Azərbaycan
- Serbiya əlaqələri dinamik inkişaf edir
Serbiyanın xarici işlər naziri
İvista Daçiç Azərbaycanda rəsmi səfərdədir
Serbiya Baş nazirinin müavini, xarici işlər naziri
İvista Daçiç Azərbaycanda rəsmi səfərdədir. Xarici
İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a
bildiriblər ki, səfər çərçivəsində
İ.Daçiçin Azərbaycanın xarici işlər
naziri Elmar Məmmədyarov ilə görüşü nəzərdə
tutulur.
Xatırladaq ki, bu günlərdə Azərbaycan
Prezidenti İlham Əliyev Serbiya Respublikasının müdafiə
naziri Bratislav Qaşiçin başçılıq etdiyi
nümayəndə heyətini qəbul edib. Azərbaycan
ilə Serbiya arasında ikitərəfli münasibətlərin
müxtəlif sahələrdə inkişafının
yaxşı səviyyədə olduğunu vurğulayan
dövlət başçısı bu əlaqələrin
genişləndirilməsində yüksək səviyyəli
qarşılıqlı səfərlərin önəmini
vurğulayıb. İki ölkə
arasında müdafiə sahəsində əlaqələrin
inkişafı məsələsinə toxunan Prezident İlham
Əliyev bu istiqamətdə əməkdaşlığın
perspektivləri ilə bağlı aparılan müzakirələrin
əhəmiyyətini diqqətə çatdırıb.
Prezident İlham Əliyevi “Serbiyanın
böyük dostlarından biri” adlandıran Bratislav
Qaşiç iki ölkə arasında əlaqələrin
heç vaxt indiki kimi yüksək səviyyədə
olmadığını vurğulayıb. O, Azərbaycan
ilə Serbiya arasında münasibətlərin gələcəkdə
də uğurla inkişaf etdiriləcəyinə ümidvar
olduğunu bildirib.
Ümumiyyətlə, Azərbaycan-Serbiya əlaqələrinin
inkişaf tarixinə nəzər saldıqda, milli dövlət
maraqlarına uyğun olaraq hər iki tərəfin əməkdaşlığa
böyük önəm verdiyi özünü göstərir. Xatırladaq ki,
keçmiş Yuqoslaviya Azərbaycanın müstəqilliyini
1991-ci il dekabrın 31-də tanıyıb,
1997-ci il avqustun 21-də Serbiya və Monteneqro İttifaqı ilə
Azərbaycan Respublikası arasında ikitərəfli diplomatik
münasibətlərin əsası qoyulub. 2010-cu ilin 25 mart
tarixində Azərbaycan Respublikasının iqamətgahı
Buxarest şəhərində yerləşməklə, eyni
zamanda, Serbiya Respublikasında da səfir təyin edilmiş Eldar Həsənov etimadnamələrini
Serbiya Prezidentinə təqdim edib. Serbiya Azərbaycanda
iqamətgahı Türkiyədə olan səfirliyi vasitəsilə
təmsil olunurdu. 2011-ci ilin fevral ayında
Serbiyanın Azərbaycandakı müvəqqəti işlər
vəkili fəaliyyətə başlayıb. Serbiya
Respublikasının Azərbaycana təyin olunmuş səfiri
Zoran Vajoviç 26 may 2011-ci il tarixində
etimadnaməsini Azərbaycan Prezidentinə təqdim edib.
İki ölkə arasında siyasi münasibətlər
dövlət rəsmilərinin qarşılıqlı səfərləri
zamanı daha da möhkəmlənib. Belə ki, 2010-cu il
11-13 may tarixlərində Prezident B.Tadiçin ölkəmizə,
2011-ci il 8-9 iyunda isə Prezident İlham Əliyevin Serbiyaya rəsmi
səfəri baş tutub. Bundan əlavə, xarici işlər
naziri Elmar Məmmədyarov Qara Dəniz İqtisadi Əməkdaşlıq
Təşkilatının Xarici İşlər Nazirləri
Şurasının 16-cı görüşündə
iştirak etmək məqsədilə 2007-ci il
aprelin 18-19-da Serbiyada işgüzar səfərdə olub. Həmçinin, Azərbaycanın ekologiya və təbii
sərvətlər nazirinin, ədliyyə nazirinin, iqtisadi
inkişaf nazirinin də ikitərəfli görüşlər
və beynəlxalq tədbirlər çərçivəsində
bu ölkəyə səfərləri olub. Eynilə, qarşı tərəfdən də dəfələrlə
ölkəmizə müxtəlif səviyyələrdə rəsmi
səfərlər baş tutub. Azərbaycan
ilə Serbiya arasında ticarət və iqtisadi əməkdaşlıq
üzrə Hökumətlərarası Komissiya da fəaliyyət
göstərir ki, bu da müxtəlif sahələr üzrə
əməkdaşlıq əlaqələrinin çevikliyini təmin
edir.
2013-cü ilin əvvəlində Serbiya Prezidenti Tomislav
Nikoliçin Azərbaycana rəsmi səfəri və dövlət
başçıları arasında keçirilən
görüşlər iki ölkə əlaqələrinin
inkişafında mühüm təkan oldu. İki ölkənin
dövlət başçılarının və nümayəndə
heyətlərinin iştirakı ilə geniş tərkibdə
görüş zamanı Prezident İlham Əliyev
görüş iştirakçılarına müraciətində
səfərin yekunlarının müsbət olacağına əminliyini
ifadə edib, bütün sahələrdə birgə əməkdaşlıq
üçün çox gözəl imkanların olduğunu
bildirib.
Azərbaycan ilə Serbiyanın beynəlxalq təşkilatlar
çərçivəsindəki əməkdaşlığı
da yüksək səviyyədədir. İki ölkə beynəlxalq
təşkilatlar çərçivəsində ənənəvi
olaraq bir-birinə dəstək verir və bu, hər iki
dövlətin maraqları baxımından mühüm əhəmiyyət
daşıyır. Xüsusilə, ölkələrin
ərazi bütövlüyü məsələlərində
Azərbaycan ilə Serbiya daim bir-birinin yanındadır.
Ölkəmizə
səfər edən Serbiyanın dövlət
başçısı ilə birgə mətbuata bəyanatında
Prezident İlham Əliyev bu məsələyə toxunaraq, Azərbaycanın
mövqeyini ifadə edib: “Azərbaycanın mövqeyi bundan
ibarətdir ki, bütün münaqişələr beynəlxalq
hüquq normalarına uyğun şəkildə həll edilməlidir.
Beynəlxalq təşkilatların qərar və
qətnamələri əsasında həll edilməlidir.
Heç bir ölkənin beynəlxalq birlik tərəfindən
tanınmış sərhədləri o ölkənin
razılığı olmadan dəyişdirilə bilməz.
Əminəm ki, gələcək illərdə
də, - bu barədə biz sizinlə bu gün bir daha öz
fikirlərimizi bildirdik, - biz qarşılıqlı surətdə
bir-birimizi bütün üzv olduğumuz beynəlxalq təşkilatlarda
dəstəkləyəcəyik”.
Dövlət başçısı Azərbaycanın ən
ağrılı problemi olan Dağlıq Qarabağ
münaqişəsinə də toxunaraq, Azərbaycan
torpaqlarının uzun illərdir ki, Ermənistan tərəfindən
işğal altında olduğunu bildirib. Dövlət
başçısı onu da əlavə edib ki, iki ölkə
arasında imzalanan Birgə Bəyannamədə Dağlıq
Qarabağ münaqişəsi ilə bağlı, eyni zamanda,
Kosovo məsələsində Azərbaycanın Serbiyanı dəstəkləməsi
haqqında kifayət qədər dəqiq ifadələr əksini
tapıb. Serbiya Prezidenti isə Azərbaycan ilə
ölkəsi arasında sarsılmaz dostluğun olduğunu
bildirərək, iki ölkənin maraqlarının
üst-üstə düşdüyünü söyləyib.
Tomislav Nikoliçin sözlərinə görə, Azərbaycanın
Serbiyanı dəstəkləməsi bir daha onu sübuta
yetirir ki, müxtəlif dinlərə malik olan xalqlar
coğrafi məsafəyə baxmayaraq, insanlar arasında
anlaşmanın möhkəmlənməsinə xidmət edə
bilərlər: “Biz Azərbaycana çox minnətdarıq,
ölkəniz bizə dəstək verir ki, ədalət bərpa
olunsun. Biz də Azərbaycanı dəstəkləyirik.
Əgər söhbət ədalətdən
gedirsə, digər maraqlar kənarda qalmalıdır. Biz tələb edirik ki, bütün başqa maraqlar
kənara atılsın. Əgər
söhbət Serbiyadan və Azərbaycandan gedirsə, ədalət
bərqərar olunmalıdır. Biz bir
çox hallarda mübarizə aparmışıq, itkilər
olubdur. Lakin biz hər zaman bu sınaqlardan
lazımi qaydada çıxmışıq”.
Prezident T.Nikoliç qeyd edib ki, Serbiya Azərbaycanı hətta
üzv olmadığı təşkilatlarda da dəstəkləyəcək. O, eyni zamanda, Serbiyanın
iştirak etmədiyi təşkilatlarda Azərbaycanın
ölkəsini təmsil etməsi ilə bağlı istəyini
dilə gətirib. Azərbaycan Prezidenti İlham
Əliyevin və xanımı Mehriban Əliyevanın
adından Serbiya Prezidenti Tomislav Nikoliçin və
xanımı Dragitsa Nikoliçin şərəfinə verilən
rəsmi ziyafətdə isə Prezident İlham Əliyev
qarşılıqlı səfərlərin ikitərəfli əməkdaşlığın
inkişafına və münasibətlərin yeni müstəviyə
yüksəlməsinə təkan verəcəyini bildirib.
Dövlət başçısı beynəlxalq
terrorizmə qarşı mübarizə və
regionlarımızda sabitliyin möhkəmləndirilməsində,
ərazi bütövlüyü məsələlərində
də mövqelərin üst-üstə
düşdüyünü vurğulayıb.
Azərbaycan ilə Serbiya arasında iqtisadi sahədə
də əməkdaşlıq inkişaf etməkdədir. İki ölkə
birgə iqtisadi layihələr icra etməkdədir. Serbiya iqtisadiyyatı Azərbaycan investorları
üçün cəlbedicidir. Azərbaycan
investisiyalarının Serbiya iqtisadiyyatına daha böyük
həcmdə qoyuluşu, eyni zamanda, digər birgə layihələr
üzrə səylərin davam etdirilməsi gələcək
planda var.
Eyni zamanda, birbaşa olaraq Azərbaycanın təşəbbüsü
ilə başlanmış və uğurla icra edilən layihələrdə
Serbiyanın iştirakı məsələsi də dövlət
başçılarının görüşündə
müzakirə olunub. Onların içərisində
“Bakı-Tbilisi-Qars” dəmiryolunun tikintisi və Trans-Anadolu qaz
kəmərinin çəkilişi layihələri xüsusi əhəmiyyət
daşıyır. Azərbaycan ilə
Serbiya arasında nəqliyyat, energetika sahələrində əməkdaşlıq
üçün geniş imkanlar vardır. Eyni zamanda, digər sahələrdə - rabitə və
kommunikasiya, turizm və infrastruktur sahələrində də əməkdaşlıq
üçün perspektivlər kifayət qədərdir.
2011-ci illə müqayisədə 2012-ci ildə
iki ölkə arasında ticarət dövriyyəsinin bir
neçə dəfə artması da bunu təsdiq edir.
Serbiya
Prezidenti mətbuata bəyanatında Azərbaycanın əhalisinin
xüsusiyyətlərinə görə ölkəsinə
yaxın olduğunu bildirib: “O ki qaldı həyat
standartlarına görə, sizin əhaliniz daha yaxşı
yaşayır. Biz də istərdik ki, həyatı
eyni standartlarda təmin edək. Təbii, biz istərdik
ki, həmçinin, elə bir şərait qurulsun ki, bu, hər
iki xalqın maraqlarına cavab versin. Hətta belə
fikir də söyləmək istəyirəm ki, işgüzar
dairələr üçün əgər cəlbedici şəhərlər
varsa, məsafələr rol oynamır”.
Azərbaycan-Serbiya əlaqələri humanitar sahələrdə
də inkişaf etməkdədir. Humanitar əlaqələr
iki ölkəni bir-biri ilə daha da
yaxınlaşdırır. Bu sahədə
son illər ərzində mühüm irəliləyişlər
əldə olunub. Azərbaycan və Serbiya
şəhərlərində iki ölkənin
xalqlarının görkəmli şəxsiyyətlərinin
xatirəsinə ucaldılmış abidələr bunun bariz
nümunəsidir. Məsələn,
Prezident İlham Əliyevin Serbiyaya səfəri zamanı bu
ölkədə Ulu öndər Heydər Əliyevin və
böyük bəstəkar Üzeyir Hacıbəylinin abidələri
açılıb. Ötən il
fevralın 8-də Bakının mərkəzində,
Azadlıq prospekti və Süleyman Rəhimov küçələrinin
kəsişməsində serb xalqının görkəmli
alimi Nikola Teslanın abidəsinin açılışı
olub. Bütün bunlar onu deməyə əsas
verir ki, bu gün Serbiya-Azərbaycan əlaqələri öz
inkişaf dövrünü yaşayır. İki ölkə rəhbərlərinin bəyanatları
da göstərir ki, mövcud dostluq və tərəfdaşlıq
münasibətləri bundan sonra daha da möhkəmləndiriləcək.
Azərbaycan ilə Serbiya arasında əlaqələr,
əsasən, siyasi, iqtisadi və humanitar sahələri əhatə
edir. Qeyd olunduğu kimi, Serbiya müdafiə
nazirinin ölkəmizə səfəri isə dünyada hərbi
təhlükəsizlik məsələlərinin
aktuallığının artdığı bir dövrdə
iki ölkənin müdafiə sahəsindəki əməkdaşlığına
töhfədir.
Aqşin
ŞAHİNOĞLU
Yeni
Azərbaycan.-2014.- 10 sentyabr.- S. 8.