Azərbaycan və Malayziya münasibətlərin daha
sürətlə inkişaf etdirilməsində
maraqlıdır
Malayziya Baş nazirinin ölkəmizə ilk səfəri iki ölkənin müxtəlif sahələrdə əməkdaşlığına mühüm təkan oldu
Fəal xarici siyasət yürüdən və ikitərəfli əlaqələrini genişləndirən Azərbaycan son illərdə Latın Amerikası, Afrika, Şərqi və Cənub-Şərqi Asiya ölkələri ilə yeni əlaqələr yaradır, mövcud əməkdaşlıq spektrini isə genişləndirir. Bu baxımdan, ölkəmizin ortaq maraqlar əsasında əməkdaşlığı inkişaf etdirməkdə olduğu dövlətlərdən biri də Malayziyadır.
Bunun bariz göstəricisi kimi, sentyabrın 12-də Malayziyanın Baş naziri Mohammad Najib Tun Abdul Razakın Azərbaycana rəsmi səfərini qeyd etmək olar. Bu, həm də onunla əlamətdardır ki, ilk dəfə olaraq Malayziya Baş naziri ölkəmizə səfər edib. Qeyd edək ki, səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Malayziyanın Baş naziri Mohammad Najib Tun Abdul Razak arasında keçirilən təkbətək görüşdə ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olunaraq, əlaqələrin genişləndirilməsi üçün yaxşı potensialın olduğu qeyd edilib. İki ölkə arasında münasibətlərin bundan sonra da inkişaf edəcəyinə əminliyin ifadə olunduğu görüşdə ikitərəfli, beynəlxalq və qarşılıqlı maraq doğuran müxtəlif məsələlər barədə də fikir mübadiləsi aparılıb.
İki ölkənin qarşılıqlı münasibətlərin inkişafına verdiyi önəm Azərbaycan Prezidentinin və Malayziya Baş nazirinin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibli görüşündə də vurğulanıb. Belə ki, Prezident İlham Əliyev görüşdəki çıxışında Malayziyanı “yaxın dost və tərəfdaş” ölkə adlandıraraq, Baş nazirin səfərinin əlaqələrə yeni təkan verəcəyinə, siyasi, iqtisadi əməkdaşlığın gücləndiriləcəyinə əminlik ifadə edib: “Biz xalqlarımız arasında əlaqələrin dərinləşməsi üzərində çalışacağıq. Xalqlarımız ünsiyyət saxlamaq və ikitərəfli əlaqələrimizin uğurlu inkişafına töhfə vermək üçün bir-birini daha yaxından tanımalıdırlar”.
Mohammad Najib Tun Abdul Razak isə iki ölkə arasındakı mövcud münasibətlərə əsasən bir çox sahələrdə əməkdaşlığın mümkün olduğunu deyib.
AZƏRBAYCANIN İNKİŞAFI MALAYZİYA BAŞ NAZİRİNİ HEYRƏTLƏNDİRİB
Bu, bir həqiqətdir ki, öz inkişafına görə regionun lider dövləti olan Azərbaycan bu gün beynəlxalq aləmin diqqət mərkəzindədir. Təsadüfi deyil ki, ölkəmizə səfər edən qonaqlar, o cümlədən ən inkişaf etmiş ölkələrin rəsmiləri belə burada gördükləri inkişafın onlarda dərin təəssürat doğurduğunu etiraf edirlər.
Bu baxımdan, Azərbaycanda ilk dəfə olan Malayziya Baş naziri Mohammad Najib Tun Abdul Razak da burada gördüyü mənzərədən təsirləndiyini səfər çərçivəsində dəfələrlə vurğulayıb. Belə ki, geniş tərkibli görüşdə Baş nazir Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi altında sürətli və keyfiyyətli inkişafın onu heyrətləndirdiyini deyib: “Bakının müasir şəhərə, Azərbaycanın güclənən, inkişaf edən, böyük potensialı olan ölkəyə çevrilməsini görmək yeni nəfəs almaq deməkdir. Zati-aliləri, Sizi bu mükəmməl rəhbərliyiniz münasibətilə təbrik etmək istərdim. Mən bu səfəri səbrsizliklə gözləyirdim. Ölkəniz barədə çoxlu məlumatlar eşitmişdim və gördüklərim məni çox sevindirir. Mən gələcəkdə burada daha çox vaxt keçirmək, bu gözəl mənzərəni görmək istərdim”.
Mətbuata birgə bəyanat zamanı isə Mohammad Najib Tun Abdul Razak Bakıya ayaq basdığı ilk andan çox təsirləndiyini, təkcə inkişafın özünün deyil, keyfiyyətin də onu valeh etdiyini, Azərbaycan rəhbərinin gələcəyə olan baxışlarının onda böyük təəssürat yaratdığını bildirib. Malayziya Baş naziri ölkəsinə qayıdandan sonra həmvətənlərinə Azərbaycana səfər etməyi tövsiyə edəcəyini də söyləyib: “Azərbaycan həqiqətən çox gözəl ölkədir, Xəzər sahilində yerləşən bir dövlətiniz var. Bu gün qaldığım otağın pəncərəsindən baxanda məndə elə təəssürat yarandı ki, sanki, böyük, gözəl bir istirahət məkanındayam. Həqiqətən də, Azərbaycan mənim bu günə qədər səfər etdiyim ən gözəl ölkələrdən biri hesab oluna bilər”.
BU SƏFƏR QARŞILIQLI SİYASİ, İQTİSADİ ƏLAQƏLƏRİN GENİŞLƏNDİRİLMƏSİNİN YENİ TƏMƏLLƏRİNİ QOYDU
Bu məqamda vurğulamaq yerinə düşər ki, Malayziya ölkəmizin müstəqilliyini 1991-ci il dekabrın 31-də tanıyıb. Azərbaycan ilə Malayziya arasında diplomatik münasibətlər isə 1993-cü il aprelin 5-də qurulub. 2004-cü ildə Malayziyanın Azərbaycanda, həmçinin, Türkiyədə akkreditə olmuş səfiri fəaliyyətə başlayıb. Azərbaycanın Malayziyadakı səfirliyi isə 20 sentyabr 2005-ci ildə təsis edilib.
Qeyd edək ki, sözügedən səfəri zamanı Malayziyanın Baş naziri Mohammad Najib Tun Abdul Razak Malayziyanın ölkəmizdəki səfirliyinin açılış mərasimdə də iştirak edib. Mərasimdəki çıxışı zamanı Baş nazir Mohammad Najib Tun Abdul Razak deyib ki, ölkəsinin hökuməti Azərbaycanda səfirliyin açılması barədə qərarından çox şaddır. Yeni səfirin Azərbaycanda üç il fəaliyyət göstərəcəyini deyən Baş nazir əminliklə bildirib ki, Azərbaycan-Malayziya münasibətləri hər iki tərəf üçün faydalı olacaq.
Yeri gəlmişkən, Malayziya Baş nazirinin səfəri həm də yeni Azərbaycan-Malayziya sənədlərinin imzalanması ilə müşayiət olunub. Belə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Malayziyanın Baş naziri Mohammad Najib Tun Abdul Razak tərəfindən Azərbaycan Respublikası ilə Malayziya arasında dostluq münasibətləri və tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanıb. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Malayziyanın “Petroliam Nasional Berhad” şirkəti arasında neft və qaz sektorunda əməkdaşlıq üzrə Anlaşma Memorandumunu isə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev və “Petroliam Nasional Berhad” şirkətinin prezidenti və baş icraçı direktoru Tan Sri Dato Şamsul Azhar Abbas imzalayıblar. Azərbaycan Respublikası Hökuməti və Malayziya Hökuməti arasında diplomatların təlimi sahəsində əməkdaşlıq üzrə Anlaşma Memorandumunu isə Azərbaycanın xarici işlər nazirinin müavini və “ADA” Universitetinin rektoru Hafiz Paşayev, Malayziyanın Xarici İşlər Nazirliyinin Diplomatiya və Xarici Əlaqələr İnstitutunun baş direktoru Dato Hussin Nayan imzalayıblar.
Beləliklə, Azərbaycan Prezidenti və Malayziya Baş nazirinin bəyanatları, eləcə də, imzalanan sənədlər onu göstərir ki, iki ölkə əməkdaşlığının bundan sonra genişləndirilməsində enerji üzrə tərəfdaşlıq mühüm rol oynayacaq. Hər iki ölkə şirkətlərinin bu sahədə səmərəli əməkdaşlıq üçün kifayət qədər geniş təcrübəsi var.
Azərbaycan və Malayziya, eyni zamanda, digər sahələrdə də əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi üçün mövcud hüquqi bazanı genişləndirmək niyyətindədir. Xatırladaq ki, 2012-ci ilin dekabr ayında Azərbaycan Respublikası və Malayziyanın hava nəqliyyatı qurumları arasında Anlaşma Memorandumu, 2013-cü ilin fevral ayında Azərbaycanın “Silk Way Airlines” və Malayziyanın “MASkargo” aviaşirkətləri arasında əməkdaşlığa dair Memorandum imzalanıb. Bundan başqa, tərəflər arasında imzalanması nəzərdə tutulan və müxtəlif sahələri əhatə edən 17 saziş layihəsinə baxılmaqdadır.
Malayziyanın Baş naziri Mohammad Najib Tun Abdul Razakın ölkəmizə səfəri çərçivəsində Azərbaycan və Malayziya iş adamlarının iştirakı ilə keçirilən biznes forum isə iki ölkənin iqtisadi əlaqələrinin inkişafı baxımından əlamətdar olub. Forumda çıxış edən Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev deyib ki, Azərbaycan ilə Malayziya arasında əlaqələr uğurla inkişaf edir. Siyasi əlaqələrin yüksək səviyyədə olması iqtisadi əməkdaşlığın da inkişafı üçün geniş imkanlar açır. Ş.Mustafayev iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu qeyd edib. Bildirib ki, ölkələrimizin iş adamlarının əlaqələrinin genişləndirilməsi Azərbaycan-Malayziya iqtisadi əməkdaşlığının inkişafında əhəmiyyətli rol oynayacaq.
Nazir Azərbaycan iqtisadiyyatı, ölkəmizin investisiya və ixrac imkanları, həyata keçirilən irimiqyaslı regional layihələr barədə də məlumat verib. O, ölkəmizdə siyasi və makroiqtisadi sabitliyin təmin edildiyini, Azərbaycanın Cənubi Qafqazın siyasi, iqtisadi və mədəni mərkəzi, Avropanın enerji təhlükəsizliyinin təminində etibarlı tərəfdaş olduğunu vurğulayıb. Ş.Mustafayev bu uğurların təməlində Azərbaycan Prezidenti İlham Əliyevin apardığı məqsədyönlü siyasətin dayandığını bildirib.
Malayziyanın Baş naziri Mohammad Najib Tun Abdul Razak isə öz növbəsində, ölkəmizə səfərindən məmnunluğunu ifadə edib. O, dünyada baş verən maliyyə-iqtisadi böhranın fonunda Azərbaycanın qazandığı uğurları yüksək qiymətləndirib. Ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafı üçün geniş imkanların olduğunu vurğulayan Baş nazir biznes forumun bu əlaqələrin genişlənməsinə töhfə verəcəyini deyib. Malayziya iqtisadiyyatı, eləcə də iki ölkə arasında əlaqələrin inkişaf perspektivlərinə dair fikirlərini bildirən Baş nazir iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın genişləndirilməsi, ticarət dövriyyəsinin artırılması, qarşılıqlı investisiya qoyuluşu üçün böyük imkanların olduğunu diqqətə çatdırıb, iş adamlarını fəal əməkdaşlığa dəvət edib. O bildirib ki, azərbaycanlı iş adamları Malayziya ilə sıx əməkdaşlıq nəticəsində, eyni zamanda, yeni bazarlara çıxmaq imkanı da qazanacaqlar. Malayziyanın Baş naziri nəinki iqtisadiyyat, həmçinin, mədəniyyət, təhsil sahələrində də əməkdaşlığın vacibliyini qeyd edib.
Biznes forumda hər iki ölkənin şirkətlərinin fəaliyyəti barədə məlumat verilib, Azərbaycan ilə Malayziya arasında iqtisadi əməkdaşlıq əlaqələrinin perspektivlərinə dair müzakirələr aparılıb.
Malayziyalı iş adamları çıxışlarında Azərbaycandakı iqtisadi inkişafı yüksək qiymətləndirib və azərbaycanlı həmkarları ilə əlaqələrin genişləndirilməsində maraqlı olduqlarını bildiriblər.
MALAYZİYA AZƏRBAYCANIN ƏRAZİ BÜTÖVLÜYÜNÜ MÜDAFİƏ EDİR
Bildirmək yerinə düşər ki, Malayziya birmənalı olaraq ölkəmizin ərazi bütövlüyünü dəstəkləyir. Elə sözügedən səfər zamanı mətbuata birgə bəyanatlar səsləndirilərkən Prezident İlham Əliyev iki ölkənin beynəlxalq təsisatlar çərçivəsində, xüsusilə də BMT, İslam Əməkdaşlıq Təşkilatı və digər təşkilatlarda müsbət əməkdaşlığının olduğunu deyərək, Dağlıq Qarabağ məsələsində çox qətiyyətli mövqe tutduğuna və Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini daim müdafiə etdiyinə görə Malayziyaya minnətdarlığını bildirib. Dövlət başçısının sözlərinə görə, beynəlxalq hüquqa uyğun olan bu mövqe ölkələrimizin əməkdaşlığını, qardaşlığını əks etdirir.
Malayziya Baş naziri isə haqq-ədalətin tərəfdarı olan ölkə olaraq Azərbaycanın ərazi bütövlüyü məsələsində mövqeyini hər yerdə müdafiə etdiklərini deyib: “Biz bundan sonra da qətiyyətli mövqe nümayiş etdirəcəyik. Haqq-ədalət Sizin tərəfinizdədir və biz hər zaman Sizinlə olacağıq. Eyni zamanda, mən Azərbaycana təşəkkür edirəm ki, BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyü məsələsində bizim ölkəmizi dəstəkləyib”.
Hülya MƏMMƏDLİ
Yeni Azərbaycan.-2014.- 26 sentyabr.- S. 8.