Qarabağ atı üzərində çövkən oyunu xalqımızın mədəni irsinin ayrılmaz hissəsidir

 

Xəbər verdiyimiz kimi, UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin ötən il dekabrın 2-dən 8-dək Bakıda keçirilən 8-ci sessiyasında Qarabağ atları üzərində Azərbaycanın çövkən oyunu UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı Olan Qeyri-Maddi Mədəni İrs Siyahısına salınıb.

Bu mühüm qərar Vətənimiz Azərbaycanın qədim zamanlardan milli mədəniyyət və idman ənənələrinə malik ölkə olduğunu bir daha sübut edir.

Məlumdur ki, Azərbaycan atçılığın təşəkkül tapdığı ən qədim ölkələrdən biridir. Qədim Azərbaycan dövlətləri - Manna, Midiya, AtropatenaAlbaniyada atçılıq geniş yayılıb. Azərbaycan atları uzun əsrlər boyu müəyyən təbii-tarixi şəraitin təsiri nəticəsində, həyat tələbatı sayəsində dəyişib, Qarabağ, Dilboz kimi yerli at cinsləri əmələ gəlib.

Qədim zamanlarda ömürlərinin böyük hissəsini at belində keçirən Azərbaycan türkləri öz sədaqətli yoldaşları olan atlarla səfərlərə, döyüşlərə gedib, yurdumuzu düşməndən müdafiə edib, igidliklər göstərib, eyni zamanda, cıdır yarışları təşkil edib, çövkən, sürpapaq, sürəyçi, baharbənd, yaylıq, piyaləox, gərdəkqaçırdı kimi atüstü oyunlar nümayiş etdiriblər.

Azərbaycanda keçirilən atüstü oyunlardan ən məşhuru çövkəndir. Qədim salnamə, miniatür və ədəbiyyat nümunələrində çövkən oyununun adı tez-tez çəkilir. Beyləqan şəhəri yaxınlığında aparılmış arxeoloji qazıntılar zamanı aşkar edilən IX əsrə aid qab üzərində çövkən oyununun təsvir edilməsi, müxtəlif yazılı mənbələrdə, dahi Azərbaycan şairi Nizami Gəncəvinin “XosrovŞirin” poemasında, Xəqani Şirvaninin əsərlərində, “Kitabi-Dədə Qorqud” dastanında çövkəndən bəhs edilməsi, həmçinin orta əsr miniatürlərində bu oyunun təsvir edilməsi Azərbaycanda çövkən oyununun tarixinin çox qədim olduğunu göstərir.

Min illər ərzində Azərbaycanda igidlərin oynadığı bu oyun cəsurluq, qəhrəmanlıq və çeviklik rəmzi sayılıb. Bu oyunda gənclər fiziki cəhətdən möhkəmlənir, at üstə müxtəlif hərəkətlər icra etməklə döyüş hazırlığını yüksəldirdilər. Çövkən oyununda iştirak edən gənc bir əli ilə çövkən ağacı vasitəsilə topu vurur, digər əli ilə isə atı idarə edir - onu sağa, sola, geriyə döndərir, qəfildən dayandırır və ya irəli çapır. Musiqinin müşayiəti ilə keçirilən çövkən oyununda atlılar iki dəstəyə bölünür. Əsas məqsəd topu dəyənəklə - çövkənlə rəqib qapısından keçirməkdir. Əsasən müxtəlif tədbirlərdə, toyel şənliklərində keçirilən oyunda kişilərlə yanaşı, qadınlar da iştirak ediblər.

Azərbaycanın Qarabağ bölgəsində formalaşmış Qarabağ atları çövkən oyunu üçün ən ideal atlar hesab edilir. Qarabağ atlarının süysününün hündürlüyü 148,5 santimetr, döş qucumu 165,8 santimetr, əldarağının çevrəsi 18,3 santimetrə qədərdir. Tipik dağ-düzən atı olan Qarabağ atları əsasən qızılı-kürən və kəhər rəngli, dözümlü, ortaboylu, bədən quruluşu mütənasibdir. Bu atlar cəld, çevik və kəskin dönüş hərəkətləri edə, dayandığı yerdən qəfildən hücuma keçə bilirlər.

Qarabağ atlarının cins kimi təkmilləşdirilməsində və böyük şöhrət qazanaraq geniş yayılmasında Qarabağın Xan zavodlarının əvəzsiz rolu olub. Qarabağ xanları Pənah xanın, İbrahim xanın, Mehdiqulu xanın, Cəfərqulu xanın, Xurşidbanu Natəvanın və digər xan zümrəsinə daxil olan sülalənin nümayəndələrinə məxsus zavod və tövlələrdə klassik zavod atçılığı səviyyəsində damazlıq işləri aparılıb. Qarabağ atları bir çox beynəlxalq sərgilərdə təmsil olunubuğurlu yerlər tutublar. Məsələn, 1867-ci ildə Fransada keçirilən sərgidə və 1869-cu ildə keçirilmiş Ümumrusiya at sərgisində Qarabağ atları mükafatmedala layiq görülüb. 1956-cı ildə sovet hökuməti tərəfindən İngiltərə Kraliçası II YelizavetayaZaman” adlı Qarabağ atının hədiyyə edilməsi cinsin tarixində mühüm hadisələrdən hesab edilir.

XX əsrdə Qarabağ at cinsinin tarixində ən önəmli hadisə Ağdam atçılıq zavodunun yaradılmasıdır. 1949-cu ildə Ağdam rayonunun Eyvazxanbəyli kəndində Atçılıq Zavodunun yaradılması Qarabağ atının yaxşılaşdırılmasında böyük rol oynayıb.

Qarabağ xanlığı dövründə çövkən oyunlarına maraq daha da artıb, Şuşa şəhərindəki Cıdır düzündə, Xankəndi və Xocalı arasındakı ərazidə, Ağdamda cıdır yarışları, müxtəlif atüstü oyunlar, o cümlədən çövkən yarışları keçirilib. Vaxtaşırı keçirilən bu yarışlarda Qarabağın müxtəlif yerlərindən gəlmiş gənclər öz məharətlərini göstəriblər.

Sovet dövründə atüstü milli oyunlara marağın bir qədər azalmasına baxmayaraq Qarabağ bölgəsində xalqımızın qeyri-maddi mədəni irsinin ayrılmaz hissəsi olan qədim oyun ənənələri qorunub saxlanılıb. XX əsrin sonlarında Ermənistanın Azərbaycana təcavüzü Qarabağda azərbaycanlıların kütləvi soyqırımı, yüz minlərlə qaçqın və məcburi köçkün ordusunun yaranması ilə yanaşı, xalqımızın maddiqeyri-maddi mədəni irsinə də ağır zərbə vurub. Buna baxmayaraq çövkən oyunu aran Qarabağın işğal olunmamış bəzi yerlərində, həmçinin respublikanın bir çox bölgələrində bu gün də yaşamaqdadır.

Son illərdə atüstü milli oyunlarımızın qorunub saxlanılması, qədim tarixə malik atçılıq ənənələrinin bərpası, ölkəmizdə atçılıq turizminin təbliği və inkişafı, gənc nəsildə bu sahəyə marağın oyadılması istiqamətində xeyli görülüb. 2007-ci ildə “Atçılıq haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunub, bu qanunun tətbiqi ilə əlaqədar Prezident İlham Əliyev tərəfindən müvafiq fərmanlar imzalanıb, “Atçılığın inkişafı üzrə Proqram” təsdiq edilib, Respublika Atçılıq Turizm Mərkəzi yaradılıb. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə hər il Şəki rayonunun Daşüz kəndində yerləşən Respublika Atçılıq Turizm Mərkəzində Prezident Kuboku uğrunda çövkən milli oyunu üzrə yarışlar, həmçinin Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş Milli Atüstü Oyunlar Festivalı keçirilir. Bu yarışlarda respublikanın müxtəlif şəhər və rayonlarını təmsil edən komandalar, o cümlədən aran Qarabağın Ağdam, Ağcabədi, Bərdə bölgələrindən gəlmiş və əsasən Qarabağ atlarından təşkil olunmuş komandalar mübarizə aparırlar.

İnanırıq ki, minilliklər boyu milli dəyərlərimizdən olan atüstü oyunları qoruyub saxlamış xalqımız bundan sonra da ona sahib çıxacaq. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tezliklə xalqımızın mənafeyinə uyğun həll olunacaq, Qarabağ igidləri yenə də Qarabağ atları üzərində, dədə-baba torpaqlarında öz məharətlərini nümayiş etdirəcəklər.

 

 

 Yeni  Azərbaycan.-2014.- 10 yanvar.- S.6.