Azərbaycan-Argentina
münasibətləri inkişaf edir
İki ölkənin bir sıra qurumları arasında keçirilən çoxsaylı görüşlər yeni-yeni əməkdaşlıq perspektivlərini meydana çıxarıb
Xəbər verildiyi kimi, Argentinanın nüfuzlu mətbuat orqanı olan “La Nacion” qəzetində Azərbaycan Respublikasının Argentinadakı səfiri Məmməd Əhmədzadənin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həqiqətlərinə dair həmin qəzetin redaksiyasına göndərdiyi məktubu dərc olunub. Məktubda bildirilir ki, “Dağlıq Qarabağ tarixi Azərbaycan torpağıdır. Çar Rusiyasından əvvəl Dağlıq Qarabağ müxtəlif Azərbaycan dövlətlərinin tərkib hissəsində olub ki, bunlardan da sonuncusu Qarabağ xanlığı idi. Ermənilər Dağlıq Qarabağda XIX əsrin əvvəllərində Rusiya-Osmanlı və Rusiya-İran müharibələrinin yekunu olaraq məskunlaşdırılıblar və bu müharibələrdən sonuncusu Azərbaycan xanlıqlarının, o cümlədən Qarabağ xanlığının Rusiya imperiyası tərəfindən işğalı ilə nəticələnib”.
Bundan başqa sözügedən məktubda o da qeyd edilir ki, 1923-cü ildə Azərbaycan Sovet Sosialist Respublikasının tərkibində qarışıq azərbaycanlı və erməni əhalisinin yaşadığı Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılır. 1988-ci ildən etibarən Ermənistan Dağlıq Qarabağ Muxtar Vilayəti ilə bağlı Azərbaycana ərazi iddiaları irəli sürür. Sovet İttifaqının dağılması ilə Ermənistan Azərbaycanın Dağlıq Qarabağ və ona bitişik 7 rayonunu (ümumilikdə ölkə ərazisinin 20 faizini) hərbi yolla işğal edir və etnik təmizləmə siyasəti vasitəsilə həmin ərazilərdən bütün azərbaycanlıları qovur. Ermənistan öz təcavüzkar siyasətini ört-basdır etmək üçün Azərbaycanın işğal olunmuş ərazilərində heç bir ölkə, o cümlədən Ermənistanın özü tərəfindən belə tanınmamış qondarma “Dağlıq Qarabağ respublikası” adlı qeyri-qanuni separatçı rejim yaradıb.
Səfir Məmməd Əhmədzadə məktubunda BMT, ATƏT, Avropa Şurası, Avropa Parlamenti, NATO, Qoşulmama Hərəkatı, habelə çoxsaylı digər beynəlxalq təşkilatların Azərbaycan Respublikasının ərazi bütövlüyünü, o cümlədən Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdıqlarını, Ermənistan qoşunlarının ölkəmizin ərazilərindən çıxarılmasını, qaçqın və məcburi köçkünlərin öz yurd-yuvalarına qaytarılmasını tələb etdiklərini vurğulayıb. Diplomat bildirib ki, Ermənistan beynəlxalq ictimaiyyətin bu mövqeyini inkar edir və münaqişə ilə bağlı status-kvonu saxlamağa çalışır. Təmas xəttində son hadisələr göstərdi ki, status-kvo qəbuledilməzdir, getdikcə daha da təhlükəlidir və bu münaqişə tez bir zamanda öz həllini tapmalıdır.
Diplomat yazısını bu fikirlərlə tamamlayır: “20 ildən çoxdur ki, Azərbaycan münaqişənin sülh yolu ilə nizamlanmasına cəhdlər göstərir. Bu da ölkəmin sülhə verdiyi önəmdir. Azərbaycan heç zaman öz torpaqlarının işğalı ilə barışmayacaq, suverenliyini və ərazi bütövlüyünü bərpa etmək üçün əlindən gələni əsirgəməyəcək”.
Yeri gəlmişkən, Azərbaycan diplomatının yazısının dərc olunmasını yerli erməni icması kəskin narazılıqla qarşılayıb. Belə ki, Argentinadakı erməni icmasının müxtəlif nümayəndələri “La Nacion” qəzetinin internet saytında yazının altında məktubun dərc edilməsi və yazıdakı fikirlərə münasibətdə çoxsaylı şərhlər yerləşdiriblər ki, həmin şərhlərin də böyük əksəriyyəti qəzetin redaksiyası tərəfindən çıxarılıb. Əlacsız qalan yerli erməni icması özünün KİV-i olan və icmadan kənar oxucu kütləsi olmayan “Prensa Armenia” saytında Azərbaycan diplomatının fikirlərinə münasibətdə heç bir əsası olmayan fikirlər səsləndiriblər.
Bu məqamda vurğulamaq yerinə düşər ki, Azərbaycan Respublikası ilə Argentina Respublikası arasında diplomatik münasibətlərin əsası hələ
müstəqilliyimizin ilk illərində qoyulub. Daha dəqiq desək,
Argentina Respublikası Azərbaycan
Respublikasının dövlət müstəqilliyini 9 mart 1992-ci il tarixində
tanıyıb və 8 noyabr 1993-cü il tarixində diplomatik əlaqələrin
qurulması haqqında protokol imzalanıb.
Bu protokolla Argentina Moskvadakı
səfirini, eyni zamanda, Azərbaycan Respublikasına da akkreditə edib.
İki ölkə
münasibətlərinin inkişaf
sürəti son illərdə
qarşılıqlı rəsmi
səfərlərin intensivləşməsi
ilə daha da artıb. Qeyd edək
ki, Azərbaycan ilə Argentinanın kənd təsərrüfatı,
təhsil, kosmik sənaye və digər sahələrdə
müvafiq qurumları
arasında keçirilən
çoxsaylı görüşlər
yeni-yeni əməkdaşlıq
perspektivlərini meydana
çıxarıb. Bu
görüşlərə nəzər salmaqla qarşılıqlı əlaqələrin
ortaq maraqlara söykəndiyini aydın
görmək olar.
Belə
ki, 3 aprel 2006-cı il tarixində
Azərbaycan Respublikasının
xarici işlər naziri Elmar Məmmədyarov
Argentinaya rəsmi səfər edib. Səfər zamanı Argentinanın xarici işlər naziri, vitse-prezident, federal planlaşdırma,
ictimai investisiya və xidmətlər naziri ilə görüşlər keçirilib,
iki ölkənin xarici işlər nazirlikləri arasında Anlaşma Memorandumu və Diplomatik və Xidməti pasportları üçün
vizasız gəliş-gediş
haqqında Saziş imzalanıb. Bu səfər
Azərbaycan Respublikası
ilə Argentina Respublikası
arasında əməkdaşlıq
imkanlarının təyin
edilməsi baxımından
əhəmiyyətli olub.
2007-ci ildən etibarən
Argentina Respublikasının Azərbaycana məsul diplomatik missiyası Ankaradakı səfirliyə
həvalə edilib və həmin ilin 5 mart tarixində
Argentina səfiri etimadnaməsini
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevə təqdim edib.
2010-cu ildə Azərbaycan hökuməti Cənubi Amerika regionunda ilk dəfə olaraq Argentina Respublikasında Azərbaycan
Respublikası səfirliyinin
təsis olunması barədə qərar qəbul edib və Prezident İlham Əliyev 25 may
2010-cu il tarixində Məmməd Əhmədzadənin Azərbaycan
Respublikasının Argentina Respublikasında fövqəladə
və səlahiyyətli
səfiri təyin olunması haqqında Fərman imzalayıb. Səfir öz etimadnaməsini Argentina Respublikasının
Prezidenti xanım
Kristina Fernandes Kirçnerə
1 noyabr 2010-cu il tarixində təqdim edib. Bununla da Azərbaycan ilə Argentina arasında əlaqələr yeni inkişaf mərhələsinə
qədəm qoyub.
Azərbaycan hökumətinin Argentinada
səfirlik təsis etməsi haqqında qərarı Argentina hökuməti
tərəfindən təqdir
edilib və bunun nəticəsi olaraq Argentina xarici işlər nazirinin müavini Alberto Pedro D’Alotto
24-25 noyabr 2010-cu il tarixlərində siyasi məsləhətləşmələr
üçün Azərbaycana
gəlib. Nazir müavini Pedro D’Alotto
Azərbaycanda olduğu
müddətdə xarici
işlər naziri Elmar Məmmədyarov və digər rəsmilərlə görüşlər
keçirib. Səfər
çərçivəsində iki ölkənin xarici işlər nazirlikləri arasında Siyasi Məsləhətləşmələr
haqqında Anlaşma Memorandumu və Azərbaycan Respublikası
Xarici İşlər
Nazirliyinin Diplomatik Akademiyası ilə
Argentina Xarici İşlər
Nazirliyinin Milli Xarici Xidmət İnstitutu arasında Əməkdaşlıq haqqında
Memorandum imzalanıb. Görüşlər zamanı Argentina şirkətlərinin
Azərbaycanda, xüsusilə,
enerji, kənd təsərrüfatı və
əczaçılıq sahəsində
fəaliyyət imkanları
araşdırılıb.
2011-ci il martın
10-da Azərbaycan Respublikasında
da akkreditə olunmuş Türkiyədəki
Argentina səfiri Xuan Xose Maffey öz
etimadnaməsini Azərbaycan
Prezidentinə təqdim
edib.
Qeyd olunduğu
kimi, iki ölkə əlaqələri
elm və təhsil sahələrində də
inkişaf etməkdədir. Bunun təsdiqi
olaraq, 2011-ci ilin oktyabrında Argentina Milli
Elm və Texniki Araşdırmalar Şurasının
(CONİCET) prezidenti Azərbaycana
səfər edib.
Səfər zamanı Azərbaycan
Milli Elmlər Akademiyasının (AMEA) prezidenti,
təhsil naziri, rabitə və informasiya texnologiyaları nazirinin müavini və Bakı Dövlət Universitetinin rektoru ilə görüşlər keçirilib,
CONİCET-lə AMEA arasında
əməkdaşlıq haqqında
Saziş imzalanıb.
2012-ci il 29 fevral
tarixində Argentina Respublikasının
Prezidenti xanım
Kristina Fernandes Kirçner
Azərbaycan Respublikasının
Bakı şəhərində
bu ölkənin səfirliyinin təsis olunması haqqında Sərəncam imzalayıb.
2012-ci il 4 iyun tarixində Argentinanın Müvəqqəti İşlər
Vəkili Xorxe Roballo Səfirliyin təsis olunması məsələlərilə bağlı
məsul şəxs təyin olunması haqqında Argentina xarici işlər və etiqad naziri Hektor
Timermanın rəsmi məktubunu təqdim etmək üçün xarici işlər naziri Elmar Məmmədyarovla
görüşüb.
2012-ci il 26-27 iyul
tarixində xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan iqtisadi inkişaf nazirinin və Azərbaycanın ən iri holdinq
rəhbərlərinin müşayiəti
ilə Argentinaya səfər edib. Səfər zamanı II Argentina-Azərbaycan
Biznes Forumu təşkil olunub.
Ümumilikdə, Argentinadan Azərbaycana
idxal olunan əsas məhsullar şəkər çuğunduru,
yağlar, soya yağı
və digər taxıl məmulatları,
əczaçılıq məmulatları,
süd və süd məhsulları, yerfındığı, tütün
məmulatları, kiçik
maşınlar və sitrus meyvələridir.
Azərbaycan-Argentina münasibətləri ötən
ildə də müxtəlif sahələr
üzrə inkişaf
edib. Belə ki, 2013-cü ilin
fevralında Argentina Respublikasının
prezidentinin sərəncamı
ilə fövqəladə
və səlahiyyətli
elçi Carlos Dante Riva iqamətgahı
Bakı şəhəri
daxil olmaqla Azərbaycan Respublikasına
səfir təyin edilib.
Ötən ilin aprelində, həmçinin, Prezident İlham Əliyev Argentina Respublikasının ölkəmizdə
yeni təyin olunmuş fövqəladə
və səlahiyyətli
səfiri Carlos Dante Rivanın
etimadnaməsini qəbul
edib.
Argentinanın nüvə, kosmos,
sənaye, tibb, neft-qaz, kimya, dövlət təhlükəsizliyi
və müdafiə sahələri üzrə
çoxtərəfli texnoloji
layihələr həyata
keçirən INVAP (“İnvestigaciones
Aplicadas - Tətbiqi tədqiqatlar”) şirkətinin
Kosmik Layihələr üzrə Biznesin İnkişafı sektorunun
rəhbərləri Nestor Pablo Tognetti və Ricardo Sagarzazu, habelə Argentina Respublikası Federal Planlaşdırma,
İctimai Sərmayələr
və Xidmətlər
Nazirliyinin əməkdaşı
Santiago Arbo ötən
ilin sentyabrında Azərbaycana səfər ediblər. Səfər zamanı Argentina nümayəndə heyəti
Azərbaycan Respublikası
Rabitə və İnformasiya Texnologiyaları
Nazirliyində və
AZƏRKOSMOS-da müvafiq
görüşlər keçiriblər.
Pərviz
SADAYOĞLU
Yeni Azərbaycan.-2014.- 5 sentyabr.- S. 8.