Azərbaycanla Qazaxıstan
arasındakı əlaqələrin daha da inkişafı
üçün geniş potensial var
İki ölkə bir sıra beynəlxalq və regional təşkilatlar çərçivəsində səmərəli əməkdaşlıq edir
Sentyabrın 1-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Qazaxıstanın xarici işlər nazirinin müavini Samat Ordabayev ilə görüşüb. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, E.Məmmədyarov iki ölkə arasındakı əlaqələrin hazırkı durumundan məmnunluq ifadə edib və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Qazaxıstanın Azərbaycana dəstəyini yüksək qiymətləndirib. Görüşdə regional proseslər, eləcə də qarşılıqlı maraq kəsb edən bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Məlumat üçün bildirək ki, Azərbaycanla Qazaxıstan arasında diplomatik əlaqələrin əsası 30 avqust 1992-ci il tarixində qoyulub. 9 yanvar 1993-cü ildə Qazaxıstan Respublikasının Azərbaycan Respublikasında, 1 mart 2004-cü ildə isə Azərbaycan Respublikasının Qazaxıstan Respublikasında səfirliyi fəaliyyətə başlayıb. 6 sentyabr 2008-ci il tarixindən Azərbaycan Respublikasının Aktau şəhərində konsulluğu fəaliyyət göstərir.
Onu da qeyd etmək lazımdır
ki, Azərbaycan-Qazaxıstan münasibətlərinin
inkişafı Ulu öndər Heydər Əliyevin müstəsna
xidmətləri sayəsində mümkün olub. Ümummilli
lider Heydər Əliyevin Qazaxıstan Prezidenti Nursultan
Nazarbayevlə ilk görüşlərindən biri 19 oktyabr
1994-cü ilə təsadüf edib. Həmin
vaxt türkdilli ölkələrin dövlət
başçılarının ikinci zirvə
görüşündə iştirak edən Ulu öndər
Heydər Əliyev və Nursultan Nazarbayev görüşərək,
iki ölkə arasındakı münasibətlərin
inkişaf perspektivlərini müzakirə ediblər. Görüş zamanı Azərbaycanla Qazaxıstan
arasında həm ikitərəfli, həm də türk
dövlətlərinin münasibətləri çərçivəsində
əlaqələrin qurulmasına dair qərar qəbul edilib.
İki ölkə arasında münasibətlərin
inkişafında növbəti addım olan dövlət
başçıları səviyyəsində
görüş 1996-cı il mayın 14-də EKO-nun dövlət
başçılarının zirvə toplantısında
keçirilib. Həmin görüş zamanı Ulu öndər
Heydər Əliyev Nursultan Nazarbayevi Azərbaycana rəsmi səfərə
dəvət edib. 1996-cı
il sentyabrın 16-da Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Azərbaycana
rəsmi səfər edib. Səfər zamanı
Ümummilli lider Heydər Əliyev və Nursultan Nazarbayevin
iştirakı ilə Azərbaycan və Qazaxıstan nümayəndə
heyətləri arasında danışıqlar keçirilib.
Danışıqların əsas mövzusu iki
ölkə arasında siyasi-iqtisadi əməkdaşlığın
yeni sahələri olub. Səfər çərçivəsində
Azərbaycan Respublikası və Qazaxıstan Respublikası
arasında münasibətlərin əsasları haqqında
müqavilə, investisiyaların təşviqi və
qorunması haqqında saziş, neft-qaz sənayesi sahəsində
əməkdaşlıq haqqında saziş, hava əlaqəsi
haqqında saziş, Xəzər dənizi məsələləri
üzrə Birgə Bəyannamə, Azərbaycan
Respublikası Xarici İşlər Nazirliyi ilə
Qazaxıstan Respublikası Xarici İşlər Nazirliyi
arasında əməkdaşlıq haqqında saziş, Azərbaycan
Respublikası Milli Təhlükəsizlik Nazirliyi ilə
Qazaxıstan Respublikası Milli Təhlükəsizlik Komitəsi
arasında əməkdaşlıq və
qarşılıqlı fəaliyyət haqqında saziş, Azərbaycan
Respublikasının Milli Bankı ilə Qazaxıstan
Respublikasının Milli Bankı arasında
hesablaşmaların təşkili haqqında saziş və
digər sənədlər imzalanıb.
Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik
etdiyi illərdə ölkələr bir sıra formatlarda, o
cümlədən, türkdilli dövlətlərin
toplantısı, İqtisadi Əməkdaşlıq Təşkilatı
və s. formatlarda çox uğurla əməkdaşlıq
ediblər. Eyni zamanda, Ümummilli liderin əsasını
qoyduğu siyasəti uğurla davam etdirən Prezident İlham
Əliyevin səyləri nəticəsində bu əməkdaşlıq
daha strateji və intensiv xarakter alıb. Məlumat
üçün bildirək ki, Prezident İlham Əliyevin
Qazaxıstana ilk rəsmi səfəri 2004-cü ilin
martında olub. Səfər zamanı
Prezident İlham Əliyev və Prezident Nursultan Nazarbayev
iqtisadi münasibətlər, xüsusilə Xəzərin
karbohidrogen ehtiyatlarının dünya bazarına nəql edilməsi
sahəsində əməkdaşlıq məsələlərinə
dair geniş fikir mübadiləsi aparıblar. Hər 2
dövlət başçısı neft və qaz sektorunda həyata
keçirilən irimiqyaslı layihələrin, xüsusilə
Bakı-Tbilisi-Ceyhan (BTC) layihəsində Qazaxıstanın
iştirakının böyük əhəmiyyətə malik
olduğunu söyləyib. O da qeyd olunub ki, gələcəkdə
Qazaxıstan təbii qazının da Azərbaycan ərazisindən
Avropaya çatdırılması nəzərdə tutulur. Prezident İlham Əliyevin bu səfərindən
sonra Azərbaycan-Qazaxıstan əməkdaşlığı
yüksələn xətlə davam edib. 2005-ci il mayın 24-də isə Qazaxıstan Prezidenti
Nursultan Nazarbayev Azərbaycana rəsmi səfərə gəlib.
Səfər zamanı ölkələr
arasındakı münasibətlərin məntiqi nəticəsi
olaraq, Azərbaycan Respublikası və Qazaxıstan
Respublikası arasında strateji tərəfdaşlıq və
müttəfiqlik münasibətləri haqqında Müqavilə
də daxil olmaqla 6 sənəd imzalanıb. Yeri gəlmişkən, xalqlarımız tarixi, mədəni
və ənənələr baxımından bir-birinə
bağlı xalqlar olduğu üçün bu sahədə əlaqələrin
genişləndirilməsi istiqamətində də əhəmiyyətli
addımlar atılıb. Belə ki, hər
iki xalq müstəqillik əldə etdikdən sonra bu əlaqələr
intensiv xarakter alıb. Azərbaycanın ağır illərində
onun haqq səsini dünyaya çatdıran XX yüzilin ən
qüdrətli ziyalılarından biri olan Oljas Süleymanovun məşhur
“Az-Ya” kitabı, şeirləri və məqalələri
1980-ci illərdən Azərbaycanda nəşr olunmağa
başlayıb. 8-10 iyun 2012-ci ildə
Qazaxıstanda Azərbaycan, 18-21 noyabr 2012-ci ildə isə Azərbaycanda
Qazaxıstan Mədəniyyəti Günləri keçirilib.
Bir sözlə, hazırda Azərbaycan və
Qazaxıstan strateji tərəfdaşdır və iki ölkə
arasında siyasi və iqtisadi əlaqələr yüksək
səviyyədədir. Hər iki ölkənin qanunverici
orqanlarında fəaliyyət göstərən dostluq
qrupları əlaqələrin inkişaf etdirilməsində əhəmiyyətli
rol oynayır. Eyni zamanda, Azərbaycan-Qazaxıstan
hökumətlərarası iqtisadi komissiyası fəaliyyət
göstərir və iki ölkə arasında 100-dən
artıq sənəd imzalanıb. Ölkələr
arasında hərbi sahədə əməkdaşlıq da
diqqət mərkəzindədir. Və bu məqam
iki ölkənin rəsmilərinin, həmçinin, nümayəndə
heyətlərinin qarşılıqlı səfərləri
zamanı xüsusi olaraq vurğulanır. Məlumat
üçün bildirək ki, Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev bu il fevralın 20-də Qazaxıstan
Respublikası Parlamenti Məclisinin sədri Nurlan Niqmatulinin
başçılıq etdiyi nümayəndə heyətini qəbul
edib. Görüşdə Prezident İlham
Əliyev Azərbaycanla Qazaxıstan arasında ikitərəfli
münasibətlərin dinamik şəkildə inkişaf
etdiyini vurğulayıb.
Ölkələrimiz arasında siyasi münasibətlərin
yüksək səviyyədə olduğunu deyən dövlət
başçısı əməkdaşlığımızın
daha da möhkəmləndirilməsində parlamentlərarası
əlaqələrin önəmini qeyd edib. Bildirib ki,
ölkələrimiz istər ikitərəfli formatda, istərsə
də beynəlxalq təşkilatlar çərçivəsində
fəal əməkdaşlıq edir. Prezident
İlham Əliyev Qazaxıstan Respublikası Parlamenti Məclisinin
sədri Nurlan Niqmatulinin ölkəmizə səfərinin
münasibətlərimizin gələcəkdə daha da
genişləndirilməsi işinə xidmət edəcəyinə
ümidvar olduğunu söyləyib.
Öz
növbəsində, Qazaxıstan Parlamenti Məclisinin sədri
Nurlan Niqmatulin ölkələrimiz arasında əlaqələrin
inkişafında Azərbaycan xalqının Ümummilli lideri
Heydər Əliyevlə Qazaxıstan Prezidenti Nursultan Nazarbayev
arasında dostluq münasibətlərinin və
qarşılıqlı hörmətin rolunu xüsusi
vurğulayıb. O, bu əlaqələrin hazırda daha da
genişləndirilməsində dövlətlərimizin
başçıları arasında səmimi dostluq münasibətlərinin
önəmini vurğulayıb. Nurlan Niqmatulin
Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin məktubunu dövlətimizin
başçısına təqdim edib. Görüşdə
Azərbaycan ilə Qazaxıstan arasında əməkdaşlığın
bir sıra sahələrdə genişləndirilməsinə
dair məsələlər ətrafında fikir mübadiləsi
aparılıb.
Bundan
başqa, Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev bu il aprelin 21-də Qazaxıstan
Respublikasının müdafiə naziri Serik Axmetovu qəbul
edib. Görüşdə Azərbaycan Respublikası ilə
Qazaxıstan Respublikası arasında ikitərəfli əlaqələrin
müxtəlif istiqamətlərdə, o cümlədən,
siyasi, iqtisadi, enerji və digər sahələrdə
uğurla inkişaf etdiyi vurğulanıb, Qazaxıstanın
müdafiə naziri Serik Axmetovun Azərbaycana səfərinin
müdafiə sahəsində də əməkdaşlığımızın
genişləndirilməsi işinə xidmət edəcəyi əminliklə
ifadə olunub. Ümumiyyətlə, strateji tərəfdaş
olan Azərbaycanla Qazaxıstan beynəlxalq arenada əməkdaşlıq
əlaqələri çərçivəsində
qarşılıqlı-faydalı şəkildə fəaliyyət
göstərir və bir-birlərini dəstəkləyir.
Qazaxıstan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin beynəlxalq hüquq normaları əsasında,
Azərbaycanın ərazi bütövlüyü çərçivəsində
həllinin tərəfdarı kimi çıxış edir.
Yeri gəlmişkən, sözügedən məsələ
Azərbaycan və Qazaxıstan Xarici İşlər nazirlikləri
arasında sentyabrın 1-də keçirilən növbəti
siyasi məsləhətləşmələr zamanı da əsas
müzakirə mövzusu olub. XİN-in mətbuat xidmətindən
AzərTAc-a bildiriblər ki, məsləhətləşmələrdə
Azərbaycanı xarici işlər nazirinin müavini Xələf
Xələfov, Qazaxıstanı isə xarici işlər
nazirinin müavini Samat Ordabayev təmsil edib.
Azərbaycanın
Qazaxıstan ilə bir sıra beynəlxalq və regional təşkilatlar
çərçivəsində səmərəli əməkdaşlığını
qeyd edən X.Xələfov ölkələrimiz arasında
siyasi, iqtisadi, humanitar və s. sahələrdə ikitərəfli
münasibətlərin daha da inkişaf etdirilməsi
üçün geniş potensialın olduğunu bildirib. X.Xələfov, həmçinin, Azərbaycanın təşəbbüsü
ilə regionda həyata keçirilən irimiqyaslı layihələr
haqqında qazaxıstanlı həmkarına ətraflı məlumat
verib və sözügedən layihələr çərçivəsində
ölkələrimizin uğurlu əməkdaşlığını
qeyd edib. X.Xələfov Ermənistanın
Avrasiya İqtisadi Birliyinə və Gömrük
İttifaqına üzvlük prosesi zamanı Azərbaycanın
ərazi bütövlüyü və suveren hüquqları məsələlərinə
Qazaxıstanın həssaslıqla yanaşmasını rəsmi
Bakının yüksək qiymətləndirdiyini bildirib.
Diplomat problemin sülh yolu ilə həllinə
tərəfdar olduğumuzu, Ermənistanın təcavüzkar
siyasətindən əl çəkmədiyi, işğal
etdiyi Azərbaycan ərazilərini geri qaytarmadığı təqdirdə
isə ölkəmizin bütün vasitələrlə öz
ərazi bütövlüyünü təmin etmək əzmində
olduğunu vurğulayıb.
Azərbaycana
sonuncu dəfə 8 il bundan əvvəl gəldiyini
deyən Samat Ordabayev paytaxtımızda müşahidə
etdiyi inkişaf haqqında xoş təəssüratlarını
bölüşüb. O, ölkələrimiz arasında ikitərəfli
və çoxtərəfli formatda əməkdaşlığın
müxtəlif sahələrinə toxunub, münasibətlərin
strateji xarakterini qeyd edib. S.Ordabayev Azərbaycan
ilə Qazaxıstan arasındakı münasibətlərin
inkişafında hər iki ölkə rəhbərlərinin
rolunu vurğulayıb.
Görüşdə regionda baş verən mühüm
hadisələr, eləcə də, qarşılıqlı
maraq kəsb edən digər məsələlər ətrafında
fikir mübadiləsi aparılıb.
Nardar BAYRAMLI
Yeni
Azərbaycan.-2014.- 3 sentyabr.- S. 8.