Mübariz Qurbanlı:
Müxalifətin radikal qanadı 2015-ci ilə
qədər siyasi səhnədən tədricən
silinəcək
Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, millət vəkili Mübariz
Qurbanlının Gün.Az-a müsahibəsi:
- Mübariz müəllim, Müsavat Partiyasının “Milli şura”nı tərk etməsindən sonra müxalifət düşərgəsində yenidən təhqir səviyyəsinə qalxan qalmaqallar yaşanmaqdadır. Bəs siz “Müsavat”ın “Milli şura”nı tərk etməsini və müxalifət düşərgəsində səslənən qarşılıqlı ittihamları necə qiymətləndirirsiniz?
- Şəxsən məni müxalifətin radikal qanadında baş verən hadisələr o dərəcədə də maraqlandırmır. Çünki müxalifətin radikal qanadının Azərbaycan cəmiyyətinin ictimai həyatında, ictimai rəyində hər hansı bir təsir qüvvəsi yoxdur. Təsir qüvvəsi olmayan, yalnız mətbuatda hay-küy salan, “nəlbəkidə fırtına qoparan” bu cür qruplaşmaların daxilində gedən prosesi hansısa formada təhlil edib enerji sərf etməyə də ehtiyac duymuram.
Amma sizin sualınıza və ümumən mətbuatın marağına görə bir cavab verməliyəm. Ona görə də, demək istəyirəm ki, istəyir Müsavat Partiyası “Milli şura”da qalaydı, istəyir çıxaydı, istəyir “Milli şura” adını dəyişib başqa ad qoyaydı, bu, heç nəyi dəyişmir.
Çünki müxalifətin radikal qanadının Azərbaycan cəmiyyətində hansısa bir təsir gücü yoxdur. Bunların elektoratının sayını götürsək, sıfırdan aşağıdır, yəni, mənfidədir, mənfiyə doğru gedib. Son seçkilərdə radikal qanad tam iflasa uğrayıb. İkincisi, Müsavat Partiyası və Xalq Cəbhəsi Partiyası seçki ilə əlaqədar “Milli şura” adlanan qrupda bir blok kimi fəaliyyət göstərmək istəyirdilər. Bu zaman da mən proqnoz vermişdim ki, bunun perspektivi yoxdur və seçkidə bunlar uğur qazana bilməyəcək, seçkidən sonra da bunların hansısa blokda olması qeyri-mümkündür. Bu günlərdə həmin proqnozlar özünü bir daha doğrultdu. İndi “Milli şura” deyilən qurumun adı “Milli şura” olsa da, əslində bu, Azərbaycan Xalq Cəbhəsi Partiyasıdır. Orada olanlar Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvlərindən və bu partiyanın ətrafında olan xırda qruplardan ibarətdir. İndi Müsavat Partiyası oradan çıxıb. Müəyyən qəzetlərdə bununla bağlı hay-küy yaradırlar, bunu hansısa bir proses kimi qələmə vermək istəyirlər.
Buna vaxt sərf etməyə dəyməz. Mən belə düşünürəm ki, enerji sərf edib burada hansısa bir prosesin getdiyi barədə bir təhlil aparmağa da dəyməz. Ona görə yenə deyirəm, “Milli şura” deyilən qurum kağız üzərindədir və onunla bağlı hansısa təhlillər aparmağa da ehtiyac duymuram.
- “Müsavat”ın “Milli şura”nı tərk etməsindən sonra AXCP-çilər və onların tərəfdarları tərəfindən belə bir fikir səslənməkdədir ki, “Müsavat” hakimiyyətlə separat danışıqlara gedib. Yəni, 2015-ci ildə parlamentə mandat almaqdan ötrü hakimiyyətin tapşırığı ilə indidən radikal qanadı tərk edir...
- Bu ittihamlar tamamilə əsassızdır. Azərbaycanda seçkilərdə mandat Azərbaycan xalqının dəstəyi ilə alınır. Seçicilər tərəfindən verilən səs hesabına alınır. Bunu deyənlər özləri parlament seçkiləri ilə bağlı bədgüman fikirlər səsləndirənlərdir və hesab edirəm ki, şəxsən bu gün nə Yeni Azərbaycan Partiyasının, nə də hakimiyyətin hansısa siyasi partiyalarla pərdəarxası danışıqlar aparmağa nə ehtiyacı, nə vaxtı, nə də həvəsi var. Bizim hakimiyyət, ümumiyyətlə, pərdəarxası danışıqlar aparmaqla məşğul olmur və belə bir taktikası da yoxdur. Bizim partiyanın fəaliyyəti şəffafdır, açıqdır. Hakimiyyətin də fəaliyyəti şəffaf və açıq olduğuna görə hansısa siyasi təşkilatla pərdəarxası danışıqlar aparmağa zərurət olmur və olmamalıdır...
- Mübariz müəllim, ümumiyyətlə, necə hesab edirsiniz, 2015-ci ilin seçkilərinə qədər bu gün üzdə olan və radikal adlandırdığınız müxalif qüvvələr siyasi meydanda qala biləcəklərmi? Yoxsa, seçkilərə kimi onları başqa qüvvələr əvəz edəcək?
- Bax belə proqnozlar üzərində düşünmək olar. 2015-ci ilə qədər siyasi həyatımızda hansısa başqa yeniliklər ola bilər. Azərbaycanda əldə olunan uğurlar onu deməyə əsas verir ki, 2014-cü ildə də, 2015-ci ildə də, sonrakı mərhələdə də Prezident İlham Əliyevin siyasəti əksəriyyət tərəfindən müdafiə olunacaq. Prezident İlham Əliyevin qəbul etdiyi qərarlar ümummilli maraqlara xidmət etdiyinə görə daim dəstək əldə edəcək.
Ona görə hesab edirəm ki, həm bələdiyyə seçkilərində, həm də növbəti parlament seçkilərində Yeni Azərbaycan Partiyası yenə aparıcı partiya rolunu oynayacaq. O ki qaldı müxalifət düşərgəsinə, burada müxtəlif istiqamətləri müşahidə edirik. Radikal qanad iflasa uğrayıb, artıq tam reqress vəziyyətindədir. Digər konstruktiv qanad içərisində isə müxtəlif istiqamətlər var. Bunların da xüsusi çəkisində, yəni, öz daxillərində hansısa yerdəyişmələr, hansısa qüvvələr nisbətində fərqlər yarana bilər. Amma radikal qanad hesab edirəm ki, 2015-ci ilə qədər siyasi səhnədən tədricən silinəcək. Ola bilər ki, radikal qanad qrup şəklində gələcək seçkilərdə hansısa formada iştirak etsin. Lakin etsə də, onun uğur qazanma şansı çox aşağıdır.
- Yeri gəlmişkən, bu il bələdiyyə, ardınca, yəni, 2015-ci ildə isə parlament seçkiləri keçiriləcək. Qeyd edək ki, seçkilərə də o qədər çox müddət qalmayıb. Bu baxımdan, YAP ilkin olaraq həm bələdiyyə, həm də parlament seçkiləri ilə bağlı hansı addımları atmağı nəzərdə tutur?
- Seçki taktikamızda əsas
prinsip budur:
seçkilər bitdi, seçkilərə
hazırlaşırıq. Bəli, biz
seçkilər qurtaran kimi
yeni seçkilərə hazırlıq
işlərimizi həyata keçiririk. Və
bizim partiya, əslində,
faktiki olaraq hər zaman seçkiyə hazır partiyadır. Özünün strukturu
ilə, potensialı ilə, qüvvəsi ilə. Amma indiki cari
vəzifə bu il
keçirilən bələdiyyə seçkilərinə
hazırlıqdır. Bununla bağlı da ilkin işlər görülür və zamanı
çatdıqca proqrama uyğun
işlər davam edəcək. Parlament seçkiləri isə növbəti
mərhələdir və təbii ki, o mərhələdə də biz
öz işlərimizi görəcəyik.
Biz seçkiləri azad,
ədalətli, demokratik şəkildə
udmaq şansı olan
partiyayıq və bu təcrübəmiz var. Bunu həmişə də
həyata keçirməyə qadirik.
Yeni Azərbaycan.-2014.- 11yanvar.- S.3.