MÜASİR KADR
SİYASƏTİNDƏ TƏLİM SİSTEMİNİN ROLU
Məlum olduğu kimi, cəmiyyətin inkişafının vacib şərtlərindən biri olan modernləşmə dövlət idarəetməsi, dövlət qulluğu və kadr siyasəti sistemindən də yan keçməmişdir. Dövlət qulluğunda kadr siyasətinin icrasına məsul olan institutlar gücləndirilmiş, qanunvericilik bazası təkmilləşdirilmiş, kadrların demokratik və şəffaf seçim, həmçinin, qiymətləndirmə mexanizmləri yaradılmış, kadr siyasətinin icra mexanizmlərinin, ilk növbədə, insan potensialının inkişafına yönəldilməsi ön plana çəkilmişdir. Aparılan islahatlar “vətəndaş - dövlət qulluqçusu” münasibətlərinin məzmununun dəyişməsinə və vətəndaşa yönümlü, rahat, şəffaf, çevik və eyni zamanda, peşəkar xidmətlərin göstərilməsinə yönəlmişdir.
İslahatlar nəticəsində dövlət qulluğu mexanizmi, onun dolğun qanunvericilik bazası yaradılmış, kadr siyasəti dövlətin vahid siyasətinin tərkib hissəsi kimi bu mexanizmin səmərəli işinin zəruri elementi kimi qəbul olunmuşdur. Müasir, çevik, şəffaf, səmərəli idarəetmə sisteminin, müasir tələblərə cavab verən insan kapitalının yaradılmasına yönələn modernləşmə prosesi kadr siyasətinə də yeni çalarlar qazandırmışdır. Hazırda ölkədə aparılan kadr siyasəti şəffaf və obyektiv seçim mexanizmləri vasitəsilə dövlət qulluğunu peşəkar, gənc, dövlətinə və milli-mənəvi dəyərlərə sadiq, kreativ kadrlarla təmin etməklə yanaşı, onların fasiləsiz inkişafına da yönəlmişdir. İnsan kapitalının cəmiyyətin mövcud və perspektiv vəzifələrinin həllindəki rolu ölkə başçısının çıxışlarında da, qanunvericilik səviyyəsində də, həyata keçirilən Dövlət proqramlarında da xüsusilə diqqətə çatdırılmışdır.
Hər bir dövlətin mövcudluğu və gələcək taleyi onun resursları, istehsal gücləri ilə yanaşı, həm də intellektual potensialı, mənəvi-əxlaqi sərvətləri və insan kapitalı ilə müəyyənləşdirilir. Yeni idarəetmə nəzəriyyələri də təsdiqləyir ki, müasir cəmiyyətin və ictimai istehsalın inkişafına yalnız texniki aspektdən yanaşmaq olmaz. Çünki ictimai əməyin texniki, iqtisadi və sosial faktorları arasında daima sabit əlaqə və qarşılıqlı asılılıq vardır. Sosial faktorlar insan faktorunun getdikcə artan rolu vasitəsilə müasir istehsalın inkişaf proseslərinə mühüm təsir göstərir.
Məhz insan kapitalı xalqların inkişaf və yaşayış səviyyəsinin, qazandığı uğurların əsas zəmini kimi çıxış edir. Müstəqil dövlətimizin inkişafı üçün aparılan islahatların gündəmində də müvafiq olaraq, prioriteti məhz insan faktoru təşkil edir. Təsadüfi deyildir ki, Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramında da insan kapitalının yüksək inkişaf səviyyəsinin təmin edilməsi nəzərdə tutulur.
Kadr siyasətinin obyekti kimi insan kapitalı dedikdə, insanın təlim və təhsil prosesində, praktiki fəaliyyət dövründə əldə etdiyi intellektual qabiliyyətlər, praktiki bilik və vərdişlər formasında təzahür edən kapitaldır. İnsan kapitalı nəzəriyyəsi XX əsrin 50-60-cı illərində T.Şultsun, Q.Bekerin əsərlərində öz təsdiqini tapsa da, onun əsas ideyaları hələ XVIII əsrdə A.Smit (1723-1790) tərəfindən formalaşdırılmışdı. O, özünün “xalqların sərvətinin səbəbləri və təbiəti barədə tədqiqat” adlı traktatında (1776) yazırdı ki, insanın yiyələndiyi qabiliyyətlər onun şəxsi xüsusiyyətlərinin tərkib hissəsi olmaqla yanaşı, həm də onun məxsus olduğu cəmiyyətin sərvətinin bir hissəsinə çevrilir.
Ümumilikdə yanaşdıqda, istənilən bilik, bacarıq və hətta fəaliyyətdə səmərəni, məhsuldarlığı artırmağa və bununla da daha çox gəlir əldə etməyə kömək edən informasiya da insan kapitalının formalarından biri hesab olunur. İnsan kapitalının investisiyalaşdırılması üzrə fəaliyyətin əsas formalarından birini isə təlimlər təşkil edir. Dövlət qulluğunda kadr siyasətinin də əsas istiqamətlərindən birini təlim sisteminin inkişafı təşkil edir. Dövlət qulluğunda təlim sistemi kadrların sosial-psixoloji qabiliyyətlərinin, ümumi intellektual səviyyələrinin artırılmasına, onların peşəkarlığının, idarəetmə qabiliyyətlərinin inkişaf etdirilməsinə xidmət edir. Bunun üçün təlim infrastrukturunun yaradılması, təlim strategiyasının, strateji vəzifələrə nail olmaq üçün müvafiq tədbirlər planının, təlim-tədris proqramlarının işlənib hazırlanması, təlim texnologiyalarının düzgün seçilməsi müasir dövrün zəruri tələblərindən biridir.
Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planında nəzərdə tutulan tədbirlərdən birini də məhz iş yerində təhsilin davam etdirilməsi və modul təlim proqramlarının hazırlanması və tətbiqi təşkil edir. Nazirlər Kabinetinin 2009-cu il 19 mart tarixli 44 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət qulluqçusunun əlavə peşə təhsilinin növü, forması, müddəti və maliyyə təminatı” Qaydalarına əsasən, dövlət qulluqçusunun peşə və ixtisas üzrə biliklərinin artırılması məqsədi ilə həyata keçirilən qısamüddətli təlimlər (treninq, seminar və s.) əlavə peşə təhsilinin növlərindən biridir.
Yeri gəlmişkən qeyd edək ki, “təlim prosesi” milli qanunvericilik və kadr işi sahəsi üçün kənardan gələn, Avropa standartı və ya Qərb ixtirası deyildir. Hələ 1067-ci ildə Səlcuqilər dövlətinin vəziri Nizam Əl Mülk tərəfindən açılan “Nizamiyyə” mədrəsələrində kadrlar idarəçilik, iqtisadi və ictimai şəraitin təhlili, maliyyə və vergi sisteminin tənzimlənməsi və s. kimi sahələrdə zəruri biliklərə yiyələnirdilər.
Təlim prosesi dinamik olub, daim inkişaf edir, məzmunu və strukturu cəmiyyətin inkişafına uyğun olaraq dəyişir, yeni formaya, interaktiv və fəal metodlara malik olur. O, müvafiq nəticənin əldə olunmasına yönəlmiş məqsədyönlü və planlı hərəkətlərin sistemini ifadə edir. Bu nəticənin nə dərəcədə səmərəli olması isə təlim tələbatlarının düzgün müəyyənləşdirilməsindən başlanır. Təlim tələbatları strateji məqsədə nail olmağa xidmət edən strateji hədəflərin təmin olunması üçün vacib olub, təşkilatın kadr potensialının inkişafına yönəlir. Məlumdur ki, ənənəvi didaktik sistemə görə təlim yalnız təhsil verməyə xidmət edirdisə, XX əsrdə elmi-texniki tərəqqi şəraitində yeni təlim texnologiyaları sayəsində təlimin təhsillə yanaşı, davranışın dəyişdirilməsi, fərdi xüsusiyyətlərin, idarəetmə qabiliyyətlərinin inkişafı kimi məqsədləri də formalaşdırıldı. Bu məqsədlər isə dövlət qulluğunda səmərəli kadr siyasətinin yürüdülməsi üçün zəruri əhəmiyyət kəsb edir. Dövlət qulluğunda təlim formal deyil, real əhəmiyyət kəsb etməli, stimullandırıcı və inkişafetdirici olmalıdır. Təlimlər kadrlarda peşəkarlığın, idarəetmə qabiliyyətlərinin təkmilləşdirilməsinə, fərdi xüsusiyyətlərin yüksəldilməsinə, onların davranışlarının arzuolunan istiqamətdə dəyişdirilməsinə xidmət etməlidir. Təlim prosesində təlimçi ilə iştirakçı aktiv qarşılıqlı fəaliyyətdə olmalı, təlim şəraiti və modulların məzmunu optimal şəkildə qurulmalıdır. Hədəf qruplarından, məqsəddən, şəraitdən asılı olaraq təlimin forması və metodları düzgün seçilməli, hər bir təşkilatın işindən asılı olaraq təlim proqramları fərdi yanaşma prinsipi əsasında hazırlanmalıdır. Proqramlaşdırılmış təlim, səmərəli təlim metodları və üsulları vasitəsilə iştirakçı yeni bilik, bacarıq və vərdişlər sisteminə yiyələnməli, fərdi keyfiyyət xüsusiyyətlərini inkişaf etdirə bilməlidir.
Xüsusilə nəzərə almaq lazımdır ki, dövlət qulluğunun peşəkar, kreativ, innovativ düşüncəyə malik kadr potensialı ilə mütəmadi olaraq təmin olunması, kadrların inkişaf etdirilməsi üçün müasir təlim texnologiyalarına, ixtisaslı kadrlara, zəruri infrastruktura malik, əhatəli, səmərəli, çevik, innovativ, şəxsiyyətə yönümlü təlim sisteminin yaradılması zəruri əhəmiyyət kəsb edir. Qeyd edək ki, təlim tələbatlarının ödənilməsi üçün əməkdaşlıqla təlim, layihələr metodu ilə təlim, modulla təlim, beyin hücumu, problem ağacı, məqsədli müzakirə, rollarla oyun və s. kimi müxtəlif metod və texnologiyalardan məqsədəuyğun və kompleks şəkildə istifadə edilməsi, təlimdən əvvəl və sonra düzgün qiymətləndirmənin aparılması, təlim iştirakçıları ilə səmərəli əks əlaqənin qurulması da bu işdə aktual əhəmiyyət kəsb edir. İnnovativ, fəal, interaktiv təlim metodlarını və üsullarını tətbiq etməklə dövlət qulluqçularının təlim prosesini nəinki, intensivləşdirmək, onu həm də fəal, maraqlı və arzu olunan qarşılıqlı fəaliyyət prosesinə çevirmək, təlimin insan kapitalının inkişafetdirici aspektini əhəmiyyətli dərəcədə gücləndirmək olar. Bu isə öz növbəsində təlim sisteminin daha peşəkar, asan və səmərəli xidmətlə vətəndaş məmnunluğunun təmininə zəmin olmasına imkan yarada bilər.
Nazənin Hüseynova,
Azərbaycan
Respublikası Prezidenti
yanında
Dövlət İdarəçilik Akademiyasının
“Dövlət qulluğu və kadr siyasəti”
kafedrasının
dosenti
Yeni Azərbaycan.-2014.- 14 yanvar.- S.5.