2013-cü ildə ölkə iqtisadiyyatına rekord səviyyədə sərmayə qoyulub
Azərbaycan
iqtisadiyyatına yatırılan investisiyaların 17,5 milyard dolları daxili sərmayədir
Şübhəsiz, bu gün uğurlu sosial-iqtisadi model yaratmaqla Azərbaycan ölkə daxilində sabitliyə və dayanıqlı iqtisadi inkişafa nail olub. Respublikamızda qeyri-neft sektorunda rəqabətqabiliyyətli istehsalın yaradılması və eləcə də, böyük potensiala malik olan regionlarda iqtisadi artımı təmin etmək istiqamətində mühüm işlər görülüb. 2013-cü ilin yekunlarından da göründüyü kimi, respublikamızda nəzərdə tutulan infrastruktur və sosial layihələr uğurla icra edilib, bütün investisiya proqramları - elm, təhsil, səhiyyə, idman, sosial təminat, mədəniyyət və turizm obyektlərinin, elektrik enerjisi və təbii qaz təchizatı, içməli su və kanalizasiya sistemlərinin yaradılması, magistral yolların çəkilişi, kənd yollarının yenidən qurulması və yeni yolların inşası, meliorasiya və irriqasiya tədbirlərinin genişləndirilməsi işlərinin maliyyələşdirilməsi vaxtında yerinə yetrilib.
Makroiqtisadi dayanıqlığın digər göstəricilərindən biri olan inflyasiya isə ötən ildə 2,4 faiz səviyyəsində müşahidə olunub. Hazırda valyuta ehtiyatlarımız 50 milyard dollara çatıb. Əksər dünya ölkələrində 1-1,5 faiz artan ümumi daxili məhsulun (ÜDM) Azərbaycanda real artımı 5,8 faiz (57 milyard manat ümumi daxili məhsul istehsal olunmaqla) olub. Qeyri-neft sektorunda artım 9,8 faiz təşkil edib. Əhalinin pul gəlirləri 8 faiz artaraq inflyasiyanı 3 dəfədən çox üstələyib. Bu, onu deməyə əsas verir ki, müsbət dinamika sosial sahədə də özünü göstərib, vətəndaşların rifah halı yaxşılaşıb.
Ötən il ölkə
iqtisadiyyatına qoyulan investisiyaların həcmi
də artıb. Belə ki, ölkənin
maliyyə balansında tarazlıq gözlənilməklə
2013-cü ildə iqtisadiyyata rekord səviyyədə sərmayə qoyulub. Yanvarın 9-da Nazirlər
Kabinetinin 2013-cü ilin
sosial-iqtisadi inkişafının
yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında
çıxışı zamanı Prezident
İlham Əliyevin də qeyd
etdiyi kimi,
yatırılan investisiyaların 17,5 milyard
dolları daxili sərmayədir: “İl ərzində ölkə
iqtisadiyyatına 28 milyard dollar
investisiya qoyulmuşdur.
Bu, rekord göstəricidir.
Heç vaxt il ərzində bu qədər
investisiya qoyulmamışdır. Son bir neçə il
ərzində orta hesabla 20-21-22 milyard dollar investisiya qoyulurdu, artıq 28 milyard dollar investisiya qoyulur. Onun 17,5 milyard
dolları daxili sərmayədir. Bu da artıq neçə
ildir ki, davam edən tendensiyadır. Daxili sərmayə
xarici sərmayəni üstələyir. Bu, hesab edirəm ki, müsbət haldır. Əlbəttə ki, daxili sərmayənin içində
əsas sərmayə
dövlət sərmayəsidir.
Ancaq özəl sektor da Azərbaycan iqtisadiyyatına böyük
yatırımlar edir”.
Dövlət əsaslı vəsait qoyuluşunun həcmi də ən yüksək səviyyəyə
çatıb - 7 milyard
manat səviyyəsində
vəsait yönəldilib. Həmin
vəsaitdən sosial-mədəni
və məişət
təyinatlı obyektlərin
(elm, təhsil, səhiyyə,
mədəniyyət, idman
və s.) tikintisi və yenidən qurulması üçün
2 milyard 37 milyon manat, enerji, su və qaz
təchizatı, nəqliyyat,
kommunal, meliorasiya və digər infrastrukturların tikintisi
və yenidən qurulması üçün
3 milyard 743 milyon manat, Naxçıvan Muxtar Respublikasında həyata keçirilən
investisiya layihələrinin
maliyyələşdirilməsi üçün 262 milyon manat, digər layihələrin maliyyələşdirilməsi
üçün isə
873 milyon manat vəsait sərf edilib.
Dövlət büdcəsinin investisiya
xərcləri ilə
yanaşı, ölkəmizdə
yol, su təchizatı
və meliorasiya, kənd təsərrüfatına,
sosial və digər infrastrukturların
tikintisinə və yenidən qurulmasına Azərbaycan hökuməti
tərəfindən xaricdən
cəlb olunmuş kreditlər hesabına təxminən 754 milyon manat məbləğində
vəsait sərf edilib. Dövlət Neft Fondunun vəsaiti
hesabına ölkəmizdə
və xaricə qoyulmuş sərmayələr
hesabına həyata keçirilən bir sıra investisiya layihələrinin icrası
üçün ötən
il 1 milyard
74 milyon manat vəsait yönəldilib.
Bundan başqa,
şəhər, rayon və
qəsəbələrdə abadlıq və quruculuq işlərinin davam etdirilməsi, kəndlərarası yolların
tikintisi və digər zəruri tədbirlərin maliyyələşdirilməsi
üçün 2013-cü ildə Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 347 milyon manat vəsait
ayrılıb.
Eyni zamanda, 2013-cü ildə sahibkarlığın inkişafına
dövlət dəstəyi
daha da gücləndirilib,
iqtisadiyyatın müxtəlif
sahələri üzrə
4468 sahibkara 275 milyon manat güzəştli kredit verilib ki, bunun da
150 milyon manatını
dövlət büdcəsindən
ayrılmış vəsait
təşkil edir. Bundan başqa, dövlət və icmal büdcələrin vəsaiti, həmçinin,
xaricdən cəlb olunmuş kreditlər hesabına növbəti illərdə qeyri-neft sektorunun daha da iri miqyasda
inkişafına zəmin
yaradacaq və tarixi əhəmiyyət kəsb edən bir sıra infrastrukturlar,
o cümlədən, Bakı
və Sumqayıt şəhərlərinin içməli
su təchizatının
yaxşılaşdırılması üçün Samur-Abşeron
suvarma sistemi yenidən qurulub, Taxtakörpü su anbarı və Taxtakörpü Su Elektrik Stansiyası, 780 meqavat gücündə Cənub
Elektrik stansiyası istifadəyə verilib, regionların elektrik, qaz, su, kanalizasiya
şəbəkələrinin inşası və yenidən qurulması üzrə işlər geniş vüsət alıb.
Göründüyü kimi, Azərbaycan iqtisadiyyatının dinamik
inkişaf meyilləri
ilə müşahidə
olunması respublikamıza
sərmayə qoyuluşlarının
maliyyə imkanlarının
güclənməsinə əhəmiyyətli
dərəcədə zəmin
yaratmaqdadır. Sərmayə qoyuluşlarının dinamikası son illər daha intensiv xarakter
alıb və iqtisadiyyatın real sektoruna
yatırılan kapital
resursları ən mühüm sosial və infrastruktur layihələrini əhatə
edib. Son illərin,
xüsusən də, qlobal iqtisadi böhranın qabarıq şəkildə büruzə
verdiyi dövrün təhlili bir daha göstərir ki, Avropa və
MDB məkanında investisiya
qoyuluşlarının həcminin
azalması müşahidə
olunur, lakin Azərbaycan əvvəlki
kimi yenə də investisiya yatırılması baxımından
dünyanın ən cəlbedici ölkələrindən
biri kimi çıxış edir.
Bu gün də
dünyanın aparıcı
investisiya şirkətləri,
maliyyə qurumları
ölkəmizə sərmayə
yatırmaqda davam edir, etibarlı tərəfdaş olan Azərbaycana irihəcmli kreditlər ayırır.
Xarici investorların Azərbaycana marağının
kifayət qədər
böyük olmasının
başlıca səbəbləri,
əlbəttə ki, ölkəmizdə investisiya
mühitinin əlverişliliyi,
investorların hüquqlarının
qanunvericilik əsasında
yüksək səviyyədə
qorunması, ölkəmizin
etibarlı tərəfdaş
olduğunu dəfələrlə
təsdiqləməsi, sərmayələrin
yönəldildiyi sahələrdə
cəzbedici mənfəətlər
əldə olunması
və bu qəbildən olan digər amillərdir.
Qeyd etmək
lazımdır ki, ölkəmizin nəhəng
enerji ehtiyatlarına malik olması və qlobal enerji təhlükəsizliyinin
təmin edilməsində
xüsusi çəkisinin
artması bu sahəni xarici investorlar üçün
xüsusilə cəlbedici
edib. Lakin əvvəlki illərlə
müqayisədə investisiyaların
yatırılma sahələri
arasında balans qeyri-neft sektorunun xeyrinə dəyişməkdədir.
Belə ki, son illərdə Azərbaycan iqtisadiyyatının
tikinti, energetika, informasiya-kommunikasiya və
digər qeyri-neft sahələrinə xarici investisiyaların yatırımı
genişlənib. Məsələn, ölkəmizdə əsas
kapitala yatırılan
ümumi investisiyalarda
neft sektorunun payı son 6 ildə kəskin azalıb.
2011-ci ildə ümumi
investisiyaların cəmi
23,2 faizi neft sektoruna yatırılıb. Halbuki
5 il əvvəl -
2006-cı ildə ümumi
investisiyaların yarıdan
çoxu - 57,1 faizi neft sektorunun
payına düşüb.
Xüsusilə vurğulamaq lazımdır
ki, respublikamızın
iqtisadi imkanları hazırda sərmayə qoyuluşlarının strukturunda
dəyişiklik etməyə,
yəni, balansı daxili investisiyaların xeyrinə dəyişməyə
imkan yaradır. Artıq ölkəmizin
iqtisadi qüdrəti yerli sərmayələrin
illik artımının
daha da genişlənməsini
şərtləndirir. Qoyulan vəsait isə ölkə iqtisadiyyatına xidmət göstərməklə yeni
iş yerlərinin açılmasına şərait
yaradır, Azərbaycanın
iqtisadi qüdrətini
artırır. Bütün bunlar
2014-cü ildə də
ölkəmizin dinamik
inkişafının təmin
edilməsini əsaslandırır.
Cari ilin sonuna kimi
ölkədə həyata
keçiriləcək iqtisadi
siyasətin başlıca
hədəfləri respublikamızın
inkişaf strategiyasının
davamlılığını təmin etməkdən, eləcə də, makroiqtisadi tarazlığı,
yüksək inkişaf
dinamikasını və
maliyyə sabitliyini qoruyub saxlamaqdan ibarət olacaq. Ölkədə həyata keçiriləcək
investisiya proqramı da kifayət qədər böyük olacaq. Sözügedən
iclasda çıxışı
zamanı dövlət
başçısı bildirib
ki, investisiya proqramında əsas infrastruktur layihələri
öz əksini tapıb: “Hələ infrastruktur layihələrinin
icrasına böyük
ehtiyac vardır. Düzdür,
son illərdə böyük
işlər görülmüşdür,
ancaq hələ ki, görüləsi işlər çoxdur.
İstisna edilmir ki, Azərbaycana 2014-cü ildə
qoyulacaq investisiyalar keçən ildə qoyulan investisiyaların səviyyəsində olacaqdır.
Belə olan halda əlbəttə
ki, makroiqtisadi vəziyyətin sabitliyi əsas şərtdir.
Azərbaycanda iqtisadi islahatların
aparılmasında böyük
təcrübə toplanmışdır.
Hətta
maaşların qaldırılması,
əmanətlərin verilməsi
və milyardlarla dollar
həcmində qoyulan sərmayə makroiqtisadi sabitliyə mənfi təsir göstərmir”.
SEVİNC
Yeni Azərbaycan.-2014.- 16 yanvar.- S. 3.