Dağlıq Qarabağ münaqişəsinin həlli strateji prioritet kimi müəyyənləşdirilib

 

                                Prezident İlham Əliyev: Azərbaycan heç vaxt öz tarixi torpağında ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcəkdir

 

Sirr deyil ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi hazırda regional və beynəlxalq təhlükəsizliyə təhdid yaradan destruktiv problemlərdəndir. Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi nəticəsində yaranmış bu problemin beynəlxalq hüquq normalarına əsasən həll edilməsi strateji zərurət qismində çıxış etməkdədir. Məhz bu baxımdan, Azərbaycan Respublikasının xarici siyasət strategiyasında Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən, yəni ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsi prioritet istiqamət kimi çıxış edir. Elə buna görə də rəsmi Bakı diplomatik müstəvidə özünün bütün resurslarından maksimum surətdə istifadə etməklə münaqişənin həllinə nail olmağa çalışır.

Qeyd edək ki, başa vurduğumuz 2013-cü ildə də ölkəmiz xarici siyasət strategiyasında prioritet əhəmiyyət daşıyan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aktiv fəaliyyət göstərməklə problemin çözülməsi məsələsində nə qədər israrlı olduğunu nümayiş etdirib. Öncə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Parisdə və Krakovda (Polşa) görüşləri baş tutub. Həmçinin noyabrın 19-da Azərbaycan və Ermənistan prezidentlərinin Vyanada görüşü keçirilib. Ermənistanın qeyri-konstruktiv mövqeyinibir sıra aparıcı dövlətlərin münaqişəyə ikili yanaşmasını sürdürdüyü bir vaxtda Azərbaycan istər diplomatik, istərsə də iqtisadi vasitələrlə işğalçı ölkəyə qarşı təzyiq siyasətini davam etdirib. Ümumiyyətlə, Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində görülən işlərin uğurlu nəticəsi, Ermənistanın regiondakı bütün layihələrdən kənarda qalması, daxilindəki sosialiqtisadi böhranların dərinləşməsi Azərbaycanın işğalçını bütün sferalarda təcrid etmək siyasətinin nailiyyətləri kimi səciyyələndirilə bilər.

Bundan başqa, informasiya müharibəsində də əhəmiyyətli nailiyyətlər əldə edilib.

Qeyd etdiyimiz kimi, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ardıcıl və prinsipial şəkildə fəaliyyət göstərsə də, Ermənistan davamlı surətdə etdiyi müxtəlif xarakterli manevrlərlə danışıqlar prosesini uzatmağa çalışır. Beləliklə, işğalçı ölkənin - Ermənistanın sərgilədiyi qeyri-konstruktiv mövqe münaqişənin həllinin uzanmasına səbəb olmaqdadır. Yerevan buna rəsmi və qeyri-rəsmi səviyyədə danışıqlar prosesindən yayınmağa çalışmaqla nail olmaq istəyir.

Vurğuladığımız kimi, Azərbaycan münaqişəni sülh yolu ilə, diplomatik vasitələrlə həll etməyə çalışır. Amma bu, o demək deyil ki, danışıqlar prosesi istənilən nəticəni verməyəcəyi təqdirdə, Azərbaycan digər bir metoda, hərbi güc tətbiqinə baş vurmayacaq. Azərbaycanın mübarizəsi haqq işidir və özündə beynəlxalq hüquq normalarına əsaslanan prinsipləri və dəyərləri ehtiva edir. Bu mübarizənin məntiqi və qanunauyğun sonluğa çatması-ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi üçün Azərbaycan dövləti hər bir vasitə və metoda müraciət edəcək. Silahlı müdafiə metodu və mexanizminə istinad da Azərbaycanın qarşısında duran hüquqi alternativdir. Bu, 1975-ci ildə qəbul edilmiş ATƏT-in Helsinki Yekun Aktında da beynəlxalq hüquq normaları və prinsipləri ilə tanınır və təsdiqlənir. Helsinki Yekun Aktında məsələyə məhz bu cür yanaşılır: “Ərazi bütövlüyü beynəlxalq hüququn başlıca norma və prinsiplərinin əsasını təşkil edir. Hər hansı bir dövlətə, onun ərazi bütövlüyünə qarşı xarici təcavüzkarlıq aktı baş verərsə, bu zaman təcavüzə məruz qalmış dövlət öz təhlükəsizliyini təmin etmək üçün silahlı qüvvələrdən istifadə edə bilər...”

Yeri gəlmişkən, Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı çıxışında bu məsələyə toxunan dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan heç vaxt öz tarixi torpağında ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcəkdir: “Məsələ Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir və həll ediləcəkdir. Mən buna şübhə etmirəm və buna nail olmaq üçün biz hələ ki, danışıqları davam etdirəcəyik, ancaq öz gücümüzü də artıracağıq”.

Onu da xüsusi vurğulamaq lazımdır ki, Azərbaycanın tutduğu prinsipial mövqeyin və sərgilədiyi praqmatik siyasətin fonunda dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatlar Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən həllinin zəruri və qaçılmaz bir proses olduğunu hər zaman bəyan edirlər. Məhz bunun nəticəsidir ki, bir sıra beynəlxalq təşkilatlar tərəfindən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində həlli ilə bağlı fundamental və zəruri qətnamələr qəbul edilib.

Amma hələ ki, bütün bunlar münaqişənin həlli istiqamətində yekun nəticənin əldə edilməsi-Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün kifayət etmir. Məhz buna görə də münaqişənin həlli istiqamətində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupu özünün fəaliyyət mexanizminin səmərəlilik səviyyəsini artırmalı, eyni zamanda, Ermənistana qarşı xüsusi təzyiq mexanizmindən və vasitələrindən istifadə etməlidir. Bu danışıqlar prosesində pozitiv dinamikanın yaranmasına səbəb ola bilər. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Ümid edirik ki, danışıqlar prosesində müsbət dəyişikliklər olacaqdır. Beynəlxalq vasitəçilər çalışırlar ki, burada irəliləyiş olsun. Ancaq mən bunu qeyd etməliyəm, onların fəaliyyətinin hələ ki, heç bir nəticəsi olmamışdır. Bu da reallıqdır. Biz vasitəçilər tərəfindən, onların dövlət başçıları tərəfindən müsbət bəyanatları eşidirik. Onların içində xüsusilə qeyd etməliyəm ki, Minsk qrupuna həmsədrlik edən ölkələrin dövlət başçılarının birgə bəyanatlarında status-kvonun qəbuledilməzliyi haqqında sözlər deyilmişdir. Bu, çox müsbət haldır. Eyni zamanda, onlar daim təkrarlayırlar ki, danışıqlara alternativ yoxdur. Bilirsiniz, müasir dünyada hər bir sahədə kifayət qədər alternativ vardır. Sadəcə olaraq biz istəyirik ki, bu məsələ sülh yolu ilə həll edilsin. Azərbaycan öz konstruktiv mövqeyini ortaya qoyurümid edirəm ki, danışıqlarla bağlı prosesdə vasitəçilər daha da fəal rol oynayacaqlar. Sadəcə olaraq Ermənistan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini icra etməlidir, işğal edilmiş torpaqlardan çıxmalıdır və Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. Razılaşmanın prinsipləri bundan ibarətdir”.

Bir məqamı da qeyd etmək lazımdır ki, Azərbaycan davamlı surətdə özünün sosial-iqtisadi və hərbi qüdrətini artıraraq düşmən üzərində hərtərəfli üstünlüyünü möhkəmləndirib. Məlum olduğu kimi, bu gün Azərbaycan büdcəsi Ermənistan büdcəsindən 10 dəfə böyükdür, hərbi xərclər 10 dəfə çoxdur, əhali isə altı dəfə artıqdır. Dövlətimizin başçısının bildirdiyi kimi, bu gün Ermənistan ilə Azərbaycan arasında müqayisə apardıqda bizim üstünlüyümüz hər bir sahədə açıq-aydın özünü büruzə verir: “Bizim dövlət büdcəmiz Ermənistanın dövlət büdcəsindən 10 dəfə böyükdür. Ümumi daxili məhsul 8 dəfə, əhali 6 dəfə çoxdur. Bizim bütün potensialımız güclənir, böyüyür, artır, Ermənistanda isə həm çox ağır iqtisadi, həm də demoqrafik vəziyyət yaşanır. Deyə bilərəm ki, demoqrafik fəlakət yaşanır və bunu Ermənistanın rəsmi orqanları da təsdiq edir. Ona görə əgər Ermənistan rəhbərliyi məsələyə ciddi yanaşarsa və Ermənistan dövlətinin maraqlarını üstün tutarsa, açıq-aydın anlayar ki, Azərbaycan ilə bundan sonra rəqabət aparmaq üçün onlardaimkanlar var, nə də ki, potensial”.

Ölkəmizdə həyata keçirilən ordu quruculuğundanislahatlardan bəhs edərkən qeyd etmək yerinə düşər ki, ordunun döyüş və müdafiə qabiliyyətinin artırılması hərbi təhlükəsizliyə mühüm töhfələr verir. Təkcə onu demək kifayətdir ki, ölkəmizdə 750 adda hərbi təyinatlı məhsul istehsal edilir. Ümumiyyətlə, milli təhlükəsizlik strategiyasının ayrılmaz tərkib hissəsi olan hərbi təhlükəsizliyin möhkəmləndirilməsi, ilk növbədə, milli ordunun maddi-texniki və mənəvi-psixoloji hazırlıq səviyyəsinin yüksəldilməsindən asılıdır. Müharibə şəraitində yaşayan ölkə kimi Azərbaycanın güclü orduya, təkmilləşmiş hərbi sistemə, inkişaf etmiş müdafiə sənayesinə malik olması ölkənin və əhalinin təhlükəsizliyi baxımından böyük önəm kəsb edir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “2013-cü ildə ordu quruculuğu ilə bağlı önəmli addımlar atılmışdır. Biz çox ciddi islahatlara başladıq. Bu islahatlar öz nəticəsini verməkdədir. Bizim döyüş qabiliyyətimiz artır, 2014-cü ildə böyük dərəcədə artacaqdır. Qeyd etməliyəm ki, bizim hərbi potensialımız, orduda aparılan islahatlar, yeni prinsiplər, döyüş taktikası ilə bağlı yeni yanaşmalar tamamilə yeni bir situasiyanın yaranmasına gətirib çıxarır. Nəzərə alsaq ki, son illərdə Azərbaycan böyük həcmdə silah-sursat, texnika almışdır, - ən müasir texnikadır, - bizim döyüş qabiliyyətimiz böyük dərəcədə artacaq, artır və bu, danışıqlar prosesinə ancaq müsbət təsir göstərəcəkdir”.

 

Nurlan QƏLƏNDƏRLİ

Yeni  Azərbaycan.-2014.- 14 yanvar.- S.2.