2014 - “Sənaye ili”: nailiyyətlər və perspektivlər

 

Ötən illərdə olduğu kimi 2013-cü il də ölkəmiz üçün bir çox mühüm hadisələrlə yadda qaldı. Belə ki, Prezident İlham Əliyevin yürütdüyü praqmatik siyasət nəticəsində Azərbaycanın regional və qlobal səviyyədə mövqeyi daha da möhkəmlənib, həyata keçirilən hücum diplomatiyası xətti xarici siyasətdə əhəmiyyətli nailiyyətlərin əldə edilməsi ilə müşayiət olunub. Ölkəmizin uğurlu inkişafı artıq reallıqdır. Bunu Azərbaycan əhalisi bilir və görür. Ölkədə əldə olunan bu uğurların təməlində düşünülmüş siyasət, mövcud olan ictimai-siyasi sabitlik və uğurlu iqtisadi islahatlar dayanır. Ən önəmlisi isə odur ki, atılan addımların, görülən işlərin mərkəzində hər bir Azərbaycan vətəndaşının, hər bir Azərbaycan ailəsinin rifahı və firavan həyatı dayanır. “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransında dövlət başçısı İlham Əliyevin də qeyd etdiyi kimi: “Hər şeyi biz Azərbaycan vətəndaşı üçün edirik, dövlət siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır”.

Ümumilikdə, 2013-cü il də ölkədə həyata keçirilən sosial-iqtisadi siyasət makroiqtisadi və maliyyə sabitliyinin qorunmasının təmin edilməsi, dayanıqlı iqtisadi artımın və iqtisadiyyatın modernləşməsinə dəstək verən siyasətin dərinləşməsi, qeyri-neft sektorunun sürətli inkişaf etdirilməsi ilə yadda qaldı. Bu mənada, Azərbaycan davamlı inkişafa nail olan islahatçı dövlət kimi, ötən il öz reytinqini bir qədər də artırdı və bütün bunlar tanınmış beynəlxalq qurumların müvafiq hesabatlarında öz dolğun ifadəsini tapdı. Ümumdünya Davos İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan iqtisadiyyatı rəqabətqabiliyyətliliyinə görə dünyada 39-cu, MDB məkanında isə 1-ci yerdədir. Ölkəmizin maliyyə imkanları ildən-ilə artır. Belə ki, 2014-cü ilin dövlət büdcəsi 20 milyard manat səviyyəsində müəyyən edilib. Hazırda respublikamızın ümumi valyuta ehtiyatları 50 milyard dollar səviyyəsindədir. Bu da ümumi daxili məhsulun 70 faizini təşkil edir. Dünya miqyasında bu göstəriciyə görə Azərbaycan ən qabaqcıl yerlərdədir. İqtisadi sabitlik möhkəm siyasi sabitlik üzərində qurulub, infrastruktur layihələri, sosial proqramlar və digər sahələrdəki fəaliyyətlər 2013-cü ildə də çox gözəl nəticələrə gətirib çıxarıb.

2013-cü ildə əsas makroiqtisadi göstərici olan ümumi daxili məhsul 6 faiz artıb. Həmçinin, əhalinin pul gəlirləri 8 faiz çoxalıb, inflyasiya cəmi 2,4 faiz olub. Bundan əlavə, ötən il əhalinin məşğulluq problemi öz həllini tapıb. Belə ki, 2013-cü ildə 110 min yeni iş yeri açılıb ki, onlardan 80 mini daimi iş yeridir. Ölkəmizdə işsizlik problemi demək olar ki, aradan qaldırılır və ötən il işsizliyin səviyyəsi 5 faizə düşüb. Ümumiyyətlə, işsizliyin aradan qaldırılması ölkədə 10 il bundan əvvəl qarşıya qoyulmuş ən əsas vəzifələrdən biri idi. Bunun nəticəsidir ki, ötən 10 il ərzində 1 milyon 200 mindən çox yeni iş yeri açılıb. Əminliklə demək olar ki, bu proses 2014-cü ildə də uğurla davam etdiriləcək və ölkəmizdə daha çox yeni iş yerlərinin açılmasına gətirib çıxaracaq.

Son illər iqtisadi inkişaf tempinə görə dünyada ön sırada olan ölkəmizdə qeyri-neft sektorunun inkişafına da xüsusi diqqət göstərilir. Ölkə iqtisadiyyatının neft amilindən asılılığının azaldılmasına xidmət edən qeyri-neft sektorunun inkişafı indi bir çox sahələrin tərəqqisi ilə müşayiət olunur. Prezident İlham Əliyev bir neçə mühüm sahə ilə yanaşı, Azərbaycanda turizmin inkişafını da qeyri-neft sektorunun əsas sahələrindən biri elan edib və bu istiqamətdə atılan addımlar artıq öz bəhrəsini verir. Qeyri-neft sektorundakı artım Azərbaycan iqtisadiyyatında gedən dinamik inkişafın təzahürüdür və qarşıya qoyulmuş əsas məqsəd bu sahədə növbəti 10 il ərzində 2 dəfə artıma nail olmaqdır. Çünki bu gün icra edilən və icrasını gözləyən layihələr növbəti illərdə güclü qeyri-neft sektorunun yaranmasına gətirib çıxaracaq. Çox sevindirici haldır ki, 2013-cü ildə bu sahədə 9,8 faiz artm müşahidə olunub.

Ötən ilin ən uğurlu göstəricilərindən biri də ölkə iqtisadiyyatına yatırılan investisiyanın artmasıdır. Belə ki, 2013-cü ildə ölkə iqtisadiyyatına 28 milyard dollar investisiya qoyulub. Bu, Azərbaycana son illər ərzində yatırılan investisiyanın ən yüksək göstəricisidir. Bunun da 17,5 milyard dollarını daxili sərmayə təşkil edir. Təbii ki, bu göstərici ölkəmizdə əlverişli investisiya mühitinin yaradılmasının nəticəsidir. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi: “Qoyulan vəsait - hər manat və ya dollar, avro ölkə iqtisadiyyatına xidmət göstərir, yeni iş yerlərinin açılmasına şərait yaradır, Azərbaycanın iqtisadi qüdrətini artırır. Hər bir ölkə maraqlıdır ki, o ölkəyə sərmayə qoyulsun, o cümlədən Azərbaycan. Baxmayaraq ki, artıq Azərbaycan da öz növbəsində başqa ölkələrin iqtisadiyyatına sərmayələr qoymağa başlamışdır və bu da müasir Azərbaycanın üstünlükləridir. Xüsusilə son bir neçə il ərzində dünyanı, xüsusilə Avropanı bürümüş iqtisadi və maliyyə böhranı şəraitində xarici iqtisadiyyatlara qoyulan vəsait onu göstərir ki, biz doğrudan da, böyük imkanlara malikik. Biz özümüzü çox rahat hiss edirik. Əlbəttə ki, bizim iqtisadi imkanlarımız və siyasi addımlarımız bir-biri ilə bağlıdır və biz gələcəkdə xarici bazarlara nə qədər çox investisiya qoysaq, bölgədə və dünyada siyasi çəkimiz də o qədər artacaqdır. Bu, təbiidir və biz bu yolla gedirik. Deyə bilərəm ki, dünyanın ancaq inkişaf etmiş ölkələri başqa ölkələrin iqtisadiyyatlarına böyük həcmdə sərmayə qoyurlar. Azərbaycan inkişafda olan bir ölkədir. Vaxt gələcək biz də inkişaf etmiş ölkələrin bütün meyarlarına cavab verəcəyik”.

Ümumilikdə isə son 10 ildə Azərbaycan iqtisadiyyatına 150 milyard dollara yaxın investisiya yatırılıb.

Ötən dövr ərzində respublikamızda ərzaq təhlükəsizliyinin, kənd təsərrüfatının, sahibkarlığın inkişafı da diqqət mərkəzində olub. Belə ki, 2013-cü ildə kənd təsərrüfatında 5 faiz artım müşahidə olunub və 2014-cü ildə bu artımın daha da yüksək olması üçün əlavə tədbirlər görülür. Bundan əlavə sahibkarlığın inkişafına dövlət dəstəyinin davamlılığı 2014-cü ildə də qeyri-neft sektorunun, sahibkarlığın inkişafına xidmət göstərməklə ölkə qarşısında duran vəzifələrin icrası üçün daha da yaxşı şərait yaradacaq.

2013-cü ildə ölkənin enerji siyasətində də çox mühüm hadisələr baş verib və mövcud enerji potensialından səmərəli istifadə edilərək onun nəqli və tranziti ilə bağlı əhəmiyyətli addımlar atılıb. Bütün bunlar isə öz növbəsində respublikaya gələcəkdə böyük həcmdə investisiyalar gətirəcək. “Şahdəniz-2”, TANAP, TAP layihələri vasitəsilə ölkənin malik olduğu qaz potensialı maksimum dərəcədə realizə ediləcək və Azərbaycan iqtisadiyyatına ilkin olaraq 45 milyard dollar investisiya qoyulacaq.

Prezident İlham Əliyevin 2014-cü ili Azərbaycanda “Sənaye ili” elan etməsi və bu sahənin daha da inkişafı ilə bağlı müvafiq Sərəncamın imzalanması 2014-cü ilin Azərbaycanda sənayeləşmənin yeni mərhələsinin başlanğıc ili olacağına dəlalət edir. Bütövlükdə Azərbaycan iqtisadiyyatında son illərdəki inkişaf meyillərini müşahidə etdikdə sözsüz ki, sənayenin yüksək inkişaf dinamikasını görmək mümkündür. Güclü sənaye potensialının inkişafı üçün zəngin xammal bazasının mövcudluğu, nəhəng və çoxşəbəkəli sənaye kompleksinin imkanlarının səfərbər edilməsi bu sahənin son 10 ildə inkişafına daha da təkan verib. Ümumiyyətlə isə respublikada sənayenin inkişafı Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu öndər 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildikdən sonra bütün sahələrdə olduğu kimi, Azərbaycan sənayenin inkişaf göstəricilərinə görə də keçmiş sovet ölkələri arsında ön yerlərdə dayanmışdır. Azərbaycan müstəqillik əldə etdikdən sonra xalqın tələbi ilə 1993-cü ildə yenidən hakimiyyətə gələn Ümummilli lider bundan sonra da sənayenin yüksəlişinə çalışıb, Azərbaycan iqtisadiyyatına xarici investisiyaların yatırılması, inkişafa nail olunması üçün yeni imkanlar yaradıb. Ötən illər ərzində əldə olunan makroiqtisadi sabitlik, sənayedə və digər sahələrdə iqtisadi göstəricilərin daha da artımı, həyata keçirilən geniş miqyaslı iqtisadi islahatların müsbət nəticələri aparılan siyasətin düzgünlüyünü və Azərbaycanın bazar iqtisadiyyatı yolunda inamla irəlilədiyini təsdiq edir.

Respublikamızda sənayenin inkişafına neft sektoru impuls versə də, ümumilikdə maşınqayırma, metallurgiya, yeyinti və emal müəssisələri, texnologiyalar, kimya kompleksi, mədənçıxarma və filiz müəssisələri bu sahənin əhəmiyyətli dərəcədə inkişaf meyilləri ilə müşayiət olunmasına imkan yaradıb. Həmçinin, kosmik sənayenin inkişafı bu gün ölkənin qarşısında dayanan mühüm vəzifələrdəndir. Azərbaycanın ən zəngin təbii ehtiyatlara malik olması sənaye potensialından maksimum faydalanmağa zəmin yaradır. Gəncə-Daşkəsən zonalarında xammal bazasının mövcud olması yeni sənaye müəssisələrinin, texnoparkların yaradılmasına əlverişli şərait yaradıb. Ölkədə sənaye parklarının yaradılmasında məqsəd də yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli sənaye istehsalının inkişafı üçün münbit şərait yaratmaq, bu sahədə sahibkarlığı dəstəkləmək, qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək və əhalinin istehsal sahəsində məşğulluğunu artırmaqdır. Sumqayıt Texnoparkının fəaliyyət göstərməsi, qısa zamanda Yeni Kimya Texnologiya Parkının fəaliyyətə başlaması və gələcəkdə Mingəçevir Texnoparkının, eyni zamanda, Balaxanı Texnoparkının yaradılması sənayenin inkişafına öz təsirini göstərmiş olacaqdır. “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda çıxışı zamanı Prezident İlham Əliyevin bildirdiyi kimi: “Azərbaycanda sənaye sektoru çox sürətlə inkişaf edir və iqtisadiyyatın əsas milli gəlir gətirən perspektiv sahəsinə çevrilməkdədir”.

Regionlarda istifadəyə verilən müəssisələrin istehsal gücünün artırılması və yeni rəqabətqabiliyyətli məhsulların buraxılışı sənaye sektorunun ümumi daxili məhsulda xüsusi çəkisinin artmasına səbəb olub. Ümumiyyətlə qarşıdakı onillikdə Azərbaycanda 500-dən artıq yeni sənaye müəssisəsinin yaradılması nəzərdə tutulur. Onların əsas hissəsi iri sənaye mərkəzləri olmaqla iqtisadiyyatın inkişafında xüsusi rol oynayacaq. Xüsusilə də, sənaye texnoparklarının ərazisində yaradılacaq bu müəssisələrin əsas profili ixracyönümlü iqtisadiyyatın stimullaşdırılmasına xidmət edəcək və ölkəmiz beynəlxalq standartlara cavab verən rəqabətqabiliyyətli sənaye məhsullarını dünya bazarına ixrac etməklə valyuta gəlirlərini daha da artırmış olacaq.

Bütün bu uğurlar bir daha onu təsdiq edir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın getdiyi yol düzgün yoldur və bu yol ölkəmizə yalnız uğur, inkişaf, rifah bəxş edəcək.

 

Amil Cavadov,

Yeni Azərbaycan Partiyası

Ağdam rayon təşkilatının sədr müavini,

Gənclər Birliyinin sədri

 

Yeni  Azərbaycan.-2014.- 11 yanvar.- S.4.