Azərbaycanla İran
dost və tərəfdaş ölkələrdir
Müsahibimiz
İran İslam
Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə
və səlahiyyətli səfiri cənab Möhsün
Pak Ayindir:
Azərbaycanla İran arasında
bir çox sahələrdə dərin
əməkdaşlıq əlaqələri
mövcuddur
- Cənab səfir, bildiyimiz kimi, İran-Azərbaycan münasibətləri dərin tarixi köklərə söykənir. Ölkələrimiz arasındakı çoxşaxəli əməkdaşlıq əlaqələri dinamik inkişaf tempinə malikdir. Münasibətlərin hazırki səviyyəsini necə dəyərləndirirsiniz?
- Öncə Azərbaycan xalqını yeni il münasibətilə səmimi qəlbdən təbrik edir, ən xoş arzularımı çatdırıram. Bildiyimiz kimi, Azərbaycanla İran dost və əməkdaş ölkələrdir. Ölkələrimiz arasında dini, mədəni baxımdan, eləcə də, dil və tarix nöqteyi-nəzərindən ortaq bağlılıq vardır. Biz bəhs etdiyim sahələrdə ortaq dəyərləri bu günə qədər qoruya və yaşada bilmişik. Azərbaycanla İran arasında bir çox sahələrdə dərin əməkdaşlıq əlaqələri mövcuddur. Bu münasibətlər iqtisadi, siyasi, mədəni və digər sahələri ehtiva edir və iki ölkə xalqında da məmnunluq doğurur.
Hər iki ölkə ictimaiyyəti, vətəndaşlar sıx qarşılıqlı əlaqələrin və ünsiyyətin inkişafında maraqlıdır. Bunun birinci səbəbi, qeyd etdiyimiz kimi, ortaq din, dil və mədəni bağlılıqdır. Rəsmi məlumatlara görə, il ərzində 1 milyona yaxın Azərbaycan vətəndaşı İrana səfər edir. Bu, eyni zamanda, iki ölkə arasındakı iqtisadi mübadilə və dövriyyənin artmasına təkan verir.
Təəssüflər olsun ki, Azərbaycan-İran münasibətlərinin inkişafından narahat olan qüvvələr iki ölkə arasındakı əlaqələrə zərər vermək üçün təbliğat aparırlar. Lakin ölkələrimiz arasındakı münasibətlər davamlı olaraq inkişaf etsə, bu təbliğatın heç bir təsiri olmayacaq.
Ölkələrimiz arasındakı qarşılıqlı-faydalı münasibətlərdən bəhs edərkən iqtisadi əlaqələrə də toxunmaq lazımdır. Hazırda Azərbaycanla İran arasındakı ticarət dövriyyəsi 500 milyon dollardan çoxdur. Xüsusilə də, özəl sektor çalışanları, sahibkarlar arasındakı əlaqələr inkişaf etməkdədir. Bütün bunları nəzərə alaraq, qeyd edə bilərəm ki, 2014-cü ildə də iqtisadi əlaqələrimiz inkişaf edəcək və ticarət dövriyyəsinin həcmi daha da artacaq.
Mədəniyyət sahəsində də əlaqələrimiz inkişaf edir. Bu kontekstdə öncə onu diqqətinizə çatdırmaq istərdim ki, 2014-cü ildə İran İslam Respublikasının paytaxtı Tehran şəhərində Azərbaycan günləri keçiriləcək. Ümidvaram ki, bu tədbir də ölkələrimiz arasındakı mədəni əlaqələrin inkişafına əhəmiyyətli töhfələr verəcək.
İki ölkənin ictimaiyyət nümayəndələri, eləcə də media qurumları arasındakı əlaqələrə də toxunmaq istərdim. Ümumiyyətlə, media qurumları ölkələrimiz arasındakı münasibətlərin inkişafına özünəməxsus töhfələr verirlər. Buna görə də, mətbuat nümayəndələri arasındakı əlaqələr daha da sıx olmalı, operativ fikir və informasiya mübadiləsi aparılmalıdır. Qeyd etdiyimiz kimi, bir sıra qüvvələr Azərbaycanla İran arasındakı dostluq və əməkdaşlıq münasibətlərinə xələl gətirməyə çalışırlar. Bu sırada medianın fəaliyyətindən xüsusi olaraq istifadə edirlər. Zənnimcə, ölkələrimizin media qurumları daimi təmas və münasibətdə olsalar, hadisələri birbaşa işıqlandırsalar, bu cür mənfi hallara qarşı daha effektiv və operativ tədbirlər görülə bilər.
Azərbaycan-İran münasibətlərinin gələcək inkişafı barədə yalnız optimist düşünmək olar
- Bəs başa vurduğumuz 2013-cü ildə İran-Azərbaycan münasibətləri nə ilə yadda qaldı? Ümumilikdə, bu baxımdan ilin yekun təəssüratları barədə nə deyə bilərsiniz?
- Əvvəla onu qeyd etmək istəyirəm ki, 2013-cü ildə həm Azərbaycan, həm də İranda mühüm bir siyasi hadisə qeydə alındı. Bu, hər iki ölkədə də prezident seçkilərinin keçirilməsidir. Məlum olduğu kimi, bu il İranda keçirilən prezident seçkiləri müsbət məqamlarla yadda qaldı. Yeni seçilmiş Prezident Həsən Ruhani seçkilərdən sonra dünya ictimaiyyətinə, eləcə də, Azərbaycana münasibətdə öz müsbət fikirlərini səsləndirdi və bu, beynəlxalq aləm tərəfindən pozitiv qarşılandı. İran İslam Respublikasının Prezidenti cənab Həsən Ruhaninin andiçmə mərasimində Azərbaycan Respublikasının Milli Məclisinin sədri Oqtay Əsədovun da iştirak etməsi Azərbaycanın da ikitərəfli əlaqələrin inkişafında maraqlı olduğunu göstərdi.
Cari ildə digər mühüm hadisə Azərbaycanda prezident seçkilərinin keçirilməsi və cənab İlham Əliyevin xalqın etimadı əsasında böyük səs çoxluğu ilə qalib gəlməsi oldu. Seçkilərin nəticələri məlum olduqdan dərhal sonra İran İslam Respublikasının Prezidenti cənab Həsən Ruhani Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təbrik məktubu göndərdi. Bu fakt da hər iki ölkənin əməkdaşlıqda maraqlı olduğunu bir daha göstərdi.
2013-cü ildə İran-Azərbaycan münasibətlərinin xarakteristikasından bəhs edərkən qarşılıqlı səfərlərin əlaqələrin inkişafındakı əhəmiyyətindən söz açmaq istəyirəm. Bildiyimiz kimi, rəsmi və işgüzar səfərlər ölkələrimiz arasındakı münasibətlərin inkişafına özünəməxsus töhfələr verən mühüm amildir. Ötən ildə də bu səfərlər davam etdi. Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov İran İslam Respublikasına səfər etdi və səfər çərçivəsində hər iki ölkə üçün mühüm əhəmiyyət kəsb edən məsələlər barədə geniş fikir mübadiləsi aparıldı.
Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti İrana səfərə gəldi. Səfər çərçivəsində görüşlərdə iki ölkə xalqlarının tarixi yaxınlığı və qohumluğu qeyd olundu, iqtisadi əlaqələrin daha da yaxşılaşdırılmasının vacibliyi vurğulandı. Həmçinin, Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev ötən ildə İrana səfər etdi və səfər çərçivəsində keçirilən görüşlər, səsləndirilən fikirlər qarşılıqlı məmnunluq doğurdu.
Onu da qeyd edim ki, Azərbaycanla İran beynəlxalq aləmdə də daim bir-birini dəstəkləyir. Ölkələrimiz regional və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı-faydalı əməkdaşlıq əlaqələrinə malikdir.
Parlamentlərarası əlaqələr də yüksək səviyyədədir. Parlamentlərarası dostluq qruplarının müsbət və səmimi münasibətləri mövcuddur. 2014-cü ilin əvvəlində Azərbaycan Milli Məclisinin Azərbaycan-İran parlamentlərarası dostluq qrupunun nümayəndələri İrana səfər etməyi planlaşdırır.
Bütün bunları nəzərə alaraq demək olar ki, Azərbaycan-İran münasibətlərinin gələcək inkişafı barədə yalnız optimist düşünmək olar. Əminliklə söyləyə bilərəm ki, ölkələrimiz arasındakı səmimi və qarşılıqlı-faydalı münasibətlər daim inkişaf edəcək.
İran Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarıdır
- Cənab səfir, sirr deyil ki, Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal edib və bu fakt təkcə Azərbaycan üçün yox, bütövlükdə regional təhlükəsizlik baxımından ciddi təhdid yaradır. Regional təhlükəsizlik isə bilavasitə İranın milli maraqları və təhlükəsizliyinə əsaslı dərəcədə təsir edir. Bu baxımdan, siz bu məsələyə necə yanaşırsınız?
- Xüsusi olaraq qeyd etmək istəyirəm ki, İran beynəlxalq miqyasda Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Biz Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarıyıq.
İran İslam Respublikasının da mövqeyi budur ki, Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması regional təhlükəsizlik üçün ciddi təhdiddir. Münaqişə davam etdikcə nəinki regionun təhlükəsizliyi sual altında qalacaq, eyni zamanda, bölgədə iqtisadi layihələrin həyata keçirilməsi və yeni əməkdaşlıq platformalarının yaradılması üçün ciddi əngəllər yaranacaq. Ona görə də bu münaqişə ən qısa zamanda həll edilməlidir. Zənnimizcə, ATƏT-in Minsk qrupu ötən 20 il ərzində münaqişənin həlli istiqamətində öz üzərinə düşən vəzifələri yerinə yetirə bilməyib. Ona görə də, Dağlıq Qarabağ münaqişəsi regionda və region ölkələrinin iştirakı, yardımı ilə həll olunmalıdır. Regiondankənar ölkələr bu münaqişənin həllində istəksiz və iradəsiz görünürlər. Düşünürəm ki, regionun güclü dövlətləri - Türkiyə, İran və Rusiya bu prosesdə aktiv olmalıdırlar.
Ümumiyyətlə, münaqişələrin beynəlxalq hüquq normaları əsasında həll edilməsi üçün mexanizm mövcuddur ki, bu sırada beynəlxalq təşkilatları, xüsusilə də BMT-ni qeyd edə bilərik. Məlum olduğu kimi, BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı 4 qətnamə qəbul edib. Qeyd etmək istəyirəm ki, BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən 4 ölkə həm də ATƏT-in Minsk qrupunun üzvləridir. Bu ölkələr 20 il ərzində BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul olunmuş qətnamələrin yerinə yetirilməsinə nəzarət etməliydilər. Əgər həmin ölkələr münaqişənin həlli istiqamətində qətnamələrin icra olunmasını təşviq etsəydilər, bu gün Dağlıq Qarabağ problemi həll edilmiş olacaqdı.
Cenevrə anlaşmasına razılıq verən ölkələr bu anlaşmanın prinsiplərinə əməl etsələr, bu proses öz axarı ilə davam edəcək və problem həllini tapacaq
- Regional təhlükəsizlikdən bəhs etmişkən bir məsələyə də toxunmaq istərdik ki, cari ilin noyabr ayında Cenevrədə İranla “altılıq ölkələri” arasında qarşılıqlı anlaşma əldə olundu. Bu, bütövlükdə, həm İran, həm də regional və beynəlxalq təhlükəsizlik üçün nə vəd edir?
- İranla “altılıq ölkələri” arasında anlaşmanın imzalanması ilk növbədə onu göstərdi ki, İran İslam Respublikası problemlər və anlaşılmazlıqların danışıqlar yolu ilə həll olunmasına qadirdir. Qərb ölkələri onu anladılar ki, İranla təhdid üslubunda danışmaq məqbul deyil. Bu ölkələr narahat olduqlarını bildirirdilər ki, İran nüvə enerjisindən hərbi məqsədlərlə istifadə edə bilər. Belə bir paradoksal durum mövcuddur ki, nüvə silahına malik olan ölkələr İrandan nüvə enerjisinin əldə olunmamasını tələb edirlər. Amma bu narahatlıq əbəsdir, çünki biz nüvə enerjisindən dinc məqsədlər üçün istifadə etmək niyyətindəyik. Bildiyimiz kimi, neft, qaz kimi enerji daşıyıcılarının ömrü 100 il səviyyəsində ölçülür, ona görə də dünya ölkələri alternativ enerji mənbələri axtarışındadırlar. Alternativ enerji mənbələrindən biri də məhz nüvə enerjisidir. Biz də bunu nəzərə alaraq ölkəmizin inkişafı və gələcək nəsillərin rifahı və firavanlığı üçün dinc məqsədli nüvə enerjisindən istifadə etmək istəyirik. İranın bu məsələdə şüarı bundan ibarətdir ki, dinc məqsədli nüvə enerjisi hamı üçün, hərbi məqsədli nüvə enerjisi heç kim üçün!
Onu da bildirmək istəyirəm ki, İran Beynəlxalq Atom Enerjisi Agentliyinin üzvüdür və nüvə silahlarının yayılmasını qadağan edən NPT müqaviləsinə qoşulub. İndiyədək Beynəlxalq Atom Enerjisi Agentliyinin nümayəndələri İranın nüvə təsisatlarını təxminən 1000 dəfə təftiş ediblər və hər hansı bir məlumat verilməyib ki, ölkəmizin nüvə proqramı qeyri-dinc məqsədlərə doğru irəliləyir. Zənnimizcə, “altılıq ölkələri” bizim bu məsələ barəsindəki arqumentlərimizi qəbul ediblər və bunun nəticəsidir ki, son olaraq Cenevrədə aparılan danışıqlarda tərəflərin mövqeyində yaxınlaşma qeydə alındı. Ümumiyyətlə, müzakirələr öz axarı ilə davam edir, amma prosesdə müəyyən ləngimələr mövcuddur. Əgər Cenevrə anlaşmasına razılıq verən ölkələr bu anlaşmanın prinsiplərinə əməl etsələr, bu proses öz axarı ilə davam edəcək və problem həllini tapacaq.
İslam coğrafiyasında əməkdaşlıq, həmrəylik və inkişafın əsas formulu vahid mövqedən çıxış etməkdir
- Ötən il dekabrın 9-dan 11-dək Qvineyanın paytaxtı Konakridə 57 ölkənin üzv olduğu İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının 40-cı sessiyası keçirildi. Sessiya orada təmsil olunan ölkələri maraqlandıran mühüm məsələlərin müzakirəsi ilə yadda qaldı. Bütövlükdə, İslam Əməkdaşlıq Təşkilatının fəaliyyəti və İslam coğrafiyasındakı əməkdaşlıq məsələləri barədə nə düşünürsünüz?
- Əvvəla onu demək istəyirəm ki, hazırda İslam dünyası müxtəlif problemlərlə qarşı-qarşıyadır. Fələstin problemini, İraq, Suriya və Əfqanistan məsələlərini, “əl-Qaidə” kimi mütəşəkkil terrorist qruplaşmalarının meydana gətirilməsini xüsusilə qeyd etmək istəyirəm. Təəssüflər olsun ki, İslam ölkələrinin həmrəylik və əməkdaşlığını istəməyən bəzi ölkələrin bu hadisələrdəki rolu danılmazdır.
Belə olan halda, İslam ölkələri həmrəylik və əməkdaşlıq məsələlərinə xüsusi diqqət yetirməlidirlər. Xüsusilə də, bu əməkdaşlıq regional və beynəlxalq təşkilatlar çərçivəsində davam və inkişaf etdirilməlidir. Əlbəttə ki, bu sırada İslam Əməkdaşlıq Təşkilatının fəaliyyəti daha böyük əhəmiyyət kəsb edir. İslam ölkələri müsəlman dünyasını parçalamağa çalışanlara qarşı güclü müqavimət göstərməlidirlər. Zənnimcə, İslam coğrafiyasında əməkdaşlıq, həmrəylik və inkişafın əsas formulu vahid mövqedən çıxış etməkdir. İslam ölkələri məhz bununla bir çox problemləri həll edə bilərlər.
- Müsahibəyə görə təşəkkür edirik, cənab Möhsün Pak Ayin.
Nurlan QƏLƏNDƏRLİ
Yeni Azərbaycan.-2014.- 9 yanvar.- S.5.