Ramiz Mehdiyev: Müasir
dövrdə medianın ən mühüm funksiyalarından
biri də milli maraqları hər şeydən üstün
tutmaq, vətəndaşları, cəmiyyəti vahid məqsəd
uğrunda səfərbər etməkdir
Xəbər verdiyimiz kimi, avqustun 29-da Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin yanında dövlət orqanlarının informasiyanın verilməsinə məsul struktur bölmələrinin və kütləvi informasiya vasitələri rəhbərlərinin müşavirəsi keçirilib. Müşavirədə Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi ilə bağlı bir sıra aktual məsələlər müzakirə edilib və mövzu ətrafında fikir mübadiləsi aparılıb. Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev müşavirədə geniş məruzə ilə çıxış edərək bildirib ki, müasir dövrdə medianın ən mühüm funksiyalarından biri də milli maraqları hər şeydən üstün tutmaq, vətəndaşları, cəmiyyəti vahid məqsəd uğrunda səfərbər etməkdir. Vətənpərvərlik, milli dövlətçiliyə sədaqət, milli maraqlar uğrunda prinsipiallıq KİV-lərin fəaliyyətinin başlıca prinsiplərini təşkil etməlidir. KİV-lər cəmiyyətdə, xüsusilə gənc nəsil arasında Vətənə sevgi hissləri, insanlara mənəvi saflıq aşılamalı, onlarda əsl vətəndaşlıq mövqeyinin formalaşmasına dəyərli töhfəsini verməlidir. Mövzunun aktuallığını nəzərə alaraq “Yeni Azərbaycan” qəzeti internet və çap mediası rəhbərlərinin iştirakı ilə “Dəyirmi masa” keçirib. “Dəyirmi masa”da isə “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Səs media” qrupunun rəhbəri Bəhruz Quliyev, “Gündəlik Teleqraf” Media Holdinqinin rəhbəri Aynur Camalqızı, “Trend” İnformasiya Agentliyinin baş direktorunun müavini Elçin Hüseynov, Modern.az saytının baş redaktoru Elşad Eyvazlı, “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli və digər media nümayəndələri iştirak ediblər.
Emin Həsənli: Mən də düşünürəm ki, ictimai qınaq ən güclü silahdır. Biz heç nədən çəkinməməliyik, kimsə milli maraqlara, dövlət maraqlarına qarşı fəaliyyət göstərirsə, onların adlarını çəkmək, hər yerdə bu adamları ifşa etmək lazımdır. Mənim fikrimcə, dövlət sirlərini, hərbi sirləri yayan şəxslər ən ağır cəza ilə cəzalandırılmalıdırlar.
KİV-lərin hərbi məsələlərə münasibətinə gəlincə, təklif edirəm ki, Müdafiə Nazirliyi, o cümlədən güc strukturları ilə birgə Mətbuat Şurasında və ya Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunda bir qrup yaradılsın, monitorinq aparılsın, hər gün izlənilsin və əldə olunan nəticələrə görə müvafiq ölçü götürülsün. İyulun sonu, avqustun əvvəllərində müşahidə olunan hadisələr bir daha sübut etdi ki, hər gün müharibə başlaya bilər. Ona görə də xalqımızın 1991-93-cü illərdə yaşanmış olan hadisələri təkrar yaşamaması üçün konkret addımlar atılmalıdır. İkincisi, akademik Ramiz Mehdiyev hərbi jurnalistika məsələsini olduqca yerində vurğuladı. Bu gün çox gözəl zabitlərimiz var ki, ehtiyatdadırlar. Bu insanların bəziləri xaricdə təhsil alıb, komandirin tərbiyəvi işlər üzrə müavini olublar. Onlara bir müddət kurs keçməklə jurnalistikaya cəlb etmək olar. Məsələn, ABŞ-da bu praktikadan istifadə edirlər. Və ya BDU-nun jurnalistika fakültəsinin sonuncu kursundan bir neçə nəfərə, kurs keçib bu yönə istiqamətləndirmək olar. Əlbəttə ki, əgər belə kadrlar yetişərsə özünə hörmət edən qəzetlər və ya saytlar həmin jurnalistlərin xidmətindən istifadə edəcəklər.
Şəhidlərlə bağlı minlərlə yazılar yazılıb. Şəhid ailələri çox qürurludurlar. Son hadisələr bizə çox şeyləri sübut etdi. Azərbaycan xalqı həqiqətən çox vətənpərvərdir. Məsələn, Elşad Eyvazlı da xatırlayar, biz Xocavənddən olan şəhidimiz Quliyev Sənan Qeyrət oğlunun evində olduq. Babası ilə söhbət etdik. O kişinin ailəsi Qarabağ müharibəsində 17 şəhid verib. Amma elə qürurla danışırdı ki, adam təsəvvürünə belə gətirə bilməz. Bu, çox böyük bir nümunədir. Amma bunu sadəcə 2-3 sayt, 2-3 qəzet verir. Düzdür, icra strukturları, Müdafiə Nazirliyi, ümumilikdə dövlətimiz bu insanlara dəstək olur, amma jurnalistlərin həmin şəhid ailələrini ziyarət etməsi çox böyük təskinlik olar. Şəhidlərimizlə bağlı yazılar sistemli, davamlı olaraq yazılmalıdır, onların qəhrəmanlıqları təbliğ olunmalıdır. Bundan başqa ictimaiyyət nümayəndələri, elə baş redaktorlarımız, tanınmış şəxslər, millət vəkilləri, icra strukturlarının rəhbərləri şəhidlərin yas mərasimində iştirak etməlidirlər. Bunu bir vətəndaşlıq borcu olaraq yerinə yetirməlidirlər.
Hikmət Babaoğlu: Burada beynəlxalq təcrübədən faydalanmaqla bağlı bir çox fikirlər səsləndi. Əlbəttə, müsbət təcrübələri tətbiq etmək mümkündür. Amma bir məqamı da mütləq nəzərə almalıyıq. Son dövrlərdə biz bir daha şahidi olduq ki, informasiya brendi kimi tanıdığımız bəzi KİV-lər əslində, Azərbaycanın informasiya məkanının təhlükəsizliyi üçün bir təhlükə oldular. Məsələn, BBC-nin Azərbaycan xidməti qondarma “Dağlıq Qarabağ Respublikası”nın “Müdafiə Nazirliyi”nə istinadən xəbər yayır, orada çalışan azərbaycanlılar isə buna münasibət belə bildirmədilər. İnformasiya brendi kimi tanıdığımız “Franspress” Dağlıq Qarabağdakı separatçı rejimi müstəqil bir dövlət kimi təqdim edir, onlara istinadən xəbərlər yayır. Bu, transmilli media orqanlarının məsuliyyətsizliyi olmaqla yanaşı, Azərbaycanın informasiya məkanı üçün bir təhdiddir.
Elçin Hüseynov: Haqlısınız, bir sıra sayılıb-seçilən nəhəng xəbər agentliklərində elə məlumatlar yayılır ki, biz şoka düşürük. Təbii ki, həmin böyük kampaniyaların, qəzetlərin, saytların erməni əməkdaşlarının olduğunu və bu təxribatın da arxasında həmin insanların dayandığını başa düşürük. Məsələn, 1-2 il öncə “RİA-Novosti”də bir neçə xəbər yayımlanmışdı. Sonradan bilindi ki, bu xəbərlərin arxasında həmin agentliyin bir və ya iki erməni əməkdaşı dayanır. Təbii ki, professional səviyyədə öz fəaliyyətini quran agentliklər, qəzetlər və s. qurumlar çox nadir hallarda belə səhvlərə yol verərlər. Əgər həmin qurumlar bizim tərəfdaşlarımızdırsa, biz onlarla danışırıq, vəziyyəti izah edirik, çox vaxtlar həmin yalan xəbərlərin xəbər lentindən çıxarılmasına nail oluruq.
Bəhruz Quliyev: Mən bir məsələyə toxunmaq istəyirəm. Əgər sayt özü-özünü maliyyələşdirə bilmirsə, bir neçə aydan sonra orada maliyyə böhranı özünü mütləq şəkildə göstərəcək. Bu gün saytları ayaqda saxlayan reklamlardır və özəl sahibkarlıq subyektləridir. Əgər, həmin maliyyə olmazsa, sabah bu saytlar fəaliyyətini davam etdirə bilməyəcək. Yəni o xəbərləri yayan saytlara himayəçiliyə son qoyulmalıdır. Burada, sadəcə yalan xəbəri yazan jurnalist məsuliyyət daşımır. Digər tərəfdən, həmin saytlar kim tərəfindən hazırlanıb istifadəyə verilibsə, deməli, həmin insan və hüquqi şəxs də orada yayımlanan xəbərlərə görə məsuliyyət daşıyır. İnformasiyaların əksəriyyəti bilirsiniz ki, qaynaqsız, dəqiqləşdirilməmiş informasiyalardır və kiminsə maraqlarına xidmət edir.
Başqa bir misala diqqət yetirək. Qanunda gizli çəkilişlərlə bağlı qadağalar mövcuddur. Amma bu gün bir sıra saytlarda gizli çəkilmiş fotoşəkillər, videolar yayılsa da, onlara qarşı tədbir görülmür. Bu tədbirləri görmək, qanunun tələblərini yerinə yetirmək lazımdır.
Təəssüf ki, bəzi informasiya agentlikləri, qəzetlər, informasiya portalları müxalifətçiliyi dövlətə, xalqa, millətə qarşı edirlər. Bundan əziyyəti isə xalq çəkir. Hesab edirəm ki, həm dövlət sirrinin, hərbi sirrin yayılması ümumən xalqımızın, dövlətimizin əleyhinə yönəlmiş bir fəaliyyətdir. Bu gün özünü ən demokratik dövlət adlandıran ölkələrdə, hətta bir sıra Qərb dövlətlərində, o cümlədən, Britaniyada, Almaniyada internetə nəzarət mexanizmləri mövcuddur. Azərbaycanda isə internet tam sərbəstdir. Bu, nə qədər Azərbaycan dövlətinin inkişafını göstərirsə, bu azadlıqdan sui-istifadə halları isə bir o qədər problemlər yaradır. Biz azadlığın məhdudlaşdırılmasını təklif etmirik, amma bu özbaşınalığın da aradan qaldırılmasını istəyirik.
Elşad Eyvazlı: Həmin saytların maliyyələşdirilməsindən danışıldı. Tam səmimi deyirəm, elə normal, peşəkar jurnalistika ilə məşğul olan saytlar var ki, onların əməkdaşlarının maliyyə vəziyyəti qeyri-qanuni işlərlə məşğul olan bəzi saytların əməkdaşlarının aldığı məvacibdən qat-qat aşağıdır. Bizdə bir məsəl var. Deyirlər heç kəs pis kişi olmaq istəmir. Ona görə kimlərsə həmin saytlarla bağlı həqiqətləri demir. Burada söhbət millətin, dövlətin məsələsindən gedir. Susmaq lazım deyil.
Hikmət Babaoğlu: Media elə bir vasitədir
ki, həm də oxucunun keyfiyyətini müəyyənləşdirir.
Biz hansı xəbəri istehlak edən oxucu auditoriyası
yetişdiririk? Bu, bir növ musiqiyə bənzəyir. Azərbaycanın
efir məkanı hansı musiqini dinləyiciyə təqdim
edirsə, auditoriyanın musiqi zövqünü o musiqilərlə
formalaşdırır. Azərbaycanın media orqanları
hansı xəbərləri təlqin edirsə, o da
özümüzə qayıdır. Media cəmiyyətin
lokomotivi kimi böyük məsuliyyət daşıyır.
Amma son hadisələr göstərdi ki, media institutları bu
məsuliyyətini dərk etmir. Xüsusən, sosial media. Bir sayt rəhbəri
evində oturub bir yalan məlumat yaydı. Digər
saytlar isə götürüb həmin məlumatı
doğru məlumat kimi ictimaiyyətə təqdim etdi. Artıq ictimai rəyi eyforiya vəziyyətinə
çatdırdılar. Məsələn,
filan kənd azad olundu, qoşunlarımız filan istiqamətdə
irəliləyir və s. Əvvəlcə, bu xəbəri
doğru kimi qəbul edən ictimai əhval-ruhiyyənin bu xəbərin
yalan olmasının üzə çıxmasından sonra necə
olduğunu təsəvvür etmək elə də çətin
deyil. Təəssüf ki, bu xəbəri
yayanlar, ictimai rəylə manipulyasiya edənlər hələ
də bu işlə məşğuldurlar.
Aynur Camalqızı:
Qarabağ mövzusu kifayət qədər həssas
mövzudur və təəssüflər olsun ki, Azərbaycan
jurnalistləri də həmin ekstremal situasiyada cəmiyyətin
həssas münasibətindən sui-istifadə etdilər. Əlbəttə, bu çox yanlış idi və
jurnalistlər olaraq biz öz şəxsi maraqlarımızı,
qrup maraqlarımızı dövlət maraqlarından daha
üstün tutduq. Bunun
qarşısını almağın yolları mövcuddur.
Vurğulandığı kimi, KİV-in fəaliyyətini
istiqamətləndirən müvafiq qanunlar var, o qanunlarda
mütləq və mütləq elektron KİV-lərin fəaliyyəti
ilə bağlı konkret müddəalar olmalıdır,
mütləq o qanuna əlavə və dəyişikliklər
edilməlidir. Çünki artıq sosial
media, sosial şəbəkələr bizim həyatımıza
elə daxil olub ki, demək olar ki, klassik jurnalistika, media
haqqında təsəvvürlər darmadağın olub.
Belə olan halda biz nə etməliyik? Sosial mediadan mötəbər informasiya
qaynağı kimi istifadə edə bilərikmi? Yoxsa bundan istifadə etmək olmaz? Ümumiyyətlə, biz öz gələcək fəaliyyətmizi
necə müəyyənləşdirməliyik?
Düşünürəm ki, bu suallar barədə çox
ciddi şəkildə araşdırmalara ehtiyac var, bu cür
“dəyirmi masa”lar keçirilməlidir,
müzakirələr aparılmalıdır. Əlbəttə,
akademik Ramiz Mehdiyev sözügedən müşavirədə
bizim gələcək fəaliyyətimizlə bağlı
çox önəmli mesajlar verdi. Öz fəaliyyətimizdə mütləq onlardan
istifadə etməliyik. Nədən
başlamalıyıq?
Düşünürəm
ki, bu cür həqiqəti əks etdirməyən
informasiyaların media müstəvisinə çıxması
bir az da elektron KİV-lərdə
başladılmış yarışma ilə
bağlıdır. Çox təəssüf
ki, saytlar, xəbər portalları “xəstəliyə” tutulub
və hamı “İP” arxasınca qaçır. Hətta heç bir mənbə ilə dəqiqləşdirilməyən,
mənbə olub-olmayan, həqiqət olub-olmadığı
araşdırılmayan yazılar “Facebook”dan götürülən
yazılar mediada yayılır və bununla da həmin o media rəhbərləri
özləri üçün tiraj, reytinq
qazandıqlarını düşünürlər. Təbii ki, bu çox yanlışdır və
dünyada bunun analoqu yoxdur. Bütün
inkişaf etmiş ölkələrdə, qonşu Türkiyədə,
Rusiyada heç bir saytın sayğacı görünmür.
O sayğac sadəcə sizin reklam müştərilərinizə
lazımdırsa, siz onu sizdən tələb olunduğu halda
ya bir kağız üzərində, ya da başqa bir formada təqdim
edə bilərsiz. Oxucu üçün
sayğacın heç bir önəmi yoxdur. Siz hansısa bir xəbər portalına girəndə
ən çox oxunmuş yazını axtarırsınız,
yoxsa sizi maraqlandıran yazını, xəbəri
axtarırsınız? Təbii ki, biz
hamımız bizi maraqlandıran xəbərləri oxuyuruq.
Ümumiyyətlə, bu meyar olmamalıdır.
Elçin Hüseynov: Reytinq yarışı ilə bağlı isə onu demək istəyirəm ki, əlbəttə, sayğacın artırılması yalnız qeyri-peşəkarları narahat edə bilər. Peşəkar jurnalistlər, sadəcə, doğru xəbər hazırlamaq, cəmiyyətin informasiya ilə tələbatını ödəmək haqqında düşünür.
Aynur Camalqızı: Digər bir problem də var. Təsəvvür edin ki, mən bir saytın əməkdaşıyam və bizim sayt xəbər istehsalı ilə məşğuldur. Azərbaycanda da bilirsiniz ki, xəbər istehsal edən bir neçə sayt və agentlik var. Digər yüzlərlə sayt isə bizim əməyimizin məhsulunu çox rahat şəkildə götürür, istinad edərək və ya istinad etməyərək özünə reytinq yığır. Bizim əziyyətimiz isə qalır ortada. Mütləq bu ya Mətbuat Şurasında müzakirəyə çıxarılmalıdır və ya qanunda hansısa formada əks olunmalıdır. Bunun qarşısı alınmalıdır. Bir müqayisə edək. Heç vaxt görmək olmaz ki, Türkiyənin “Milliyət” qəzeti “Hürriyet” qəzetinə istinadən hansısa yazını versin. Dünyada bunun praktikası budur ki, yalnız xəbər agentliklərindən xəbərləri götürmək olar, onun da linkini vermək şərti ilə. Yəni, bunu götürüb özününküləşdirərək öz məhsulun kimi oxucuya sırıya bilməzsən. Bax bu cür kiçik problemlər yığılaraq böyük problemlərə yol açır. Hansısa bir sayt götürüb orduyla bağlı həqiqətə uyğun olmayan xəbəri heç bir məsuliyyət hiss etmədən yayırsa, bütün digər saytlar da ona istinadən bu xəbəri yayırlar. Və Ermənistan da rahatca girib o xəbərləri görür və bunun da ziyanını sonda Azərbaycan dövləti çəkir. Mütləq bunun qarşısı alınmalıdır.
Vüqar Rəhimzadə: Bu gün KİV-in inkişafı ilə bağlı ölkəmizdə həqiqətən də uğurlu dövlət siyasəti həyata keçirilir. Dövlət başçısı, möhtərəm Prezidentimizin bu sahəyə xüsusi diqqət və qayğısı vardır. Ümumiyyətlə, dövlət siyasətinin aparıcı sahələrindən biri mətbuata diqqət və qayğının olmasıdır. Və bundan da Azərbaycan vətəndaşları çox uğurla bəhrələnməkdədir. Amma təəssüflə qeyd etmək istəyirəm ki, bu uğurların fonunda bəzən bundan sui-istifadə halları da kifayət qədərdir. Bilindiyi kimi, çap mətbuatının dərc olunması üçün kifayət qədər vəsait tələb olunur. Amma elektron mediada bu vəsaitə ehtiyac olmur. Hətta bu gün ölkəmizdə bir adam bir neçə internet resursu, sayt açır və onun məqsədləri də bəlli deyil. Nəticədə aydın olur ki, bu saytlar informasiya daşıyıcısı deyil, Azərbaycanın informasiya siyasətinə zərbə vurmaq üçün hazırlanıb. Bütün hallarda media orqanları Vətənə, dövlətə, xalqa xidmət etməlidir. Bu, birmənalıdır və müzakirə olunmamalıdır. Kimsə xidmət etmirsə, onlara qarşı qanunun tələbləri tətbiq olunmalıdır. Bu, dünyanın hər bir yerində belədir. Biz də xarici ölkələrin təcrübələri ilə tanış oluruq, maraqlanırıq, səfərlərdə oluruq. Heç bir ölkədə kiməsə qanundan kənar fəaliyyət göstərmək üçün xüsusi səlahiyyət verilmir. Kim hansı peşədə çalışmasından asılı olmayaraq, qanunların tələblərinə əməl etməlidir.
Hikmət Babaoğlu: Bu diskussiyalarda səsləndirilən fikirlər də bir daha da göstərdi ki, avqustun 29-da Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin yanında keçirilən dövlət orqanlarının informasiyanın verilməsinə məsul struktur bölmələrinin və kütləvi informasiya vasitələri rəhbərlərinin müşavirəsi olduqca aktualdır və oradakı mesajlara, çağırışlara mediamız səs verməlidir. Əgər bu ölkənin vətəndaşıyıqsa, vətəndaşlıq məsuliyyətini və vətəndaşlıq mənsubiyyətini nəzərə almalıyıq, xalqımızın, dövlətimizin maraqları bütün maraqlardan üstün olmalıdır.
Aqşin ŞAHİNOĞLU,
Pərviz SADAYOĞLU
Yeni
Azərbaycan.-2014.- 3 sentyabr.- S. 4.