Azərbaycan-Gürcüstan əlaqələri daha da inkişaf edir

 

                                                                                       İki ölkə arasında qarşılıqlı-faydalı əməkdaşlıq münasibətləri mövcuddur

 

Azərbaycan da Türkiyə kimi bizim strateji müttəfiqimizdir. Gürcüstan ilə Azərbaycan arasında elə münasibətlər yaranmışdır ki, biz bu münasibətlər olmadan yaşaya bilmərik”.

AzərTAc xəbər verir ki, bunu Gürcüstanın müdafiə naziri İrakli Alasaniya Türkiyədə nəşr olunanTurkish policy” jurnalına müsahibəsində deyib. Nazir bildirib ki, Gürcüstan ilə Azərbaycan təkcə enerji sahəsində deyil, digər sahələrdə uğurla əməkdaşlıq edirlər. Bütövlükdə bizim gələcəyimiz region ölkələri ilə daha genişmiqyaslı əməkdaşlıqdan asılıdır.

Bu məqamda vurğulamaq yerinə düşər ki, ümumiyyətlə, bu gün Azərbaycanla Gürcüstan arasında qarşılıqlı-faydalı əməkdaşlıq münasibətləri mövcuddur və ölkələr arasındakı əlaqələr əsl regional əməkdaşlıq nümunəsidir. Onu da qeyd etmək lazımdır ki, ölkələr arasındakı strateji tərəfdaşlıq münasibətləri mütəmadi surətdə yeni keyfiyyət çalarları ilə zənginləşməkdədir. Ümumilikdə, Gürcüstanla Azərbaycan arasında bir çox sahəni ehtiva edən çoxşaxəli rasional münasibətlər mövcuddur. Belə ki, Tbilisi ilə Bakı regional təhlükəsizliyin təmin olunması, iqtisadi maraqların uzlaşdırılması, siyasi münasibətlər sisteminin daha da təkmilləşdirilməsi kimi istiqamətlərdə sıx təmaslara malikdirlər.

İki ölkə arasındakı strateji münasibətləri möhkəmləndirən fundamental faktorlardan biriregional təhlükəsizlik sahəsindəki əməkdaşlıq əlaqələridir. Bununla bağlı müxtəlif zaman kəsiklərində qarşılıqlı səfərlər təşkil edilir, təhlükəsizliyə və əməkdaşlığa dair ən aktual məsələlərlə əlaqədar olaraq dialoqlar keçirilir, məsləhətləşmələr aparılır. Baş tutan rəsmi səfərlər zamanı nəinki siyasiiqtisadi sahələrdəki əməkdaşlıq əlaqələri müzakirə edilir, həmçinin, regional təhlükəsizliklə bağlı başlıca tərəfdaşlıq əlaqələri və müvafiq məsələlər gündəm mövzusu kimi çıxış edir.

Yeri gəlmişkən, Azərbaycanla Gürcüstan arasında diplomatik əlaqələr rəsmən 1992-ci ildə yaradılsa da, bu əlaqələr 1993-cü ildən-Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışından sonra inkişaf etməyə başlayıb. 1995-ci ilin fevral ayında Bakıda Gürcüstanın, 1996-cı ilin martında isə Tbilisidə Azərbaycanın səfirlikləri fəaliyyətə başlayıb. İki ölkə arasında Birgə İqtisadi Komissiya fəaliyyət göstərir. Bundan başqa, hər iki ölkənin parlamentində dostluq qrupları yaradılıb və xüsusi olaraq qeyd etmək lazımdır ki, Azərbaycanla Gürcüstan arasında yüksək səviyyəli dialoqstrateji tərəfdaşlıq əlaqələri mövcuddur.

Heç şübhəsiz, hər iki ölkə əlaqələrin inkişaf etdirilməsində maraqlı olduqlarını nümayiş etdirirlər. Digər tərəfdən, müstəqillik əldə etdikdən sonra ölkələrimiz arasında siyasi, iqtisadihumanitar əməkdaşlıq sahələrində ciddi irəliləyişlərə nail olunub. Gürcüstan ölkəmiz tərəfindən həyata keçirilən irimiqyaslı beynəlxalq iqtisadi layihələrin fəal iştirakçısıdır və özünü etibarlı tərəfdaş kimi nümayiş etdirməkdədir. 2008-ci il mart ayının 14-də BMT Baş məclisində “Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyətə dair” qətnamənin qəbulu ilə bağlı keçirilmiş səsvermədə Gürcüstan qətnamənin lehinə səs verib.

Qeyd etdiyimiz kimi, Azərbaycanla Gürcüstan strateji tərəfdaş ölkələrdir və dövlətlər arasında münasibətlər yüksək səviyyədədir. Hər iki dövlət arasında siyasi, iqtisadi münasibətlərin indiki səviyyəyə gəlib çatmasında Azərbaycan və Gürcüstan xalqları arasında tarixən mövcud olan sıx əlaqələr, mehriban qonşuluq münasibətləri mühüm baza rolunu oynayır. Son illərdə ölkələrimiz arasında mehriban dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsi hər iki respublikanın parlaq gələcəyinin təmin olunması üçün möhkəm əsas yaradır.

Digər tərəfdən, Gürcüstan rəsmilərinin timsalında dəfələrlə bəyan edilib ki, Azərbaycanın mövcud xarici siyasət kursu həm regional əməkdaşlıq və təhlükəsizliyə mühüm strateji töhfədir, həm də Gürcüstan-Azərbaycan münasibətlərinin əsaslarını möhkəmləndirməkdədir. Bəli, həyata keçirilən çoxtərəfli və balanslaşdırılmış xarici siyasət nəticəsində Azərbaycan regionun ən güclüsuveren aktoruna çevrilib. Təsadüfi deyil ki, bu gün dünyanın aparıcı dövlətləri və təşkilatları Azərbaycanı Cənubi Qafqazın təhlükəsizlik qarantı, inkişaf mənbəyi adlandırırlar. Təkcə onu demək kifayətdir ki, Azərbaycanın iştirakı olmadan regionda heç bir strateji layihə reallaşdırılmır. Bütün gerçəkləşdirilən regional layihələrin mərkəzi oyunçusu qismində də məhz Azərbaycan çıxış edir. Eyni zamanda, məhz bu cür layihələr ölkəmizin milli maraqlarına adekvat olmaqla bərabər, Azərbaycanın suverenlik səviyyəsini, birbaşa olaraq heç kimdən asılı olmadığını da təsdiq edir. Məsələn, Bakı-Tbilisi-Qars (BTQ) layihəsinin gerçəkləşdirilməsi yönündə atılan addımları, aparılan mübarizəni xatırlayaq. “Dəmir İpək yolu” adlandırılan və Qərblə Şərqi birləşdirəcək BTQ layihəsinin gerçəkləşdirilməsi istiqamətində birbaşa və əsas addımlar Azərbaycan tərəfindən atıldı. Bu, Cənubi Qafqazda reallaşdırılması nəzərdə tutulan ilk layihə idi ki, heç bir beynəlxalq maliyyə institutu onu maliyyələşdirməyə isti münasibət bəsləmirdi. Amma Azərbaycan kifayət qədər maliyyə ehtiyatlarını və güclü siyasi iradəsini ortaya qoyaraq BTQ-nin reallaşdırılması yönündə əsas öhdəliyi öz üzərinə götürdü. Məhz bu amilin fonunda dünyanın ən nəhəng nəqliyyat marşrutlarından birinin reallaşdırılması yönündə Azərbaycan Gürcüstana 200 milyon dollar kredit ayırmaqla bu prosesə mühüm təkan verdi. Bütün bu proseslərin qanunauyğun nəticəsi kimi dünyanın, demək olar ki, bütün analitik mərkəzləri BTQ ətrafında cərəyan edənlərə məhz bu cür qiymət verdi: “BTQ layihəsinin müəllifi və təkanvericisi Azərbaycanı Qərblə Şərqi birləşdirən transmilli mərkəzə çevirmək istəyən və bu yöndə xüsusi addımlar atan Prezident İlham Əliyevdir. “Dəmir ipək yolu” - BTQ Asiya ilə Avropa arasında təhlükəsiz və əlverişli yükdaşımalarını həyata keçirmək üçün olduqca effektiv bir layihədir. Layihə, öncə gündəmə gələndə güclü siyasi iradə tələb olunurdu. Bu iradə isə Prezident İlham Əliyevin timsalında Azərbaycan dövləti tərəfindən nümayiş etdirildi...”

Yuxarıda sadalananlara bənzər fikirlər BTQ layihəsinin tərəfdaşları Türkiyə və Gürcüstanın dövlət başçıları tərəfindən də əminliklə səsləndirildi. Türkiyənin Prezidenti Abdullah Gül layihənin reallaşdırılması işinə məhz bu cür münasibət bildirdi: “Bu tikintinin maliyyə dəstəyi də artıq təmin edilmişdir. Azərbaycan Prezidenti hörmətli İlham Əliyevin layihəyə verdiyi önəmli dəstək onun həyata keçirilməsinə daha əlverişli şərait yaratmışdır”.

Gürcüstanın o zamankı Prezidenti Mixeil Saakaşviliöz növbəsində BTQ layihəsi ətrafında cərəyan edən prosesləri məhz bu cür qiymətləndirdi: “Azərbaycan Prezidenti İlham Əliyevin qəti mövqeyi və yaxından köməyi olmasaydı, Bakı-Tbilisi-Qars layihəsi reallaşmazdı”.

Bir məqama da xüsusi diqqət yetirmək lazımdır ki, Azərbaycan və Gürcüstan beynəlxalq müstəvidə mühüm məsələlərdə bir-birinin mövqeyini dəstəkləyir. Bildiyimiz kimi, Gürcüstan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllini, Azərbaycan torpaqlarının işğaldan azad edilməsinin vacibliyini hər zaman dəstəkləyib. Eyni zamanda, Azərbaycan da Gürcüstanın əsas problemi olan separatizmi pisləyir, bu ölkənin ərazi bütövlüyünün pozulmasını qeyri-qanuni və bəşəri prinsiplərə zidd hesab edir. Eyni zamanda, müasir dövrün reallıqları ölkələrimiz arasında müxtəlif sahələr üzrə daha möhkəm əməkdaşlığın qurulmasını və inkişaf etdirilməsini zəruri edir.

Onu da vurğulamaq gərəkdir ki, son illərdə əsasən iqtisadi əməkdaşlığa əsaslanan bu əlaqələrin inkişafı qaynar strateji-coğrafi mövqedə yerləşən Azərbaycanla Gürcüstanın suverenliyinin gücləndirilməsinə, eləcə də, hər iki ölkənin nəinki bölgənin, hətta qonşu regionların siyasi-iqtisadi həyatında da böyük rol oynamasına gətirib çıxarıb. Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan bu əlaqələr artıq region üçün həyati əhəmiyyət kəsb edir. Enerji siyasətində şaxələndirməyə üstünlük verən Azərbaycanın bu strategiyasının gerçəkləşməsində Gürcüstanla əməkdaşlığı həlledici rola malikdir. Məhz Azərbaycan-Gürcüstan əməkdaşlığı sayəsində regionda qlobal əhəmiyyətli çox böyük layihələr gerçəkləşib. Bunlar, heç şübhəsiz, Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa, Bakı-Tbilisi-Ərzurum neftqaz kəmərləridir.

Respublikamızın iqtisadi qüdrətinin artması, eyni zamanda, azərbaycanlı sahibkarların maliyyə imkanlarının genişlənməsi ölkəmizə məxsus dövlət və özəl şirkətlərin Gürcüstana böyük həcmdə investisiyalar yatırmasına da imkan verir. Bu mənada, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) fəaliyyətini xüsusi qeyd etmək lazımdır. ARDNŞ-in Gürcüstan dəniz limanlarındakı fəaliyyəti, açılan yanacaqdoldurma məntəqələri və digər işlər bu ölkənin iqtisadiyyatına böyük töhfədir. Bu ölkənin ən çətin vaxtlarında da Azərbaycan və o cümlədən, ARDNŞ öz köməyini əsirgəməyib. Belə ki, bir neçə il bundan öncə Azərbaycan Gürcüstana güzəştli qiymətlərlə qaz ixrac etdi. 2008-ci ilin avqust hadisələrindən sonra isə ARDNŞ Gürcüstanı təbii qazla təmin etmək barədə qərar verdi. Hal-hazırda Gürcüstanın qaza olan tələbatının təxminən 70 faizi Azərbaycan qazı hesabına təmin edilir. Azərbaycan şirkətləri Gürcüstanda digər sahələrə də böyük məbləğdə investisiya yatırırlar. Ölkəmizin adamları Batumi və digər şəhərlərdə öz işlərini qururlar. Azərbaycan sahibkarları Gürcüstanın turizm sahəsinə böyük maraq göstərirlər. Qeyd edək ki, gürcüstanlı adamları da Azərbaycan iqtisadiyyatına böyük maraq göstərir, ölkəmizdə müxtəlif layihələrin həyata keçirilməsinə investisiyalar ayırırlar.

Yeri gəlmişkən, iki ölkə arasındakı münasibətlər ötən il noyabrın 6-da Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadənin Gürcüstanın kənd təsərrüfatı naziri Şalva Pipiyanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə də əsas müzakirə mövzusu olub. Səmimi şəraitdə keçən görüşdə Baş nazir Artur Rasizadə tarixən dostqonşu olan ölkələrimiz arasında ikitərəfli münasibətlərin müasir dövrdə daha da inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb. O, hər iki ölkə arasında bərqərar olan iqtisadi-ticarət əlaqələrini yüksək qiymətləndirərək deyib ki, eyni zamanda, aqrar sektorun inkişafında da müvafiq qurumların məsləhətləşmələri, təcrübə mübadiləsi mühüm əhəmiyyət kəsb edir.

Ölkəmizə səfərindən məmnunluğunu bildirən nazir Şalva Pipiya Gürcüstan hökuməti rəhbərliyinin salamlarını Azərbaycanın Baş nazirinə çatdırıb. O, Bakıda keçirdiyi görüşlər barədə Baş nazir Artur Rasizadəyə ətraflı məlumat verib. İqtisadiyyatın bütün istiqamətləri, o cümlədən kənd təsərrüfatı sahəsində azərbaycanlı həmkarları ilə təcrübə mübadiləsinə böyük ehtiyac olduğunu vurğulayan Şalva Pipiya səfər zamanı ona göstərilən yüksək diqqət və qonaqpərvərliyə görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib.

Bir sözlə, yuxarıda da sadalananlardan göründüyü kimi, bu gün Azərbaycan-Gürcüstan əlaqələri nümunəvi əməkdaşlıq səviyyəsində inkişaf edir. Qarşılıqlı hörmət, etimad və bərabərhüquqlu tərəfdaşlıq əsasında qurulan bu münasibətlər hər iki ölkənin uğurlusabit inkişafının qarantına çevrilib.

 

Nadir AZƏRİ

 

Yeni  Azərbaycan.-2014.- 8 yanvar.- S.8.