Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan yeni-yeni uğurlara imza atacaq

 

                                         Müsahibimiz Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlıdır

 

- Mübariz müəllim, bildiyimiz kimi, Prezident İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycan bütün sahələrdə böyük inkişaf yolu keçib. Ümumiyyətlə, ölkəmizin son illərdə qazandığı uğurları necə qiymətləndirirsiniz?

- Məlum olduğu kimi, bu gün müstəqil Azərbaycan Respublikası demokratik və bəşəri dəyərlərin bərqərar olduğu məkan, dünya birliyinin layiqli üzvü, davamlı inkişaf edən, dayanıqlı iqtisadiyyata malik ölkədir. Bu isə əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulanPrezident İlham Əliyevin rəhbərliyi altında davam etdirilən düşünülmüş, məqsədyönlü siyasətin məntiqli nəticəsidir. Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi son 10 il ərzində müstəqil Azərbaycan keçid dövrünü başa vuraraq, yeni inkişaf mərhələsinə qədəm qoyub, etibarlı tərəfdaş kimi dünyada yüksək nüfuza malik olan ölkəyə, regionun bütün siyasiiqtisadi məsələlərinin həllində əvəzolunmaz iştirakçıya və əsas söz sahibinə çevrilib. Bu gün Azərbaycan regionda böyük transmilli layihələrin təşəbbüskarı və aparıcı iştirakçısıdır, ölkəmiz kosmik ölkələr klubuna daxil olub, BMT Təhlükəsizlik Şurasının üzvüdür, Davos, Krans Montana, mədəniyyətlərarası humanitar forumların, beynəlxalq müsabiqələrin keçirildiyi bir məkandır.

Danılmaz həqiqətdir ki, dünyanın aparıcı dövlətlərinin ciddi problemlərlə üzləşdiyi, qlobal iqtisadi böhranın təsirlərinin hələ də bir çox ölkələrdə özünü göstərdiyi bir vaxtda Azərbaycanda makroiqtisadi sabitlik hökm sürür, enerji, ərzaq və ekoloji təhlükəsizliyin təmin olunması istiqamətində qarşıya qoyulan vəzifələr uğurla yerinə yetirilir, əhalinin həyat səviyyəsi davamlı olaraq yüksəlir. Bu müddət ərzində ÜDM 3,4 dəfə, onun adambaşına düşən həcmi 3 dəfə, dövlət büdcəsinin gəlirləri 19 dəfə, qeyri-neft sənayesi 2,2 dəfə, kənd təsərrüfatı 1,5 dəfə, informasiya və rabitə sahəsi 9,5 dəfə, tikinti 5,6 dəfə, turizm 12 dəfə, nəqliyyat 2,6 dəfə, ticarət isə 3,2 dəfə artmışdır. Hazırda diversifikasiya siyasəti uğurla davam etdirilir və artıq iqtisadiyyatın qeyri-neft sektoru neft sektorunu üstələyir. Yoxsulluq səviyyəsi son 10 ildə 8 dəfə azaldılaraq 5,5 faizə enmişdir. Hazırda Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının təxminən 80 faizini təşkil edir.

Əlbəttə ki, Azərbaycanın iqtisadi inkişafını təmin edən əsas amillərdən biri yaradılmış əlverişli biznesinvestisiya mühitidir. Ölkəmizin etibarlı tərəfdaş olması, investorların hüquq və mənafelərinin müdafiəsi, mülkiyyət toxunulmazlığı, yerlixarici adamlarına bərabər şəraitin yaradılması nəticəsində iqtisadiyyata 156 milyard dollardan artıq investisiya yatırılmışdır. İqtisadi qüdrəti artan Azərbaycan artıq xaricə investisiya yatıran ölkəyə çevrilmişdir.

Ölkəmizin bu uğurları nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir. Dünya İqtisadi ForumununQlobal Rəqabət Qabiliyyəti İndeksi 2013-2014” hesabatına əsasən Azərbaycan 7 pillə irəliləyərək 148 ölkə arasında 39-cu yerə yüksəlmiş və ardıcıl 5 ildir ki, MDB ölkələri arasında liderliyini qoruyub saxlamışdır. Beynəlxalq Telekommunikasiya İttifaqının “İnformasiya Cəmiyyətinin Ölçülməsi-2012” hesabatında Azərbaycan “İKT İnkişaf İndeksi”nə görə əvvəlki mövqeyindən 6 pillə irəliləyərək 155 ölkə arasında 68-ci yeri tutmuş, 10 “Ən dinamik inkişaf edən ölkələr” qrupunda yerini möhkəmlətmişdir. Beynəlxalq reytinq agentlikləri hətta qlobal iqtisadi və maliyyə böhranı illərində Azərbaycanın suveren reytinqini yüksəldərək investisiya səviyyəsində dəyərləndirmişlər.

Ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyası çərçivəsində həyata keçirilmiş Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri kimi möhtəşəm transmilli layihələr bu gün regionun və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Bu strategiyanın davamı olaraq TransanadoluTransadriatik Qaz kəmərləri üzrə razılaşmaların əldə edilməsi, XXI əsrin kontraktı adlandırılan “Şahdəniz-2” layihəsi üzrə investisiya sazişinin imzalanması Azərbaycanı dünyanın böyük təbii qaz təchizatçılarından birinə çevirəcək, bununla da hələ uzun illər xalqımızın rifahına öz əhəmiyyətli töhfəsini verəcəkdir. Sözsüz ki, bu dinamik inkişaf Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Ümummilli liderimiz Heydər Əliyevin inkişaf strategiyasına əsaslanan, düşünülmüş və uzaqgörən siyasəti nəticəsində əldə olunub.

- Sizcə, geridə qoyduğumuz 2013-cü il Azərbaycan üçün hansı əlamətdar hadisələr və uğurlarla tarixdə qaldı?

- 2013-cü ildə də Prezidentimizin rəhbərliyi ilə Azərbaycanın dinamik inkişafı davamlı olmuşdur. Eyni zamanda, ötən il ölkəmizin BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi iki illik fəaliyyəti başa çatıb. Yeni Azərbaycan Partiyasının V Qurultayının keçirilməsi, Azərbaycanın ilk süni peykinin orbitə buraxılması da 2013-cü ilin mühüm hadisələrindəndir.

İlin ən vacib hadisəsi kimi isə oktyabrda keçirilmiş prezident seçkilərini qeyd etməliyik. Azaddemokratik şəraitdə keçirilən seçkilərdə Azərbaycan vətəndaşlarının mövqeyi bir daha onu nümayiş etdirdi ki, ölkəmizdə Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət xalqımız tərəfindən birmənalı şəkildə dəstəklənir.

Onu da xüsusi olaraq qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən səmərəli daxili siyasət kursunun nəticəsi kimi, Azərbaycan cari ildə də demokratiya yolunda inamla irəliləyib. Prezident seçkiləri də Azərbaycanın demokratiya yolunda qətiyyətlə addımladığını göstərdi.

Ümumiyyətlə, demokratik dəyərlərin və təsisatların təşəkkül tapması, mütəmadi surətdə yenilənərək inkişaf etdirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının təmin və müdafiə edilməsi kimi təməl strateji istiqamətlər müstəqil Azərbaycan dövlətinin milli siyasət kursunun əsasını təşkil etməkdədir. Bütün bunların fonunda bu gün Azərbaycan demokratik inkişaf yolunda irəliləyən avanqard ölkələr sırasında yer alır. Ölkəmizdə demokratiyaonun başlıca atributları olan vətəndaş cəmiyyəti və hüquqi dövlətin mütləq komponentlərinin təşəkkül tapması və inkişafını təmin edən başlıca amil qismində isə mütəmadi islahatların həyata keçirilməsi çıxış edir.

Dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən rasional siyasi kursun fonunda insan və vətəndaş hüquq və azadlıqların təminatının daha da gücləndirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, ictimai-siyasi təsisatların fəaliyyət mexanizminin artırılmasına yardım edən hüquqi islahatların həyata keçirilməsi və digər bu kimi tədbirlər demokratikləşmə prosesinin daha da sürətlənməsini şərtləndirib. Nəticə etibarilə, Azərbaycan demokratiya yolunda intensiv irəliləyişini inamla davam etdirir.

2013-cü ildə Azərbaycan sosial-iqtisadi sahələrdə də bir sıra uğurlar qazanmışdır. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf kursunun nəticəsi olaraq, Azərbaycan iqtisadi sahədə keçid dövrünü arxada qoymuşdur. Əlbəttə ki, bu gənc bir dövlət üçün çox önəmli bir göstəricidir.

Bütövlükdə, respublikada müşahidə olunan ümumi inkişaf prosesi bir daha sübut edir ki, Azərbaycanda əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasi kurs Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurlu şəkildə davam etdirilir və nəticə olaraq, ötən müddət yaddaşlarda sürətli inkişaf dövrü kimi qalmışdır.

- Ötən ili Yeni Azərbaycan Partiyasının fəaliyyəti baxımından necə xarakterizə edərdiniz?

- 2013-cü il Yeni Azərbaycan Partiyasının həyatında da çox uğurlu bir il olmuşdur. Ulu öndərimiz Heydər Əliyevin qurucusu olduğu müstəqil Azərbaycan dövlətini inkişaf etdirmək, yeni-yeni uğurlar qazanmaq istiqamətində Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə hərtərəfli dəstək vermək partiyanın rayon və şəhər təşkilatlarının gündəlik fəaliyyətlərində prioritet kimi öz əksini tapmışdır.

Qeyd etmək lazımdır ki, 2013-cü ilin iyun ayında keçirilən Yeni Azərbaycan Partiyasının V Qurultayı ölkəmizin ictimai-siyasi gündəliyində, eyni zamanda, partiyamızın həyatında ən əlamətdar hadisələrdən biri idi. Qurultayda mühüm qərarlar qəbul edildi, partiyamızın Sədri cənab İlham Əliyevin prezidentliyə namizədliyi rəsmi şəkildə irəli sürüldü, İdarə Heyətinin, Siyasi Şuranın yeni tərkibi formalaşdırıldı. YAP prezident seçkilərində olduqca fəal seçki kampaniyası həyata keçirdi və partiyamızın Sədri seçkilərdə möhtəşəm qələbə qazandı.

2013-cü il Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələrinin genişlənməsi baxımından da əlamətdar olub. Buna nümunə kimi YAP-ın təşəbbüsü ilə ölkəmizdə keçirilən beynəlxalq tədbirləri göstərmək olar. Bildiyimiz ki, ötən ilin aprel ayında Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) Qadınlar Qolunun ilk iclası keçirildi, avqust ayında isə Gənclər təşkilatının toplantısı oldu. Həmin tədbirlərdə mühüm qərarlar qəbul edildi. Eləcə də, partiyanın nümayəndələri Türkiyədə İCAPP-ın Daimi Komitəsinin iclasında iştirak ediblər. Həmçinin, İCAPP çərçivəsində bir sıra partiyalarla əməkdaşlıq haqında memorandum imzalanıb. Bundan əlavə, YAP Avropa Xalqları Partiyası ilə də fəal əməkdaşlıq edir.

Əminliklə demək olar ki, Heydər Əliyev yoluna sadiq olan Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin başçılığı ilə Azərbaycan dövlətçiliyinə, milli tərəqqimizə bundan sonra da xidmət edəcəkdir.

- Mübariz müəllim, bildiyimiz kimi, Azərbaycan milli maraqlara söykənən fəal xarici siyasət yürüdür. Ölkəmizin beynəlxalq mövqelərinin möhkəmlənməsi barədə nə deyərdiniz?

- Məlum olduğu kimi, Prezident İlham Əliyevin apardığı xarici siyasət kursu Azərbaycanın milli maraqlarına söykənərək müstəqil xətti özündə əks etdirir. Əlbəttə ki, xarici siyasət daxili siyasətin məntiqi davamıdır. Eyni zamanda, xarici siyasətin yaratdığı əlverişli şərait nəticəsində effektiv daxili siyasət həyata keçirilir. Əlbəttə ki, daxilixarici siyasət bir-birilə bağlı olan sahələrdir. Onu da xüsusi vurğulamaq istəyirəm ki, Heydər Əliyev Fondunun prezidenti, YAP-ın Sədr müavini, UNESCO-nunİSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın xarici ölkələrdə humanitar xarakterli proqramlar həyata keçirməsi, xalqımızın milli mədəniyyətini, Azərbaycan həqiqətlərini təbliğ etməsi Azərbaycanın dostlarının artmasına, dünya ictimaiyyətinin ölkəmizlə bağlı daha dolğun məlumatlanmasına gətirib çıxarır.

Bu gün Bakı şəhəri mühüm beynəlxalq tədbirlərin ev sahibinə çevrilib. Ölkəmizdə AVRONEST-in, İCAPP-ın bir sıra tədbirləri keçirilib. Yəni, ölkəmizdə çoxsaylı beynəlxalq tədbirlər, forumlar baş tutub. Bundan əlavə, ATƏT PA-nın sessiyasının 2014-cü ildə Azərbaycanda keçirilməsi qərara alınıb. Bütün bunlar Azərbaycanın beynəlxalq müstəvidə artan nüfuzunun bariz göstəricisidir.

Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən birini məhz qlobal enerji təhlükəsizliyi prosesində iştirakı təşkil edir. Dövlətimiz karbohidrogen ehtiyatların ixrac olunması üçün 7 neftqaz kəmərinə malikdir ki, bu da Azərbaycana effektli diversifikasiya siyasətinin həyata keçirilməsinə şərait yaradır. Həmçinin, zəngin qaz yataqlarının aşkar olunması, Azərbaycanın dünya dövlətlərinin enerji təhlükəsizliyinin təmin olunmasında aktiv iştirakı onu qaz ixrac edən ölkəyə də çevirmişdir. Fakt ondan ibarətdir ki, enerji sahəsində əməkdaşlığın genişləndirilməsi prosesi çərçivəsində Azərbaycanla dünyanın bir çox dövlətləri arasındakı əməkdaşlıq daha da möhkəmlənmişdir. 2013-cü ilin dekabrında “Şahdəniz-2” layihəsi üzrə sazişin imzalanması ölkəmizin Avropanın enerji təhlükəsizliyində rolunu daha da artıracaq.

Qeyd edim ki, müstəqil Azərbaycan Respublikasının xarici siyasəti sülh xarakterlidir. Məhz bu xarici siyasət kursu sayəsində Azərbaycan bölgənin, hətta dünyanın nüfuzlu dövlətinə çevrilmişdir. Bu fakt isə Azərbaycanın beynəlxalq təşkilatlardakı yerirolunu sübut edir. Bu gün Azərbaycan Avropa İttifaqı, Avropa Şurasının Parlament Assambleyası, ATƏT, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Müstəqil Dövlətlər Birliyi və digər beynəlxalq təşkilatlar çərçivəsində bir çox dövlətlərlə ikitərəfli və çoxtərəfli konstruktiv əməkdaşlıq edir. Yəni, görünən odur ki, Azərbaycan hansısa dövlətlərin diktəsi ilə deyil, öz iradəsi, maraqları çərçivəsində hərəkət edir. Müstəqil xarici siyasət yürüdən Azərbaycan Respublikasının bu kimi faktorlara görə nüfuzu daha da artmaqdadır. Bunu isə 2011-ci ildə oktyabr ayının 24-də Baş Assambleyada 155 dövlətin dəstəyilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilməsi sübut etmişdir. Bu 20 yaşlı gənc bir dövlət üçün tarixi uğur, nailiyyət idi.

- Mübariz müəllim, sadaladığınız bu uğurlar fonunda 2014-cü il dövlətimizə nə vəd edir?

- Yenicə daxil olduğumuz 2014-cü il və ümumilikdə yaxın gələcək Azərbaycan üçün hər bir sahədə böyük perspektivlər vəd edir. Hesab edirəm ki, iqtisadiyyatımızın inkişafı davamlı olacaq. Qeyd etmək lazımdır ki, Azərbaycan iqtisadiyyatı neftqazdan asılı olmasa da, neft-qazın istehsalı və ixracı iqtisadiyyatın inkişafına mühüm töhfələr verir. Eyni zamanda, neftqazdan əldə edilən gəlirlər qeyri-neft sektorunun inkişafına yönəldilir ki, bu da inkişafı təmin edən mühüm amillərdən biri kimi dəyərləndirilməlidir.

Məlum olduğu kimi, iqtisadi islahatlarsosialyönümlü tədbirlər sayəsində dövlətimizin inkişaf etmiş dövlətlərin səviyyəsinə çatdırılması strateji hədəf kimi müəyyənləşdirilmişdir. Bu gün regionlarımız sürətli inkişaf tempinə malikdir, bölgələrdə yeni sənaye müəssisələrinin tikintisi davam etdirilir, əhalinin məşğulluq səviyyəsinin artırılması istiqamətində əhəmiyyətli tədbirlər görülür.

Qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin inkişaf siyasəti özündə uzunmüddətli və çoxşaxəli perspektiv hədəfləri ehtiva edir. Belə ki, dövlət başçısı tərəfindən təsdiq olunmuş “Azərbaycan-2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası bütövlükdə, Azərbaycanın uzunmüddətli inkişafı üçün strateji vəzifələri müəyyən edir. Eyni zamanda, bu konsepsiyanın həyata keçirilməsi ölkəmiz üçün böyük perspektivlər vəd edir.

Bütövlükdə, ölkədə həyata keçirilən mövcud siyasi kursun davam etdirilməsi Azərbaycanın gələcəyinin çox parlaq olacağını əminliklə deməyə əsas yaradır. İnanıram ki, ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi altında qarşıdakı illərdə yeni-yeni uğurlara imza atacaq.

P.S. Məlum olduğu kimi, 6 yanvar 2014-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə “Şöhrət” ordeni ilə təltif edilib. Biz də “Yeni Azərbaycan”çılar olaraq hörmətli Mübariz müəllimi bu yüksək mükafata layiq görülməsi münasibəti ilə təbrik edirik.

 

Yeni  Azərbaycan.-2014.- 8 yanvar.- S.4.