Azərbaycan-Böyük Britaniya münasibətləri pozitiv
inkişaf dinamikasına malikdir
Böyük Britaniya Azərbaycanı regional və qlobal təhlükəsizliyə fundamental töhfələr bəxş edən suveren milli aktor kimi dəyərləndirir və ölkəmizlə strateji tərəfdaşlıq münasibətlərinin möhkəmlənməsinə xüsusi önəm verir
Müasir beynəlxalq münasibətlər sisteminin mühüm struktur elementlərindən biri də Böyük Britaniya-Azərbaycan münasibətləridir. Qarşılıqlı-faydalı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətləri mütəmadi surətdə inkişaf etməkdə və yeni keyfiyyət çalarları ilə zənginləşməkdədir.
Azərbaycanla Böyük Britaniyanın qarşılıqlı-faydalı əməkdaşlığını uğurlu edən başlıca strateji əsaslar hər iki ölkənin beynəlxalq müstəvidə bir-birinə dəstək olmasıdır. Eyni zamanda, ölkələr arasında qarşılıqlı faydalı münasibətləri möhkəmləndirən fundamental faktorlardan biri də hər iki ölkə rəsmilərinin sıx təmasları və bunun fonunda əməkdaşlığın müxtəlif sahələrində mütəmadi inkişaf dinamikasının qeydə alınmasıdır. Bununla yanaşı, hər iki ölkə nümayəndələrinin iştirakı ilə müxtəlif məsələlərə həsr olunmuş konfranslar, tədbirlər də əlaqələrin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Yeri gəlmişkən, bu kontekstdə son olaraq Mərkəzi Asiya və Cənubi Qafqaz Biznes Maraq Qrupu (CATBIG) və Avropa Azərbaycan Cəmiyyətinin (AAC) birgə təşkilatçılığı ilə Londonda “Azərbaycanda siyasi, iqtisadi və ticarət imkanları” mövzusunda brifinq keçirilib. Tədbirdə Britaniya da daxil olmaqla bir çox ölkədən şirkətlərin, diplomatik korpusun təmsilçiləri, yerli və xarici ictimaiyyətin nümayəndələri iştirak ediblər.
CATBİG-in sədri Peter Lindsay Azərbaycan üçün əhəmiyyətli mövzuda belə bir tədbirin keçirilməsindən məmnunluğunu ifadə edib.
AAC-nin icraçı direktoru Lionel Zetter Azərbaycanda siyasi, iqtisadi və ticarət imkanlarını müzakirə etməyin əhəmiyyətindən danışıb. O ölkəmizin əsas problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə diqqəti cəlb edərək, problemin hələ də davam etdiyini, ölkədə bir milyondan artıq qaçqın və məcburi köçkünün olduğunu bildirib.
Böyük Britaniya parlamentinin üzvü, Baş nazirin Azərbaycan, Qazaxıstan və Türkmənistanda ticarət məsələləri üzrə elçisi Çarlz Hendri beynəlxalq sistemdə ticarət tərəfdaşlığının vacibliyini və Azərbaycanın bu sahədə fəal olduğunu bildirib. Qeyd edilib ki, Britaniya parlamentində Azərbaycanın ticarət imkanları ilə bağlı həmişə geniş müzakirələr aparılır. Hazırda, Britaniya ilə Azərbaycan arasında sıx əməkdaşlıq mövcuddur: “Mən parlament nümayəndəsi və ticarət elçisi olaraq həmişə Britaniya şirkətlərinin Azərbaycan ilə ticarət əlaqələri qurmasının tərəfdarı olmuşam”, - deyə Çarlz Hendri vurğulayıb.
Elçi daha sonra deyib ki, Azərbaycan ilə Britaniya arasında ikitərəfli münasibətlər, həmçinin, ticarət əlaqələri sürətlə inkişaf edir. Azərbaycan hökuməti də bu münasibətlərin inkişaf etməsinə yaxından dəstək olur.
Hazırda enerji sahəsindəki münasibətlərimiz yüksək səviyyədədir. bp şirkəti Azərbaycanda ən böyük xarici investorlardan biridir. TANAP və TAP dünyanın ən iri enerji layihələridir. Bu layihələr Azərbaycan neftinin və qazının Avropaya nəqlində və Avropanın enerji təhlükəsizliyində böyük rol oynayır.
Ç.Hendri Bakının infrastrukturu haqqında danışıb. Bildirib ki, nəqliyyatın, sənayenin inkişafı, yaşayış səviyyəsinin yüksəlməsi, yeni binalar, müasir hotellərin inşası biznesmenlər və ticarət şirkətləri üçün də böyük imkanlar yaradır. Hazırda Britaniya şirkətləri “Bakı Ağ şəhər” layihəsində də yaxından iştirak edirlər.
O, Azərbaycanda, həmçinin, informasiya texnologiyaları, nano və bio texnologiyalar, kosmik sənaye və bir çox digər sahənin sürətlə inkişaf etdiyini bildirərək deyib: “Azərbaycanda bütün sahələrin sürətli inkişafı, ölkələrimiz arasındakı sıx münasibətlər onu deməyə əsas verir ki, Azərbaycan Britaniya üçün etibarlı tərəfdaşdır”.
Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə ölkələrimiz arasındakı ikitərəfli münasibətlərdən danışıb, əlaqələrimizin gələcəkdə daha da güclənəcəyinə əminliyini ifadə edib.
Səfir enerji sahəsindəki nailiyyətlərlə yanaşı, Azərbaycanın qeyri-neft sektorunun da uğurla inkişaf etdiyini vurğulayıb.
Ölkəmizin son illərdəki sürətli inkişafına toxunan səfir, iqtisadi, siyasi, sosial və başqa sahələrdə əldə edilən uğurlar haqqında statistik göstəricilər ilə məlumat verib.
T.Tağızadə Azərbaycanın artıq beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini bildirib. Vurğulanıb ki, gələn il Bakı I Avropa Oyunlarına, 2016-cı ildə isə Dünya Şahmat Olimpiadasına ev sahibliyi edəcək. 2016-cı ildə Azərbaycanda, həmçinin, “Formula-1” Avropa Qran-pri yarışı keçiriləcək. 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcəyik. 2020-ci ildə isə futbol üzrə Avropa Çempionatının dörd oyunu Bakıda keçiriləcək.
Azərbaycanın investisiya cəlbediciliyi barədə məlumat verən T.Tağızadə, ölkəmizin siyasi və makroiqtisadi baxımdan sabit məkan, regionun iqtisadi və mədəni mərkəzi, böyük transmilli layihələrin təşəbbüskarı və aparıcı iştirakçısı, etibarlı tərəfdaş olduğunu diqqətə çatdırıb. O, bu il ölkəmizin sənaye istehsalının artırılmasına xüsusi diqqət yetirildiyini qeyd edib, infrastruktur layihələrinin icrasının sürətlə davam etdiyini bildirib. Səfir “Şahdəniz”, TAP, TANAP layihələrinin həm Avropanın enerji təhlükəsizliyində böyük rol oynayacağını, həm də qlobal müstəvidə qaz təchizatının həcminin artmasına töhfə verəcəyini bildirib.
Ölkəmizin gələcək inkişaf planları haqqında da danışan səfir, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası haqqında ətraflı məlumat verib. Konsepsiya çərçivəsində hədəfimizin çoxşaxəli, səmərəli və innovasiyayönümlü iqtisadiyyatın formalaşdırılması, sosial sahədə önləyici inkişaf trendinin təmin olunması və əhalinin rifahının beynəlxalq standartlara tam uyğunlaşdırılması, habelə elmin, mədəniyyətin inkişafında, ictimai həyatın bütün istiqamətlərində yeni nailiyyətlərin əldə edilməsi olduğunu diqqətə çatdırıb.
Ümumiyyətlə, Böyük Britaniya ilə Azərbaycan arasında bir çox sahəni ehtiva edən çoxşaxəli münasibətlər mövcuddur. Belə ki, Londonla Bakı beynəlxalq təhlükəsizliyin təmin olunması, iqtisadi maraqların uzlaşdırılması, siyasi münasibətlər sisteminin daha da təkmilləşdirilməsi, demokratik inkişaf üçün əməkdaşlığın dərinləşdirilməsi kimi istiqamətlərdə sıx təmaslara malikdirlər.
Bununla yanaşı, iki ölkə arasındakı strateji münasibətləri möhkəmləndirən fundamental faktorlardan biri də regional və beynəlxalq təhlükəsizlik sahəsindəki əməkdaşlıq əlaqələridir. Belə ki, Böyük Britaniya özünün xarici siyasət strategiyasında, xüsusilə, beynəlxalq təhlükəsizliyin təmin olunması istiqamətində Azərbaycanla əməkdaşlığa xüsusi önəm verir və ölkəmizi etibarlı tərəfdaş qismində dəyərləndirir.
Azərbaycanın regional və beynəlxalq təhlükəsizliyə fundamental töhfələr bəxş etməsi, Böyük Britaniya tərəfindən yüksək qiymətləndirilir. London ölkəmizi regional təhlükəsizliyin qarantı hesab edir və bu istiqamətdə əməkdaşlığın önəmini xüsusi vurğulayır. Çünki Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən rasional, realist və praqmatik xarici siyasət strategiyasının qanunauyğun nəticəsi kimi, Azərbaycan beynəlxalq aləmdə etibarlı strateji tərəfdaş kimi qəbul edilməkdədir. Həmçinin həyata keçirilən müstəqil və balanslaşdırılmış xarici siyasət strategiyası Azərbaycanın beynəlxalq münasibətlər sisteminin nüfuz və güc iyerarxiyasında sürətli şəkildə irəliləməsini təmin etməklə yanaşı, ölkəmizi dünya siyasətinin əsas konturlarını müəyyənləşdirən güc mərkəzlərinin başlıca istinad mərkəzlərindən və strateji tərəfdaşlarından birinə çevirib. Eyni zamanda, Azərbaycanın balanslaşdırılmış xarici siyasət strategiyası Cənubi Qafqazın hərbi-siyasi və iqtisadi təhlükəsizliyinin təmin olunmasına birbaşa töhfələr verməkdədir. Bütövlükdə isə, ölkəmiz bir neçə istiqamətdə regional və qlobal təhlükəsizliyə fundamental töhfələr bəxş etməkdədir.
Beləliklə, ilk növbədə, ölkəmiz tərəfindən reallaşdırılan müstəqil və balanslaşdırılmış enerji siyasəti regionun və Avropanın enerji təhlükəsizliyini təmin etməklə yanaşı, Azərbaycanı dünyanın enerji bazarında aparıcı ixracatçılardan birinə çevirib. Belə ki, bu gün Xəzər hövzəsinin bayraqdarı hesab edilən Azərbaycan sahib olduğu zəngin enerji ehtiyatlarından səmərəli şəkildə istifadə etməklə, beynəlxalq miqyasda enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan başlıca aktorlardan biri kimi çıxış edir. Ölkəmiz milli dövlətçilik prinsiplərinə müvafiq olaraq həyata keçirilən praqmatik və rasional əsaslara söykənən siyasət nəticəsində miqyasına görə regional, əhəmiyyətinə görə isə qlobal xarakterli transmilli layihələrin mərkəzi oyunçusu qismində çıxış etməkdədir. Təsadüfi deyil ki, Xəzər dənizinə xarici sərmayədarları ilk dəfə dəvət etməklə, uzunmüddətli qarşılıqlı-faydalı əməkdaşlığın sağlam təməlini atan Azərbaycanın iştirakı olmadan bu gün regionda heç bir layihə gerçəkləşdirilə bilməz. Bu da transmilli aktor və faktor olmaq etibarilə, Azərbaycanın dünya dövlətlərinin enerji planı və strateji əməkdaşlıqlar perspektivində kəsb etdiyi önəmi aydın şəkildə əks etdirir. Hazırda, Azərbaycan sahib olduğu bütün bu üstünlüklərlə başlıca aktorların - dünyanın aparıcı dövlətləri və transmilli şirkətlərin uzunmüddətli perspektivdə əməkdaşlıq münasibətlərini inkişaf etdirməyə can atdığı tərəfdaş ölkələrdəndir.
Digər tərəfdən, Azərbaycanın balanslaşdırılmış xarici siyasət strategiyası Cənubi Qafqazın hərbi-siyasi və iqtisadi təhlükəsizliyinin təmin olunmasına birbaşa töhfələr verməkdədir. Təsadüfi deyil ki, bu gün dünyanın aparıcı dövlətləri və təşkilatları Azərbaycanı Cənubi Qafqazın təhlükəsizlik qarantı və inkişaf mənbəyi adlandırırlar. Təkcə onu demək kifayətdir ki, Azərbaycanın iştirakı olmadan regionda heç bir strateji əməkdaşlıq platforması gerçəkləşdirilmir. Gerçəkləşdirilən bütün regional layihələrin mərkəzi oyunçusu qismində məhz Azərbaycan çıxış edir və sözügedən layihə Cənubi Qafqazın təhlükəsizlik sisteminin strateji korreksiyasında əhəmiyyətli faktor kimi dəyərləndirilir. Eyni zamanda, məhz bu cür layihələr ölkəmizin milli maraqlarına adekvat olmaqla bərabər, Azərbaycanın suverenlik səviyyəsini, heç kimdən asılı olmadığını da təsdiq edir.
Dolayısıyla, çoxşaxəli və balanslaşdırılmış xarici siyasət kursu Azərbaycan Respublikasının milli dövlət kimi müasir beynəlxalq münasibətlər sistemində gücünü və nüfuzunu artıran mexanizm qismində çıxış etməkdədir. Bunun da məntiqi nəticəsi kimi, dünya siyasətinin aparıcı nüfuzlu aktorlarından biri olan Böyük Britaniya Azərbaycanı regional və qlobal təhlükəsizliyə fundamental töhfələr bəxş edən suveren milli aktor kimi qəbul edir və ölkəmizlə strateji tərəfdaşlıq münasibətlərinin möhkəmlənməsinə xüsusi önəm verir.
Nurlan QƏLƏNDƏRLİ
Yeni Azərbaycan.-2014.- 30 oktyabr.- S. 8.