İtaliya ilə Azərbaycan
arasında münasibətlər dinamik inkişaf edir
İtaliyanın “Specchio economico” jurnalında Azərbaycan
səfirinin müsahibəsi dərc edilib
Sirr deyil ki, son illər Azərbaycanın beynəlxalq müstəvidə mövqeyi güclənir. Bu proses bir sıra regional və beynəlxalq layihələrin həyata keçirilməsində ölkəmizin oynadığı rolda da özünü açıq şəkildə göstərməkdədir. Xüsusilə Avropanın enerji təhlükəsizliyinin təmin olunması istiqamətində aparılan siyasət dünyanın aparıcı dövlətlərinin ölkəmizə olan diqqətini artırmaqdadır. Bütün bunlar ölkəmiz haqqında həqiqətlərin dünyada obyektiv şəkildə qarşılanmasına, Ermənistanın işğalçılıq siyasətinin də düzgün qiymətləndirilməsinə böyük imkanlar yaradır.
Bu baxımdan, Avropanın aparıcı dövlətlərindən, bütövlükdə dünyanın ən böyük 8 ölkəsindən biri olan İtaliyanın mövqeyi xüsusilə diqqəti cəlb edir. Ümumiyyətlə, İtaliya ölkəmiz üçün Avropada və dünyada ən mühüm tərəfdaşlardan biridir. Yeri gəlmişkən, bu günlərdə Azərbaycan Respublikasının İtaliyadakı səfiri Vaqif Sadıqovun bu ölkənin geniş oxucu kütləsinə malik “Specchio economico” jurnalında müsahibəsi dərc edilib. Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında münasibətlərdən danışan səfir bildirib ki, ölkələrimiz bütün istiqamətlərdə, xüsusilə, iqtisadiyyat sahəsində çox fəal əməkdaşlıq edir. Azərbaycanda uğurla fəaliyyət göstərən İtaliya şirkətlərinin ölkəmizdə infrastruktur obyektlərinin tikintisi, kənd təsərrüfatı, informasiya-kommunikasiya texnologiyaları, ətraf mühit, turizm və bir sıra sənaye sahələrinə maraqları getdikcə artmaqdadır.
Vaqif Sadıqov müsahibəsində ötən il noyabrın 13-də Bakıda keçirilmiş Azərbaycan-İtaliya biznes forumu barədə də məlumat verib. O vurğulayıb ki, həmin tədbir hər iki ölkənin şirkətləri arasında əlaqələrin qurulması baxımından böyük əhəmiyyət kəsb edir. Forumda 130-dan artıq italiyalı iş adamı iştirak edib. Səfir bildirib ki, Azərbaycan qısa müddətdə sürətlə inkişaf edərək investisiya yatırılan ölkədən sərmayə qoyan ölkəyə çevrilib. Bu istiqamətdə dünyanın bir sıra aparıcı ölkələri ilə sıx əməkdaşlıq əlaqələri qurulmaqdadır. O, İtaliya şirkətlərinin maraq göstərə biləcəyi “Bakı Ağ Şəhər”, “Xəzər adaları” kimi irimiqyaslı layihələr və Sumqayıt Kimya Sənaye Parkı barədə də məlumat verib. Qeyd edib ki, bu layihələr getdikcə müasirləşən paytaxt Bakının inkişafına mühüm töhfə verəcək.
Azərbaycanın əsas iqtisadi göstəriciləri, ölkəmizin dinamik inkişafı ilə bağlı beynəlxalq təşkilatların rəyləri haqqında danışan Vaqif Sadıqov bildirib ki, son illərdə qeyri-neft sektorunda nəzərəçarpacaq artım müşahidə olunmaqdadır. Azərbaycanın iqtisadi siyasəti beynəlxalq birlik tərəfindən yüksək qiymətləndirilir.
Azərbaycan qazını Avropaya daşıyacaq Trans-Adriatik boru kəməri (TAP) layihəsinin əhəmiyyətinə toxunan səfir qeyd edib ki, bu layihə enerji resursları marşrutlarının şaxələndirilməsi baxımından vacibdir. Ötən ilin sonunda “Şahdəniz-2” üzrə yekun investisiya qərarının imzalanması ilə layihənin icrası mərhələsi rəsmi olaraq başlanıb.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan səfir diqqətə çatdırıb ki, Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizi işğal olunub, 1 milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. BMT-nin və digər beynəlxalq təşkilatların erməni silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edən sənədləri var. Lakin təəssüf hissi ilə qeyd edilməlidir ki, bu sənədlərə hələ də əməl olunmur. Hazırda münaqişənin sülh yolu ilə həlli istiqamətində danışıqlar prosesi davam etdirilir.
Ümumiyyətlə, ölkələr arasında siyasi, iqtisadi, mədəni, humanitar və parlamentlərarası münasibətlər davamlı surətdə inkişaf etməkdədir. Xatırladaq ki, ötən il dekabrın 16-17-də Bakıda iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-İtaliya hökumətlərarası komissiyasının III iclası keçirilib. İclasda komissiyanın hər iki tərəfi təmsil edən üzvləri, nazirlik və idarələrin nümayəndələri iştirak ediblər. İtaliya tərəfini xarici işlər nazirinin müavini Marta Dassunun sədrliyi ilə müxtəlif nazirliklərin 17 əməkdaşı, Azərbaycan tərəfini energetika naziri Natiq Əliyevin sədrliyi ilə dövlət qurumlarının 14 əməkdaşı təmsil edib. Azərbaycan tərəfinin nümayəndələri iki ölkə arasında əlaqələrin yüksək səviyyədə olduğunu, energetika sahəsində, habelə, digər sahələrdə əməkdaşlığı genişləndirmək üçün geniş perspektivlərin olduğunu vurğulayıblar. Qeyd olunub ki, 2013-cü il noyabrın 13-də İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi ilə Bakıda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) tərəfindən Azərbaycan-İtaliya biznes forumu keçirilib. Biznes forumda hər iki tərəfin sənaye, inşaat, konsaltinq, maliyyə, informasiya-kommunikasiya texnologiyaları, energetika, infrastruktur, arxitektura, dizayn, hidroenergetika və s. sahələrdə fəaliyyət göstərən nümayəndələri iştirak ediblər. Elə həmin vaxt AZPROMO ilə İtaliyanın Ticarətin Təşviqi və Beynəlmiləlləşdirilməsi Agentliyi (ICE) arasında qarşılıqlı anlaşma haqqında Memorandum imzalanıb. O da bildirilib ki, İtaliya Respublikası ölkəmizin mühüm xarici ticarət tərəfdaşıdır. Azərbaycan qeyri-neft sektorunda İtaliya ilə əməkdaşlığı genişləndirmək niyyətindədir. İtaliya tərəfinin nümayəndəsi bildirib ki, hazırda iki ölkə arasında əməkdaşlığı genişləndirmək üçün geniş imkanlar var. Odur ki, bu istiqamətdə birgə tədbirləri gücləndirmək lazımdır. İtaliya şirkətlərinin Azərbaycandakı əsas kapitala investisiyalarının ümumi məbləği hazırda 47,9 milyon dollar, son 10 ildə 2,7 dəfə genişlənən qeyri-neft sektoruna isə 65,6 milyon dollar təşkil edir. Hazırda Azərbaycanda 45 İtaliya şirkəti fəaliyyət göstərir. Bu şirkətlər sığorta, bank, ticarət və digər sahələrdə çalışırlar.
O da vurğulanıb ki, Trans-Adriatik boru kəməri layihəsinin seçilməsi enerjidaşıyıcılarının ixrac marşrutlarının şaxələndirilməsi istiqamətində Azərbaycanın atdığı mühüm addımlardan biridir. Bu boru kəməri ilə Azərbaycan qazı Türkiyədən Yunanıstan və Albaniya əraziləri ilə Avropa bazarına çatdırılacaq. Müzakirələrin yekunlarına əsasən müvafiq protokol tərtib edilib.
İtaliya Respublikası ilə Azərbaycan
Respublikası arasında sıx dərin dostluq telləri,
geniş əməkdaşlıq münasibətləri və
strateji əhəmiyyət daşıyan möhkəm
siyasi-iqtisadi tərəfdaşlıq mövcuddur. Respublikamızın dövlət müstəqilliyini
bərpa etməsindən sonra Avropa ölkələri içərisində
ən yüksək səviyyədə iqtisadi əməkdaşlığı
və siyasi münasibətləri gücləndirən ilk
dövlətlərdən biri, məhz İtaliya olub.
Xatırladaq ki, İtaliya Respublikası Azərbaycan
Respublikasının müstəqilliyini 1 yanvar 1992-ci il tarixində
tanıyıb. Eyni
zamanda, 8 may 1992-ci il tarixində iki ölkə
arasında diplomatik əlaqələr yaradılıb. 1997-ci ilin mart ayında İtaliya
Respublikasının Azərbaycanda, 2003-cü ilin dekabr
ayında isə Azərbaycan Respublikasının İtaliyada səfirliyi
təsis edilib. Azərbaycan Respublikası
ilə İtaliya Respublikası arasında indiyədək 30 sənəd
imzalanıb. İki ölkə arasında əməkdaşlıq
rəsmi səfərlər sayəsində daha da möhkəmlənib.
Ümummilli lider Heydər Əliyevin İtaliya
Respublikasına ilk rəsmi səfəri 24-27 sentyabr 1997-ci ildə
baş tutub. Prezident İlham Əliyev isə
2005-ci ilin 24-26 fevral tarixlərində İtaliyada rəsmi səfərdə
olub. Eyni zamanda, 2 iyun 2011-ci il tarixində
İtaliyanın birləşdirilməsinin 150 illiyi münasibətilə,
Romada təşkil edilmiş rəsmi tədbirdə iştirak
etmək məqsədilə, Prezident İlham Əliyev həmin
ölkəyə səfər edib. Onu da qeyd edək ki,
2013-cü ilin 5-6 mart tarixində Azərbaycanın birinci
xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və
İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva
İtaliyada səfərdə olub və “Romada Bakıya
uçuş. Müasir Azərbaycan incəsənəti”
sərgisinin açılışında iştirak edib.
Qarşılıqlı səfərlər
parlament və hökumət nümayəndələri səviyyəsində
də davam etdirilib.
Bütövlükdə, birgə əməkdaşlığa
dair mühüm razılaşmaların əldə olunması
tərəflər arasında qarşılıqlı
münasibətlərin güclənməsinə əlverişli
zəmin yaradıb. “Əsrin müqaviləsi”nin
imzalanması və Azərbaycanın neft ehtiyatlarının
işlənməsində İtaliya şirkətlərinin təmsil
olunması isə ölkələr arasında iqtisadi-siyasi əlaqələrin
yeni mərhələdə inkişafına təkan verib.
Onu da vurğulamaq yerinə düşər ki, enerji sahəsində
əməkdaşlıqla yanaşı, siyasi, iqtisadi, sosial,
humantiar, elmi-mədəni, təhsil, səhiyyə, turizm və
digər bölmələrdə intensiv əlaqələrin
inkişafı İtaliya-Azərbaycan münasibətlərində
yeni dinamikaya səbəb olub. İtaliya ilə Azərbaycan
arasında yaradılmış hökumətlərarası
komissiyanın intensiv fəaliyyəti hər iki dövlətin
siyasi-iqtisadi münasibətlərinə yeni dinamizm elementlərinin
əlavə edilməsinə əhəmiyyətli təsir
edib. Son illərdə möhkəm təməllər
üzərində dərinləşən Azərbaycan-İtaliya
əlaqələri öz növbəsində, ikitərəfli
münasibətlər çərçivəsindən kənara
çıxaraq Avropa regionunu əhatə edən böyük əməkdaşlıq
fazasına qədəm qoyub. Hər iki
dövlət Trans-Avropa enerji şəbəkəsinin
formalaşmasında həlledici rola malik olmaqla strateji əhəmiyyət
kəsb etməyə başlayıb.
Qeyd etdiyimiz kimi, İtaliya Respublikası ilə Azərbaycan
Respublikası arasında iqtisadi münasibətlərin əsas
prioriteti neft və qaz sahəsində əməkdaşlıqla
bağlıdır. Belə ki, Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri
ilə nəql olunan neftin əsas alıcılarından biri
İtaliyadır. Hazırda Avropa
bazarlarına nəql olunan neft resurslarının böyük
bir hissəsi məhz İtaliya limanları vasitəsilə
Avropa İttifaqı (Aİ) ölkələrinə
çatdırılır. Bu dövlət
ölkəmizə məxsus neftin 40 faizini öz ərazisi ilə
Avropaya tranzit edir. İtaliya Avropa
İttifaqında yüksək nüfuza malik dövlət kimi
regionda Azərbaycanla enerji sahəsində əməkdaşlığın
möhkəmlənməsinə töhfə verməsi ilə
diqqəti cəlb edir. Rəsmi Roma öz
enerji siyasətini həyata keçirərkən Azərbaycan
Respublikası ilə uzunmüddətli və davamlı xarakterə
malik strateji layihələri prioritet kimi qəbul edir.
Bu ölkə neftlə bərabər, qaz
resurslarının da əsas alıcısıdır. Xatırladaq
ki, hələ 2007-ci ilin dekabr ayında Azərbaycanla
İtaliya arasında qaz sektorunda əməkdaşlığa
dair protokol imzalanıb. Əlavə edək
ki, “Şahdəniz” konsorsiumu 28 iyun 2013-cü ildə elan edib
ki, “Şahdəniz-2” layihəsindən hasil ediləcək qaz
həcmlərini Yunanıstan, İtaliya və cənub-şərqi
Avropadakı müştərilərə çatdırmaq
üçün Trans-Adriatik boru kəmərini (TAP)
seçib. 13 fevral 2013-cü ildə
Yunanıstan, İtaliya və Albaniya hökumətləri
Trans-Adriatik boru kəməri üzrə hökumətlərarası
saziş imzalayıblar. Bir sözlə,
İtaliya Azərbaycanın şaxələndirmə siyasətini
dəstəkləyərək regionda iri yanacaq-kommunikasiya dəhlizlərinin
yaradılmasında təşəbbüs göstərən əsas
dövlətlərdən biridir. Və
görünən odur ki, enerji əməkdaşlığı
formatı gələcəkdə daha geniş coğrafi miqyas
alacaq. Azərbaycanın müəllifi
olduğu Bakı-Tbilisi-Ərzurum (BTƏ) kəmərinin
coğrafiyası daha da genişlənəcək və
Balkanlara qədər uzanan qaz xəttinin birləşdirilməsi
nəticəsində Avropada ən nəhəng qaz şəbəkəsi
yaranmış olacaq. Yanacağın Azərbaycandan
Türkiyə və Yunanıstana, oradan isə İtaliyaya,
Balkan yarımadasına və başqa Avropa ölkələrinə
ixracı üçün regionda ən iri qaz marşrutu
mövcud olacaq. Eyni zamanda, bu enerji sistemi
şaxələnərək Mərkəzi Avropanın bir
çox dövlətlərini əhatə edəcək.
Yanacağın sözügedən marşrut
üzrə Xəzər hövzəsindən, Orta Şərqdən
və Mərkəzi Asiyadan Avropaya çatdırılması
nəzərdə tutulur. Gələcəkdə,
həmçinin, Qazaxıstanın və Türkmənistanın
da qaz resurslarının bu dəhlizlə nəqli
mümkün sayılır. Bu amil İtaliya ilə Azərbaycan
arasında iqtisadi təmasları dərinləşdirməklə
yanaşı, məhz respublikamızın enerji strategiyası
nəticəsində bu ölkənin də regionda tranzit
dövlətə çevrilməsinə səbəb ola bilər. Yəni, İtaliya təkcə
Azərbaycan qazının alıcısı deyil, həm də
yanacağın digər Avropa dövlətlərinə
ixracı üçün tranzit ölkə rolunu
oynamış olacaq. Azərbaycan qazı
Avstriyaya, Bolqarıstana, Macarıstana həm də bu ölkənin
ərazisindəki marşrutlarla çatdırılacaq. Bu strateji addım, bundan başqa,
respublikamızın Avropa regionunda çoxvektorlu enerji sistemləri
yaratmaq gücünü ortaya qoyur.
Yeri gəlmişkən, Azərbaycanla İtaliya
arasında iqtisadi əməkdaşlıq enerji resursları ilə
məhdudlaşmır. Hər iki tərəf neftdən kənar
sahələrlə bağlı bir sıra layihələri
müzakirə edib. İndiyədək
keçirilən Azərbaycan-İtaliya biznes-forumlarında
müzakirə olunan əsas məsələlər neft və
qaz sahəsində əməkdaşlıqdan başqa,
qeyri-neft sektorunda əməkdaşlığı da nəzərdə
tutur. Tərəflər iqtisadiyyatın bir
çox sahələri üzrə geniş əməkdaşlıq
əlaqələrini gücləndirmək niyyətindədirlər.
Onu da bildirmək yerinə düşər ki, hazırda
hər iki ölkə çox sıx ticari-iqtisadi əməkdaşlığa
malikdir. Azərbaycanın xarici ticarət dövriyyəsinin
ölkələr üzrə strukturunda İtaliya birinici yeri
tutan əsas ticarət tərəfdaşıdır. Məsələn,
2010-cu ildə Azərbaycanla İtaliya arasında ticarət
dövriyyəsinin həcmi 5,3 milyard avro
olub. İki ölkə arasında ticarət dövriyyəsinin
həcmi 2011-ci ildə 9,6 milyard ABŞ
dolları təşkil edib. Bu rəqəm
İtaliyanın Avropa İttifaqına daxil olan 11 ölkə
ilə malik olduğu ticarət dövriyyəsindən daha
yüksəkdir. Bütövlükdə Azərbaycanın
xarici ticarət dövriyyəsində ixracatda 35,2
faizlə İtaliya, idxalda isə 16,8 faizlə Rusiya öndə
durur.
Yeri gəlmişkən,
2010-cu ildə Bakıda keçirilən biznes forumda hər 2
ölkənin dövlət rəsmiləri, kənd təsərrüfatı,
qida sənayesi, loqistika, inşaat, tikinti, xidmət, nəqliyyat,
enerji və s. sahələri təmsil edən 60-dan çox
şirkətin nümayəndəsi iştirak edib və tədbirdə
işgüzar əlaqələrin genişləndirilməsi
imkanları müzakirə olunub. İşgüzar
görüşlərlə davam etdirilən tədbirin yekunu
olaraq, İtaliya Respublikasının İqtisadi İnkişaf
Nazirliyi ilə Azərbaycan Respublikasının İqtisadi
İnkişaf Nazirliyi arasında əməkdaşlığa
dair sənəd imzalanıb. Həmin sənəddə
iki ölkə arasında ticarətin inkişafı,
iqtisadiyyatın müxtəlif sahələri üzrə birgə
müəssisələrin yaradılması, Azərbaycanda
İxracın və İnvestisiyaların Təşviqi Fondu və
İtaliyanın Xarici Ticarət Əlaqələri üzrə
Milli Təşkilatı, eləcə də, sahibkarlar
arasında əlaqələrin genişləndirilməsi,
qarşılıqlı investisiyaların cəlb edilməsi və
s. sahələrdə əməkdaşlığın
inkişafı nəzərdə tutulub. Ötən
müddət ərzində İtaliyanın Azərbaycanda daha
bir neçə şirkəti fəaliyyətə
başlayıb. Ümumiyyətlə,
italyanlar respublikamızda kənd təsərrüfatı, qida
sənayesi, turizm, yeyinti sənayesi, xidmət, məişət
avadanlıqları, geyim, mebel və digər sahələr
üzrə fəaliyyət göstərirlər.
Yeri gəlmişkən, diqqəti çəkən məqamlardan
biri də ondan ibarətdir ki, Qərbi Avropa ölkələri
arasında İtaliya Respublikası Dağlıq Qarabağ
probleminə dair dövlət səviyyəsində xüsusi
olaraq, Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir. Faktlara diqqət
yetirək. Məlum olduğu kimi, bir neçə il öncə Milli Məclisin sədri Oqtay
Əsədovun başçılığı ilə Azərbaycan
parlament nümayəndə heyəti İtaliyada rəsmi səfərdə
olub. Səfər zamanı Milli Məclisin sədri
Oqtay Əsədovun ilk rəsmi görüşü İtaliya
Deputatlar Palatasının sədri Cianfranko Fini ilə olub.
Görüş zamanı Azərbaycan
parlamentinin spikeri bildirib ki, ölkələr arasında siyasi
dialoqun davam etdirilməsi baxımından yüksək səviyyəli
səfərlərin həyata keçirilməsi olduqca vacibdir.
Onun sözlərinə görə, Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev ölkələrimiz
və xalqlarımız arasında əlaqələrin daha da
möhkəmləndirilməsinə böyük əhəmiyyət
verir.
Həmin görüş zamanı Azərbaycanın
neçə illərdən bəri üzləşdiyi ən
ağrılı problemi-Ermənistan-Azərbaycan Dağlıq
Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələ
xüsusilə diqqət mərkəzində olub. İtaliya Deputatlar
Palatasının sədri Cianfranko Fini isə bir daha ölkəsinin
bu sahədəki mövqeyini ortaya qoyaraq qeyd edib: “Azərbaycan
ikiqat haqsızlıqla üz-üzə qalıb. Həm torpaqları işğal olunub, həm də
beynəlxalq birlik problemin ədalətli həllinə dəstək
vermir”.
Əlbəttə, bu fakt onu göstərir ki, İtaliya
tərəfi bu problemə haqq və ədalət müstəvisində
çox həssaslıqla yanaşır. Xatırladaq
ki, İtaliya Senatı Cənubi Qafqazda vəziyyətlə
bağlı qətnamə qəbul edib. Bu
qətnamədə Cənubi Qafqazda sülhün bərqərar
olmasında, Dağlıq Qarabağ münaqişəsinin həllində
ölkələrin ərazi bütövlüyü prinsipinə
böyük önəm verildiyi öz əksini tapıb.
Senat Yeni Avropa xartiyasında da təsbit
olunduğu kimi, sərhədlərin toxunulmazlığı
prinsipinə uyğun olaraq Azərbaycanın ərazi
bütövlüyünü bir daha dəstəkləyib.
Qətnamədə bütöv bir regionun
inkişafına maneçilik törədən Dağlıq
Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə
həllinin Avropa məkanı üçün əhəmiyyətli
olduğuna diqqət yetirilir. Bu qətnamə ilə
İtaliya Senatı Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinə dair BMT, ATƏT və
Avropa Şurasının bütün qətnamələrinin,
qərarlarının tam şəkildə yerinə yetirilməsinin
təmin edilməsinin vacibliyini qeyd edir.
Azərbaycanla İtaliya arasında
yaxınlığın, əlaqələrimizin
inkişafına böyük təkan verən məqamların
mövcudluğunu şərtləndirən xeyli sayda nümunələr
göstərmək mümkündür. Sevindirici
haldır ki, ikitərəfli münasibətlər mükəmməl
hüquqi bazaya malikdir. Bu vaxta qədər
Azərbaycan Respublikası ilə İtaliya Respublikası
arasında müxtəlif sahələrdə əməkdaşlığa
dair təxminən 30 sənəd imzalanıb. Bu isə münasibətlərimizin yüksələn
xətlə inkişafına geniş zəmin yaradır.
Azərbaycan və İtaliya yüksək səviyyədə
siyasi dialoqun inkişaf etdirilməsində, iqtisadi münasibətlərin
gücləndirilməsində maraqlıdırlar. 2009-cu ildə İtaliya ilə Azərbaycan
arasında ticarət dövriyyəsi 4 milyard ABŞ
dollarına yaxın olub. Ötən illərdə
iqtisadi əməkdaşlıq davamlı olaraq eyni səviyyədə
olsa da, cari ilin bir neçə ayı ərzində iqtisadi
göstəricilər nəzərə çarpacaq dərəcədə
inkişaf edib. Regionda beynəlxalq layihələrin
həyata keçirilməsində aparıcı rol oynayan Azərbaycanın
Avropanın etibarlı strateji tərəfdaşına
çevrilməsi İtaliya tərəfindən də yüksək
dəyərləndirilir.
Azərbaycanla İtaliya bir sıra beynəlxalq təşkilatlar
çərçivəsində və eləcə də,
onların parlament assambleyaları səviyyəsində
qarşılıqlı faydalı əməkdaşlıq
edirlər və bu əməkdaşlığı gələcəkdə
daha da dərinləşdirmək məqsədəuyğun
hesab olunur.
Ümumiyyətlə, hazırda iki ölkənin
qanunvericilik orqanları arasında əlaqələr də
yüksələn xətlə inkişaf etməkdədir. Qeyd edək
ki, İtaliya Senatında Azərbaycan üzrə dostluq qrupuna
olan diqqətin və marağın artmasının şahidi
oluruq. Senat üzrə dostluq qrupunun
sayı 32 nəfərdən ibarətdir.
İtaliya Avropa İttifaqında da söz sahiblərindən
biridir.
2006-cı ilin noyabr ayında Azərbaycan və Avropa
İttifaqı arasında qəbul edilmiş Fəaliyyət
Planı və 2009-cu ilin mart ayında Avropa İttifaqı
Şurasının Şərq Tərəfdaşlığı
haqqında bəyannaməsi strateji prioritetlərimiz
sırasındadır və bu baxımdan, Azərbaycan Avropa
İttifaqının üzvü olan ölkələrlə, o
cümlədən İtaliya ilə daha sıx əməkdaşlıq
etməyə və onun Avropa İttifaqına inteqrasiya təcrübəsindən
faydalanmağa maraqlıdır. Qeyd
olunmalıdır ki, həqiqətən İtaliya zəngin mədəniyyətə,
böyük dövlətçilik tarixinə, güclü
iqtisadiyyata, dünya siyasətində özünəməxsus
yerə malik olan bir ölkə kimi həmişə
mühüm maraq kəsb edir. Azərbaycanda
da bu ölkəyə xüsusi maraq mövcuddur. Siyasi və iqtisadi cəhətdən də
maraqlarımızın üst-üstə
düşdüyü məqamlar çoxdur.
İtaliyanın iş adamları, şirkətləri, Azərbaycan
iqtisadiyyatına sərmayə qoyuluşu həyata
keçirir, Xəzərin karbohidrogen ehtiyatlarının
istismarında yaxından iştirak edirlər. Ölkəmizin
xarici siyasətinin başlıca prioritetlərindən olan
Avropa və Avroatlantik qurumlara inteqrasiya, o cümlədən,
Avropa İttifaqı ilə əlaqələrin gücləndirilməsi,
eləcə də, Azərbaycanın Ümumdünya Ticarət
Təşkilatına üzv olması prosesində
İtaliyanın ölkəmizə dəstəyi şübhə
doğurmur. Xüsusilə, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq
hüquq normaları və prinsiplərinə uyğun şəkildə
həlli ilə bağlı Azərbaycanın ədalətli
mövqeyinin İtaliya tərəfindən dəstəklənməsi
prosesə öz müsbət təsirini göstərəcək.
Beləliklə,
yuxarıda sadalanan faktları, həmçinin, tərəflərin
əməkdaşlıqda maraqlı olduqlarını nəzərə
alan ekspertlər hesab edirlər ki, yaxın
gələcəkdə İtaliya Avropa dövlətləri
arasında Azərbaycanın ən fəal strateji tərəfdaşına
çevriləcək.
Nardar BAYRAMLI
Yeni
Azərbaycan.-2014.- 10 yanvar.- S.8