb etmişdir. Belə ki, təkcə ABŞ-ın 15 ştatının qanunverici orqanlarında bu faciə zamanı azərbaycanlılara qarşı törədilmiş soyqırımını pisləyən sənəd qəbul olunmuşdur. Biz istərdik ki, Albaniya parlamenti də bu məsələyə münasibət bildirsin.
Albaniya parlamentinin sədri İlir Meta təmsil etdiyi ölkənin spikerləri səviyyəsində ölkəmizə səfərin ikinci dəfə baş tutduğunu vurğulayıb. Qonaq Bakıda keçirdiyi görüşlər və apardığı danışıqlar barədə məlumat verərək, ölkəsinin sürətlə inkişaf edən Azərbaycanla həyatın bütün sahələrində əməkdaşlıqda maraqlı olduğunu söyləyib. Qeyd edilib ki, parlamentlər səviyyəsində münasibətlərin dərinləşməsi ümumi maraqlara xidmət edir. Albaniya Azərbaycanın Avropa enerji təhlükəsizliyinə verdiyi töhfələri yüksək dəyərləndirir. Ölkəsinin qaz təchizatında Azərbaycan şirkətlərinin fəal rolu olacağına ümid edir. Qonaq deyıb ki, Albaniya turizmin inkişafına sərmayə qoymaq baxımından çox cəlbedici ölkədir. Azərbaycanlı iş adamlarının bu gün ölkənin tikinti sektorundakı fəaliyyəti təqdirəlayiqdir. Bildirilib ki, səfər çərçivəsində Tirana Politexnik Universiteti ilə Bakı Dövlət Universiteti arasında Anlaşma Memorandumu imzalanacaqdır. Azərbaycan təhsil ocaqlarının yüksək ixtisaslı mütəxəssislərin yetişdirilməsindəki təcrübəsi Albaniyada böyük maraq doğurur.
Qəbulda Dağlıq Qarabağ problemindən söz açan qonaq uzun müddət münaqişələrlə üzbəüz qalmış bir ölkə kimi problemin sülh yolu ilə həllinə tərəfdar olduğunu və bu istiqamətdə Azərbaycanın səylərini dəstəklədiklərini söyləyib.
Oktyabrın 20-də, eyni zamanda, Azərbaycanın Baş naziri Artur Rasizadə də ölkəmizdə səfərdə olan Albaniya parlamentinin sədri İlir Metanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə Azərbaycan ilə Albaniya arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğu bildirilib və bu sahədə münasibətlərin inkişafından məmnunluq ifadə olunub. Danışıqlar zamanı iqtisadi sahədə əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyi önə çəkilib, ticarət dövriyyəsinin artırılması üçün səylərin gücləndirilməsinin zəruriliyi qeyd olunub.
Görüşdə, həmçinin, Albaniyaya sərmayə yatırımları, iqtisadi əlaqələrin genişləndirilməsi yolları barədə fikir mübadiləsi aparılıb.
Səfər çərçivəsində jurnalistlərə açıqlama verən İlir Meta deyib ki, parlamentlərarası əməkdaşlığın gücləndirilməsi dövlətlərimiz və xalqlarımız arasında əlaqələrin daha da inkişafına töhfə verəcək. O deyib: “Bu, mənim Albaniya parlamentinin sədri kimi Azərbaycana ilk rəsmi səfərimdir. Səfər Albaniyanın Azərbaycan ilə əlaqələrin intensivləşməsinə verdiyi önəmin göstəricisidir. Çünki Azərbaycan Albaniyanın gələcək inkişafı baxımından mühüm rol oynayan strateji tərəfdaşdır”.
“Trans-Adriatik Pipeline” (TAP) boru kəməri layihəsinin əhəmiyyətini vurğulayan İlir Meta kəmərin Albaniyanın ərazisindən keçəcəyini və bunun ölkəsi üçün mühüm əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb. O deyib ki, TAP Albaniya ilə Azərbaycanı birləşdirən yeganə layihə deyil. Azərbaycan şirkətləri Albaniyada enerji, infrastruktur və turizm sahələrinə sərmayə qoyurlar. Bu da iqtisadi əlaqələrimizin genişləndirilməsi üçün böyük potensialın olmasından xəbər verir.
Bu məqamda xatırladaq ki, Albaniya Azərbaycanın müstəqilliyini 4 yanvar 1992-ci ildə tanıyıb. 23 sentyabr 1993-cü ildə isə iki ölkə arasında diplomatik münasibətlər qurulub. Son dövrlərə qədər ölkələr arasında əlaqələr çox geniş olmasa da, artıq siyasi-iqtisadi münasibətlərin dinamik inkişafı yönündə ciddi adımlar atılmaqdadır. TAP layihəsi bu əməkdaşlığı sürətləndirən əsas faktorlardan biridir. Belə ki, Azərbaycan və Albaniya arasında iqtisadi əməkdaşlıq enerji sahəsində daha dinamikdir. TAP qaz boru kəmərinin reallaşması iki dövlət arasında enerji sahəsində əməkdaşlıqla yanaşı iqtisadiyyatın digər sahələrində də əlaqələrin inkişafına yeni imkanlar açır. Albaniya özünün qazlaşdırılması, qaz infrastrukturunun və qaz bazarlarının inkişaf etdirilməsində ARDNŞ-nin fəal iştirakına ümid edir. Bundan əlavə, alban tərəfi elektroenergetika, infrastruktur, qida məhsullarının istehsalı, turizm və digər sahələrə Azərbaycandan sərmayələrin cəlb edilməsinə böyük əhəmiyyət verir. Qeyd olunan sahələrin əməkdaşlıq imkanlarının müzakirəsi məqsədilə son illər tərəflər arasında yüksək səviyyədə qarşılıqlı səfərlər həyata keçirilir. Eləcə də, ticari-iqtisadi sahədə hüquqi müqavilə bazası genişlənir.
Parlamentlərarası münasibətlərə gəlincə, hər iki tərəfdən parlamentlərarası dostluq qrupları mövcuddur. Azərbaycan tərəfdən dostluq qrupunun rəhbəri millət vəkili Mirkazım Kazımov, Albaniya tərəfdən isə Nasip Nacodur.
Son iki il ərzində Azərbaycanla Albaniyanın humanitar sahədə, xüsusilə elm-təhsil, mədəniyyət, idman sahəsində əməkdaşlığının inkişafı istiqamətində fəaliyyət güclənib. 2012-ci ildə mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin, 2013-cü ildə isə gənclər və idman naziri Azad Rəhimovun Albaniyaya səfəri də məhz bu yöndə əlaqələrin inkişafına xidmət edib. Hazırda bu ölkə ilə universitetlər, idman federasiyaları, akademiyaları və məktəbləri arasında tələbə-müəllim mübadiləsi aparılır.
Nardar BAYRAMLI
Yeni Azərbaycan.-2014.- 28 oktyabr.- S. 8.