Fransa ilə Azərbaycan arasında münasibətlər müxtəlif istiqamətləri əhatə etməklə qarşılıqlı maraqlara söykənir

 

             Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Fransaya rəsmi səfəri çərçivəsində bir sıra görüşlər keçirib

 

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Fransaya rəsmi səfəri çərçivəsində bir sıra görüşlər keçirib. Fransanın Müdafiə Nazirliyində Azərbaycan nümayəndə heyətini bu ölkənin müdafiə naziri Jan-İv Le Drian qarşılayıb. Əvvəlcə hər iki ölkənin dövlət himnləri səsləndirilib. Sonra nazirlər arasında görüş olub. Fransanın müdafiə naziri azərbaycanlı həmkarını Parisdə qəbul etməkdən məmnunluğunu ifadə edib, ölkəsinin Azərbaycan ilə əməkdaşlıqda maraqlı olduğunu diqqətə çatdırıb. Azərbaycanın müdafiə naziri Zakir Həsənov Fransaya rəsmi səfərinin uğurla keçdiyini vurğulayıb. Z.Həsənov hazırda dövlətlərimizin başçılarının səyləri nəticəsində Azərbaycan-Fransa əlaqələrinin sürətlə inkişaf etdiyini, Parisə rəsmi səfəri çərçivəsində Fransa Müdafiə Nazirliyinin Silahlandırma Baş İdarəsinin, həmçinin, hərbi sənaye şirkətinin rəhbərləri ilə səmərəli görüşlər keçirdiyini bildirib. Nazir səfərin ölkələrimiz arasında müdafiə sahəsində əməkdaşlığa mühüm töhfələr verəcəyinə ümidvar olduğunu qeyd edib.

Sonra Azərbaycanın müdafiə naziri fəxri qonaqlar kitabını imzalayıb.

General Şarl De Qollun xatirə otağında Zakir Həsənov və Jan-İv Le Drian hər iki ölkənin müvafiq nazirlikləri arasında müdafiə sahəsində əməkdaşlıq haqqında texniki anlaşmaya dair sənədi imzalayıblar.

Fransaya işgüzar səfəri çərçivəsində Azərbaycanın müdafiə naziri Fransa Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, admiral Eduard Qiyo ilə də görüşüb. Görüşdə ölkələrimiz arasında qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. Nazir Zakir Həsənov Parisdə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi ilə də tanış olub.

Bu məqamda onu da vurğulamaq yerinə düşər ki, Azərbaycan xarici siyasətində Avropa İttifaqının (Aİ) aparıcı dövlətlərindən sayılan Fransa ilə əlaqələrinə də böyük önəm verir. Fransa Azərbaycanın müstəqilliyini tanıyan ikinci dövlətdir (31 dekabr 1991-ci il) və öz səfirliyini Bakıda 1992-ci ildə açıb. Bununla yanaşı, Fransa ATƏT-in Minsk qrupuna həmsədrlik edir. Fransa, həmçinin, Avropa qonşuluğu siyasəti çərçivəsində Avropa İttifaqı və Azərbaycan arasında əməkdaşlıqda da fəal rol oynayır. Hazırda Fransa ilə Azərbaycan arasında münasibətlər müxtəlif istiqamətləri əhatə etməklə qarşılıqlı maraqlara söykənir. İki dövlət arasında möhkəm əlaqələrin əsası isə xalqımızın Ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulub. Demək olar ki, 1993-cü ilin sonlarında Ulu öndər Heydər Əliyev Avropa ilə əməkdaşlıq siyasətinə məhz Fransadan başlayıb. Belə ki, Ulu öndər ölkə Prezidenti seçildikdən sonra 3 oktyabr 1993-cü il tarixində xaricə ilk rəsmi səfərini Fransaya edibbununla da bu ölkə ilə əlaqələrə Azərbaycanın böyük əhəmiyyət verdiyini bir daha nümayiş etdirib. Heç də təsadüfi deyil ki, məhz bu səfərdən sonra Azərbaycan-Fransa münasibətlərinin inkişafında yeni mərhələ başlayıb. Xüsusilə, iqtisadi sahədə birgə layihələrin icrasına başlanılıb. Ümummilli liderimiz 1995-ci ilin dekabrında Fransaya ikinci dəfə səfər edərək Azərbaycanda investisiya qoyulmasına dair konfransda iştirak edib və fransız şirkətlərini Azərbaycana dəvət edib. 1996-cı ildə Fransanın “Elf-Aquitaine” şirkəti “Şahdəniz” neft yatağının istismarına dair müqaviləyə qoşulub.

Fransanın yüksək səviyyəli rəsmi nümayəndə heyətinin ölkəmizə ilk səfəri isə 1996-cı ilin oktyabrında reallaşıb. 1997-ci ildə Azərbaycan Dövlət Neft Şirkəti ilə Fransanın “Total” və “Elf-Aquitaine” şirkətləri arasında Azərbaycanın “Lənkəran-dəniz” və “Talış-dəniz” yataqlarının birgə işlənməsi barədə müqavilə imzalanıb. Bu müqavilədən əlavə, tərəflər hava nəqliyyatı, azad yerdəyişmə və mədəniyyət sahələrinə dair də sazişlər bağlayıb. Eləcə də, həmin ildən etibarən Fransa, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün vasitəçi olan ATƏT-in Minsk qrupunun ABŞ və Rusiya ilə birlikdə həmsədri kimi fəaliyyətə başlayıb və bu günbu istiqamətdə fəaliyyətini davam etdirir. Fransa Azərbaycanın Avropa Şurasına daxil olması üçün də lazımi addımlar atıb. Avropa Şurasının Azərbaycan üzrə məruzəçisi olmuş Fransa parlamentinin üzvü Jak Bommel bu istiqamətdə fəaliyyət göstərib. Onu da vurğulamaq yerinə düşər ki, Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasət bu günPrezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Cənab İlham Əliyev Prezident seçildikdən sonra ilk xarici səfərini 2004-cü ilin yanvar ayında Fransaya edib. Azərbaycan və Fransa arasında müxtəlif-mülki müdafiə, aeronavtika, elmi əməkdaşlıq, turizm, qadın və uşaqların cəmiyyətdə yeri məsələləri haqqında sazişlər imzalanıb ki, bu da tərəflər arasında münasibətlərin inkişafına xidmət edən əsaslı hüquqi baza yaradıb, mədəni, siyasi, iqtisadi əlaqələr möhkəmləndirilib. Bu gün ölkəmizə ən çox sərmayə qoyan ölkələrdən biri də Fransadır. Fransız şirkətlərinin respublikamızda fəaliyyəti neft sektoru ilə yanaşı, qeyri-neft sektorunda da əhatəli şəkildə təmin olunub. Hər 2 ölkə nəqliyyat bölməsində birgə layihələr həyata keçirməkdədir, Fransanın “Air France” şirkəti bir neçə aviareys həyata keçirir. Bundan başqa, Azərbaycan hökuməti ilə “Eurocopter” şirkəti arasında imzalanmış sazişə əsasən bu şirkətdən 6 ədəd ən son modern helikopterin alınması nəzərdə tutulur. Eyni zamanda, Azərbaycanın hava nəqliyyatında uçuşların intensivliyini artırmaq və təyyarə parkını yeniləşdirmək məqsədilə bu ölkənin “AİRBUS” şirkətindən 4 təyyarənin alınması barədə müqavilə imzalanıb. Fransanın “BNP Paribas” maliyyə institutu Azərbaycanın dəmir yolunun yenidən qurulması və maşın parkının təzələnməsi üzrə layihələrə kredit yönəldən ən iri bank hesab oluna bilər. “BNP Paribas” Bakıdan Gürcüstan sərhədinədək uzanan magistral avtomobil yolunun tikintisinin maliyyələşdirilməsində və su təchizatının yaxşılaşdırılması, kommunikasiya sisteminin yenidən qurulması, meliorasiya təsərrüfatının əsaslı şəkildə bərpası layihələrində iştirak etmək üçün razılığını bildirib.

Bütövlükdə, Azərbaycan-Fransa siyasi-iqtisadi əlaqələrinin inkişafında ölkələr arasında yaradılmış Hökumətlərarası Komissiyanın fəaliyyəti xüsusi qeyd oluna bilər. 1997-ci ildə yaradılan komissiyanın indiyədək keçirilmiş 3 iclası 2 ölkə arasında iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın əlaqələndirilməsinə, təşviqinə və yeni sahələr üzrə münasibətlərə baza yaradıb. Bunun nəticəsidir ki, bir neçə ildə dövlətlər arasında ticarət dövriyyəsi 3-4 dəfədən çox artıb. Hazırda bu göstərici 4,6 milyard dollar təşkil edir və getdikcə artır.

Ötən ilin sentyabr ayının 17-20-də Prezident İlham Əliyev Fransada işgüzar səfərdə olub. İşgüzar səfər çərçivəsində dövlət başçısı sentyabrın 18-də Fransanın hazırkı Prezidenti Fransua Ollandsabiq prezidenti Nikola Sarkozi ilə görüşüb. Hər 2 görüşdə Azərbaycan ilə Fransa arasında əməkdaşlıq münasibətlərinin müxtəlif istiqamətləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb, qarşılıqlı münasibətlərin siyasi, iqtisadi və mədəni sahələrdə uğurla inkişaf etdiyi bildirilib.

Dövlət başçılarının görüşündə Fransa şirkətlərinin Azərbaycan iqtisadiyyatında fəal rolu və Fransanın ölkəmizə sərmayə qoymasının əhəmiyyəti, bu sahədə əməkdaşlığın yaxşı perspektivlərinin olduğu vurğulanıb. Həmçinin, ölkə başçısı işgüzar səfər çərçivəsində Fransanın “GDF-Suez” şirkətinin sədri və baş icraçı direktoru Jerar Mestrale ilə görüşüb, Azərbaycan ilə şirkət arasındakı əlaqələrin perspektivləri, “Abşeronqaz yatağı üzrə əməkdaşlıq, həmçinin, Azərbaycanda əhalinin dünya standartlarına uyğun təmiz içməli su ilə təmin olunması məsələləri ətrafında fikir mübadiləsi aparıb. PrezidentinTecnip” şirkətinin quruda və dənizdə baş əməliyyat direktoru, icraçı vitse-prezidenti Filipp Barril, “Total” şirkətinin baş icraçı katibi Kristof de Marjeri ilə görüşündə isə Fransa şirkətlərinin Azərbaycanın neft-qaz sektorundakı uğurlu fəaliyyəti, “Tecnip” şirkətinin “Şahdəniz-1” yatağının işlənilməsində və digər layihələrin həyata keçirilməsində rolu, həmçinin, gələcəkdə Azərbaycan ilə “Tecnip” arasında əməkdaşlığın digər istiqamətləri və yeni layihələrlə bağlı, Azərbaycan ilə “Total” şirkəti arasında “Abşeron” və “Şahdəniz” yataqlarının işlənilməsində, boru kəmərləri layihələrinin həyata keçirilməsində əməkdaşlıq, eləcə də, əlaqələrin inkişaf perspektivləri ilə bağlı məsələlər müzakirə edilib. Bundan əlavə, Prezident İlham Əliyev Parisdə Fransa Sahibkarlar Təşkilatına - MEDEF-ə üzv olan adamları - müxtəlif şirkətləri təmsil edən 60-a yaxın nümayəndə ilə görüşüb. Müzakirələrdə iştirak edən MEDEF-ə üzv olan adamları ölkəmizdə gedən iqtisadi proseslər, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminatında oynadığı rol, həyata keçirilən layihələr və digər məsələlərlə bağlı suallarla Prezident İlham Əliyevə müraciət ediblər. Dövlət başçısı Azərbaycanın iqtisadi prioritetləri, qeyri-neft sektoru, respublikamızda çalışan Fransa şirkətlərinin fəaliyyəti, ölkəmizin regionda hazırkı vəziyyəti və gələcək rolu, enerji, nəqliyyat, səhiyyə, turizm, informasiyakommunikasiya texnologiyaları, gömrük və digər sahələrdə əməkdaşlıq mövzularında suallara ətraflı cavab verib.

 

Aqşin ŞAHİNOĞLU

Yeni  Azərbaycan.-2014.- 16 yanvar.- S. 8.