Meksika Azərbaycanla əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlıdır

 

                                          Qabriela Kuevas Barron: Hər iki ölkə arasında qarşılıqlı əlaqələrin daha da möhkəmləndirilməsi üçün böyük potensial var

 

Xəbər verildiyi kimi, Meksika Senatının xarici məsələlər komissiyasının sədri Qabriela Kuevas Barronun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfər edib. Yanvarın 13-də Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan Meksika Senatının xarici məsələlər komissiyasının sədri Qabriela Kuevas Barronun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Azərbaycan-Meksika əlaqələrindən danışan Ziyafət Əsgərov son illər ölkələrimiz arasındakı əməkdaşlığın yüksələn xətt üzrə inkişaf etdiyini bildirib. Qeyd olunub ki, Azərbaycan Meksika ilə əlaqələrin genişləndirilməsinə böyük önəm verir. Milli Məclis sədrinin birinci müavini Azərbaycanın haqq işini hər zaman dəstəklədiyi üçün Meksika hökumətinə minnətdarlığını bildirib.

Ziyafət Əsgərov ölkələrimiz arasında iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb. O, Azərbaycanla Meksika arasında bütün sahələrdə əlaqələrin inkişaf etdirilməsi üçün lazım olan hüquqi bazanın yaradılmasında qanunverici orqan olaraq Milli Məclisin üzərinə düşən bütün işləri görməyə hazır olduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, indiyədək iki ölkə arasında 5 sənəd imzalanıb, 26 sənəd üzərində isə gedir.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi və Meksika Senatının xarici məsələlər komissiyası arasında imzalanmış “Əməkdaşlıq və parlamentlərarası dialoq haqqında” Anlaşma Memorandumunu yüksək qiymətləndirən Ziyafət Əsgərov mövcud sənədin parlamentlərarası əlaqələrin inkişafının yeni mərhələsi üçün hüquqi baza rolunu oynayacağını vurğulayıb.

Görüşdə həmçinin, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs edən Ziyafət Əsgərov bildirib ki, Ermənistanın təcavüzü nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Ermənistan problemin həlli ilə bağlı BMT Təhlükəsizlik Şurasının, Avropa Şurasının və digər beynəlxalq təşkilatların qəbul etdikləri qətnamə və qərarlara əməl etmir. Öz növbəsində Qabriela Kuevas Barron Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yaxın gələcəkdə beynəlxalq hüququn prinsipləri əsasında və sülh yolu ilə həll olunacağına ümid etdiyini bildirib.

Milli Məclis sədrinin birinci müavini eyni zamanda, Azərbaycanda son illər əldə edilmiş uğurlardan da danışıb.

Qabriela Kuevas Barron isə qarşılıqlı səfərlərin və görüşlərin əlaqələrin genişləndirilməsində önəmli olduğunu deyib. Son illər Azərbaycanda müşahidə olunan sürətli inkişafdan danışan qonaq bir çox sahələrdə ölkəmizin təcrübəsinin öyrənilməsinin önəmini qeyd edib. O, qarşılıqlı əməkdaşlıq və təcrübə mübadiləsinin ölkələrimizin gələcək inkişafına təkan verəcəyinə əminliyini ifadə edib.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bildirmək yerinə düşər ki, Qabriela Kuevas Barronun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri ilə də görüşüb. Görüşdə çıxış edən komitə sədri Səməd Seyidov Azərbaycan ilə Meksika arasında möhkəm siyasi əlaqələrin mövcud olduğunu bildirib. Onun sözlərinə görə, Meksika Senatı üzvlərinin Azərbaycana səfəri bu əlaqələrin inkişafına töhfəsini verəcək. Azərbaycan tərəfi Meksika ilə əlaqələri daha da inkişaf etdirmək niyyətindədir.

Qabriela Kuevas Barron isə deyib ki, Meksika ilə Azərbaycan arasında illərdir ki, dostluq münasibətləri var. Qarşılıqlı səfərlər isə bu əlaqələri daha da möhkəmləndirəcək. Azərbaycanın son illərdə iqtisadi, siyasi və digər sahələrdə böyük nailiyyətlər əldə etdiyini deyən qonaq ölkəmizin təcrübəsindən istifadə etməyin əhəmiyyətini də vurğulayıb. Bildirilib ki, siyasi əlaqələrlə yanaşı, mədəniyyət, səhiyyə və təhsil sahələrində də yeniliklərə imza ataraq qarşılıqlı əməkdaşlıq şəraitində fəaliyyət göstərmək də mümkündür.

Görüşün sonunda Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi və Meksika Senatının xarici məsələlər komissiyası arasında “Əməkdaşlıq və parlamentlərarası dialoq haqqında” Anlaşma Memorandumu imzalanıb. Qeyd olunub ki, bu sənədin imzalanması Azərbaycan-Meksika parlamentlərarası əlaqələrinin yeni mərhələyə qədəm qoyması deməkdir. Memorandum, həmçinin, ölkələr arasında dostluğun, əməkdaşlığın daha da inkişafına töhfəsini verəcək.

Azərbaycanda səfərdə olan Meksika Senatının xarici məsələlər komissiyasının sədrinin başçılıq etdiyi nümayəndə heyəti Milli Məclisin Meksika-Azərbaycan parlamentlərarası işçi qrupununİnsan hüquqları komitəsinin üzvləri ilə də görüşüblər. Görüşdə Azərbaycan-Meksika əlaqələrindən bəhs edilib və 20 ildən artıqdır ki, ölkələrimiz arasında diplomatik münasibətlərin mövcud olduğu xatırladılıb. Qeyd edilib ki, qarşılıqlı səfərlərin həyata keçirilməsi əlaqələrin daha da genişləndirilməsi baxımından çox önəmlidir.

Qabriela Kuevas Barron iki ölkə arasında qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu bildirib. Azərbaycanın son 10 ildə böyük inkişaf yolu keçdiyini deyən qonaq Meksikanın turizm, iqtisadiyyat və digər sahələrdə ölkəmiz ilə əlaqələrin daha da inkişaf etdirilməsində maraqlı olduğunu vurğulayıb.

Bir sözlə, göründüyü kimi, Azərbaycan Latın Amerikası ölkələri, xüsusilə Meksika ilə ikitərəfli əməkdaşlıq tarixi müstəqillikdən sonra yeni mərhələyə qədəm qoyub. Ümumiyyətlə, Latın Amerikası ölkələri ilə qarşılıqlı etimada dayanan əməkdaşlıq münasibətləri son bir neçə il ərzində daha da genişlənib. Qısa zaman kəsiyində Azərbaycanla Latın Amerikası ölkələri arasında mehribandostluğa dayanan münasibətlər qurulub. Təbii ki, Azərbaycanın Latın Amerikası ölkələri ilə münasibətlər yaratmaqbu münasibətləri inkişaf etdirmək səyləri birtərəfli qaydada aparılmır. Belə ki, Latın Amerikası ölkələri özləri də Azərbaycanla əməkdaşlıq etməyə maraq göstərirlər. Xüsusən, Latın Amerikasının bir sıra ölkələri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı öz qəti mövqelərini bildiriblər. Eləcə də, öz parlamentlərində azərbaycanlıların ermənilər tərəfindən soyqırıma məruz qalmaları faktının tanınmasına dair qətnamələri qəbul ediblər. Maraqlıdır ki, Xocalı soyqırımı ilə bağlı qətnamə qəbul edən ilk Latın Amerikası ölkəsi kimi məhz Meksika tarixə düşüb (3-cü ölkə də bu regionda yerləşən Kolumbiya olub).

Azərbaycanın Latın Amerikası ölkələri ilə münasibətləri MeksikaArgentinada Azərbaycanın səfirliklərinin açılması ilə əhəmiyyətli dərəcədə genişlənib.

Qeyd edək ki, Azərbaycan və Meksika arasında diplomatik münasibətlər 10 fevral 1992-ci ildə yaradılıb. İki ölkə arasında qarşılıqlı səfərlərin baş tutması mövcud münasibətlərin daha da möhkəmlənməsinə səbəb olub. Məsələn, 10-13 iyul 2012-ci il tarixində Meksika Senatının Vitse-prezidenti Francisco Arroyo Vieyranın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər edib. Azərbaycan tərəfindən isə, 29 noyabr-3 dekabr 2012-ci il tarixində Meksikada Federal Hakimiyyətin Ötürülməsi Mərasimində (yeni seçilmis Prezident Enrike Penya Nietonun andiçmə mərasimi) iştirak etmək üçün Milli Məclisin sədrinin müavini Valeh Ələsgərov bu ölkədə səfərdə olub.

Nazirlər səviyyəsində səfərlər isə daha erkən başlayıb. Belə ki, 2-19 oktyabr 2006-cı ildə Meksika Birləşmiş Ştatlarının səhiyyə naziri Xulio Frenki Bakıya, 5-8 noyabr 2009-cu ildə isə Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Araz Əzimov Xarici İşlər nazirliklər arasında məsləhətləşmələrin keçirilməsi məqsədilə Meksikaya səfər edib. Həmçinin, 11-12 noyabr 2009-cu ildə Meksika XİN-in Avropa idarəsinin rəisi Xose İqnasio Madraso BolivarSivilizasiyalar arasında dialoq: Azərbaycandan baxış” adlı beynəlxalq konfransda iştirak etmək üçün Bakıda işgüzar səfərdə olub. 6-11 mart 2010-cu ildə Meksikada keçirilən Azərbaycan Mədəniyyət Günləri çərçivəsində Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Meksikaya səfər edib. Eləcə də, 18-20 fevral 2012-ci il tarixində xarici işlər naziri Elmar Məmmədyarov Meksikanın Los Kabos şəhərində keçirilmişBöyük İyirmilik” ölkələrinin xarici işlər nazirlərinin ilk qeyri-rəsmi toplantısında iştirak etmək üçün bu ölkədə səfərdə olub.

Qeyd edək ki, hər iki ölkənin parlamentində parlamentlərarası dostluq qrupu fəaliyyət göstərir. Belə ki, 2005-ci ildə Azərbaycan Respublikası Milli Məclisində Azərbaycan-Meksika Parlamentlərarası işçi qrupu, 2010-cu ilin 8 aprel tarixində isə Meksika Konqresinin Deputatlar Palatasında Meksika-Azərbaycan Parlamentlərarası işçi qrupu yaradılıb.

Yuxarıda qeyd etdiyimiz kimi, Meksika hər zaman Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü, beynəlxalq hüquq çərçivəsində həllinə tərəfdar olub, ölkəmizə qarşı törədilən vandalizmi pisləyib. Məsələn, 2010-cu ildə Meksika Konqresinin Deputatlar Palatasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Porfirio Munyoz Ledo 20 yanvar faciəsinin ildönümü ilə əlaqədar Azərbaycan xalqına müraciət edib.

4 noyabr 2011-ci il tarixdə Meksika Senatının üzvü Karlos Ximenes Masiasın müəllifi olduğu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımına dair razılaşma maddəsi Meksikanın Senatı tərəfindən qəbul edilib. Dekabrın 8-i 2011-ci ildə Meksika Konqresinin Deputatlar Palatası Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqisəşi ilə əlaqədar Qərar qəbul edib (Təkliflərlə birgə Razılaşma Maddəsi). Qərara əsasən, Meksikanın Deputatlar Palatası xarici ölkənin parlamenti olaraq ilk dəfə Xocalı faciəsini soyqırımı kimi tanıyıb, Ermənistan hökumətini dərhal Azərbaycanın işğal edilmiş ərazilərini azad etməyə, qaçqın və məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması üçün şərait yaratmağa, BMT TŞ-nin qətnamələrini yerinə yetirməyə çağırıb. 2012-ci il avqustun 22-də isə, Mexiko şəhərinin mərkəzi və turist axını baxımından nüfuzlu ərazilərindən birində Meksika-Azərbaycan Dostluq Parkı, həmçinin, Tlakskoake-Xocalı meydanı və burada ucaldılmış Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş abidənin açılışı keçirilib.

Qeyd edək ki, hazırda hər iki ölkə arasında həm də çox sıx ticari-iqtisadi əməkdaşıq mövcuddur. Azərbaycan və Meksika arasında ticarət dövriyyəsinin illər üzrə artması da deyilənləri sübut edir.

 

Sevinc NURİYEVA

Yeni  Azərbaycan.-2014.- 15 yanvar.- S. 8.