Azərbaycanda jurnalistikaya
yüksək diqqət və qayğı göstərilir
“Düşünürəm ki, “Qədim türk
yazılı abidələri külliyyatı” adlı
kitabı oxuculara təqdim etməyin artıq vaxtıdır”
Müsahibimiz bu günlərdə 60
illik yubileyini qeyd edən şair, tərcüməçi,
publisist, filologiya elmləri doktoru, Azərbaycan
Yazıçılar Birliyinin (2006) və Azərbaycan Jurnalistlər
Birliyinin (1980) üzvü Ramiz Əskərdir:
- Öncə sizi qarşıdan gələn yubileyiniz münasibəti ilə təbrik edirik. Neçə illərdir mətbuatımızda fəaliyyət göstərirsiniz. Jurnalistlərə dövlət qayğısı haqqında nə deyə bilərsiniz?
- Son illər dövlətin mətbuata ciddi dəstəyinin şahidi oluruq. Mətbuata hərtərəfli dəstək var. Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vəsitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) xətti ilə qəzetlərə maliyyə yardımları edilir, digər ayrı-ayrı dövlət qurumlarının layihələrinə mətbuat cəlb olunur, jurnalistlər çoxsaylı müsabiqələrdə iştirak edir və sair. Jurnalistlərin maaşında da artımları müşahidə edirik. Bütün bunlar müsbət haldır. Ümumiyyətlə, hazırda jurnalistikaya diqqət və qayğını çox yüksək dəyərləndirirəm. Dövlətin, hökumətin atdığı hər bir xoşməramlı addımı alqışlamaq və düzgün qiytəmləndirmək lazımdır. Sevindirici haldır ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev jurnalistlər üçün yaşayış binasının inşa edilməsi üçün Prezidentin ehtiyat fondundan KİVDF-yə 5 milyon manat vəsait ayırdı. İyulun 22-də istifadəyə verilən həmin binadan ümumilikdə 156 nəfər mənzillə təmin olundu. Xoş bir haldır ki, həmin o 156 nəfərdən biri də mənəm.
- Sirr
deyil ki, son illər müasir jurnalistikada bir çox yeni meyllər
meydana gəlib. İnformasiya-kommunikasiya
texnologiyalarının inkişafı jurnalistikanın da forma və
məzmunca əhəmiyyətli şəkildə dəyişməsini
şərtləndirib. Bu mənada
müasir Azərbaycan jurnalistikası çağdaş
dünyanın şərt və tələblərinə cavab
verə bilirmi?
-
Texnologiyanın inkişafı, şübhəsiz ki,
jurnalistikanın inkişafına əsaslı şərait
yaradır. İndi gənc jurnalistlər
kompüterin bir düyməsi ilə hər şeyi öyrənə
bilirlər. Bu gün onlayn jurnalistika get-gedə
inkişaf edir. İndi daha çox sual
edirlər ki, bloggerləri jurnalist hesab etmək olar, ya yox?
Əvvəla, onu deyim ki, bəlkə, bloggerlərdən
də tək-tük jurnalistikayönümlü insanlar
çıxa bilər. Ümumilikdə isə,
bloggerliyin jurnalistika ilə eyniləşdirilməsinin əleyhinəyəm.
Onsuz da istedadlı blogger zamanla daha da püxtələşəcək
və onlayn jurnalistikaya keçəcək. Amma bu yüz
nəfərdən birində ola, ya olmaya. Bu gün sosial şəbəkələrin, vətəndaş
jurnalistikasının ümumən mətbuata təsiri var.
Sosial şəbəkələr sosiallaşmaq, informasiya
mübadiləsi, müzakirə və disskusiyaların
aparılması baxımından çox önəmlidir.
Bir zamanlar adi yazıya görə burdan Moskvaya,
yaxud hansısa şəhərə getməliydik. İndi oturursan, bircə düymə ilə sanki
dünya ovcunun içindədir. Bütün
bunlara görə biz də dünyanın ümumi inkişaf
tempi ilə ayaqlaşmaq üçün cəmiyyət olaraq
öz üzərimizdə işləməli, müasirləşməliyik.
Cəmiyyət inkişaf etdikdə, müasirləşdikdə
jurnalistikamız da buna uyğun olaraq inkişaf edəcək.
- Bu
gün Azərbaycan mətbuatında ən çox müzakirə
olunan mövzulardan biri də janr problemidir. Bu məsələyə
müxtəlif baxışlar və yanaşmalar var. Sizin bununla bağlı fikrinizi bilmək
maraqlı olardı...
- Sovet
dövründə jurnalistikada ən populyar janr oçerk idi. Oçerklərdə, adətən, Sovet zəhmətkeşləri,
əmək qabaqcılları haqqında yazılırdı.
Oçerk daha çox tərənnüm
xarakterli olurdu. Artıq oçerk janrı
zamanın tələbi ilə ölüb getməkdədir.
Ümumiyyətlə, bədii-publisistik
janrların əksəriyyəti Sovet dövrünün
mirasıdır və artıq aktuallığını itirir.
Müasir dövr jurnalistikasında xəbərlər,
analitika və müsahibələr öz
aktuallığını qoruyur. Sovet
dövründə olduğu kimi, çağdaş mətbuatımızda
da müsahibə janrı ən işlək janrlardan biridir.
Jurnalist mövzuya uyğun sual verir, müsahibi
isə cavablandırır. Lakin heç də
qəzet səhifəsində müsahibə ilkin variantda
götürüldüyü kimi təqdim olunmur. Müsahibə jurnalistin, redaktorun montajından
keçir, sonra qəzet səhifəsində yer alır.
Müsahibin dediklərini daha lakonik və
canlı şəkildə çatdırmaq üçün
bu redaktə prosesi lazımdır. Müsahibə
sözünün hərfi mənası ərəbcədən
tərcümədə “iki tərəfin söhbəti” deməkdir.
Amma Sovet dövrü jurnalistikasında buna fakt
toplama metodu və janr kimi ayrı-ayrılıqda
yanaşıblar. Metodoloji mövqedə
duranlar müsahibəyə fakt toplama, janr mövqeyində
duranlar isə öz orijinal strukturu və formayaratma əlamətləri
olan mətnin təşkili üsulu kimi baxırdılar.
Bu yanaşmaların müəyyən
üstün cəhətləri olsa da, əslində, vahid
yaradıcılıq prosesinin süni yolla iki hissəyə
parçalanması demək idi.
Hazırda Qərbi Avropa və Amerikanın jurnalistika məktəblərində
müsahibəyə iki tərəf arasında gizli
yarışma kimi yanaşırlar. Belə deyək ki,
sanki jurnalist bütün gizli üsullarını işə
salıb müsahibindən özünə lazım olan
informasiyanı almağa çalışır və alır
da.
- Siz
müxtəlif dövrlərdə
türkçülüyün, türk xalqları ədəbiyyatının
tarixi ilə bağlı da araşdırmalar, maraqlı tədqiqatlarla
çıxış edirsiniz. Bunların bəziləri
geniş ictimaiyyətə bəllidir. Bu barədə
daha ətraflı məlumat verməyinizi xahiş edirik...
- Müxtəlif
vaxtlarda məşhur türk şairi və mütəfəkkiri
Y.Balasağunlunun “Qutadğu bilig”i, mərhum ustadlarım Prof.
Dr. F.Sümərin “Oğuzlar” və Prof. Dr. B.Ögəlin
“Türk mifologiyası” kimi türkologiyanın əsas və
ölməz əsərlərini Azərbaycan dilinə tərcümə
etmişəm.
2003-cü
ildə nəşr edilən “Qutadğu bilig” adlı
monoqrafiyamdan sonra işıq üzü görən Mahmud
Kaşğarinin “Divanü lüğat-it-türk” kitabı həm
həcm, həm məzmun, həm də yazılma tarixi etibarilə
türkologiyanın ən böyük, ən qiymətli, ən
qədim əsəridir. Türk
dünyasının bu möhtəşəm abidəsinin, gec
də olsa, Azərbaycan dilinə tərcüməsi və nəşri,
filologiyamızın elmi dövriyyəsinə daxil edilməsi,
tədqiqatçılara, geniş ziyalı və oxucu kütləsinə
çatdırılması ölkəmizin elmi-mədəni həyatında
mühüm hadisədir.
Bu nadir lüğət-ensiklopediya sayəsində qədim
yazılı abidələrimizin daha düzgün oxunması və
anlaşılması, milli mədəniyyətimizin bir
çox mühüm cəhətlərinin daha yaxşı
öyrənilməsi və qavranılması mümkün olacaq. “Divanü
lüğat-it-türk” min il bundan əvvəlki
dilimizin, tarix və mədəniyyətimizin ən dəyərli,
ən başlıca mənbəyi kimi elmimizdə tamamilə
yeni üfüqlər və istiqamətlər açmağa,
daha geniş, daha əhatəli və daha dərin
araşdırmalar aparmağa kömək edəcək. Mən buna inanıram. Daha sonra Abdulla Tukayın
“Millətim” və “Seçilmiş əsərləri”, Mehri
Xatunun “Divan”, Zəhirəddin Məhəmməd Baburun “Baburnamə”,
Qurbanqulu Berdimühəmmədovun “Axaltəkə atı -
iftixarımız və şöhrətimiz”, “Türkmən
şeiri antologiyası”, Abdulla Şahbəndənin
“Seçilmiş əsərləri”, “Türkmən müəmmaları,
deyişmələri və vücudnamələri”,
“Monqolların gizli tarixi”, Əli Ağbaşın
“Seçilmiş şeirləri”, Bəkir Çobanzadənin
“Seçilmiş şeirləri” və “Seçilmiş bədii
əsərləri” kitablarını tərcümə edib nəşr
etdirmişəm.
- İstərdik, ənənəvi bir sualla söhbətimizi
yekunlaşdıraq. Artıq 2013-cü il də geridə
qaldı. Siz ötən ili öz
yaradıcılığınızda hansı nailiyyətlərlə
yola saldınız və yaxın perspektivdə hansı
işləri planlaşdırırsınız?
- 2013 -
cü ildə Rusiya Federasiyasının Tuva Muxtar
Respublikasının Qızıl şəhərində
Əski türk runik abidələrinə həsr olunmuş
beynəlxalq konfransda və Qazaxıstan Respublikasının
Astana şəhərində Çingiz Aytmatovun 85 illiyinə
həsr olunmuş beynəlxalq konfranslarda iştirak etdim.
Böyük bir filoloji, elmi və pedaqoji boşluğu doldurmaq
üçün ötən il Monqolustana
gedib “Orxon abidələri” adlı irihəcmli bir kitab
yazmışdım. Bu il isə “Yenisey abidələri”
adlı kitabıma material toplamaq məqsədilə iki dəfə
Cənubi Sibirə səfər etdim. Bunlardan
birini Bakı Dövlət Universiteti maliyyələşdirdi.
İkinci səfərimi öz vəsaitim
hesabına gerçəkləşdirdim. Cənubi Sibirdə
yerləşən üç türk respublikasında, yəni
Tuva, Xakasiya və Dağlıq Altayda 300-ə yaxın qədim
türk runik abidəsi var. Onların təxminən
yarısı Qızıl, Abakan, Minusinsk, Qorno-Altaysk, Barnaul və
Krasnoyarsk muzeylərində, bir o qədəri də ilkin
qoyulduqları yerlərdə, əsasən də dağlıq
bölgələrdədir. Bu dəfə mən
Qızıl, Abakan və Minusinsk muzeylərində qorunan abidələri
tədqiq etdim, onların parametrlərini çıxardım, fotoşəkillərini
çəkdim. Səfər çərçivəsində
Tuvanın paytaxtı Qızıl şəhərində
türk runik abidələrinə həsr olunmuş beynəlxalq
konfransa qatıldım və orada “Orxon-Yenisey abidələrinin
Azərbaycanda tədqiqi” mövzusunda məruzə ilə
çıxış etdim. Düşünürəm
ki, “Qədim türk yazılı abidələri
külliyyatı” adlı kitabı oxuculara təqdim etməyin
artıq vaxtıdır. Buraya Altay, Tuva, Xakasiya,
Qırğızıstan, Qazaxıstan, Özbəkistan,
Tacikistan, Şərqi Türküstan, Monqolustan, Şimali
Qafqaz, Avropa, Tibet və Azərbaycanda aşkar edilmiş 600-dən
artıq abidə daxil ediləcək. Hər abidəyə
orta hesabla 2 səhifə ayırsaq, kitabın həcmi 1200 səhifə
və ya 75 çap vərəqi olacaq.
Kitabda
minlərə ağ-qara və rəngli şəkildən,
fotodan, rəsmdən, xəritədən, qrafikdən, sxemdən
və s. istifadə olunacaq. Bu kitab elmi-tədqiqat
işlərinə böyük təkan verəcək, hər
yöndən dahi dilçi Mahmud Kaşğarinin “Divanü
lüğat-it-türk” əsəri qədər faydalı
olacaqdır. Tədqiqatçılara
diaxron araşdırmalar sahəsində misilsiz xeyir verəcək.
Ondan humanitar elmlər sahəsində
çalışan hər kəs istifadə edə biləcək,
tarixi aspektdə yazılan hər şey üçün ona
müraciət olunacaq, o, ən etibarlı mənbəyə və
masaüstü kitaba çevriləcək.
- Sonda
sizi bir daha yubileyiniz münasibəti ilə təbrik edir və
maraqlı müsahibəyə görə təşəkkür
edirik.
- Mən də göstərdiyiniz diqqətə görə sizə minnətdarlığımı bildirirəm. Çox sağ olun!
OKTAY
Yeni
Azərbaycan.-2014.- 10 yanvar.- S.6.