Han çayının möcüzəsi

 

                             Yüksək elmi-texniki inkişafa nail olan, qədim Şərq ənənələrini yaşadan və müasir Qərb mədəniyyətinə yiyələnən Cənubi Koreyanın bənzərsizliyi

 

XXI yüzillikdə sürətlə inkişaf edən, elmi-texniki tərəqqinin yüksək göstəricilərinə nail olan Şərqi Asiya regionu dövlətlərinin fonunda Cənubi Koreya Respublikası özünün siyasi, iqtisadi və mədəni tərəfləri ilə daim marağıma səbəb olan ölkələrdən biri olub. Azərbaycan hökuməti ilə sıx əlaqələrə malik olan Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOİCA) təşkil etdiyi və 8-14 dekabr tarixlərində “Azərbaycanlı jurnalistlər üçün Koreya inkişaf təcrübəsi” adlı təlimdə iştirak etmək imkanı yarandıqda çox sevindim.

Səfərdən bir neçə gün öncə KOİCA-nın Bakıdakı ofisinin rezident nümayəndəsi xanım Kim Eun Suk tərəfindən təlimə qatılan media nümayəndələri üçün təşkil olunan məlumatlandırma toplantısı məndə səfərin olduqca maraqlı olacağı təəssüratını yaratmışdı. Lakin Cənubi Koreyaya bir həftəlik səfər gözlədiyimdən də artıq dərəcədə zəngin və olduqca maraqlı keçdi.

Yol marşrutu kimi təyyarə ilə Bakıdan Qətərin Doha hava limanına, oradan isə Koreyanın İnçon aeroportuna uçuş müəyyən edilmişdi. Ümumilikdə 11 saatdan artıq davam edən uçuşdan sonra Koreyanın əsas hava limanı olan İnçona çatdıqda KOİCA-nın nümayəndələri və təlim müddətində bizi daim müşayiət edəcək xanımlar - Minkyun Kim və Karam Con qonaqları çox mehribanlıqla qarşıladılar. Təşkilatın avtobusu ilə paytaxt Seulun yaxınlığında yerləşən, bir milyon əhalisi olan Sonnam şəhərindəki KOİCA Beynəlxalq Əməkdaşlıq Mərkəzinə apardılar. Təşkilatın beynəlxalq treyninq və proqramlarının həyata keçirildiyi əsas məkan olan mərkəzdə qonaqların qalması üçün də hər bir şərait yaradılıb.

KOİCA İLƏ TANIŞLIQ

Növbəti gün, yəni, təlimin ilk günündə əvvəlcə KOİCA-nın Yaxın Şərq və MDB üzrə qrupunun proqram meneceri Nayunq Kim Koreyanın Rəsmi İnkişaf Yardımı siyasəti və KOİCA-Azərbaycan əməkdaşlığı layihələrinin təqdimatını etdi. Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi 1991-ci ildə Cənubi Koreyanın Rəsmi İnkişaf Yardımı siyasətini həyata keçirmək məqsədilə ölkənin Xarici İşlər və Ticarət Nazirliyinin himayəsində qrant yardımı və texniki əməkdaşlıq üzrə məsul qurum kimi yaradılıb. Həmin dövrdən etibarən Cənubi Koreya inkişafda olan ölkələr üçün qrant layihələri, müxtəlif yardım proqramları, təlimlər çərçivəsində yardımlar və informasiya mübadilələri təşkil edir.

KOİCA-nın Azərbaycanla əlaqələri 1994-cü ildən yaranıb. Həmin il KOİCA Ermənistanın işğal siyasətinin ağır nəticələrindən zərər çəkən Azərbaycana 50 min dollarlıq yardım göndərmişdi. 1996-cı ildən başlayaraq isə KOİCA-nın xətti ilə Azərbaycan vətəndaşları Koreyada müxtəlif səpkili təlimlərə göndərilir. Qarşılıqlı əlaqələrin genişlənməsinin göstəricisi olaraq 2009-cu ilin fevralından KOİCA-nın Bakıda nümayəndəliyi fəaliyyət göstərir. Təşkilat Ölkə üzrə Tərəfdaşlıq Strategiyası çərçivəsində Azərbaycanda əsasən sənaye və energetika, təhsil, idarəetmə sahələrinin inkişafına yönələn layihələri həyata keçirir.

KOREYA MƏDƏNİYYƏTİ - TƏZADLARIN AHƏNGDAR VƏHDƏTİ

Həmin gün Koreya Universitetinin professoru Yu Sok-Hun Koreyanın mədəniyyəti, cəmiyyəti və dili haqqında maraqlı məlumatlar verdi. Əhalisi 50 milyon nəfər olan və dünyanın ən monoetnik ölkələrindən biri olaraq Cənubi Koreya sakinlərinin təxminən 99 faizə qədərini etnik koreyalılar təşkil edir. Özlərini “han” adlandıran koreyalılar monqol-tunqus mənşəli xalq hesab olunurlar.

Koreya dilinə gəlincə, bəzi alimlər onu Altay dil ailəsinə aid edir, bəziləri isə bu dili digər dillərdən təcrid olunmuş hesab edirlər. Koreyalıların “hanqukeo” adlandırdıqları koreya dilinin türk dilləri ilə bəzi qrammatik yaxınlıqları olsa da, o, tarixən daha çox Çin dilinin təsirinə məruz qalıb və bu dildən xeyli alınma sözlər daxil olub. Buna maraqlı bir nümunə kimi bir çox Şərqi və Cənub-Şərqi Asiya ölkələrində olduğu kimi, Koreyada da tetrafobiyanın mövcudluğudur. Çin dilindən daxil olan və 4 rəqəmini ifadə edən “sa” kəlməsi Koreya dilində həm də ölüm mənasını verir. Bu səbəbdən də çox zaman hotel, xəstəxana, yaşayış binaları kimi məkanların dördüncü mərtəbəsində, eləcə də, liftlərdə 4 rəqəminin yeri ya boş qalır, ya da bu rəqəmi ingiliscə ifadə edən sözün ilk hərfi olaraq “f” yazılır, insanlar isə bayram günlərində, yaxud ailə üzvləri xəstə olduqda bu rəqəmi dilə gətirməməyə çalışırlar.

Koreyalıların dini görüşlərinə gəldikdə, burada həddən artıq müxtəliflik özünü göstərir. Belə ki, koreyalıların ən qədim dini inancı və izləri bu gün də mədəniyyətdə özünü göstərən şamanizm olub. Koreya şamanizmi və ya sonrakı dövrlərdə muizm adlandırılan bu inanc sisteminin türk şamanizmi ilə bir çox ortaq cəhətləri var.

Hazırda isə koreyalıların təxminən 47 faizi özünü heç bir dinin nümayəndəsi hesab etmir, yaxud heç bir dini icmaya qoşulmurlar, onların təqribən, 15 faizi ateistdir. Əhalinin 29 faizini protestant və katoliklər təşkil edir. Yeri gəlmişkən, növbəti günlərdə Seul küçələrinin birində olarkən bir qrup gəncin cərgə ilə düzülərək gitaranın müşayiəti ilə mahnı oxuduqlarının, şüarlar səsləndirdiklərinin şahidi oldum. Kənarda dayananlardan birinə yaxınlaşaraq gənclərin nə barədə oxuduqlarını soruşduqda mahnının mövzusunun İsa peyğəmbərə olan sevginin ifadəsi olduğunu dedi. Bu, Seul küçələrində xristianlığın təbliğatına dair rast gəldiyim yeganə hal deyildi. Ümumiyyətlə, istər paytaxt Seulda, istərsə də digər iri şəhərlərdə kilsələrə çox tez-tez rast gəlmək mümkündür. Əhalinin 23 faizinin etiqad etdiyi buddizmə məxsus məbədlər isə əsasən nisbətən ucqar yaşayış yerlərində mövcuddur. Bütövlükdə isə XIV-XIX əsrlərdə ölkəni idarə etmiş Çoson sülaləsinin rəsmi ideologiyası olmuş konfutsiçilik fəlsəfəsinin, eləcə də, buddizmin müasir Koreya mədəniyyətində, məişətində izləri daha böyükdür.

Koreyada 1970-ci illərdən etibarən azsaylı müsəlman icması üçün məscidlər də tikilməyə başlanıb. Şəhər gəzintisi zamanı bələdçilərimiz uzaqdan Seul Mərkəzi Məscidini bizə göstərərək ölkələrindəki dini tolerantlıq mühitindən fəxrlə danışırdılar. Bu cəhəti ilə Koreya mənə təbii olaraq doğma Azərbaycanı xatırlatdı.

Eyni zamanda, vesternizasiyanın da kəskin hiss olunduğu Koreyada Qərb musiqisinin və filmlərinin yerli əyləncə sektoruna, gənclərin zövqünə, geyim tərzinə böyük təsiri özünü göstərir. Digər tərəfdən isə, insanlar milli mətbəxə bağlılığı, çubuqlarla yemək, bir çox hallarda evlərdə stol və stullardan istifadə etməyərək yerdə oturmaq, yeməkləri döşəmədə hazırlamaq, kiməsə bir əşya uzadarkən hörmət əlaməti olaraq onu hər iki əllə vermək vərdişlərini qoruyub saxlayırlar. Bütövlükdə, Cənubi Koreya mədəniyyəti qədim Şərq və müasir Qərb mədəniyyətlərinin, müxtəlif dinlərin, fəlsəfi cərəyanların çox maraqlı sintezini özündə əks etdirir.

Təlimin ilk gününün proqramının sonuncu tədbiri isə KOİCA-nın “Qlobal kənd”inə baş çəkmək oldu. Ofisin yaxınlığında yerləşən “Qlobal kənd”i ziyarət insanda qısa zaman çərçivəsində dünyanı bir çox yerlərinə qiyabi olaraq səyahət etmək təəssüratını yaradır. Muzeydə müxtəlif ölkələrin, xüsusən də, Şərqi və Cənub-Şərqi Asiya xalqlarının yaşayış tərzini, milli geyimlərini, məişət əşyalarını, musiqi alətlərini, dini inanclarını əks etdirən maraqlı eksponatlar var.

AQONİYADAN ZİRVƏYƏ DOĞRU

Təlimin ikinci günündə Yonsey Universitetinin professoru Sanyun Ru hazırda iqtisadi inkişaf səviyyəsinə görə dünyada 15-ci yerdə dayanan Cənubi Koreyanın qeyri-adi inkişaf təcrübəsi barədə ətraflı danışdı. 1910-1945-ci illərin Yaponiyanın müstəmləkəçiliyi dövrü, müstəqilliyini elan etdikdən sonra keçmiş SSRİ və ABŞ-ın nəzarətinə keçən Koreyanın iki qlobal güc arasındakı soyuq müharibənin nəticəsində 1948-ci ildə iki hissəyə parçalanması, daha sonra şimalla cənub arasında 1950-53-cü illərin müharibəsi Cənubi Koreyanı büsbütün viran qoymuşdu. Müharibədən sonrakı illərdə ABŞ başda olmaqla Cənubi Koreyaya böyük həcmdə beynəlxalq yardımlar göstərilir. Buna baxmayaraq, ölkənin inkişafı çox ləng gedirdi və XX əsrin ortalarında Cənubi Koreya dünyanın ən yoxsul və geridəqalmış ölkələrindən idi. Belə bir vəziyyətə hərbi çevriliş yolu ilə hakimiyyətə gələn və sonradan prezident seçilərək ölkəni 1979-cu ilədək idarə edən, “varlı ölkə, güclü ordu” devizi ilə çalışan Pak Çon Henin (hazırkı prezident xanım Pak Kın Henin atası) 1962-ci ildə əsasını qoyduğu 5 illik iqtisadi inkişaf planları 1996-cı ilədək davam etdirildi. Cənubi Koreyada sürətli sənayeləşmə, modernləşmə, istehsal sahələrinin, maşınqayırmanın, təhsilin inkişafı dövrü kimi səciyyələnən bu illərə xas cəhətlər Han çayının sahillərində yerləşən paytaxt Seulun timsalında daha qabarıq göründüyü üçün bütövlükdə Koreyanın sürətli inkişafı “Han çayı üzərində möcüzə” də adlanır. Bu möcüzəvi inkişafdan danışarkən isə koreyalılar beynəlxalq yardımlar və dövlətin düzgün iqtisadi siyasəti ilə yanaşı, Koreya xalqının çalışqanlığını da xüsusi vurğulayırdılar. Ölkənin zəngin təbii resursları olmadığından insanlar yaxşı yaşamaq üçün çox əmək sərf etməyin zəruriliyini başa düşürdülər. Beləliklə, Cənubi Koreya XX əsrin ortalarında yardım alan ölkədən əsrin sonlarında donor ölkəyə, hazırda inkişaf göstəricilərinə görə ön sırada gedən ölkələrdən birinə çevrilib. İndi koreyalıları narahat edən əsas məsələ ölkədə həddən artıq aşağı səviyyəli demoqrafik artımın gələcəkdə iqtisadiyyata göstərəcəyi təsirdir.

Təlimin ikinci gününün proqramında Seulda yerləşən Müasir Koreya Tarixi Milli Muzeyini ziyarət də var idi. Muzey əsasən Koreyanın son bir əsrlik tarixini, siyasi, iqtisadi, sosial, mədəni həyatını maraqlı eksponatlar, dövrün sənədləri, nəşrləri, foto və video materialları ilə insanın gözü qarşısında canlandırır.

GƏLƏCƏYƏ SƏYAHƏT

Seulda yerləşən “SK T.um” muzeyini (“SK Telecom Ubiquitous Muzeum”) ziyarət etmək həqiqətən də gələcəyə səyahət adlandırıla bilər. Cənubi Koreyanın aparıcı telekommunikasiya şirkəti olan SK Telekom öz uğurlarını və gələcəklə bağlı iddialı layihələrini ictimaiyyətə təqdim etmək üçün qısa şəkildə “T.um” adlanan muzeyini yaradıb. Muzey ziyarətçilərə müasir texnologiyanın ən son imkanlarını təqdim edərək bu yeniliklərin gələcəkdə insan həyatını necə dəyişəcəyini görmək, hətta təcrübədən keçirmək fürsətini verir. Burada insanı heyrətə salan bir çox məqamlardan biri olaraq “gələcəyin evi”ni qeyd etmək olar. Bu “ev”də adi otaq divarları nəhəng ekran funksiyasını yerinə yetirir. Divara toxunmadan əlin sadə hərəkəti ilə, istənilən təsviri, məsələn, dəniz ləpələrinin səsinin müşayiəti ilə okean, yaxud quşların səsinin duyulduğu meşə mənzərəsini evin bütün divarları boyunca yerləşdirmək, həmçinin, divar-ekranda internetə daxil olmaq, həmin ekran vasitəsilə dostlarınla görüntülü-səsli ünsiyyət qurmaq, sosial şəbəkələrdən istifadə etmək, onlayn alış-veriş etmək, sağlamlıq durumu haqqında məlumat almaq və s. mümkündür. Muzeydə, maraqlı cəhətləri ilə insanı təəccübləndirən “gələcəyin maşını”, “gələcəyin alış-veriş tərzi”, “media stol” və digər yeniliklər də nümayiş olunur.

Həmin gün Seul Qülləsindəki restoranlardan birində şam etdik. Qüllə formasına və görünüşünə görə Bakı Televiziya Qülləsini xatırladır. Yüksək bir təpənin üzərində yerləşən qülləyədək olan yolun bir hissəsini piyada qalxmaq lazım gəlir. Qüllənin aşağısında dünyanın bir sıra şəhərlərində mövcud olan maraqlı ənənə burada da var. Gənc cütlüklər Qüllənin ətrafındakı dəmir hasarın çərçivələrinə qıfıl bağlayaraq açarı hasarın o biri tərəfinə - uçuruma atırlar. Bununla da sevgilərinin daimi olacağına inanırlar.

Qüllədəki restoranın pəncərələrindən 10 milyon nəfər əhalisi olan şəhər ovuc içi kimi görünür. Yeməklərə gəlincə, Koreya mətbəxi düyü, tərəvəz və müxtəlif ət növlərindən, eləcə də, dəniz məhsullarından olan növbənöv yeməklərlə zəngindir. Koreya mətbəxində süd məhsullarına nadir hallarda rast gəlinir. Bu, tarixən həddən artıq yoxsul olan koreyalılar üçün əlçatmaz olan süd məhsullarının milli mətbəx ənənələrindən kənarda qalması ilə əlaqədardır. Ümumilikdə, yeməklərinin az kalorili olması sayəsində Koreyada artıq çəki problemi olan insanlara çox az rast gəlmək olur.

Təlimin üçüncü günündə səhər tezdən avtobusla Qvanmyun stansiyasına, oradan isə sürət qatarı ilə Cənubi Koreyanın metropolislərindən biri olan Ulsan şəhərinə yola düşdük. Məqsəd Hunday Ağır Sənaye şirkətinin və SK Energy şirkətinin fəaliyyəti ilə tanış olmaq idi. Hər iki məkanda bizi böyük hörmətlə qarşılayaraq əvvəlcə şirkətlərin fəaliyyəti haqqında məlumat verildi, baş ofisdə yerləşən maketlər, müxtəlif eksponatlar göstərildi, daha sonra şirkətlərdən olan bələdçilərin müşayiəti ilə müəssisələrin ərazisinə avtobus turu təşkil edildi, bizə müəssisələrdəki gündəlik iş prosesinin bir hissəsini görmək imkanı yaradıldı.

Cənubi Koreyanın strateji əhəmiyyətli müəssisələrinə baş çəkdikdən sonra yenidən sürət qatarı ilə geri qayıtdığımız zaman mənzil başına çatmadan stansiyaların birində qatar təxminən yarım saatdan artıq dayanmalı oldu. Qatarın işində yaranan fasilə bizə əvvəlcə bir nəfərin intihar edərək özünü bizdən irəlidə olan qatarın altına atması ilə izah edildi. Mənzil başına çatdıqdan sonra öyrəndim ki, qatarın fəaliyyətində yaranan fasilə qısa adı “Korail” olan Koreya Dəmiryolları Korporasiyasının işçilərinin bir qisminin dövlətə məxsus şirkətin sürət qatarı xətlərindən birini özəlləşdirməyə çalışmasından şübhələnələrək tətil elan etməsinin nəticəsi idi.

“BİZ DƏ AZƏRBAYCANDA JURNALİST OLMAQ İSTƏYİRİK”

Təlimin dördüncü günündə Koreyanın aparıcı yayım şirkəti olan KBS-in (Korean Broadcasting System) Suvon şəhərində yerləşən Bədii Zalına baş çəkdik, şirkətin dram mərkəzində, burada yaradılan muzeydə və idarəetmə ofisində olduq. Əsasən, filmlər, tarixi və məişət mövzularında seriallar, şou verilişləri istehsal edən KBS-in ölkə və beynəlxalq səviyyələrdə fəaliyyət göstərən radio və televiziya kanalları mövcuddur.

Həmin gün Koreyanın aparıcı biznes qəzetlərindən olan “The Asia Business Daily” qəzetinin ofisində baş redaktor Conq İn Pakın da iştirakı ilə redaksiya heyətinin üzvləri ilə görüşümüz baş tutdu. Görüşdə bizə Cənubi Koreyanın media mühiti, o cümlədən “The Asia Business Daily” qəzetinin fəaliyyətindən bəhs olundu. Öz növbəmizdə, biz, yəni Azərbaycandan olan media nümayəndələri təmsil etdiyimiz qurumlar haqqında qarşı tərəfə məlumat verdik, sualları cavablandırdıq. Həmçinin, Azərbaycandakı sürətli sosial-iqtisadi inkişaf, kütləvi informasiya vasitələrinin fəaliyyətinə yaradılan şərait, jurnalistlərə göstərilən dövlət qayğısı barədə məlumat verildi, videosüjet təqdim olundu. Qəzetin nümayəndələri Azərbaycanda jurnalistlərin dövlət tərəfindən mənzillərlə təmin olunduqlarını öyrəndikləri zaman yarızarafatla “biz də Azərbaycanda jurnalist olmaq istəyirik” söylədilər. Ümumilikdə, Azərbaycanın inkişafı və mediaya olan qayğı koreyalı mətbuat nümayəndələrində dərin təəssürat doğurdu.

Günün sonunda bizə möhtəşəm, sözsüz, lakin kifayət qədər səsli-küylü Nanta tamaşasına, elə həmin tamaşanın vətənində baxmaq nəsib oldu. Bir neçə aşpazın toy mərasimi üçün yemək hazırlığını komediya janrında təqdim edən Nanta ənənəvi Koreya ritmləri və digər mədəni nümunələrinin müasir musiqi, sirk və sehrbazlıq hərəkətləri ilə birəşməsindən yaranan bənzərsiz tamaşadır.

Növbəti gün bizə təlimi uğurla başa çatdırmağımızla bağlı sertifikatlar təqdim olundu, KOİCA-nın prezidenti Yun-Mok Kim və təşkilatın digər rəhbər şəxsləri ilə görüş təşkil olundu, təlimlə bağlı təəssüratlarımız dinlənildi. KOİCA-nın Azərbaycanda gələcək planları, ölkəmizdə keçirəcəkləri layihələri artırmağın mümkünlüyü ilə bağlı suallara cavabında KOİCA prezidenti bildirdi ki, Azərbaycanın sürətlə inkişaf edən zəngin ölkə olmasından xəbəri var və hətta Koreyanın özünə Azərbaycanın köməyi lazım ola bilər.

Əslində, bu görüş Cənubi Koreyada Azərbaycanla bağlı təsəvvürləri aydın şəkildə ortaya qoyurdu. Təsadüfi deyil ki, təlim zamanı da koreyalı mütəxəssislər ölkələrinin XX əsrdəki inkişafı ilə Azərbaycanın bugünkü sürətli inkişafı arasında bənzərlik görürdülər. Bu, Azərbaycanın dünyadakı müsbət imicinin möhkəmlənməsinin mənim üçün əyani təsdiqi idi.

Sonuncu gün bizi bir neçə saraydan və digər tikililərdən ibarət olan Gionbokun sarayına apardılar. Orta əsrlərdə Çoson sülaləsindən olan imperatorların yaşadığı, müxtəlif mərasimlərin təşkil olunduğu saray kompleksi XX əsrin əvvəllərində yapon müstəmləkəçiliyi dövründə demək olar ki, tamamilə dağıdılıb və əsrin sonlarından etibarən elə Yaponiyanın ödədiyi təzminat hesabına qismən yenidən bərpa olunub.

Həmin gün ənənəvi Seuldakı Koreya evlərindən birində də olduq. Burada Şərqi Asiyada geniş yayılmış ənənəvi çay hazırlama mərasimini ev sahibəsinin köməyi ilə yerinə yetirdik, Koreya milli geyimlərini geyərək şəkillər çəkdirdik və yerli məişət mədəniyyəti ilə bağlı bir sıra yeni məlumatlar əldə etdik.

İnçon hava limanına yollanmazdan əvvəl isə Seulun məşhur Gangnam rayonunda və koreyalıların milli fəxrinə çevrilmiş “Psy”ın “Gangnam style” mahnısına klipin çəkildiyi məkanda olduq.

Koreyada olduğum günlər çox maraqlı keçsə də, yenidən Vətənə qayıtmağın sevinci uzun uçuş saatlarının yoruculuğunu gözümdə əhəmiyyətsiz edirdi. Bizi yağışla qarşılayan Bakıya qayıtdığım gün evə gedərkən yol boyu şəhərin küçələrinə nəzər salaraq istər-istəməz Bakı ilə Seulu müqayisə edir, özünün gözəlliyinə, qədim, klassik və müasir üslubların birləşdiyi unikal memarlığına görə Bakının Cənubi Koreya şəhərlərindən heç də geri qalmadığını düşünürdüm.

Bütövlükdə isə Cənubi Koreyaya olan səfər mənə zəngin təcrübə, unudulmaz xatirələr bəxş etdi. Təlimin təşkilinə görə KOİCA-ya və təlimdə iştirakıma yaradılan şəraitə görə Mətbuat Şurasına təşəkkürümü bildirirəm.

 

Hülya MƏMMƏDLİ

Bakı-Doha-İnçon-Doha-Bakı

 

Yeni  Azərbaycan.-2014.- 9 yanvar.- S.6.