Azərbaycan-Ukrayna əlaqələrinin
dərin kökləri var
İki ölkə arasındakı
münasibətlər müxtəlif istiqamətlərdə, o cümlədən, siyasi,
iqtisadi və digər sahələrdə uğurla inkişaf edir
Ukraynada çıxan populyar “AvtoBiznesTur” reklam-informasiya jurnalının son nömrəsində “Azərbaycanın lideri İlham Əliyev” sərlövhəli geniş məqalə dərc edilib. 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr edilmiş bu material Azərbaycanın Ukraynadakı səfirliyinin dəstəyi ilə işıq üzü görüb.
AzərTAc-ın məlumatına görə, məqalədə keçən əsrin 90-cı illərinin əvvəli, həmin dövrdə Azərbaycanda hökm sürən hərc-mərclik, öz dövrünü başa vurmuş ənənələrin ətaləti, həyatın bütün sahələrində yaranmış böhranlı vəziyyət barədə söhbət açılır. Yazıda vurğulanır ki, dünya miqyaslı siyasətçi, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin səyləri sayəsində xeyir şərə qalib gəldi. O yaxşı başa düşürdü ki, əgər xalq özünə, öz milli dəyərlərinə inamı itirərsə, onda millət də itiriləcək.
Məqalənin sonrakı hissəsində çox harmonik şəkildə Azərbaycanın ən yeni tarixinin həmin dövrü ilə son onillik arasında bir növ körpü yaradılır. Məqalədə deyilir: “Təsadüfi deyildir ki, bu gün Azərbaycana şanlı ənənələrin böyük davamçısı, yeni formasiya siyasətçisi, tanınmış lider İlham Əliyev rəhbərlik edir”.
Məqalədə Azərbaycanın dövlət başçısının hərtərəfli dərin bilikləri, daxili və xarici siyasətdə qazandığı sanballı uğurlar, Onun sülh və sabitlik ideallarına sadiqliyi, Prezidentin Azərbaycan vətəndaşlarının həyat şəraitinin yaxşılaşmasına və maddi rifahının yüksəlməsinə, xaricdə yaşayan həmvətənlərə qayğısı barədə söhbət açılır.
Materialda həm də Azərbaycanın milli inkişaf proqramının həyata keçirilməsi, bütün ölkədə tikinti bumu, dünya miqyaslı iri neft layihələrinin həyata keçirilməsi mövzularından da bəhs edilir.
Məqalənin ayrıca bir bloku Azərbaycan ilə Ukrayna arasında strateji tərəfdaşlıq, xalqlarımız arasında səmimi dostluq, İkinci Dünya Müharibəsi illərində Ukraynanın alman faşizmindən azad edilməsi uğrunda döyüşlərdə qəhrəmancasına həlak olmuş Azərbaycan övladlarının xatirəsinin ehtiramla yad edilməsi məsələlərinə həsr olunub. Məqalədə vurğulanır ki, Prezident İlham Əliyev İkinci Dünya Müharibəsi illərində həlak olanların xatirəsinə ehtiramı “ölkələrimiz arasında qarşılıqlı münasibətlərin gözəl əlaməti” adlandırıb.
2013-cü il noyabrın 18-də Azərbaycan dövlətinin başçısı İlham Əliyevin Ukraynaya tarixi səfəri, Onun Vilnüs Zirvə toplantısında (noyabr 2013-cü il) iştirakı materialda xüsusi qeyd edilib. Məqalənin sonunda deyilir: “Avropa dövlətlərinin başçıları Azərbaycan ilə mobillik üzrə tərəfdaşlığa dair sazişə əsasən qazanılmış uğurları müsbət qiymətləndirmişlər”.
Ümumiyyətlə, Azərbaycanla Ukrayna arasındakı münasibətlərin dərin kökləri var. Azərbaycan Prezidenti İlham Əliyevin növbəti dəfə dövlət başçısı seçildikdən sonra ilk səfərlərindən birini məhz Ukraynaya etməsi xalqlarımız arasındakı münasibətlərin yüksək səviyyədə olmasının göstəricisi idi.
Qeyd edək ki, hələ keçmiş Sovet İttifaqı dönəmində mövcud olan Azərbaycan-Ukrayna əlaqələri ittifaqın dağılması ilə yeni mərhələyə qədəm qoyub. Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri də məhz Ukrayna olub. İki ölkə arasında siyasi əlaqələrin əsası 1991-ci ilin noyabrında “Ukrayna və Azərbaycan Respublikaları arasında dövlətlərarası münasibətlərin əsasları haqqında” müqavilənin imzalanması ilə qoyulub. Azərbaycan-Ukrayna əlaqələrinin inkişafı isə bilavasitə Ümummilli lider Heydər Əliyevin fəaliyyəti ilə bağlıdır. Belə ki, bu ölkənin sənaye və kənd təsərrüfatı potensialına yaxşı bələd olan Ulu öndər istər Azərbaycanın, istərsə də Ukraynanın yerləşdikləri regionda əhəmiyyətli qüvvə olmasını və qarşılıqlı əməkdaşlığın inkişafı baxımından potensial imkanları düzgün dəyərləndirərək bu ölkə ilə münasibətlərə xüsusi önəm verirdi. Dövlət başçıları səviyyəsində tez-tez baş tutan görüşlər, rəsmi və işgüzar səfərlər Azərbaycanla Ukraynanın yaxın regional tərəfdaşa çevrilməsində böyük rol oynayıb. Belə ki, Ukraynanın keçmiş Prezidenti Leonid Kuçmanın 1995-ci il 27-28 iyul və 2000-ci il 16-17 mart tarixlərində Azərbaycana rəsmi səfəri baş tutub. Ümummilli lider Heydər Əliyevin 1997-ci il 24-25 mart tarixində Ukraynaya səfəri isə ikitərəfli münasibətlərin daha da möhkəmlənməsinə geniş zəmin yaradıb. Belə görüşlər zamanı bir çox sahələr, o cümlədən, enerji sahəsində əməkdaşlığa dair əldə olunan razılaşmalar, imzalanan sənədlər məqsədyönlü iqtisadi əlaqələrin möhkəm hüquqi bazasını formalaşdırıb.
Beləliklə, Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə iki ölkə arasında əlaqələr xeyli möhkəmlənib, etibarlı dostluq səviyyəsinə yüksəlib. Ulu öndər Heydər Əliyevin iki ölkə xalqlarının yaxınlaşmasında göstərdiyi xidmətlərin əlaməti olaraq Kiyevdə Onun adını daşıyan sosial tədqiqatlar institutu fəaliyyət göstərir.
Təbii ki, Azərbaycan-Ukrayna əlaqələrinin inkişafı Prezident İlham Əliyevin də daim diqqət mərkəzindədir. Dövlət başçısının 2004-cü ilin iyununda Ukraynaya rəsmi səfəri və Prezident Leonid Kuçma ilə görüşdə apardığı danışıqlar iki ölkə arasındakı əlaqələrin sonrakı inkişafına mühüm təkan verib. Bundan iki il sonra isə Ukraynanın o zamankı dövlət başçısı Viktor Yuşşenko ölkəmizə gələrək rəsmi Kiyevin ikitərəfli strateji əməkdaşlığın möhkəmləndirilməsinə verdiyi böyük önəmi bir daha təsdiqlədi. İki ölkə arasındakı siyasi, iqtisadi, humanitar və digər sahələrdə əlaqələrin dərinləşməsinə xidmət edən saziş və memorandumların imzalanması ilə müşayiət olunan qarşılıqlı səfərlər növbəti illərdə də davam etdirildi. Növbəti belə görüş isə 2010-cu ilin oktyabrında Prezident İlham Əliyevin Ukraynaya səfər etməsi ilə gerçəkləşdi. Dövlət başçılarının görüşləri ilə bərabər, ikitərəfli əməkdaşlığın uğurla həyata keçirilməsində hər iki ölkə başçısı tərəfindən imzalanan “2009-2010-cu illər üçün Azərbaycan-Ukrayna əməkdaşlığına dair tədbirlər planı”nın reallaşdırılmasının da xüsusi rolu oldu.
2011-ci ilin yanvarında Davosda Azərbaycan Prezidenti İlham Əliyevlə Ukrayna Prezidenti Viktor Yanukoviç arasında keçirilən görüş isə iki ölkə münasibətlərinin inkişaf səviyyəsinin daha bir göstəricisidir. Xatırladaq ki, görüşdə dövlət başçıları Azərbaycan-Ukrayna əlaqələrinin hazırkı səviyyəsini yüksək qiymətləndirərək, siyasi dialoqun genişləndirilməsinin, iqtisadi sahədə əlaqələrin möhkəmləndirilməsinin hər iki ölkənin inkişafı baxımından, eyni zamanda, Xəzər dənizi və Qara dəniz regionunda əməkdaşlığın hərtərəfli yüksəlişi üçün önəmli olduğunu vurğulayıblar. Görüşdən sonra iki ölkə arasında Ukrayna ərazisindən neftin nəqli sahəsində əməkdaşlığın inkişafına dair tədbirlər barədə Saziş və Ukrayna ərazisinə sıxılmış təbii qazın çatdırılmasının təşkili üzrə əməkdaşlıq haqqında Memorandumun imzalanması ilə qarşılıqlı əməkdaşlığın gələcək inkişafı üçün yeni təməl qoyulub.
Qeyd etdiyimiz kimi, seçkilərdən sonra 2013-cü il noyabrın 17-18-də Prezident İlham Əliyevin Ukraynaya növbəti səfəri gerçəkləşib. Səfər zamanı dövlət başçısı Ukraynanın Prezidenti Viktor Yanukoviçlə görüşüb. Görüşdə iki ölkə arasında münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən, siyasi, iqtisadi və digər sahələrdə uğurla inkişaf etdiyi qeyd olunub.
Vurğulamaq yerinə düşər ki, regionda fəal xarici siyasət yeridən Azərbaycanın yüksək səviyyədə əlaqələr qurduğu ölkələr sırasında Ukrayna xüsusi yerə sahibdir. Prezident İlham Əliyevin Azərbaycan Respublikası və Ukrayna Prezidentləri Şurasının dördüncü iclasında səsləndirdiyi fikirlər də rəsmi Bakının bu ölkə ilə əlaqələrə böyük önəm verdiyini təsdiq edir: “Mən ölkələrimiz arasında əlaqələrimizin möhkəmləndirilməsi işinə töhfə verən münasibətlərimizi, dostluğumuzu çox yüksək qiymətləndirirəm. Ukrayna bizim üçün dost, tərəfdaş, etibar edilməli olan ölkədir, etibarlı tərəfdaşdır”.
Səfər çərçivəsində Azərbaycan Respublikası və Ukrayna Prezidentləri Şurasının dördüncü iclasından sonra dövlət başçılarının təltif edilməsi mərasimi baş tutub. Belə ki, Prezident İlham Əliyev Ukraynanın “Azadlıq ordeni” ilə, Ukrayna Prezidenti Viktor Yanukoviç isə “Heydər Əliyev ordeni” ilə təltif edilib.
Daha sonra Azərbaycan-Ukrayna sənədlərinin imzalanma mərasimi olub. Hər iki ölkənin dövlət başçısı “Azərbaycan Respublikası və Ukrayna Prezidentləri Şurasının dördüncü iclasının Protokolu”nu imzalayıblar. Həmçinin, Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Heydər Əsədov və Ukraynanın aqrar siyasəti və ərzaq naziri Nikolay Prisyajnyuk “Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında bitki karantini sahəsində əməkdaşlıq haqqında Saziş”i, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ukraynanın xarici işlər naziri Leonid Kojara “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Ukraynanın Xarici İşlər Nazirliyi arasında 2014-2015-ci illər üzrə Məsləhətləşmələr Planı”nı imzalayıblar. Bundan əlavə, mərasimdə “Azərbaycan Respublikasının Qəbələ rayon İcra Hakimiyyəti və Ukraynanın Rovno Vilayət Dövlət Administrasiyası arasında regionlararası əməkdaşlıq haqqında Saziş”i və “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi və Ukrayna Milli İncəsənət Akademiyasının Kulturologiya İnstitutu arasında Əməkdaşlıq Müqaviləsi” də imzalanıb.
Əlavə edək ki, Azərbaycan-Ukrayna əlaqələrinin indiki səviyyəyə yüksəlməsində GUAM çərçivəsində münasibətlər xüsusi əhəmiyyət kəsb edir. Həm Azərbaycan, həm də Ukrayna 1997-ci ildə bu beynəlxalq qurumun yaranmasında fəal iştirak edib. Ümumiyyətlə, GUAM-ın beynəlxalq nüfuzunun artmasında Azərbaycan-Ukrayna əlaqələrinin həlledici təsiri var. Qeyd edək ki, iki ölkə rəhbərləri GUAM sammitləri çərçivəsində də görüşlər keçirərək birgə əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə ediblər.
Eyni zamanda, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məsələsində hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən Ukrayna ölkəmizin ən etibarlı tərəfdaşlarından biri hesab olunur. Göründüyü kimi, dünyada və regionda gedən siyasi, iqtisadi proseslərdən asılı olmayaraq, Azərbaycanla Ukrayna arasındakı münasibətlər yüksələn xətlə inkişaf edir. Təsadüfi deyil ki, BMT Baş Məclisində “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı qətnamənin qəbulunda Azərbaycana dəstək göstərən ölkələr arasında Ukrayna da olub.
Təbii ki, deyilənlərin fonunda iki ölkə arasındakı ticari-iqtisadi əlaqələr yüksək səviyyədə inkişaf etməkdədir. Belə ki, Azərbaycan Ukraynadan əsasən metallurgiya, maşınqayırma, kənd təsərrüfatı texnikası idxal edir, bu ölkəyə neft-kimya və aqrar sənaye məhsulları ixrac edir. Bu ölkənin enerjiyə olan tələbatının ödənilməsində Azərbaycandan idxal etdiyi neft mühüm rol oynayır.
Sonda onu da xatırlatmaq yerinə düşər ki, iki ölkə arasındakı münasibətlərin inkişaf perspektivləri dekabrın 5-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Kiyevdə Ukraynanın Baş naziri Nikolay Azarov ilə görüşündə də müzakirə olunub. Görüşdə Azərbaycan ilə Ukrayna arasında ikitərəfli münasibətlərin, o cümlədən, iqtisadi sahədə əlaqələrin hazırkı səviyyəsindən və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıqdan məmnunluq ifadə edilib. Ukrayna paytaxtında ATƏT üzvü olan ölkələrin Xarici İşlər Nazirləri Şurasının XX iclasında iştirak etmək üçün bu ölkədə səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, həmçinin, ATƏT-in fəaliyyətdə olan sədri, Ukraynanın xarici işlər naziri Leonid Kojara ilə görüşüb.
Görüşdə Ukrayna-Azərbaycan münasibətlərinin aktual məsələləri, o cümlədən, Azərbaycan Prezidenti İlham Əliyevin Ukraynaya rəsmi səfərinin nəticələri üzrə əldə edilmiş sazişlərin həyata keçirilməsi məsələləri razılaşdırılıb. Danışıqlar zamanı ikitərəfli münasibətlərin əsas sahələrində birgə layihələrin realizasiyası perspektivlərinə xüsusi diqqət yetirilib.
Nadir AZƏRİ
Yeni Azərbaycan.-2014.- 14 yanvar.- S. 8.