YAP Nəsimi rayon
təşkilatında 20 Yanvar faciəsinə
həsr olunan tədbir keçirilib
Məlahət
İbrahimqızı: 20 Yanvar faciəsi
xalqımız üçün elə bir tarixdir ki,
minilliklər də keçsə, Azərbaycan xalqının
yaddaşından silinməyəcək
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatında 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin üzvü Məlahət İbrahimqızı, Nəsimi rayon İcra Hakimiyyəti aparatının məsul işçiləri, eləcə də, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı qeyd edib ki, 1990-cı il 20 Yanvar faciəsi Azərbaycan xalqının qəhrəmanlıq tarixinin şanlı səhifələrindən biridir. Odur ki, 20 Yanvar faciəsi zamanı şəhid olmuş insanların əziz xatirəsi istər respublikamızda, istərsə də ölkəmizdən kənarda yaşayan soydaşlarımız tərəfindən daim uca tutulur, hörmətlə anılır.
“20 Yanvar faciəsi
elə bir tarixdir ki, həmin gün Azərbaycan
xalqı uzun illərdən bəri əsarətdə
olduğu Sovet
imperiyasına qarşı əliyalın, inamlı mübarizəyə
qalxdı, özünün müstəqillik
tarixinin birinci mərhələsinə
qədəm qoydu. Hesab
edirəm ki, 20 Yanvar
faciəsi olmasaydı, bəlkə də Azərbaycan xalqının
müstəqilliyə qovuşması müşkül
olardı. Çünki, 1990-cı il
20 yanvar tarixi bir gündən, bir aydan ibarət
olan bir tarix deyildir. Bu tarix Azərbaycan
xalqının uzun illərdən bəri Sovet imperiyasına qarşı apardığı
müstəqillik mübarizəsinin
nəticəsi idi.
Odur ki, Sovet imperiyası Azərbaycan xalqının
müstəqillik əldə
etməsinə heç
cür razı ola bilmirdi,
bunun qarşısını
almaq üçün
öz hərb maşınını bütün
gücü ilə işə salmalı oldu. Bakıda qanlı 20 Yanvar
hadisəsi törədildi”,
- deyə M.İbrahimqızı
vurğulayıb.
Azərbaycanın zəngin karbohidrogen ehtiyatlarına malik olduğunu xatırladan millət vəkili, məhz bu səbəbdən
də o illərdə
bir çox xarici dövlətlərin
bizim bu milli sərvətlərimizə
göz dikdiyini, respublikamızın müstəqillik
əldə etməsinə
qarşı olduğunu
söyləyib. Onun sözlərinə görə məhz Dağlıq Qarabağ uğrunda başlanan müharibə də bu çirkin niyyətlərin məntiqi
davamı idi. “İmperialist güclər
Azərbaycan xalqının
belə əzmkar, mübariz xalq olduğunu bilmirdilər.
Azərbaycanlıların belə cəsarətli,
şücaətli olduğunu
təsəvvürlərinə belə gətirmirdilər.
Əgər 20 Yanvar faciəsi
olmasaydı, bunu, bəlkə də hələ uzun müddət bilməyəcəkdilər.
Məhz Qanlı 20 Yanvar faciəsindən sonra, dünyanın müxtəlif
beyin mərkəzlərində
Azərbaycana qarşı
hazırlanan məkrli
niyyətlər alt-üst
oldu. Onlar xalqımızın əzmkarlığı və
qəhrəmanlığını görüb təşvişə
düşdülər, geri
çəkilməli oldular”,
- deyə M.İbrahimqızı
vurğulayıb.
“20 Yanvar faciəsi xalqımız üçün
elə bir tarixdir ki, minilliklər
də keçsə, Azərbaycan xalqının
yaddaşından silinməyəcəkdir”,
- deyən M.İbrahimqızı
həmçinin, şəhid
ailələrinin diqqət
və qayğı ilə əhatə olunduğunu söyləyib.
Ümummilli lider Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gəlməsindən
sonra 20 Yanvar faciəsinin qurbanlarının
xatirəsinin daim əziz tutulduğunu xatırladan rayon təşkilatının
sədri, həmçinin,
əlavə edib ki, şəhid ailələrinə, eləcə
də o qanlı hadisələrdə öz
sağlamlıqlarını itirən əlillərə
də hər zaman diqqət və qayğı göstərilib. Onların sosial-məişət problemlərinin həlli daim diqqət mərkəzində saxlanılıb.
20 Yanvar şəhidlərinin
ailələri və əlillərin statusları
ilə bağlı məsələnin Milli Məclisin yaz sessiyasında təkrar müzakirəyə çıxarılmasının
gözlənildiyini xatırladan
M.İbrahimqızı, həmçinin,
əlavə edib ki, qanuna ediləcək
həmin dəyişikliklərdən
sonra onların problemləri tamamilə öz həllini tapacaq.
Tədbirin sonunda YAP Nəsimi rayon təşkilatı adından
20 Yanvar şəhidlərinin
ailələrinə və
əlillərə sovqatlar
təqdim olunub.
Səlim Loğmanoğlu
Yeni Azərbaycan.-2014.- 14 yanvar.- S.5.