Azərbaycan ilə Çexiya arasındakı əlaqələr zəngin inkişaf yolu keçib

 

Ölkəmizin Çexiyadakı səfiri etimadnaməsini bu ölkənin Prezidentinə təqdim edib

Xəbər verildiyi kimi, Azərbaycanın Çex Respublikasındakı səfiri Fərid Şəfiyev etimadnaməsini bu ölkənin Prezidenti Miloş Zemana təqdim edib. Mərasim əsnasında F.Şəfiyev Prezident Miloş Zeman ilə görüşüb. Görüşdə Prezident M.Zeman Çex Respublikası ilə Azərbaycan Respublikası arasında mövcud əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini qeyd edib.

Vurğulamaq lazımdır ki, iki ölkə arasındakı əlaqələr kifayət qədər zəngin inkişaf yolu keçib. Belə ki, Çexiya Azərbaycanın müstəqilliyini 1992-ci il 8 yanvar tarixində tanıyıb. Ölkələr arasında diplomatik münasibətlər 1993-cü il yanvarın 29-da qurulub. Azərbaycan Milli Məclisi 2005-ci il 11 mart tarixində ölkəmizin Çexiyada səfirliyinin təsis olunmasına dair qanun qəbul edib. Azərbaycanın bu ölkədəki səfirliyinin açılış mərasimi 2007-ci il avqustun 15-də baş tutub. Çexiyanın ölkəmizdəki səfirliyi isə 2009-cu il dekabrın 1-də təsis edilib.

Azərbaycan ilə Çexiya arasında yüksək səviyyəli qarşılıqlı səfərlər mütəmadi xarakter daşıyır. Dövlət başçıları səviyyəsində 2002-ci ilin noyabrında Ümummilli lider Heydər Əliyevin NATO-nun Praqadakı sammitində iştirak etmək məqsədilə ilk səfəri gerçəkləşib. 2009-cu ilin mayında Prezident İlham Əliyev “Şərq Tərəfdaşlığı” və enerji sammitlərində iştirak etmək üçün bu ölkəyə işgüzar səfər edib. Bundan iki il sonra Çexiya Respublikasının o zamankı prezidenti Vatslav Klausun ölkəmizə rəsmi səfəri gerçəkləşib. 2012-ci ilin aprel ayında isə Prezident İlham Əliyevin Çexiyaya növbəti səfəri baş tutub. Hökumət başçıları səviyyəsində isə 2009-cu il Çexiyanın baş nazirinin ölkəmizə işgüzar səfəri gerçəkləşib.

İki ölkə əlaqələrinin inkişaf perspektivlərini işıqlandıran görüşlərdən biri 2012-ci ildə Praqada dövlət başçıları səviyyəsində keçirilən görüş olub. Görüş çərçivəsində ölkələr arasında “Azərbaycan Respublikası Standartlaşdırma, MetrologiyaPatent üzrə Dövlət Komitəsi və Çexiya Respublikasının Texniki Standartlaşdırma, Metrologiya və Dövlət Sınaqları üzrə İdarəsi arasında standartlaşdırma, metrologiyauyğunluğun qiymətləndirilməsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunu Azərbaycan Respublikası Standartlaşdırma, MetrologiyaPatent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov və Çexiya Respublikası Texniki Standartlaşdırma, Metrologiya və Dövlət Sınaqları üzrə İdarəsinin prezidenti Milan Holeçek, “Azərbaycan Respublikası Hökuməti və Çexiya Respublikası Hökuməti arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında Sazişi Azərbaycanın Çexiyadakı səfiri Tahir Tağızadə və Çexiyanın Azərbaycandakı səfiri Radek Matula, “Azərbaycan Respublikası və Çexiya Respublikası arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında Sazişi Azərbaycanın Çexiyadakı səfiri Tahir Tağızadə və Çexiyanın Azərbaycandakı səfiri Radek Matula imzalayıblar.

Azərbaycan-Çexiya sənədlərinin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Çexiya Respublikasının o zamankı Prezidenti Vatslav Klausun birgə mətbuat konfransı olub. Dövlət başçılarının bəyanatları göstərib ki, iki ölkə arasındakı münasibətlər bir çox sahələrdə intensiv inkişaf edir. Azərbaycan Prezidenti İlham Əliyevin Praqaya səfərinin əlaqələrin bundan sonra da inkişafına təkan verəcəyinə əminliyini ifadə edən Çexiya Prezidenti V.Klaus bildirib ki, ölkəsi Azərbaycanın Avropa məkanına inteqrasiya planlarını alqışlayır. Onun sözlərinə görə, xüsusilə də Avropa ilə münasibətlərdə, Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrində Çexiya bundan sonra da dəstəyini verəcək.

Prezident İlham Əliyev isə bildirib ki, 2011-ci ildə Çexiya Prezidentinin Azərbaycana səfəri və səfər zamanı aparılan danışıqlar, əldə edilmiş razılaşmalar bugünkü sürətli inkişafı müəyyən edib: “Mən bu gün söhbət əsnasında qeyd etdim ki, biz Çexiya şirkətlərini Azərbaycanda görmək istəyirik və onların uğurlu fəaliyyəti - istər investor, istər kontraktçı kimi fəaliyyəti üçün lazım olan şəraiti yaratmağa hazırıq. Azərbaycanda çoxsaylı infrastruktur layihələri icra edilirÇexiya şirkətlərinin çox gözəl təcrübəsi, çox gözəl nüfuzu vardır və biz onları tərəfdaşlarımız arasında görmək istəyirik. Əminəm ki, bu səfərin gözəl nəticələrindən biri də məhz bu olacaqdır”.

Eyni zamanda, iki ölkənin siyasi əlaqələri çox sürətlə inkişaf edir. Yüksək səviyyəli qarşılıqlı səfərlərin həyata keçirilməsi bunun əyani sübutudur. Ticarət dövriyyəsi hər il böyük həcmdə artır. Bu da iqtisadi sahədəki uğurlu əməkdaşlıqdan xəbər verir. Çexiyanın idxal etdiyi neftin 25 faizi Azərbaycan neftidir. Bu o deməkdir ki, iki ölkə arasında sıx enerji tərəfdaşlığı mövcuddur. Həmçinin, Azərbaycan ilə Çexiya arasında imzalanan sənədlərin bir qismi mədəniyyət və turizm sektorunu əhatə edir və beləliklə, humanitar sahədəki əməkdaşlığa da böyük diqqət göstərilir.

Azərbaycan üçün ölkələrlə münasibətdə ən vacib məsələlərdən biri həmin dövlətlərin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyidir. Prezident İlham Əliyevlə Çexiyanın keçmiş prezidenti V.Klausun sözügedən mətbuat konfransında bu məsələ ilə bağlı suala cavabında Çexiya dövlət başçısı bu məsələnin iki ölkə münasibətlərində diqqət mərkəzində olduğunu bildirib: “Mən Azərbaycanın mövqeyini yaxşı anlayıram. Təbii ki, mən də tam və qəti olaraq heç cür razılaşa bilməzdim ki, ölkəmin bir hissəsi işğal altında olsun. Amma əfsuslar olsun ki, bu vəziyyətin məhz nizamlanması ilə bağlı mənim hər hansı bir xüsusi, möcüzəli həll variantım yoxdur, təklif edə bilmərəm”.

Çexiya Avropa İttifaqına üzv ölkə olaraq Azərbaycanın qurumla əlaqələrini dəstəkləyir. Bu barədə keçmiş prezident V.Klaus bəyan edib ki, Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” Proqramı müsbət bir layihədir və ölkəsi həmin layihənin yaradıcılarından biridir. Eyni zamanda, Çexiya tərəfi Azərbaycanın həmin proqram çərçivəsində iştirakını geniş şəkildə müzakirə edib və Azərbaycanla aparılan əməkdaşlığa müsbət yanaşır. Onun sözlərinə görə, ölkəsi Azərbaycanın bu sahədə mövqeyini bilirbu tərəfdaşlıq Azərbaycanın mövqeyi, maraqları ilə də üst-üstə düşür. V.Klaus Azərbaycanın bu istiqamətdə qəti addımlarını sonadək davam etdirəcəyinə əminliyini ifadə edib.

İki ölkənin iqtisadi əlaqələrinin də inkişafı üçün geniş imkanlar mövcuddur. Xatırladaq ki, 2013-cü ilin sentyabrında Çexiya-Azərbaycan Ticarət Palatası, Çexiyanın ölkəmizdəki səfirliyi və Çexiya Ticarət Palatasının təşkilatçılığı ilə hər iki ölkənin adamlarının görüşü təşkil olunub. Tədbirin keçirilməsində məqsəd neft-qaz, tikinti, mühəndislik və istehsalat, maşınqayırma, tekstil, pərakəndə ticarət, bankçılıq, maliyyə, sığorta və digər sektorlar üzrə biznes fəaliyyəti ilə məşğul olan Çexiya və Azərbaycan şirkətlərinin, adamlarının bir araya gəlməsi və əməkdaşlıq imkanlarının birgə müzakirə edilməsinə şərait yaratmaqdır.

Tədbirdə çıxış edən səfir Radek Matula Azərbaycanın sürətlə müasirləşdiyini vurğulayaraq bildirib ki, son illərdə bu istiqamətdə böyük irəliləyiş əldə edilib. Bakı böyük tikinti meydançasına çevrilib, regionlarda da bir çox infrastruktur layihələri həyata keçirilir. Burada çex şirkətləri üçün böyük imkanlar mövcuddur. O qeyd edib ki, Çexiya və Azərbaycan dost ölkələrdir, həmçinin, bir çox sahələrdə güclü tərəfdaşdırlar.

Çexiya Ticarət Palatasının layihələr üzrə direktoru Kristina Leinerova palatanın gördüyü işlər, habelə Çexiya tərəfdən tədbirdə iştirak edən nümayəndə heyəti barədə məlumat verib. Çexiya-Azərbaycan Ticarət Palatasının prezidenti və “Baker Tilly” Azərbaycan şirkətinin tərəfdaşı Samir Vəliyev rəhbəri olduğu qurum haqqında məlumat verərək deyib: “Çexiya-Azərbaycan Ticarət Palatası bu ilin əvvəlində təsis edilmişdir. Missiyamız Azərbaycan və Çexiya Respublikalarının adamları, biznes qurumları və şirkətləri arasında sağlam, davamlı əməkdaşlıq əlaqələrinin yaradılmasına və inkişafına dəstək göstərməkdir”.

S.Vəliyev əmin olduğunu bildirib ki, bu görüş hər iki tərəf üçün faydalı olacaq, Çexiya və Azərbaycan arasında işgüzar münasibətlərin inkişafına müsbət təsir göstərəcək və gələcəkdə əlaqələrin daha da dərinləşməsinə zəmin yaradacaqdır.

Qeyd edək ki, Çexiyanın ticarət tərəfdaşları arasında Azərbaycan böyük potensiala malikdir. İllik 1,7 milyard ABŞ dolları məbləğində ticarət dövriyyəsi Azərbaycanı bu ölkənin ixrac strategiyasında maraqlı ölkəyə çevirib. Artıq çoxsaylı ikitərəfli layihələr həyata keçirilirbir çox yeni layihələrlə bağlı müzakirələr aparılır. Çexiya hökumətini və adamlarını Azərbaycanla əməkdaşlığa sövq edən vacib səbəblərdən biri Azərbaycan iqtisadiyyatının yüksək sürətlə inkişaf etməsidir. Azərbaycanla Çexiya ikitərəfli münasibətlərlə yanaşı, Avropa məsələləri, xüsusilə “Şərq Tərəfdaşlığı” sahəsində qarşılıqlı-faydalı əməkdaşlıq aparmaq potensialına malikdirlər. İki ölkə rəsmilərinin qarşılıqlı səfərlərinin intensivliyinin artması əlaqələrə dinamiklik gətirib. İki ölkə arasında müxtəlif sahələr üzrə 20-dək sənəd imzalanıb. Azərbaycan ilə Çexiya emal sənayesi, infrastruktur, tibbi avadanlıq və müdafiə sənayesi sahələrində də əməkdaşlığı dərinləşdirmək niyyətindədir.

 

Pərviz SADAYOĞLU

Yeni  Azərbaycan.-2014.- 4 sentyabr.- S. 8.