2013-cü il xalqımız və
dövlətimiz üçün uğurlu bir il oldu
Müsahibimiz Milli Məclisin
Sosial siyasət komitəsinin sədr müavini, YAP Siyasi
Şurasının üzvü Musa Quliyevdir
- Musa müəllim, başa vurduğumuz 2013-cü ilin yekunlarını necə qiymətləndirirsiniz? Azərbaycan ötən il nə kimi uğurlar qazandı?
- Ümumiyyətlə, 2013-cü il Azərbaycan xalqı və dövləti üçün çox uğurlu oldu. Ümummilli lider Heydər Əliyevin böyük uzaqgörənliklə müəyyən etdiyi sosial-iqtisadi inkişaf strategiyası Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 2013-cü ildə də xalqımız bu uğurların bir çox sahələrdə şahidi və iştirakçısı oldu.
Ötən ildə də Azərbaycanda sosial-iqtisadi inkişaf davam etdi, ümumi daxili məhsul istehsalı 6 faiz yüksəldi. Sevindirici hal odur ki, ÜDM-də qeyri-neft sektorunun payı artır və keçən il bu artım 11 faizə gəlib çatdı. Kənd təsərüfatında da 5 faizlik artım müşahidə olundu. Əhalinin pul gəlirləri 8 faizə qədər artdı və infilyasiya cəmi 2 faiz təşkil etdi. Yəni bu faktlar göstərir ki, Azərbaycandakı iqtisadi inkişaf birbaşa əhalinin sosial rifah halına müsbət təsir edən istiqamətdə davam etdi. Dünyanın ən nüfuzlu iqtisadi forumu sayılan Davos İqtisadi Forumunun hesabatına əsasən sosial-iqtisadi inkişaf səviyyəsinə görə Azərbaycan ötən il 39-cu yerə yüksəldi. Yəni 200 dövlət arasında 39-cu sırada olmaq ölkəmiz üçün böyük uğurdur və uğurun da əsasında Prezident İlham Əliyevin müəyyən etdiyi iqtisadiyyatın şaxələndirilməsi siyasəti dayanır. Buraya neft gəlirlərinin qeyri-neft sektoruna qoyluması, regionların harmonik inkişafının təmin olunması və s. daxildir.
Ötən il Azərbaycanda həm də regionların sosial-iqtisadi inkişafı dövlət proqramının ikinci mərhələsinin yekun ili oldu. Belə ki, 2004-cü ildə ildə bu proqram başladı və 2004-2008-ci illərdə proqramın birinci mərhələsi, 2009-2013-cü illərdə isə ikinci mərhələsi həyata keçirildi. 2014-cü ildən isə bu sahədə yeni mərhələ başlayacaq. Məhz bu proqramın uğurla həyata keçirilməsi nəticəsində Azərbaycanın regionları inkişaf etməyə başladı və artıq ölkənin bölgələrində qoyulan sərmayə gəlir gətirməkdədir. İstər turizm, istər kənd təsərrüfatı, istər aqrar-sənaye sahəsində əldə olunan nəticələr bunu deməyə tam əsas verir.
Eyni zamanda, 2013-cü ildə Azərbaycan iqtisadiyyatına 18 milyard dollar məbləğində investisiya qoyulub ki, bunun da təxminən 10,5 milyard dolları yerli, 7,5 milyardı isə xarici investorların payına düşür. Artıq bu o deməkdir ki, Azərbaycan investisiya qəbul edən ölkədən daha çox investisiya qoyan ölkəyə çevrilib. Ötən il SOCAR-ın xətti ilə bir sıra ölkələrdə böyük enerji layihələrinin davamı həyata keçirildi. TANAP layihəsi artıq tarixi bir layihə oldu və «Şahdəniz-2» layihəsi üzrə saziş əslində 1994-cü ildə imzalanmış «Əsrin müqaviləsi»nin həm davamı, həm də ikinci mərhələsi kimi dəyərləndirilə bilər. Bu layihələr Azərbaycanı həm regionda lider dövlətə çevrir, həm də iqtisadi əlaqələrimizi dünya ilə sıx bağlayır.
Azərbaycanın ilk süni telekommunikasiya peykinin ötən ilin fevralında orbitə çıxarılması da ölkəmizi kosmos dövlətləri klubunun üzvü etdi. Dünyada cəmi 11 kosmos dövləti var ki, onun da biri Azərbaycandır. Bu da keçən ilin çox böyük iqtisadi, sosial, eyni zamanda ictimai-siyasi əhəmiyyət daşıyan hadisələrindən biri kimi qiymətləndirilməlidir.
Ötən il valyuta ehtiyatlarımız 50 milyard dollara çatdı. Bu da çox böyük göstəricidir. İki il müddətində Azərbaycan dövləti əhalini saxlayacaq. Ordu quruculuğu istiqamətində böyük uğurlarmız da oldu. Azərbaycan artıq hərbi sənaye kompleksi ildən ilə güclənir. Və artıq Azərbaycan orduya lazım olan müasir silahları nəinki özü istehsal edir, hətta silahlarımız beynəlxalq sərgilərə çıxarılır, yüksək qiymətləndirilir. Bu həm hərb sənayesinin, həm də Azərbaycanın intellektual potensialının yüksək səviyyəsini göstərən addımlardan biridir.
- Bəs ötən il ərzində sosial sahədə həyata keçirilən siyasət hansı nəticələr verdi? Bu nəticələr əhalinin rifah halına necə təsir göstərir?
- Ötən il sosial siyasət uğurla davam edib. Bilirsiniz ki, son 10 ildə hər il əhalinin əməkhaqları, pensiyaları, müavinətləri artır. Ötən il də biz belə bir artımın şahidi olduq. Təxminən 10 faiz civarında istər pensiya və müavinətlərin, istərsə də dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışan işçilərin əməkhaqları yüksəldi. Bu da insanların həyat səviyyəsinin yüksəlməsinin göstəricisidir. Sosial obyektlərin məktəblərin, uşaq bağçalarının, mədəniyyət evlərinin, tibb ocaqlarının tikintisi və təmiri davam etdi. 2013-cü ildə təkcə 200-dən çox məktəb tikilib istifadəyə verildi və ya əsaslı təmir olundu. Xeyli sayda isə tibb ocaqları istifadəyə verildi. Son 10 ildə isə 2500-dən çox təhsil müəssisəsi, 500-dən çox isə tibb müəssisəsi inşa olunub, ya da əsaslı təmir edilib. Bu obyektlər ən müasir səviyyədə əhaliyə xidmət göstərir.
Ötən il 100 minə yaxın yeni iş yerləri açıldı ki, bu da məşğulluq problemlərinin həllinə müsbət göstərir və Azərbaycanda işsizliyin səviyyəsi 5 faizdən aşağı düşüb. Onu da deyim ki, bu, dünyada ən yüksək göstəricilərdən biridir. Yoxsulluğun azaldılması üzrə dövlət proqramı uğurla həyata keçirilir. Əgər 2001-ci ildə yoxsulluq 49 faiz idisə, artıq 2013-cü ildə yoxsuluq 6 faizdən də aşağı düşüb. Bütövlükdə isə 2003-2013-cü illərdə Azərbaycanda 1 milyon 200 min yeni iş yerləri açılıb ki, bunun da 1 milyona qədəri daimi iş yerləridir. Bu da Azərbaycanda istər yoxsulluğun aradan qaldırılması, istər məşğulluğun təmin olunması, istər əhalinin sosial rifah halının yaxşılaşdırılması və sosial sabitliyin möhkəmləndirilməsi istiqamətində çox güclü məsələlərdən biridir.
- 2013-cü ildə enerji sahəsində bir sıra sazişlər imzalandı. Bunların əhəmiyyəti nədən ibarətdir?
- Əlbəttə ki, TANAP, TAP, «Şahdəniz-2» layihələrinə dair razılaşmalar ölkəmizin nüfuzunu gücləndirən amillər sırasındadır. Bundan başqa, Azərbaycanda sənayenin inkişafı, əhalinin enerji təhcizatının yaxşılaşdırılması ilə bağlı olaraq enerji ehtiyatlarının artırılması, ekologiya istiqamətində çox böyük işlər görüldü. Bütövlükdə, onu demək lazımdır ki, 2013-cü il xalqımız, dövlətimiz üçün uğurlu bir il oldu. Ötən il Azərbaycanın özünü dünyaya modern bir dövlət kimi təqdim etməsi və iqtisadi inkişaf modelimizin öyrənilməsi üçün çox uğurlu bir il oldu. Azərbaycanda keçən il ərzində istər iqtisadi, istər siyasi, istər mədəni-idman sahəsində beynəlxalq əhəmiyyətli tədbirlərin geniş şəkildə həyata keçirilməsi, ölkəmizi beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib. 2015-ci ildə ilk Avropa Olimpiya Oyunlarının və 2017-ci ildə İslam Olimpiya Oyunlarının Azərbaycanda keçirilməsi haqda qərar verilməsi və Gəncənin «Avropanın gənclər şəhəri» seçilməsi keçən ilin böyük uğurları kimi qiymətləndirilməlidir.
Keçən ilin belə uğurlarla başa çatması, bu ildə də həmin uğurların davam edəcəyinə xalqımızda böyük inam yaradır. Bu nailiyyətlər həm də Azərbaycanın nüfuzlu dövlətlər sırasına çıxmasına və yerinin möhkəmlənməsinə ciddi əsaslar verir.
- Musa müəllim, Azərbaycanın beynəlxalq müstəvidə mövqeyinin güclənməsi baxımından 2013-cü ili necə səciyyələndirərdiniz?
- Bilirsiniz ki, iqtisadi uğurlar siyasi uğurları da şərtləndirir və çox zaman bu uğurlar paralel olaraq davam edir. Azərbaycanın iki il ərzində BMT TŞ-ya üzv olması, müəyyən müddət ərzində quruma sədrlik etməsi ölkəmizin həm də beynəlxalq siyasi imicinin və nüfuzunun yüksəlməsinə və etibarlı tərəfdaş kmi tanınmasına səbəb oldu. Bundan başqa, AŞ-da, ATƏT-də, QDİƏT PA-da Azərbaycanın uğurlu fəaliyyətini qeyd etmək lazımdır. Yəni bu fəaliyyətin hamısı ölkəmizin bir sivil, hüquqi-demokratik dövlət kimi tanınmasına xidmət edən addımlardır.
Ötən il keçirilmiş prezident
seçkiləri də Azərbaycanın demokratik
dövlət imicinin yüksəlməsinə
səbəb oldu. Prezident
seçkilərini müşahidə edən müşahidəçilərin
mütləq əksəriyyəti seçkilərin demokratik şəraitdə keçdiyini
bəyan etdilər. Bu da
ölkəmizin siyasi-demokratik sahədə
əldə etdiyi böyük
uğur sayılmalıdır.
Yeni Azərbaycan.-2014.- 14 yanvar.- S.4.