Azərbaycan xalçaçılıq ənənələrini yaşadan şirkət - “Azər-İlmə”

 

Vidadi Muradov: Xalqımızın qürur mənbəyi olan, nəsillərdən-nəsillərə yadigar qalan xalçaçılıq sənəti, həm də incəsənətimizin dünya mədəniyyətinə inteqrasiyasında bir vasitədir

 

Azərbaycan xalq sənətinin qədim zəngin tarixi, özünəməxsus ənənələri olan sahələrindən biri xalçaçılıqdır. Dünya mədəniyyətinə əvəzsiz töhfələr vermiş Azərbaycan xalçaçılıq sənəti bu gün də yaşayır, inkişaf edir, nəsildən-nəslə ötürülür. Eyni zamanda, bu gün Azərbaycanın bu dəyərli sənət növü rəngarəngliyi, orijinallığı ilə bütün dünyanı heyran edir. Sevindirici haldır ki, hazırda qədim xalçaçılıq sənətimizin ənənələrini haqqında söhbət açacağımız “Azər-İlmə” şirkəti yaşadır, inkişaf etdirərək təbliğ edir. 1994-cü ildən Bakıda fəaliyyətə başlayan “Azər-İlmə” dünya sivilizasiyasının maddi və mədəni sərvətlərinə əvəzsiz töhfələr verir, Azərbaycan xalçaçılıq sənəti ənənələrini yaşadır, bütün dünyada təbliğinə çalışır.

Məlum olduğu kimi, Azərbaycan dövlətinin mədəniyyət sahəsi ilə bağlı siyasətində xalçaçılığa münasibət xüsusi yer tutur. “Azər-İlmə” şirkəti də dövlət başçımızın və Heydər Əliyev Fondunun Azərbaycan mədəniyyətinin, o cümlədən xalçaçılığın inkişaf etdirilməsi sahəsindəki fəaliyyətini yüksək qiymətləndirərək, bu tarixi missiyanın yerinə yetirilməsində fəal iştirak edir, bir sıra əsaslı layihələr həyata keçirir. “Azər-İlmə” xalça istehsalının bütün sahələrini özündə birləşdirən istehsalelm mərkəzidir. Hazırda bu xalça məbədində xalçaçı rəssamlar, sənətşünaslar, xalça mütəxəssisləri və xalçatoxuyanlar çalışır. Qeyd etmək lazımdır ki, müəsissədə qədim ənənələr, çeşnilər əsasında istənilən interyeri bəzəyən yeni xalçalar istehsal edilir, iplərin əyrilməsi, təbii rənglərlə boyanması, xalçaların toxunması, yuyulması kimi proseslər ənənəvi qaydada həyata keçirilir.

Elmi təməl üzərində qurulan xalçaçılıq...

“Azər-İlmə”nin rəhbəri, Əməkdar incəsənət xadimi, professor Vidadi Muradov bizimlə söhbət zamanı bildirdi ki, şirkətin fəaliyyəti möhkəm elmi təməl üzərində qurulub. Elm və istehsalatın vəhdəti “Azər-İlmə”nin işinin əsasını təşkil edir: “Biz Azərbaycan xalçaçılıq sənəti sahəsində həm ölkəmizdə, həm də xaricdə aparılmış bütün tədqiqatları izləyirik, əldə edilmiş nailiyyətlərlə birgə, yeni perspektivlərin müəyyənləşdirilməsinə xüsusi fikir veririk. Azərbaycan xalçaçılığının tədqiqi tarixində ilk dəfə olaraq “Azərbaycan xalçaları bütün məktəbləri ilə” adlı böyük layihəni reallaşdırmaqdayıq. Layihənin nəticələri Azərbaycan xalçaçılığının bütün məktəblərini ehtiva edən fundamental nəşrlərdə öz əksini tapıb. Layihə çərçivəsində Azərbaycanın bütün xalça qruplarının əks olunduğu Azərbaycan, rus, ingilis, fransız, türk, ivrit, ərəb dillərində broşürlər, “Azərbaycan xalçaları: Qarabağ qrupu”, “Azərbaycan xalçaları: İrəvan qrupu”, “Azərbaycan xalçaları: Təbriz qrupu” və s. kimi kitablar geniş oxucu kütləsinə çatdırılıb. Məqsəd Azərbaycan xalçalarını təbliğ etmək, onların tarixinə müasir dövrün tələbləri baxımından bir daha nəzər salmaq, qaranlıq məqamları araşdırmaq, onun dünya mədəniyyətindəki mövqeyini möhkəmləndirməyə yardımçı olmaqdır. Xalqımızın qürur mənbəyi olan, nəsillərdən-nəsillərə yadigar qalan xalçaçılıq sənəti, həm də incəsənətimizin dünya mədəniyyətinə inteqrasiyasında bir vasitədir. Buna görə də, milli xalçalarımızın araşdırılması və dünya ictimaiyyətinə təqdim edilməsi zərurətini nəzərə alaraq, nəşrlərimizi ingilis, rus, alman, fransız, ərəb dillərində də çap etdirmişik”.

Həmsöhbətimiz onu da qeyd etdi ki, Cənubi Afrikadan Amerikaya, Türkiyədən Yaponiyaya, İsveçdən Kanadaya qədər dünyanın 40-dan çox ölkəsində onların istehsalı olan əl əməyi, göz nuru xalçalar şəxsi və muzey kolleksiyalarına daxil edilib. Həmçinin, 10 beynəlxalq sərgidə nümayiş etdirilən “Azər-İlmə”nin məhsulları dəfələrlə sertifikatlara, ən ali mükafatlara layiq görülüb: “Azər-İlmə”də toxunulan Azərbaycan xalçaları 1997-ci ildə Amerika Birləşmiş Ştatlarının Atlanta, 1999-cu ildə Almaniyanın Hanover şəhərlərində 2003-cü ildə isə Moskvada keçirilmiş satış-sərgilərdə müvəffəqiyyətlə iştirak edib. İngiltərədə çıxan “Halı” jurnalının hər nömrəsində “Azər-İlmə”nin məhsulları təqdim edilir, həm də Azərbaycanın Dövlət bayrağı altında. Artıq dünya xalça sənətinin biliciləri xalqımızın bu sənətə yiyəlik, sahiblik etmək haqqını tanıyırlar. Biz dəfələrlə beynəlxalq tədbirlərdə xalçalarımızı öz adlarına çıxmaq istəyən erməniləri tutarlı cavablarımızla susdurub, xalça sənətinin onlara dəxli olmadığını sübut etmişik. Elə məni bu sənətə gətirən də saxtakar ermənilərin hələ illər əvvəl xüsusi tapşırıqla kənd-kənd, ev-ev gəzib nə yolla olursa olsun qədim, zəngin çeşnili gəbələrimizi, xalçalarımızı alıb İrəvana daşımaları olub”...

Xalçanın tədrisi və istehsalı...

Vidadi müəllim onu da dedi ki, qədim ənənələrə malik Azərbaycan xalçaçılıq sənətinin qorunması və inkişaf etdirilməsi məqsədi ilə “Azər-İlmə”nin nəzdində “Xalçaçılıq Tədris Mərkəzi” yaradıblar. Bu Mərkəzdə gənc xalçaçıların hazırlığı üçün hər cür şərait yaradılıb. Ən müasir standartlara cavab verən tədris kompleksində 7-16 yaş arasında uşaq və yeniyetmələr təhsil alırlar. Altı ayya birillik tədris kursunu uğurla başa vuran şagirdlərə sertifikatlar təqdim olunur: “Mərkəzə həm xalçaçılıq sahəsində, həm də bu sahədə pedaqoji təcrübəyə malik olan mütəxəssislər cəlb edilib. Şagirdlər üçün xüsusi hanalar hazırlanıb, əyani vəsaitlər təşkil edilib. Bir sözlə, “Xalçaçılıq Tədris Mərkəzi” xalçaçılıq sahəsində yeni tipli tədris mərkəzi olmaqla qarşısına qoyulan bütün tələbləri yüksək səviyyədə yerinə yetirəcək. Burada Azərbaycan üçün yeni xalçaçılar nəsli yetişəcək”.

Zəhmətlə araya - ərsəyə gələn milli yaddaşımız...

Professor Vidadi Muradov bildirdi ki, “Azər-İlmə”nin Azərbaycanın bütün rayonları ilə sıx əlaqələri var: “Ölkəmizin müxtəlif bölgələrində xalçaçı sənətkarlar var. Müəssisənin fəaliyyətində məqsəd həm də qədim xalçaçılıq ənənələrini yaşatmaq, inkişaf etdirməkdir. Ona görə fərdi şəkildə bu sənətlə məşğul olan xalçaçıları əməkdaşlığa cəlb edirik, bölgələrdə olan emalatxanalarla müqavilə əsasında işləyirik”.

Təsadüfi deyil ki, respublikamıza gələn rəsmi qonaqlar, dövlət başçıları və onların xanımları məhz bu mədəniyyət ocağına baş çəkir və yüksək təəssüratla ayrılırlar. “Azər-İlmə”də yun və ipəkdən toxunan, ən zərif toxunuşlu, yüksək sıxlıqlı, orijinal tərtibatlı, şux ahəngdar koloriti ilə seçilən xalçalar bu müəssisənin emalatxanalarında peşəkar sənətkarlar tərəfindən ərsəyə gətirilir. Uzun illərdir bu sənətlə məşğul olan Vidadi müəllim xalçaların toxunma, boyanma üsulundan da danışdı. Sən demə, evlərimizə, interyerlərimizə bəzək verən bu xalçalar necə də zəhmətlə araya - ərsəyə gəlirmiş. Həmsöhbətimiz bu məsələyə belə aydınlıq gətirdi: “Burada ipliklər xalq üsulu ilə təbii yolla, əsasən də bitki mənşəli boyaq tərkibləri ilə boyanır. Zahirən sadə görünən bu üsulu ustadan böyük məharət tələb edir. Xalçalarda istifadə edilən qırmızı, yaşıl, sarı, mavi, sürməyi, qara, kimi yeddi növ əsas rəngin və onların çalarlarının alınması üçün qoz qabığı, nar qərzəyi, indiqo, tut, heyva, qoz ağaclarının yarpaqlarından, boyaqotu kolunun köklərindən və müxtəlif üsullardan istifadə edilir. Boyanmış kələflərin xüsusi dolablarda suyunun sıxılması və isti kameralarda qurudulması üçün şirkətdə müvafiq şərait yaradılıb. İpliyin boyaq maddəsini tam qəbul etməsi, rəngin bərkidilməsi prosesi xalçanın yüksək bədii və texniki keyfiyyətinə zəmanət verən amil hesab olunur. Bu rənglər Azərbaycanın ayrı-ayrı bölgələrinin əsrarəngiz mənzərələri, güllü-çiçəkli bağları, yaşıl meşə və çəmənliklərinin xalçalar üzərində bədii əksidir. Təbii üsulla alınan bu boyaq maddələri toxunduqları xalçaların kompozisiyasında emosional təsir gücünü artırır, parlaqdolğun rəng həllini tamamlayır, xalçaya ecazkar görkəm verir”.

Bir-birindən maraqlı layihələr...

Söhbət əsnasında öyrənirik ki, “Azər-İlmə” şirkətinin nəzdində həm də “Azərbaycan xalçaları” adında elmi-publisistik jurnal fəaliyyət göstərir. Jurnalın ilk sayı 2011-ci ildə nəşr olunub. İlk sayından etibarən Azərbaycan mədəniyyətini, xalqımızın dərin köklərlə tarixə bağlı milli mədəni, mənəvi irsini təbliğ etmək, dünya ictimaiyyətinin diqqətinə çatdırmaq missiyasını həyata keçirən jurnalda Azərbaycan xalçaçılığının tarixi nailiyyətlərinə dair məqalələr dərc edilir, onun istər ölkə daxilində, istərsə də dünyada yayılmasının təbliği təşkil olunur. Jurnal Azərbaycan, rus, ingilis dillərində nəşr edilir: “Jurnalımız, eyni zamanda, Azərbaycan Respublikası Prezidenti Yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin qərarı ilə “Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən elmi nəşrlərin siyahısı”na da daxil edilib. Bundan başqa, biz daha bir layihə həyata keçiririk. Azərbaycan teleməkanında ilk dəfə olaraq “Azərbaycan xalça məktəbləri” adlı elmi-bədii televiziya layihəsi gerçəkləşdirməyə başlamışıq. Bu layihə çərçivəsində bütövlükdə Azərbaycan xalçalarına və hər bir xalça məktəbinə xüsusi telefilmlər həsr edilir. Onların əhəmiyyəti nəzərə alınaraq, mətnin ingilisrus dillərinə tərcüməsi ilə xüsusi versiyasının (disklərinin) hazırlanması da təşkil edilir. Bu layihədən ilk telefilm Azərbaycan xalçalarının İrəvan qrupuna həsr edilib. “Azərbaycan xalçaları. İrəvan qrupuadlanan bu telefilmdə Azərbaycanın əzəli, tarixi torpaqları olan Qərbi Azərbaycanın (indiki Ermənistan) tarixinə nəzər salınır, onun zəngin xalçaçılıq ənənələri və İrəvan qrupu xalçalarının sənətkarlıq xüsusiyyətlərindən bəhs edilir. Layihəmiz “Azərbaycan xalçaları. Qarabağ qrupu”, “Azərbaycan xalçaları. Qazax-Borçalı” kimi filmlərlə davam etdirilib. Hazırda digər xalça qrupları haqqında telefilmlərin çəkilişi davam edir. Qeyd edim ki, telefilmlərin diskləri “Azərbaycan xalçaları” jurnalına əlavə olunur. Gələcəkdə də bu cür layihələri davam etdirəcəyik”.

 

Oktay

Yeni  Azərbaycan.-2014.- 12 sentyabr.- S. 6.