Azərbaycandakı media azadlığından milli maraqlara qarşı sui-istifadə cəhdlərinin qarşısı alınmalıdır

 

Media nümayəndələri kütləvi informasiya vasitələrinin yaydıqları məlumatlara görə məsuliyyətin müəyyən olunması üçün hüquqipraktik addımların atılmasının vacib olduğunu qeyd edirlər

Məlumdur ki, Azərbaycanda media sahəsində azadlıq və plüralizm təmin olunub. Ənənəvi KİV-lə yanaşı, insanların əsas informasiya mənbəyinə çevrilən internet resurslarından, sosial şəbəkələrdən istifadəyə heç bir məhdudiyyətin qoyulmaması vətəndaşların konstitusion hüququ olan informasiya azadlığının mühüm göstəricilərindəndir. Lakin avqustun 29-da dövlət orqanlarının informasiyanın verilməsinə məsul struktur bölmələrinin və kütləvi informasiya vasitələri rəhbərlərinin müşavirəsində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevinqeyd etdiyi kimi, Azərbaycanın mövcud tolerant mühitindən, ölkədəki demokratik ab-havadan, hakimiyyətin humanist siyasətindən sui-istifadə edən müəyyən xarici anti-azərbaycançı dairələr və bəzi daxili qruplar cəmiyyəti çaşdırmaq, ictimai-siyasi sabitliyi pozmaq, ölkəmizin əldə etdiyi mühüm uğurları ləkələmək üçün ciddi səy göstərirlər. Müşavirədə də bildirildiyi kimi, avqustun əvvəlində Ermənistan-Azərbaycan dövlət sərhədində və qoşunların təmas xəttində müşahidə olunan gərginlik bəzi kütləvi informasiya vasitələrinin, xüsusilə internet resurslarının qanunvericiliyin tələblərinə zidd və qeyri-peşəkar fəaliyyətini, habelə aidiyyəti dövlət orqanlarının informasiyanın verilməsinə məsul olan struktur bölmələrinin öz funksiyalarını lazımi qaydada yerinə yetirə bilməməsini açıq nümayiş etdirib.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri xəbərdarlıq edib ki, dövlətin hərbi, xarici-siyasi, iqtisadi, kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyəti ilə bağlı, dövlət tərəfindən mühafizə edilən və yayılması Azərbaycan Respublikasının təhlükəsizliyinə ziyan vura bilən məlumatlar dövlət sirri kateqoriyasına şamil edilir və onların ictimailəşdirilməsi qanuna müvafiq məsuliyyət yaradır.

Yeri gəlmişkən, məsələ ilə bağlı fikirlərini bölüşən bir sıra mətbuat orqanlarının rəhbərləri qəzetimizə açıqlamalarında müşavirənin əhəmiyyətini yüksək qiymətləndirərək, kütləvi informasiya vasitələrinin yaydıqları məlumatlara görə məsuliyyətin müəyyən olunması üçün hüquqipraktik addımların atılmasının vacibliyini vurğulayıblar.

Məsələn, “Kaspi” qəzetinin baş redaktoru Natiq Məmmədlinin sözlərinə görə, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbərinin müşavirədə səsləndirdiyi fikirlər mətbuatın və eyni zamanda, informasiya ilə işləyən dövlət qurumlarının müəyyən nəticələr çıxarması üçün önəm daşıyır: “Fikrimcə, müşavirədə səsləndirilən tövsiyələr yaxın günlərdə mətbuatın işində yeni keyfiyyət dəyişmələrinə gətirib çıxaracaqdır, həmçinin, jurnalistlərin informasiya ilə təminatına da öz müsbət təsirini göstərəcəkdir. Müşavirədə səsləndirilən əsas məsələlər ekstremal şəraitdə jurnalistlərin işləməsi və dövlət sirlərinin, maraqlarının qorunub saxlanmasıdır. Akademik Ramiz Mehdiyevin bəyan etdiyi fikirlər içərisində diqqətimi daha çox cəlb edən o oldu ki, hazırda müharibə şəraitində yaşayan ölkənin jurnalistləri birinci növbədə vətənpərvər olmalıdırlar. Vətən jurnalistlər üçün əsas amal olmalıdır. Jurnalistlər baş verən hadisələrə məhz bu aspektdən yanaşsalar, onda hər hansı neqativ hallar da üzə çıxa bilməz”.

Natiq Məmməqli onu da qeyd edib ki, jurnalist adından sui-istifadə edən, jurnalistika platformasında çıxış edən müxtəlif qüvvələr də var ki, onların böyük əksəriyyəti Azərbaycanı istəməyən qüvvələrdir: “Bunlar sosial şəbəkələrdə anti-Azərbaycan təbliğatı aparırlar. Dövlət öz maraqlarını müdafiə etmək və bu cür qüvvələrdən qorunmaq üçün qanunvericilik bazasına yenidən baxmağı nəzərdə tutur. Yəqin ki, bir sıra qanunlarda bu məsələlərə yenidən baxılacaq və daha da ciddiləşdiriləcəkdir. Xatırladım ki, 2006-cı ildə də akademik Ramiz Mehdiyevin iştirakı ilə bənzər müşavirə keçirilmişdi. Həmin müşavirə də mətbuatın inkişafına öz müsbət təsirini göstərdi və biz bunu işimizdə hiss etdik”.

Kaspi” qəzetinin baş redaktoru əlavə edib ki, ciddi və özünə hörmət qoyan mətbuat orqanı yalan informasiya yaymamalıdır: “Hesab edirəm ki, ciddi mətbuat orqanları atəşkəsin intensiv pozulduğu dövrdə peşəkarlıq qaydalarına uyğun fəaliyyət göstərdilər. Amma burada Azərbaycan informasiya məkanına daxil olmaq, ictimai rəyi çaşdırmaq istəyən müəyyən fəaliyyət də, jurnalist adından istifadə edən qüvvələr də oldu. Bu tədbirlər də müstəqil mətbuatın fəaliyyətinin məhdudlaşdırılmasına deyil, məhz onlara qarşı yönələcəkdir. Azərbaycanda “Dövlət sirri haqqında”, “Kütləvi informasiya vasitələri haqqında” qanunlar, həmçinin, bütün bu məsuliyyəti müəyyənləşdirən Cinayət Məcəlləsi var. Görünür, müvafiq qurumlar qanunlardakı bəzi maddələrə yenidən baxacaqlarburada məqsəd də Azərbaycan informasiya məkanını qorumaqdır”.

“APA” informasiya agentliyinin baş direktoru Vüsalə Mahirqızı məsələ ilə bağlı söyləyib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin davam etməsi, avqustun əvvəlində qoşunların təmas xəttində Ermənistan ordusunun törətdiyi təxribat xarakterli hərəkətlər bir daha göstərir ki, müharibə şəraitində yaşayan ölkənin kütləvi informasiya vasitələri daim ayıq-sayıq olmalıdır: “İstənilən anda bizim qarşımıza düşmənin həm real, həm virtual, həm də informasiya təxribatı çıxa bilər. Bu baxımdan, hesab edirəm ki, müşavirənin keçirilməsi zamanında atılmış addım idi. Belə bir həyəcan təbilinin çalınması lazım idi, çünki son proseslər zamanı, təəssüf ki, xüsusən də onlayn mediada yeni yaradılmış resurslar, saytlars. bəzən qeyri-peşəkarlıqdan, bir çox hallarda isə bu cür halla qarşılaşmadıqları üçün, təcrübəsizlikdən çox qeyri-adekvat davranış nümayiş etdirdilər”.

Vüsalə Mahirqızı jurnalistlərin peşəkarlığının artırılmasının və cəbhədə gedən proseslərlə bağlı gələcəkdə dezinformasiyaların, milli maraqlara zərər vuran təbliğatın qarşısının alınmasının bir sıra mümkün yollarını da göstərib: “Hesab edirəm ki, mövcud problemləri aradan qaldırmağın yollarından biri Azərbaycan jurnalistlərinin peşəkarlığının artırılması, bu məqsədlə seminarların keçirilməsidir. İkincisi, fikrimcə, qanunvericiliyə mütləq dəyişiklik etməliyik. Medianın fəaliyyəti “Kütləvi informasiya vasitələri haqqında” qanuna əsasən tənzimlənir. Həmin qanunda istinad məsələsi barədə qeyd olunur ki, əgər bir KİV başqa KİV-ə və dövlət resursuna istinad edirsə, o zaman o, yaydığı məlumata görə məsuliyyət daşımır. Son proseslərdə biz müşahidə etdik ki, yenicə yaranmış, böyük oxucu auditoriyası olmayan bəzi saytlar dezinformasiya yaydılar, az-çox tanınan saytlar da həmin saytlara istinad etdilər, məlumatları tirajladılar, dezinformasiyanın şəbəkəsini daha da böyütdülər. Həmin saytların əməkdaşlarına nə üçün belə etdiklərini, yalan informasiya yaydıqlarını soruşduqda, onlar başqa bir KİV-ə istinad etdiklərini, bu səbəbdən heç bir məsuliyyət daşımadıqlarını deyirdilər. Doğrudan da, gələcəkdə məhkəmə perspektivi ortaya çıxdıqda onların üzərinə məsuliyyət düşmür, çünki başqa bir KİV-ə istinad edirlər. Hesab edirəm ki, “Kütləvi informasiya vasitələri haqqında” qanunda dəyişikliklər edilməlidir. İlk növbədə, agentliklərin qeydiyyatdan keçməsi sistemi ilə saytların və portalların qeydiyyatdan keçmə sistemi bir-birindən tamamilə fərqlənməlidir. Həmçinin, yalnız agentliklərə, agentlik kimi qeydiyyatdan keçmiş KİV-lərə istinad etmələri media qurumlarını məsuliyyətdən azad etməməlidir. Biz bunu etməklə dezinformasiya yayımının qarşısını müəyyən qədər ala bilərik. Məlum proseslər zamanı təkliflərimizin arasında o da oldu ki, hərbi jurnalistika məktəbi yaradaq. Müxtəlif orqanlardan bu sahə ilə maraqlanan jurnalistlərə Müdafiə Nazirliyi ilə Mətbuat Şurası bir yerdə müxtəlif seminar-treyninqlər keçməlidir, lazım olsa, jurnalistləri başqa ölkələrdəki seminar-treyninqlərə göndərmək olar. Bu cür hadisələr vaxtı məhz həmin jurnalistlər məsələni işıqlandırsınlar, çünki hərbi sahə spesifikstrateji sahədir və sahəni əhatəli bilməyən jurnalistin belə mövzularla işləməsi doğru deyil”.

“APA”nın baş direktoru onu da əlavə edib ki, akademik Ramiz Mehdiyevin müşavirədə sadaladığı problemlərin həlli yollarının tapılması üçün Azərbaycan media nümayəndələri bir yerə toplaşmalı, müzakirə aparmalı, təkliflər paketi hazırlamalıdırlar.

Palitra” qəzetinin baş redaktoru Namiq Əliyev isə cəbhə xəttində gərginliyin artdığı zaman Azərbaycan informasiya məkanında məqsədli şəkildə yanlış informasiyaları yayan media qurumlarının hər kəs kimi, onu da hiddətləndirdiyini deyib: Ona görə də akademik Ramiz Mehdiyevin bu məsələ haqqında xüsusi müşavirə keçirməsi bizi çox sevindirdihesab edirik ki, müşavirədə qarşıya qoyulan məsələlər haqlıdır və həmin KİV-lər buna əməl etməlidir. Bəzən mətbuat orqanları bilərəkdən, bəziləri də bilmədən dövlət sirrinə aid olan məsələləri internetdə yerləşdirirdilər, yayırdılar. Halbuki bunların yayılması “Dövlət sirri haqqında” qanunun 5-ci maddəsinə ziddir. Qanunun tələbində açıq göstərilir ki, dövlətin hərbi, xarici-siyasi, xarici-iqtisadi, kəşfiyyat və s. fəaliyyəti barədə qanunla mühafizə olunan məlumatlar dövlət sirri kateqoriyasına daxildir, onları yaymaq olmaz. Bəzi saytlar isə Azərbaycan hərbi texnikasının hansı rayondan haraya hərəkət etməsini yazırdılar, az qalsın tankın nömrəsini də verirdilər. Belə olmaz. Bu, düşmənə açıq informasiya ötürmək deməkdir. Düşmən bəzi saytları izləsə, heç onlara kəşfiyyat lazım deyil, biləcəklər ki, Azərbaycanın qoşun hissələri hansı istiqamətdə hərəkət edir. Əsgər ölümləri ilə bağlı informasiyalara gəlincə, bəzi saytlar yarışa girmişdilər ki, kim əsgər ölümü ilə bağlı xəbəri birinci verəcək. Bu, mənəviyyatsızlıqdır, şəhidə qarşı hörmətsizlikdir. Bu məsələdə də yalan informasiyalar, rəqəmlərin şişirdilməsi ortaya çıxdı. Həmin günlərdə biz erməni mətbuatını da izləyirdik. Azərbaycan ordusunun cavab zərbələri nəticəsində düşmən tərəfin daha çox itkilər verməsinə baxmayaraq, onlar bu barədə məlumatları gizlədirdilər”.

Namiq Əliyev mediada yalan və qərəzli təbliğata qarşı sərt tədbirlərin görülməsinə tərəfdar olduğunu bildirib: “Azərbaycanda KİV-lərin məsuliyyətinin artırılması zərurətdir. Ramiz Mehdiyevin müşavirədə qeyd etdiyi kimi, ciddi tədbirlər görüləcək və bizbunun tərəfdarıyıq”.

 

Hülya MƏMMƏDLİ

Yeni  Azərbaycan.-2014.- 4 sentyabr.- S. 5.