Azərbaycanla əlaqələr
ABŞ üçün strateji
əhəmiyyət daşıyır
Con Kerri: Azərbaycan
dünya enerji resurslarının etibarlı
yeni mənbəyinə
çevrilir və Avropanın enerji təhlükəsizliyinin təmin
olunmasına yardım
edir
Məlum olduğu kimi, Azərbaycanla ABŞ müasir beynəlxalq münasibətlər sistemində strateji tərəfdaş kimi çıxış etməkdədirlər. Ölkələr arasındakı münasibətlər qarşılıqlı-faydalı əməkdaşlığa əsaslanmaqda və mütəmadi surətdə yeni keyfiyyət çalarları ilə zənginləşməkdədir. Hər iki ölkəni bir-birinə bağlayan strateji əsaslar milli maraqlar sisteminin qarşılıqlı- faydalı əlaqələr üzərində uzlaşdırılmasıdır.
Qeyd edək ki, ABŞ dövlət katibi Con Kerri Azərbaycan Prezidenti İlham Əliyevə “Şahdəniz” təbii qaz hasilatı layihəsinin ikinci mərhələsi üzrə yekun investisiya qərarı ilə bağlı təbrik məktubu göndərib. Məktubda deyilir: “Hörmətli cənab Prezident, “Şahdəniz” təbii qaz hasilatı layihəsinin ikinci mərhələsi üzrə yekun investisiya qərarı ilə bağlı Sizi və Azərbaycan xalqını təbrik edirəm. 17 dekabr yekun investisiya qərarı Azərbaycan tarixində mühüm mərhələnin rəmzidir. Özünün Avropa ilə birləşdirilməsi istiqamətində ilk addım atmaqla, Azərbaycan dünya enerji resurslarının etibarlı yeni mənbəyinə çevrilir və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına yardım edir. Uzun illərin gərgin əməyi nəticəsində “Cənub” Qaz Dəhlizinin reallaşması konsorsiumun çoxsaylı tərəfdaşları və qonşuları üçün faydalı olmaqla yanaşı, həm də Azərbaycanın müstəqilliyini gücləndirəcəkdir. Azərbaycanın gələcəyə baxışı reallığa çevrildikcə Amerika Birləşmiş Ştatları adından Sizə davamlı dəstəyimizi vəd edirəm”.
Xarici ölkələrlə bərabərhüquqlu münasibətlərin formalaşması, yaranmış münbit zəmin üzərində bu əlaqələrin inkişafı Azərbaycan Respublikasının xarici siyasətinin prioritetlərindən sayılır. Daha dəqiq desək, ölkəmiz milli maraqlar çərçivəsində dünyanın bütün aparıcı beynəlxalq təşkilatları ilə, o cümlədən, böyük dövlətlərlə münasibətlər qurur, əlaqələrini genişləndirir və inkişaf etdirir. Azərbaycan-ABŞ münasibətləri də bu kriteriyalara söykənir. Bu gün ABŞ-la Azərbaycan strateji tərəfdaş olmaqla yanaşı, tərəflər arasında bir çox istiqamətləri əhatə edən yüksəksəviyyəli münasibətlər mövcuddur. Ümumiyyətlə, Azərbaycanla Birləşmiş Ştatlar arasındakı münasibətlərin hazırkı səviyyəsi məmnunluq doğurur. Bu da səbəbsiz deyil. Çünki istər ikitərəfli qaydada, istərsə də beynəlxalq qurumlar çərçivəsində əməkdaşlığımız yüksələn xətt üzrə inkişaf edərək getdikcə öz əhatə dairəsini genişləndirməkdədir. Təsadüfi deyil ki, bu gün ölkəmizdə həyata keçirilən uğurlu daxili-xarici siyasət kursu, əldə olunan iqtisadi nailiyyətlər Azərbaycanın dünyanın aparıcı dövlətlərinin əsas diqqət mərkəzində olmasına zəmin yaradıb. Məlum olduğu kimi, ABŞ-Azərbaycan münasibətlərinin inkişafını şərtləndirən ən əsas məqamlardan biri Azərbaycanın karbohidrogen ehtiyatları, həmçinin, bu ehtiyatların daşındığı əsas tranzit ölkəsi olmasıdır. Qeyd edək ki, Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum layihələrinin reallaşmasında Birləşmiş Ştatların da dəstəyi olub. Ümumiyyətlə, bu amil, rəsmi Vaşinqtonun ümumilikdə Cənubi Qafqaz bölgəsinin, regionda dövlətlərarası münasibətlərin inkişafında maraqlı olduğunu göstərir. Bu gün digər regional layihələrin reallaşması üçün də əlverişli zəmin yarana bilər. Prezident Barak Obamanın hər zaman enerji məsələlərinə xüsusi həssaslıqla yanaşmasını və enerji təhlükəsizliyi məsələsində Azərbaycanın oynadığı rolu nəzərə alsaq, iki dövlət arasında əməkdaşlığın bundan sonra da yüksək və çoxşaxəli şəkildə inkişaf etdiriləcəyinə inanmaq olar.
Sirr deyil ki, ABŞ hər zaman Cənubi Qafqaz regionuna, o cümlədən, Azərbaycana böyük maraq göstərir. Regionun ən güclü və nüfuzlu dövləti olan Azərbaycanla münasibətlərin inkişaf səviyyəsi və tendensiyası daim rəsmi Vaşinqtonun diqqət mərkəzindədir. Elə vaxtaşırı olaraq baş tutan ikitərəfli məsləhətləşmələr də əlaqələrin sıx olduğunu göstərir. Qeyd edək ki, belə məsləhətləşmələrdə ikitərəfli və çoxtərəfli münasibətlər, o cümlədən, Azərbaycanla Birləşmiş Ştatlar arasında hərbi və təhlükəsizlik sahəsində mövcud olan əməkdaşlıq məsələləri müzakirə olunur. Ümumiyyətlə, Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında möhkəm siyasi əlaqələr mövcuddur. Birləşmiş Ştatlar Azərbaycanın müstəqilliyini 25 dekabr 1991-ci il tarixində tanıyıb. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci il fevralın 28-də qurulub. 1992-ci ilin martında ABŞ-ın Azərbaycanda səfirliyi, 1992-ci ilin noyabr ayında isə Azərbaycanın bu ölkədə səfirliyi yaradılıb. Bu günə kimi iki ölkə arasında yüzə yaxın sənəd imzalanıb və genişmiqyaslı əməkdaşlıq üçün müvafiq normativ-hüquqi baza formalaşdırılıb.
ABŞ-Azərbaycan əlaqələrinin inkişafı məhz Ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Xatırladaq ki, Ulu öndər Heydər Əliyev Amerika Birləşmiş Ştatlarına ilk rəsmi səfərini 1997-ci ilin avqust ayında edib. O zaman Ümummilli liderimiz bu səfərin çox böyük əhəmiyyət kəsb etdiyini vurğulamışdır: “Amerika Birləşmiş Ştatları ilə Azərbaycanın əlaqələrinin əhəmiyyəti ondan ibarətdir ki, ümumiyyətlə, Qərb demokratiyasını, mədəniyyətini, Qərbdə həm iqtisadiyyat, həm siyasət sahəsində, həm də ictimai sahədə əldə olunmuş nailiyyətləri öyrənmək, onlardan bəhrələnmək, istifadə etmək, bu təcrübəni Azərbaycanda tətbiq etmək müstəqil dövlət kimi tutduğumuz yolda çox böyük əhəmiyyət kəsb edir. Bu baxımdan, Amerika Birləşmiş Ştatları xüsusi yer tutur. Qərb texnologiyasını, Amerika texnologiyasını, Amerikanın iqtisadiyyatında inkişaf etmiş təcrübəni, prinsipləri, nailiyyətləri öyrənmək və onları Azərbaycana gətirmək, hesab edirəm ki, Azərbaycanın gələcəyi üçün çox lazımdır, zəruridir. Bunlarla yanaşı, şübhəsiz ki, Amerika Birləşmiş Ştatları ilə əməkdaşlıq etmək və bu əməkdaşlığı bütün sahələrə yaymaq da bizim həm dövlət quruculuğumuz üçün, həm də beynəlxalq aləmdə özümüzə layiq yer tutmaq üçün, Azərbaycanın ən böyük problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunması üçün çox əhəmiyyətlidir və çox vacibdir”.
İki ölkə başçılarının, həmçinin, bu dövlətlərin digər yüksək rəsmi şəxslərinin mütəmadi olaraq baş tutan görüşlərində regional təhlükəsizlik məsələləri, o cümlədən, ABŞ-Azərbaycan iqtisadi əlaqələri, ölkəmizin antiterror koalisiyasında iştirakı, ən başlıcası isə Ermənistanın Azərbaycana təcavüzü nəticəsində yaranmış Dağlıq Qarabağ problemi ən çox müzakirə olunan mövzular sırasında yer alır. Yuxarıda da qeyd etdiyimiz kimi, Azərbaycanla Birləşmiş Ştatlar strateji tərəfdaşlıq səviyyəsində münasibətlərə malikdir və Cənubi Qafqaz bölgəsində ölkəmizin lider dövlət olması səbəbindən Azərbaycan Birləşmiş Ştatlar üçün ən vacib və əhəmiyyətli tərəfdaşlardan biridir.
Öz növbəsində, Azərbaycan da ABŞ-la ikitərəfli əlaqələrə xüsusi əhəmiyyət verir. Bərabərhüquqlu səviyyədə qurulan əlaqələr Azərbaycanın Qərb ölkələri ilə münasibətlərinin daha da genişləndirilməsinə xidmət edir. Bölgədə müəyyən iqtisadi maraqlarını gerçəkləşdirməyə çalışan ABŞ-la münasibətlər xarici investisiyaların cəlb edilməsi, dünya iqtisadiyyatına inteqrasiya, qlobal əhəmiyyətli regional layihələrin reallaşdırılması, ölkənin maliyyə gəlirlərinin artırılması və digər bu kimi hədəflərə yönələn Azərbaycanın mənafelərinə uyğundur.
İki ölkənin siyasi münasibətlərinin müsbət yöndə inkişafını göstərən cəhətlərdən biri isə hər iki ölkənin qanunverici orqanlarında dostluq qruplarının fəaliyyət göstərməsidir. Belə ki, Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə İşçi Qrupu, Birləşmiş Ştatlar Konqresində isə “Azərbaycan üzrə İşçi Qrupu” fəaliyyət göstərir. Parlamentlərarası münasibətlərdə prioritet istiqamətlər kimi Azadlığa Dəstək Aktına 907-ci düzəlişin tam ləğvi və Cekson-Venik düzəlişinin Azərbaycana münasibətdə aradan qaldırılması məsələlərini göstərmək olar.
Azərbaycan və ABŞ hökumətləri arasında əməkdaşlığın dinamik inkişafı və ölkəmizin Birləşmiş Ştatların regionda vacib tərəfdaşı olduğu nəzərə alınaraq ölkələrimiz arasında ikitərəfli iqtisadi əlaqələr tərəfdaşlıq səviyyəsinə yüksəldilib. Bu xüsusda, iki ölkə arasında yaradılmış birgə iqtisadi komissiyanı - Azərbaycan-ABŞ İqtisadi Tərəfdaşlıq Komissiyasını xüsusilə qeyd etmək lazımdır. Komissiyanın ilk iclası 2007-ci ilin fevralında Bakıda keçirilib. Məlum olduğu kimi, Azərbaycan Birləşmiş Ştatlarla geniş iqtisadi əməkdaşlıq əlaqələri qurub. Bu əməkdaşlığın əsas istiqamətlərini isə Azərbaycanda neft və qaz sektorunun inkişafı, yeni boru kəmərlərinin tikintisi və istismarı, Şərq-Qərb dəhlizi boyu infrastruktur layihələrinin həyata keçirilməsi, qeyri-neft sektoru sahəsində qarşılıqlı ticarətin genişləndirilməsi və s. təşkil edir. O da bəllidir ki, Birləşmiş Ştatlar Azərbaycanın enerji sahəsinə daha böyük maraq göstərir. Xüsusilə də 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanması ilə ABŞ-ın bir sıra neft şirkətləri Xəzər dənizinin Azərbaycan sularında neft və qazın hasilatına cəlb olunub. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz layihələrinin uğurla reallaşmasında Amerika Birləşmiş Ştatlarının dəstəyinin böyük rolunun olması danılmazdır. İki ölkə arasında iqtisadi münasibətlərin genişlənməsinin göstəricilərindən biri olaraq ticarət dövriyyəsinin həcmi də ildən-ilə artmaqdadır.
Bu gün həm Azərbaycan, həm də ABŞ rəhbərliyinin ikitərəfli münasibətlərə böyük önəm verməsi qarşılıqlı iqtisadi əməkdaşlığın bundan sonra da davam edəcəyini deməyə əsas verir. Bu isə hər iki ölkənin maraqlarına cavab verməklə bərabər, regionda təhlükəsizliyin və stabilliyin təmin olunmasına töhfədir. Beləliklə, Azərbaycanla ABŞ arasında strateji tərəfdaşlıq əlaqələri mövcuddur. ABŞ regionda enerji layihələrinin reallaşmasına böyük maraq göstərir və bu ölkə şirkətləri bölgədəki layihələrin gerçəkləşməsinə investisiyalar yatırırlar. Avropa ilə Asiya arasında mühüm enerji dəhlizi rolunu oynayan Azərbaycanla bu sahədə əlaqələrə Birləşmiş Ştatlar hər zaman xüsusi önəm verib. Bildiyimiz kimi, Azərbaycanın iştirakı və razılığı olmadan regionda qlobal əhəmiyyətli heç bir layihə gerçəkləşdirilə bilməz. İki ölkə arasında beynəlxalq terrorçuluğa qarşı mübarizə sahəsində də yaxın əməkdaşlıq mövcuddur. Azərbaycan bu ölkənin terrora qarşı apardığı mübarizədə yaxından iştirak edir. Eyni zamanda, respublikamız NATO ilə də sıx əlaqələrə malikdir. Bu səbəbdən, Azərbaycan ABŞ üçün çox vacib regional tərəfdaşdır.
Bildiyimiz kimi, Azərbaycan-ABŞ münasibətlərinin mühüm istiqamətlərindən birini hərbi-siyasi və təhlükəsizlik sahəsində əməkdaşlıq təşkil edir. Buraya Təhdidlərin Birgə Azaldılması proqramı və ABŞ-ın İxraca Nəzarət və Sərhəd Təhlükəsizliyi proqramı, NATO çərçivəsində, eləcə də, beynəlxalq terrorizmə qarşı mübarizədə birgə səylər, Azərbaycan sərhədlərinin, xüsusən də, dəniz sərhədlərinin möhkəmləndirilməsi, ABŞ-ın Avropada raketlərdən müdafiə sistemi və Avropada Adi Silahlı Qüvvələr Müqaviləsi sahəsində əməkdaşlıq və digər məsələlər daxildir.
Dünyanı narahat edən bir çox məsələlərdə Azərbaycanla ABŞ-ın mövqelərinin üst-üstə düşməsi uzunmüddətli strateji əməkdaşlığa imkan verən başlıca faktorlardandır. Belə ki, hər iki ölkə dünyada sülh və təhlükəsizliyin, əmin-amanlığın tərəfdarı kimi çıxış edir. Bu baxımdan, Azərbaycanla ABŞ arasında terrorçuluqla mübarizə sahəsində əməkdaşlığı xüsusi vurğulamaq lazımdır. Bildiyimiz kimi, son onilliklərdə dünyanı narahat edən başlıca problemlərdən birinə çevrilən terrorizmə qarşı mübarizədə ABŞ-da baş verən 2001-ci il 11 sentyabr faciəsindən sonra yeni mərhələnin başlanğıcı qoyulub. ABŞ-ın dünyada həyata keçirdiyi genişmiqyaslı antiterror əməliyyatlarına qoşulan ilk ölkələrdən biri də məhz Azərbaycandır. Bu vaxtadək Azərbaycan Silahlı Qüvvələrinin bölmələri Kosovada, İraqda, Əfqanıstanda gerçəkləşdirilən sülhyaratma əməliyyatlarında uğurla iştirak edərək bu mübarizəyə öz töhfələrini verib. Hazırda isə Azərbaycan Əfqanıstandakı antiterror əməliyyatlarına hərbi heyətlə yanaşı, quru və hava məkanından yüklərin daşınması üçün istifadə olunmasına imkan verməklə də yardım göstərir. Birləşmiş Ştatlarla ikitərəfli əlaqələr və NATO ilə tərəfdaşlıq çərçivəsində görülən bu işlər ABŞ rəhbərliyi tərəfindən hər zaman müsbət qarşılanıb. ABŞ prezidenti və digər rəsmi şəxslər Azərbaycanın bu ölkənin Cənubi Qafqazdakı mühüm strateji tərəfdaşı olduğunu dəfələrlə vurğulayıblar.
Azərbaycanın antiterror əməliyyatlarında bu qədər fəal iştirak etməsi isə heç də təsadüfi deyil. Ermənistan tərəfindən dövlət terroru ilə üzləşən ölkəmiz əsasən dinc əhaliyə, qadın və uşaqlara qarşı yönələn bu cinayət fəaliyyətinin insanlıq üçün nə demək olduğunu yaxşı bilir. Doğrudur, bu gün Əfqanıstanda və digər regionlarda terrorizmə qarşı bir çox dövlətlərin iştirakı ilə fəal mübarizə aparılır. Lakin nəzərə almaq lazımdır ki, terrorçuluq problemi Cənubi Qafqazda da mövcuddur və bu bəladan əsasən Azərbaycan, ölkəmizin sakinləri, xüsusən də, uşaqlar zərər çəkir. Belə olan təqdirdə, Azərbaycan tərəfi haqlı olaraq terrorçuluğa qarşı mübarizədə ABŞ-dan ciddi dəstək gözləyir.
Lakin təəssüf ki, aşkar surətdə törətdiyi terror əməllərinə görə, Ermənistan nə ABŞ-dan, nə də beynəlxalq ictimaiyyətdən hər hansı ciddi təpki almayıb. Halbuki, regiondakı qeyri-stabilliyin və terror təhlükəsinin başlıca mənbəyi məhz işğalçı Ermənistandır. Bu ölkənin terrorçuluq fəaliyyəti də məhz onun işğal siyasətindən və mövcud vəziyyəti olduğu kimi saxlamaq istəyindən irəli gəlir. Doğrudur, ABŞ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yönündə fəallıq nümayiş etdirən ölkələrdən biridir. Minsk qrupunun üç həmsədr ölkəsindən biri olan ABŞ problemin beynəlxalq hüquq normaları əsasında sülh yolu ilə həlli naminə öz səylərini əsirgəmir. Lakin çoxillik cəhdlərin uğurla nəticələnməsi, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi üçün Ermənistana təzyiqlər artırılmalı, onun işğalçılıq və terrorçuluq əməllərinə son qoyması tələb olunmalıdır.
Qeyd etdiyimiz kimi, Azərbaycan-ABŞ münasibətlərində vacib məqamlardan biri bu ölkənin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə məşğul olan ATƏT-in Minsk qrupunun 3 həmsədr ölkəsindən biri olmasıdır. Digər tərəfdən, ABŞ həm də BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür. Bildiyimiz kimi, Təhlükəsizlik Şurasının işğal olunmuş Azərbaycan torpaqlarından Ermənistan qoşunlarının çıxarılmasını tələb edən 4 qətnaməsi mövcuddur. Lakin istər Təhlükəsizlik Şurasının üzvü, istərsə də həmsədr ölkə kimi, ABŞ-ın işğalçı Ermənistana qarşı tutduğu mövqe Azərbaycanı tam razı sala bilməz. Dünyada haqqın, ədalətin müdafiəçisi kimi tanınan bir ölkənin 20 ildən çox bir müddətdə davam edən işğal faktına yetərincə diqqət göstərməməsi, işğalçı ölkə ilə işğala məruz qalan ölkəyə eyni münasibət göstərilməsi, Ermənistanın təcavüzkar siyasətini davam etdirməsi üçün imkanlar açmış olur. Nəhəng güc mərkəzi olan ABŞ-ın beynəlxalq aləmdə formalaşmış imicini və nüfuzunu nəzərə alsaq, qeyd edə bilərik ki, bu ölkənin münaqişənin həllinə və münaqişə tərəflərinə olan münasibəti danışıqların gedişatına əhəmiyyətli dərəcədə təsir göstərmək iqtidarındadır. Azərbaycan haqlı olaraq öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməyə çalışır. Ölkəmizin ədalətli mövqeyi beynəlxalq hüququn prinsiplərinə əsaslanır ki, bu da ABŞ və digər həmsədr ölkələrə işğalçı Ermənistana təcavüzkar siyasətdən əl çəkməsi üçün təzyiq göstərməyə tam əsas verir.
Qeyd edək ki, həmsədr ölkələrin rəsmiləri Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini dəfələrlə bəyan ediblər. Eyni zamanda, bu ölkələrin mövqeyini təmsil edən həmsədrlərin hazırladığı Madrid təklifləri Azərbaycan tərəfindən qəbul edilib. Lakin işğalçı Ermənistan münaqişənin ədalətli həllinə apara biləcək istənilən addımdan imtina etdiyi kimi, bu təklifi də qəbul etməyib. Üstəlik, işğalçı ölkə ABŞ-ın daimi üzvü olduğu BMT Təhlükəsizlik Şurası qətnamələrinin icrasından da boyun qaçırır. Digər tərəfdən, rəsmi Vaşinqton davamlı olaraq tərəfləri münaqişəni sülh yolu ilə həll etməyə dəvət edir. Qeyd etmək lazımdır ki, Azərbaycanın danışıqlar prosesində iştirak etməsi məhz ölkəmizin sülhpərvər mövqeyindən xəbər verir. Lakin unutmaq lazım deyil ki, məhz nüfuzlu dövlətlərin və münaqişə tərəfləri arasında vasitəçiliyi üzərinə götürən həmsədr ölkələrin, eləcə də, beynəlxalq ictimaiyyətin işğalçı Ermənistana loyal münasibəti konfliktin sülh yolu ilə həllini çətinləşdirir. Buna görə də, ABŞ başda olmaqla həmsədr ölkələr sahib olduqları siyasi imkanları düzgün dəyərləndirməli, bölgədə haqq-ədalətin tezliklə bərpası üçün Ermənistandan işğal etdiyi Azərbaycan torpaqlarını azad etməsini tələb etməlidirlər.
Yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycan ABŞ-la dünyada sülhün bərqərar olması istiqamətində aparılan fəaliyyətdə də yanaşı addımlayır. Amerika Birləşmiş Ştatlarının beynəlxalq terrorizmə qarşı apardığı qlobal mübarizəyə Azərbaycanın verdiyi töhfə hər zaman bu ölkənin ən yüksək dövlət rəsmiləri tərəfindən xüsusilə vurğulanıb. Azərbaycanın Silahlı Qüvvələrinin hissələrinin Əfqanıstanda və İraqda sülhün bərqərar olmasında, terrorizmə qarşı mübarizədə aktiv şəkildə iştirakı hər zaman yüksək qiymətləndirilib. Hər iki ölkə demokratiyanın və qanunun aliliyinin möhkəmləndirilməsi, insan hüquqlarına hörmət edilməsi kimi məsələlərdə əməkdaşlığın vacibliyinin şərt olduğunu bildirib və bu istiqamətdə əməkdaşlıq nümayiş etdirib.
Beynəlxalq terrorizmə qarşı mübarizədə sərgilədiyi fəaliyyətlə yanaşı, Azərbaycan həm də yerləşdiyi bölgədə sülhün bərqərar olmasında mühüm rola malikdir. Bu gün aydındır ki, Cənubi Qafqaz bölgəsinin inkişafına, dövlətlərarası münasibətlərin daha yüksək səviyyədə qurulmasına, o cümlədən, dünyaya inteqrasiyanın daha yüksək sürətlə həyata keçirilməsinə və sülhün təminatına ən böyük maneə məhz Ermənistanın işğalçı siyasətidir. Azərbaycan torpaqlarını işğal altında saxlayan və artıq uzun illərdir ki, qeyri-konstruktiv mövqe nümayiş etdirməklə, Ermənistan özünü beynəlxalq layihələrdən kənarda saxlayıb və regionun ümumi inkişaf tempindən dəfələrlə geridə qalıb. Münaqişənin tənzimlənməsində vasitəçi olan ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi ABŞ regionda sülhün bərqərarı istiqamətində fəaliyyət nümayiş etdirir. Münaqişənin yeganə həlli yolu isə ölkəmizin ərazi bütövlüyü çərçivəsindədir və həmsədr ölkə olaraq ABŞ bu məqamı hər zaman vurğulayır.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun ABŞ-a işgüzar səfəri çərçivəsində bu ölkənin dövlət katibi ilə görüşü zamanı da bu məqam xüsusilə vurğulanmışdı. Bu görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində atılan addımlar da müzakirə mövzusu olub. Eyni zamanda, bir neçə il öncə regionumuza səfəri zamanı ABŞ-ın o zamankı dövlət katibi Hillari Klinton demişdir ki, ATƏT-in Minsk qrupunun həmsədri olaraq, Birləşmiş Ştatlar tərəflər arasında razılığa nail olmaq üçün yardımını davam etdirəcək. Xanım Klinton Azərbaycana terrorizmlə mübarizədə göstərdiyi dəstəyə görə minnətdarlığını bildirərək ikitərəfli əməkdaşlıqdan məmnun olduğunu vurğulamışdır. Onun “Azərbaycanla əlaqələr ABŞ üçün strateji əhəmiyyət daşıyır” sözləri isə Ağ Evin ölkəmizlə əməkdaşlığa necə böyük önəm verdiyini növbəti dəfə təsdiqləyir. Vaşinqton və Bakı arasında ikitərəfli münasibətlər, regional problemlər, eləcə də, qlobal məsələlərdə əməkdaşlığın mövcud olduğunu deyən keçmiş dövlət katibi, həmçinin, “Biz ikitərəfli, regional və hətta qlobal məsələlərə dair birgə işləyirik. Münasibətlərimizi daha da dərinləşdirmək niyyətindəyik” sözlərini də əlavə edib.
Bütün bunlar onu göstərir ki, həqiqətən də, ABŞ Azərbaycanın bölgədə rolunu yüksək qiymətləndirir və Cənubi Qafqazın lider dövləti olan Azərbaycanı özünün fəal tərəfdaşı hesab edir.
Nardar BAYRAMLI
Yeni Azərbaycan.-2014.- 9 yanvar.- S.8.