Azərbaycan-Pakistan münasibətləri
yüksək səviyyədə inkişaf edir
İki ölkə arasındakı əlaqələr
strateji tərəfdaşlıq səviyyəsinə
çatıb
Xəbər verildiyi kimi, Pakistanın nüfuzlu ingilisdilli “Pakistan Observer” qəzeti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi “2013-cü ilin adamı” elan edib. Sözügedən qəzetin təsisçisi və baş redaktoru, tanınmış ictimai-siyasi xadim Zahid Malikin nəşrin birinci səhifəsində “İlham Əliyev-2013-cü ilin adamı: Bütün sahələrdə sürətli inkişafı təmin edən nümunəvi Prezident modeli” adlı xüsusi məqaləsi çap olunub. Məqalədə deyilir ki, Avrasiya məkanında özünü təsdiq etmiş parlaq siyasi xadim olan İlham Əliyev 2013-cü il 9 oktyabr tarixli seçkilərdə yenidən xalqın etimadını qazanaraq Azərbaycanın Prezidenti seçilib.
Materialda Zahid Malik Prezident İlham Əliyevlə 2005-ci il aprelin 6-da görüşdüyünü və həmin dövrdən etibarən Azərbaycanda gedən bütün prosesləri yaxından izlədiyini vurğulayıb. Yazıda qeyd olunur ki, həmin görüşdə dövlət başçısı İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Pakistanın tutduğu prinsipial mövqeyə görə minnətdarlığını bildirib.
Məqalədə deyilir ki, 1990-cı illərin əvvəllərində iqtisadiyyatı tənəzzülə uğrayan Azərbaycan hazırda regionun lider dövlətinə çevrilib. Zahid Malik Prezident İlham Əliyevin rəhbərliyi ilə həyatın bütün sahələrində yüksək tərəqqiyə nail olunduğunu, Azərbaycanın inamlı addımlarla inkişaf etdiyini diqqətə çatdırıb.
Müstəqil Azərbaycanın gənc ölkə olduğunu bildirən baş redaktor xarizmatik lider Heydər Əliyevin rəhbərliyi ilə 1990-cı illərin əvvəllərində Azərbaycanın demokratik inkişaf və dövlət quruculuğu yoluna qədəm qoyduğunu qeyd edib, bu siyasətin İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. Zahid Malik yazır ki, İlham Əliyev 2003-cü, 2008-ci və 2013-cü illərdə keçirilmiş ümumxalq seçkilərində inamlı qələbə qazanaraq dövlət başçısı seçilib. Bir sıra aparıcı beynəlxalq təşkilatlar və dövlətlərdən olan müşahidəçilər seçkilərin demokratik və şəffaf keçirildiyini vurğulayıblar.
Məqalədə bildirilir ki, Qərbin aparıcı neft şirkətləri ilə “Əsrin müqaviləsi” imzalandıqdan sonra Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf etməyə başlayıb. Neft yataqlarının istismarı istiqamətində həmin sazişə dair danışıqlarda İlham Əliyev aparıcı rol oynayıb, ölkə rəhbərliyinin həyata keçirdiyi müdrik neft strategiyasının icrası xalqın rifah halının yüksəlməsinə səbəb olub. Yazıda deyilir ki, bu siyasətin davamı olaraq neft və qazın nəqli marşrutları müəyyən edilib, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri tikilib, Azərbaycan qazının Avropaya nəqlini təmin edəcək Trans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP) layihələri icra olunmaqdadır. Neft strategiyası çərçivəsində görülən işlər nəticəsində ölkə 78 milyard dollar məbləğində mənfəət əldə edib, bir vaxtlar qaz idxal edən Azərbaycan bu məhsulun ixracına başlayıb. Qeyd olunub ki, ölkədə tikilmiş 14 yeni elektrik stansiyası Azərbaycanın elektrik enerjisinə olan tələbatını tam təmin edib və eyni zamanda, ixrac imkanları yaradıb.
Yazıda ölkəmizin nəqliyyat
siyasətindən də danışılır, Mərkəzi
Asiya regionundan Avropaya malların daşınmasını təmin
edəcək Bakı-Tbilisi-Qars dəmiryolu layihəsinin istismara
verilməsi ilə Azərbaycanın regionun aparıcı nəqliyyat
mərkəzinə çevriləcəyi bildirilir. Qeyd edilir ki,
hazırda Azərbaycan regionun ən böyük investoruna
çevrilib.
Materialda Prezident İlham Əliyevin idmanın
inkişafına göstərdiyi qayğıdan, bu sahədə
əldə edilmiş uğurlardan da söhbət
açılır.
Zahid Malik Prezident İlham Əliyevin Azərbaycanın
dövlət maraqlarına söykənən
balanslaşdırılmış xarici siyasət
yürütdüyünü, Pakistanla münasibətlərə
xüsusi önəm verdiyini qeyd edib. Məqalədə
bildirilir ki, iki ölkə arasında qədim tarixə,
ümummilli, mədəni və dini dəyərlərə əsaslanan
əlaqələr inkişaf etdirilir, dövlətlərimiz
beynəlxalq təşkilatlarda qarşılıqlı olaraq
bir-birilərinin mövqelərini dəstəkləyirlər.
Zahid Malik Pakistan ilə əlaqələrin
yaradılması və inkişafında Prezident İlham
Əliyevin böyük xidmətləri olduğunu qeyd edib. Məqalədə
deyilir ki, müdrik siyasi xadim, dərin biliyə malik olan
İlham Əliyev, eyni zamanda, yüksək mədəniyyət
sahibi və gözəl ailə başçısıdır.
Məqalənin sonunda qeyd edilir ki, Prezident İlham
Əliyev regionda sülhün və əməkdaşlığın
təmin olunması istiqamətində mühüm səylər
göstərir. Zahid Malik məqaləni bu sözlərlə bitirir: “Məhz
sadalanan uğurlarına görə Azərbaycan Prezidenti
İlham Əliyev “2013-cü ilin adamı” adına layiq
görülmüşdür və bu münasibətlə Onu
təbrik edir, bütün Azərbaycan xalqına ən xoş
arzularımızı çatdırırıq”.
Onu da xatırlatmaq yerinə düşər ki, ötən
ilin sonlarında Pakistanın Sind əyalətinin Larkana şəhərində
“Şəhid Bənazir Bhutto Qadın Mükəmməlliyi
Mükafatı-2013” mükafatlarının təqdimolunma mərasimi
keçirilib.
Mərasimdə Pakistanın sabiq Prezidenti Asif Əli Zərdari,
Sind əyalətinin Baş naziri Kaim Əli Şah, əyalət
kabinetində təmsil olunan nazirlər, Milli Assambleyanın
üzvləri, senatorlar iştirak ediblər. Asif Əli Zərdari
Pakistanın böyük qızı Bənazir Bhuttonun bu
ölkənin həyatında oynadığı əvəzsiz
roldan danışıb, onun bütün mənalı
ömrünü demokratiyanın bərqərar olunmasına həsr
etdiyini, habelə Pakistanda qadın və uşaqların
problemlərinə xüsusi diqqət yetirdiyini
vurğulayıb. Sonra sabiq Prezident Azərbaycanın birinci
xanımı, Heydər Əliyev Fondunun Prezidenti, UNESCO-nun və
İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin
deputatı Mehriban Əliyevanın “Şəhid Bənazir
Bhutto Qadın Mükəmməlliyi Mükafatı-2013”
mükafatı ilə təltif olunduğunu elan edib.
Tədbirdə
çıxış edən Sind əyalətinin ailə və
qadın məsələləri üzrə naziri Rubina Kaimxani
Bənazir Bhuttonun Pakistanda elm, təhsil və mədəniyyətin
inkişafına, habelə qadınların cəmiyyətdə
mühüm rol oynamasına xüsusi töhfə verdiyini
bildirib. O, Mehriban Əliyevanın təşəbbüsü və
dəstəyi ilə Pakistanın əyalətlərində təhsil,
səhiyyə və humanitar sahələrdə irimiqyaslı
layihələrin həyata keçirildiyini, bu tədbirlər
çərçivəsində 2007-ci ildə zəlzələdən
zərərçəkən Müzəffərabad şəhərindəki
qızlar məktəbinin inşa edildiyini diqqətə
çatdırıb. Nazir deyib ki, 2012-ci ildən
başlayaraq Heydər Əliyev Fondu Pakistanda yeni layihələr
həyata keçirir. Bu layihələrdən
biri çərçivəsində sel və
daşqınlardan zərər çəkmiş məktəb
Fond tərəfindən əsaslı təmir edilib. Digər layihəyə əsasən Xeybər-Paxtunxva
və Pəncab əyalətlərində Hepatit B virusuna
qarşı peyvəndləmə aparılıb, Peşəvər
şəhərində “Akbar Care” Serebral İflic
İnstitutunda pulsuz müayinə təşkil edilib, Kulsum xəstəxanasında
açıq ürəkdə əməliyyatlar
aparılıb.
Qeyd olunub
ki, Peşəvərdəki Hamza Fondu üçün
müasir qanköçürmə avadanlığı və
laboratoriya ilə təchiz edilmiş təcili tibbi yardım
maşını və minlərlə qanköçürmə
paketi alınıb, Xeybər Göz Fondunun yeni binasının
inşasına və Saif Fonduna maddi yardımlar edilib. İndi isə Dera İsmail Xan bölgəsində
su təchizatı sistemi inşa edilməkdədir. Eyni
zamanda, 2012-ci və 2013-cü illərdə Fond tərəfindən
Pakistanın bütün əyalətlərində Ramazan
ayında kimsəsiz uşaqlar üçün iftar süfrələri
açılıb, Qurban bayramında isə Pəncab əyalətinin
İslamabad, Fəyzabad, Xeybər-Paxtunxva əyalətinin Lakki
Marvat şəhərində, həmçinin, Bəlucistan əyalətinin
zəlzələdən zərər çəkmiş
bölgəsində qurbanlıqlar kəsilərək əhalinin
imkansız təbəqələrinə paylanıb. Bildirilib
ki, Fondun təşəbbüsü ilə Pakistanın 12
aparıcı universitetinin 36 tələbəsi və Rara məktəbinin
5 şagirdinə aylıq təqaüd verilir. Nazir
bu ilin mart ayında Bakıya səfəri zamanı Azərbaycanın
birinci xanımı Mehriban Əliyeva ilə
görüşdüyünü bildirib, təəssüratlarını
danışıb.
Bu məqamda qeyd etmək yerinə düşər ki, Azərbaycan
ilə Pakistan İslam Respublikası arasında yüksək səviyyəli
strateji müttəfiqlik mövcuddur. Pakistan İslam
Respublikası Azərbaycan Respublikasının dövlət
müstəqilliyini tanıyan ilk dövlətlərdən
biridir. İki dövlət arasındakı
diplomatik əlaqələrin tarixi 1992-ci ilin iyunundan
başlayır. 1993-cü il martın
12-də Pakistan İslam Respublikasının Bakıda və
1997-ci il avqustun 24-də Azərbaycan Respublikasının
İslamabadda səfirlikləri açılıb. 1993-cü
ilin iyununda Ümummilli liderimiz Heydər Əliyevin xalqın təkidli
tələbi ilə hakimiyyətə gəlişi Azərbaycan
ilə Pakistan İslam Respublikası arasındakı dostluq əlaqələrinin
strateji müttəfiqlik müstəvisində beynəlxalq və
regional təşkilatlar çərçivəsində
uğurla inkişaf etməsinə təkan verdi.
Belə ki, Pakistan İslam Respublikası hər
zaman Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin həllinə dair atılan addımlarda
Azərbaycan tərəfinin mövqeyini birmənalı şəkildə
dəstəkləyir və münaqişənin Azərbaycanın
ərazi bütövlüyü çərçivəsində
həllinin tərəfdarıdır. Rəsmi
İslamabadın Ermənistanın Azərbaycana qarşı təcavüzünə
münasibətdə israrlı mövqeyinin bariz nümunəsi
kimi, 1993-cü ildə BMT TŞ-də Pakistan İslam
Respublikasının sədrliyi ilə işğalçı
Ermənistan silahlı qüvvələrinin Azərbaycan
torpaqlarından qeyd-şərtsiz çıxarılması ilə
bağlı 822 saylı Qətnamə qəbul edilib. Eyni zamanda, qeyd etmək lazımdır ki, məhz bu səbəbdən
Pakistan İslam Respublikası bu günədək
işğalçı Ermənistanla diplomatik münasibətlər
yaratmayıb.
1995-ci il oktyabrın 9-11-də Ulu öndər Heydər
Əliyevin dəvəti ilə Pakistan İslam
Respublikasının keçmiş prezidenti Sərdar Faruq
Əhməd Xan Leqari Azərbaycana ilk rəsmi səfərini
edib. Bu səfər iki dövlət
başçısı arasında mövcud olan xüsusi
dostluq münasibətləri ruhunda yüksək səviyyədə,
qarşılıqlı anlaşma şəraitində
keçib və dövlətlərarası münasibətlərin
ən yüksək səviyyədə inkişafında
xüsusi əhəmiyyət daşıyıb. Xüsusi olaraq qeyd etmək lazımdır ki, hər
iki ölkə başçıları bir neçə dəfə
qarşılıqlı səfərlər ediblər.
1996-cı ilin aprelində Pakistan İslam Respublikası
Prezidentinin dəvəti ilə Ulu öndər Heydər
Əliyevin Pakistana, 2004-cü ildə Pakistan İslam
Respublikasının keçmiş Prezidenti Pərviz
Müşərrəfin Azərbaycan Respublikasına, 2005-ci ildə
Azərbaycan Prezidenti İlham Əliyevin Pakistana səfərləri
bunun əyani göstəricisidir. Səfərlər
zamanı əməkdaşlığın müxtəlif sahələri
ətrafında danışıqlar və fikir mübadilələri
aparılıb, müvafiq istiqamətlər üzrə ikitərəfli
sənədlər imzalanıb.
Bu mənada 2005-ci ilin aprelində Azərbaycan Prezidenti
İlham Əliyevin Pakistana səfəri xüsusi olaraq qeyd
edilməlidir.
Dövlətlərarası münasibətlərin
yüksək səviyyədə inkişafında yeni mərhələnin
başlanğıcı sayılan bu səfər zamanı
dövlət başçılarının
görüşündə Azərbaycan ilə Pakistan
arasındakı münasibətlərin strateji tərəfdaş
qismində inkişafından razılıq ifadə edilib.
Pakistan tərəfi Azərbaycanla birgə
imzalanmış ikitərəfli sənədlərin
bütün sahələrdə əməkdaşlığın
inkişafında əhəmiyyətini vurğulayıb. Qeyd olunub ki, Pakistan və Azərbaycan əsas problemlərə
eyni mövqedən yanaşır. Məhz Kəşmir
problemi barədə Azərbaycanın açıq mövqeyi
və Ermənistanın Azərbaycana təcavüzünün
Pakistan tərəfindən daim pislənməsi xüsusi olaraq
vurğulanıb. Bildirilib ki, rəsmi
İslamabad Ermənistanın Azərbaycana hərbi təcavüzünü
qətiyyətlə pisləyir və öz mövqeyinə hər
zaman sadiq qalacağını bildirir. Digər
tərəfdən, Pakistan Azərbaycanın ərazi
bütövlüyünün təmin olunması tələbini
hər zaman dəstəkləyəcəyini vəd edib.
Azərbaycan Prezidenti İlham Əliyev də Öz
növbəsində ölkələr arasındakı
münasibətlərin daimi xarakter
daşıdığını söyləyib. Dövlət
başçısı xüsusi vurğulayıb ki, Ermənistanın
Azərbaycana təcavüzü məsələsi BMT-nin Təhlükəsizlik
Şurasında müzakirə edilərkən Pakistanın birmənalı
şəkildə ədalətli mövqe tutaraq Azərbaycanın
ərazi bütövlüyünün bərpa olunması, Ermənistanın
hərbi təcavüzünün pislənilməsi barədə
verdiyi bəyanatlar və Azərbaycanın haqq işini
müdafiə etməsi ölkəmizdə yüksək qiymətləndirilir.
Ölkə başçısı həm də
bildirib ki, Azərbaycan tərəfi Kəşmir problemi ilə
bağlı beynəlxalq müzakirələrdə həmişə
Pakistanın mövqeyini müdafiə edib və bundan sonra da
edəcək.
Azərbaycan ilə Pakistan arasındakı münasibətlərdə
hərbi sənayenin inkişafı ilə bağlı məsələ
xüsusi yer tutur. 2002-ci ildə Azərbaycan Respublikası Müdafiə
Nazirliyi ilə Pakistan İslam Respublikası Müdafiə
Nazirliyi arasında “Müdafiə və hərbi sahələrdə
ikitərəfli əməkdaşlıq haqqında” protokol və
Azərbaycan Respublikası Hökuməti ilə Pakistan
İslam Respublikası Hökuməti arasında “Müdafiə
və hərbi sahədə əməkdaşlıq
haqqında” saziş imzalanıb. Bu protokol və
sazişdən irəli gələn məsələlərin həyata
keçirilməsi və iki ölkə arasında bu sahədə
əməkdaşlığın daha da inkişaf etdirilməsi
baxımından Pakistan İslam Respublikasının Birləşmiş
Qərargahlar Komitəsinin rəisi M.Ə.Xanın 2004-cü
ilin avqust ayında Azərbaycana səfəri mühüm əhəmiyyət
kəsb edib. 2004-cü ilin oktyabr ayında Pakistan
İslam Respublikasının Azərbaycan Respublikasının
“Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində
vəziyyətə dair” qaldırdığı məsələnin
BMT Baş Assambleyasının 59-cu sessiyasının gündəliyinə
salınmasının lehinə səs verməsi beynəlxalq
birliyin bu məsələnin ədalətli həlli
üçün dəstəyinə ümidvar olan Azərbaycan
Respublikası üçün böyük əhəmiyyət
kəsb edib.
Qeyd etdiyimiz kimi, iki ölkənin rəsmiləri
arasında keçirilən görüşlər münasibətlərin
inkişafına mühüm töhfələr verib. 2006-cı il
5-7 may tarixlərində İqtisadi Əməkdaşlıq Təşkilatının
IX Zirvə Toplantısında iştirak etmək məqsədilə
Pakistan İslam Respublikasının Baş naziri Şövkət
Əziz Azərbaycana səfər edib. 2006-cı il mayın 3-də Pakistanın xarici işlər
naziri X.M.Kasuri İqtisadi Əməkdaşlıq Təşkilatının
Zirvə Toplantısı ilə əlaqədar Bakıda səfərdə
olub. 2008-ci ildə Pakistan Senatının Xarici əlaqələr
üzrə daimi komitəsinin nümayəndə heyəti Azərbaycana
səfər edib. 2008-ci ilin sentyabrında
Bakıda keçirilmiş İƏT üzv dövlətlərinin
Kənd Təsərrüfatı nazirlərinin IV
toplantısında Pakistan İslam Respublikasının
nümayəndə heyəti iştirak edib. 2008-ci ilin oktyabrında isə Azərbaycan
Respublikasının Müdafiə Nazirliyinin nümayəndə
heyəti Pakistana səfər edib. Səfər
zamanı Azərbaycan-Pakistan ikitərəfli İşçi
Qrupu Forumunun da ilk iclası keçirilib. 2008-ci
ilin noyabrında isə Azərbaycanın müdafiə sənayesi
naziri Yavər Camalovun başçılıq etdiyi nümayəndə
heyəti Pakistanın Kəraçi şəhərində təşkil
olunmuş V Beynəlxalq Müdafiə sərgisi və
seminarında (İDEAS-2008) iştirak edib. Pakistanın
Müdafiə Məhsulları İxracının Təşviqi
Təşkilatı, Pakistan Ticarət İnkişafı
Agentliyi və “E-Commerce Gateway Pakistan” təşkilatının
birgə keçirdiyi sərgidə 60 ölkədən 256
şirkət iştirak edib. Səfər çərçivəsində
iki ölkənin hərbi-sənaye kompleksləri arasında əməkdaşlıq
sahələrini müəyyən etmək məqsədilə
ekspert qrupu yaradılıb. 2009-cu ilin may ayında isə
Pakistanın müdafiə sənayesi naziri Abdul Qəyyum Xan Catoyun
rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana
səfər edib. Səfər zamanı Prezident
İlham Əliyev nazir A.Q.X.Catoyu qəbul edib. 2009-cu ilin avqustunda isə Pakistan Hərbi Dəniz
Qüvvələri Komandanı admiral Noman Bəşir Azərbaycana
səfərə gəlib. 2009-cu ilin
oktyabrında isə Pakistan Silahlı Qüvvələrinin Qərargah
rəisləri komitəsinin sədri general Tariq Məcidin
başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana
səfər edib. Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev tərəfindən
qəbul edilən general T.Məcid ölkələrimiz
arasında müsbət əlaqələrin inkişafında
maraqlı olduqlarını bildirib. 2010-cu
ilin martında Azərbaycan Respublikasının Müdafiə
Nazirliyinin nümayəndə heyəti Pakistan İslam
Respublikasında səfərdə olub. Səfər
çərçivəsində Azərbaycan nümayəndə
heyəti Elektron Optik Cihazlar zavodu, Pakistan silah-sursat kompleksi,
Taksila Ağır Sənaye zavodu, Kamra Aviasiya Kompleksi, AERO
şirkəti və Milli Radio Teleqraf Korporasiyasının fəaliyyəti
və məhsulları ilə tanış olublar. 2010-cu ilin aprelində ölkəmizdə səfərdə
olan Pakistanın keçmiş müdafiə katibi Səyid
Əthar Əlinin başçılıq etdiyi nümayəndə
heyəti Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev tərəfindən qəbul edilib. Görüşdə ölkələrimiz
arasında ikitərəfli münasibətlərin uğurla
inkişaf etdiyini vurğulayan Prezident İlham Əliyev əməkdaşlığımızın
və tərəfdaşlıq əlaqələrimizin səviyyəsinin
razılıq doğurduğunu bildirib. Ölkəsinin
Azərbaycan ilə əlaqələrinin uğurla inkişaf
etdiyini bildirən Pakistanın müdafiə katibi Səyid
Əthar Əli ölkələrimizin beynəlxalq forumlarda
bir-birinin mövqelərini daim dəstəkləmələrinin
önəmini qeyd edib. Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ məsələsinin Azərbaycan
üçün ən ümdə məsələ
olduğunu vurğulayan qonaq məhz bununla bağlı
Pakistanın Ermənistanı tanımadığını
bildirib.
İki ölkə arasında iqtisadi əməkdaşlıq
da yüksək səviyyədə inkişaf etməkdədir. İqtisadi əlaqələrin
daha da inkişaf etdirilməsi məqsədilə
yaradılmış Hökumətlərarası Birgə
Komissiyanın indiyədək dörd iclası keçirilib.
Bir
sözlə, qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası
ilə Pakistan İslam Respublikası arasında əlaqələr
strateji tərəfdaşlıq səviyyəsinə
çatıb və bundan sonra da ölkələr arasında
formalaşan mehriban dostluq və sıx əməkdaşlıq
əlaqələrinin daha yüksək zirvəyə
çatması üçün geniş imkanlar və
böyük potensial mövcuddur. İki ölkə
arasında humanitar sahədə əlaqələr daha yüksək
səviyyədə inkişaf edib. Pakistan
hökuməti tərəfindən Ermənistanın Azərbaycana
təcavüzü nəticəsində yaranmış vəziyyətlə
əlaqədar dəfələrlə qaçqın və
köçkünlərimizə humanitar yardımlar göstərilib.
İndiyədək Pakistan İslam
Respublikası Azərbaycan qaçqınlarına və məcburi
köçkünlərə kömək məqsədilə
geyim əşyaları və dərmandan ibarət 25 tondan
artıq humanitar yardım göstərib. 2005-ci
ildə Pakistan İslam Respublikasında baş vermiş dəhşətli
zəlzələ nəticəsində zərərçəkmiş
insanlara yardım etmək məqsədilə Azərbaycan
Hökuməti tərəfindən Pakistan İslam
Respublikasına əlavə olaraq bir milyon ABŞ dolları
yardım edilib. Daha öncə isə 500
min ABŞ dolları və zəruri ləvazimatlarla dolu təyyarə
fəlakət zonasına göndərilmişdi.
Bundan başqa, Pakistan İslam Respublikası Xocalı
faciəsini soyqırımı kimi tanıyıb. Ötən
ilin fevralında Pakistan Senatı Azərbaycanın Xocalı
şəhərində baş vermiş hadisələrin
soyqırımı kimi tanınması ilə bağlı qətnamə
qəbul edib. Sənəddə göstərilir
ki, Senat Azərbaycan ərazilərinin ermənilər tərəfindən
işğalını və 1992-ci ilin fevralında erməni
silahlı birləşmələri tərəfindən
törədilən soyqırımı pisləyir. Senat bir daha Azərbaycan ərazilərinin
toxunulmazlığını təsdiqləyir və onun beynəlxalq
çərçivədə qəbul olunmuş sərhədlərini
tanıyır. Senat habelə beynəlxalq ictimaiyyətdən
Ermənistanı BMT TŞ-nin Dağlıq Qarabağ üzrə
qəbul etdiyi qətnamələri yerinə yetirməyə
çağırmağı xahiş edir, eləcə də,
Xocalıdakı faciəli hadisələrin
günahkarlarının məsuliyyətə cəlb edilməsinə
çağırmağı tələb edir.
Vurğulamaq
lazımdır ki, Azərbaycan-Pakistan münasibətləri
dost ölkədə də yüksək səviyyədə təbliğ
olunur. Məsələn, ötən ilin iyununda Pakistanın
nüfuzlu ingilisdilli “Pakistan Observer” qəzetində “Azərbaycan
Pakistanda humanitar fəaliyyətini genişləndirir” sərlövhəli
məqalə dərc edilib. Məqalədə Azərbaycanın
Pakistanda həyata keçirtdiyi humanitar layihələrin
genişləndirildiyi bildirilib. Vurğulanıb
ki, layihələr səhiyyə, təhsil və digər sahələri
əhatə edir. Yazıda Azərbaycanın
Pakistandakı səfiri Daşqın Şikarovun senatorlar
Hacı Qulam və Hacı Adilin dəvəti ilə Dünya
Qan Donoru Günü ilə bağlı keçirilən tədbirdə
iştirak etmək üçün Hayber Paxtunxva əyalətinin
Peşavar şəhərinə səfər etdiyi qeyd edilib.
Bildirilib ki, “Hər bir donor qəhrəmandır”
devizi altında keçirilən tədbirin məqsədi
ictimaiyyətin diqqətini könüllü donorların fədakarlıqlarına
cəlb etmək olub. Məqalənin müəllifi
yazır ki, qan xəstəliklərindən əziyyət
çəkən xəstələrin müalicəsi ilə məşğul
olan Həmzə Xeyriyyə Fondunda çıxış edən
D.Şikarov qurumun gördüyü işləri yüksək
qiymətləndirib. Diplomat Heydər Əliyev Fondunun
prezidenti, Azərbaycanın birinci xanımı, UNESCO-nun və
İSESCO-nun xoşməramlı səfiri Mehriban
Əliyevanın adından Həmzə Fondunun təsisçisi
İcaz Əli Xana xüsusi qanköçürmə və
kiçik laboratoriya ilə təchiz olunmuş “Suzuki”
markalı təcili tibbi yardım avtomobili və iki min ədəd
qanköçürmə paketini təqdim edib. Məqalədə
qeyd edilib ki, D.Şikarov Peşavaraya səfəri çərçivəsində
Xayber Göz Fondunda olub, bu təşkilatın nəzdində
fəaliyyət göstərən göz klinikasının
yeni korpusunun təməlqoyma mərasimində iştirak edib.
Səfir Heydər Əliyev Fondu adından Xayber
Göz Fonduna maddi yardım təqdim edib.
Yazıda
qeyd olunub ki, mərasimdə iştirak edən senator Hacı Qulam
Əli və Xayber Göz Fondunun sədri Malik Məhəmməd
Əli Mehriban xanım Əliyevaya göstərdiyi yardıma
görə minnətdarlığını bildirib, bu
yardım nəticəsində bir çox imkansız
insanların şəfa tapacaqları vurğulanıb.
Sonda bir daha vurğulamaq yerinə düşər ki, iki ölkə arasında münasibətlər yüksək səviyyədə inkişaf edir. Bu əlaqələr ildən-ilə genişləndirilir.
Pərviz
SADAYOĞLU
Yeni
Azərbaycan.-2014.- 11 yanvar.- S.8.